Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:26

Bəxtiyar Hacıyev: «Mən ölüm aclığına başlamışam»


«RƏİS AND İÇİR Kİ, BƏXTİYARA BİR ÇIRTMA DA VURULMAYIB»

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov AzadlıqRadiosuna bildirib ki, Bəxtiyar Hacıyevlə bağlı deyilənləri aydınlaşdırmaq üçün Gəncə şəhər polis idarəsinin rəisi Rasim Musayevlə əlaqə saxlayıb.

«Bəxtiyar Hacıyev saxlanılan zaman mənə ATƏT-dən məlumat daxil olmuşdu. Dərhal Gəncə polis idarəsinin rəisi Rasim Musayevlə əlaqə saxlayıb polisin Bəxtiyar Hacıyevə qarşı qeyri insani rəftarı barədə deyilənlərin doğruluğunu soruşdum. Rəis and içib dedi ki, Bəxtiyara burada bir çırtma da vurulmayıb. Gəlib özünüz də görə bilərsiniz. İndi Bəxtiyar vəziyyəti bir cür, qarşı tərəfsə başqa cür izah edir. Ona görə də şəxsən Bəxtiyarla görüşəndən sonra dəqiq bir şey demək olar».

Elçin Behbudov deyir ki, penitensiar sistemin əvvəlki rəhbərliyi tərəfindən onun istədiyi vaxt istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə baş çəkə bilməsinə məhduduyyət qoyulub. Həftənin birinci günü sistemin indiki rəhbərliyi ilə əlaqə saxlayıb tezliklə Bəxtiyar Hacıyevlə görüşmək üçün əlindən gələni edəcək.

«İNTİHAR EDƏ BİLƏRƏM»


Martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə barəsində 1 aylıq həbs-qəti imkan tədbiri seçilən gənc fəal Bəxtiyar Hacıyev həbsxanada müddətsiz açlığa başlayıb. O tək yeməkdən deyil sudan da imtina edib.

Bu barədə yoldaşlari vasitəsilə yaydığı məktubda B.Hacıyev qeyd edir ki, saxlandığı andan hüquqları pozulur, dəfələrlə döyülüb təhqir edilib.

«Mən dünəndən ölüm aclığına başlamışam, yeməkdən və sudan imtina etmişəm. Əsəblərim gərgindir və hər an provakasiyalara radikal cavablar verib kiminləsə əlbəyaxa ola bilərəm, ya da intihar edə bilərəm»

Məktubda qeyd edilir ki, Kəpəz RPŞ-inin təcridxanda onu zorlamaqla hədələyiblər:

«Hüquqlarımın pozulduğu, vətəndaş kimi döyüldüyüm, təhqir edildiyim bütün otaqlarda Heydər və İlham Əliyevlərin portretləri asılmışdı. Mənim adımdan Azərbaycan gənclərinə bu mesajı çatdırmağı xahiş edirəm. Həbsdə baş verəcək bütün hadisələrə görə şəxsən İlham Əliyev və Ramiz Mehdiyev məsuliyyət daşıyır».

B. Hacıyevin yazdığına görə Gəncənin Nizami rayon polis şöbəsində polkovnik leytenant rütbəli bir şəxs də onu təhqirlə təhdid edib. Məhkəmədə isə hakim onun vəsatətlərini dinləmədən, polislərin şər, yalan ifadələri əsasında sifarişli qərar verib.

Bəxtiyar Hacıyevin yazdığı məktub
Bəxtiyar Hacıyev polis şöbəsində dəfələrlə huşunu itirdiyini, gicgahlarında və ürəyində kəskin ağrılar hiss etiyini, bununla belə ona tibbi yardım göstərilmədiyini, mülki geyimli bir polisin çənəsini sıxdığını qeyd edir:

«Orada vəziyyətim pisləşdi, həkim gəlib bədənimdə göy olub-olmamasına baxıb dərhal getdi».

Məktubda Bəxtiyar Haciyevi dostlarına bir sıra tapşırıqları və Azərbaycan gənclərinə müraciəti də öz əksini tapıb. Müraciətdə deyilir:

«40 İL QUL KİMİ YAŞAMAQDANSA 1 GÜN ŞƏRƏFLİ YAŞAMAQ YAXŞIDIR»

O eyni zamanda gənclərə Gürcüstan prezidenti M.Saakaşviliyə ünvanlanan məktub kampaniyasına başlamağı, demokratik ölkədə yaşamaq istədiklərini yazmağı tövsiyyə edir.

Məktubda həmçinin Bəxtiyar Hacıyev İşgəncələr Əlehinə Komutənin rəhbəri Elçin Behbudov və ABŞ-ın Azərbaycandakı səfiri Mattew Brayza ilş görüşmək istədiyini bildirib.

Bəxtiyar Hacıyev hazırda 2 saylı təcridxanada saxlanır.

«TƏCRİDXANADA HEÇ KİMƏ İŞGƏNCƏ VERİLMİR»

Gəncə Şəhər 2 saylı təcridxanının rəisi Zahid Hüseynov isə AzadlıqRadiosuna Bəxtiyar Hacıyevin aclıq aksiyası keçirmədiyini bildirib.

«Təcridxanada heç kimə işgəncə verilmir. Bunu yoxlamaq üçün işgəncələr əleyhinə komitə var. Vəkilinin hər dəqiqə içəri keçib onu yoxlamaq hüququ var. Bəxtiyar Hacıyevi martın 5-də qəbu edib dinləmişik, 4 nəfərlik kamerada yerləşdirmişik. Hər cür şəriti də var. Heç bir aclıq aksiyasına da başlamayıb. Aclıq aksiyasına başlayan qanunla rəsmi qaydada təcridxana rəhbərinə mürciət edir. O, həkim nəzarətinə götürülür və aclığı davam etdirir. Mənə belə bir müraciət olmayıb».

İŞ GÜNÜ OLMADIĞINDAN...

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə Bəxtiyar Hacıyevin məktubunda yazdıqlarına münasibət öyrənmək mümkün olmadı. Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirdi ki, iş günü olmadığından bu deyilənlərə heç bir münasibət bildirə bilməzlər. Yalnız bazat ertəsi araşdırmadan sonra suallarmıza cavab verə bilərlər.

Martn 4-də Azadlıq Radiosunun muxbiri ilə danışan Gəncə şəhər Nizami rayon polis şöbəsinin rəisi Ağahüseyn Məmmədov isə Bəxtiyar Hacıyevin həmin gün ümumiyyətlə şöbəyə gətirildiyini inkar etmişdi.

BAŞ PROKURORLUQ BƏXTİYAR HACIYEVİN HƏBSİNİN SƏBƏBİNİ BELƏ AÇIQLAMIŞDI

«Bəxtiyar Hacıyev hərbi xidmətdən boyun qaçırdığına görə yanvarın 24-də Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Fevralın 3-də isə onun barəsində polisin nəzarətinə verməklə qətimkan tədbiri seçilib».

Bunu «Trend»ə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

«Bəxtiyar Hacıyevə izah edilib ki, müstəntiqin, prokurorun icazəsi olmadan başqa yerə gedə bilməz. Qərar icra edilməsi üçün Gəncə şəhəri, Nizami rayon Polis Şöbəsinə göndərilib. Bəxtiyar Hacıyevin hər gün saat 10:00-da həmin şöbəyə gəlməli olduğu haqda cədvəl tərtib olunaraq ona imza etdirilib. Lakin, müəyyən edilib ki, o, 2 - 4 mart 2011-ci il tarixlərdə cədvələ imza etdikdən sonra Gəncə şəhərini tərk edib»- deyə Sultanov bildirib.
XS
SM
MD
LG