Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:02

YAP 11 və 12 martda hansısa hərəkatın baş verəcəyinə inanmır


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
«Mən nə 11 mart, nə də 12 martda Azərbaycanda, Bakı şəhərində hansısa kütləvi iğtişaşın, hərəkatın baş verəcəyini təsəvvür belə eləmirəm. Çünki Azərbaycan gəncliyi prezident İlham Əliyevin siyasətini müdafiə edir».

Bunu «APA»ya müsahibəsində YAP icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

O deyib ki, xaricdə təhsil alan minlərlə Azərbaycan gənci YAP-a internet vasitəsilə yazdığı məktubunda 11 martla bağlı qaldırılan hay-küyü pislədiyini bildirib:

«Biz bunu YAP gənclərinin sosial şəbəkələrdə yaratdıqları müxtəlif qruplara gələn yazılarda da görürük. Digər tərəfdən, bu gün Azərbaycan sabit şəkildə inkişaf edir».

M. Qurbanlı deyib ki, sabit bir şəraitdə ölkəni xaosa sürükləməyə cəhd göstərmək, hansısa dairələrin sifarişlərini yerinə yetirmək Azərbaycan xalqı tərəfindən rədd edilib:

«Bu gün də rədd edilir, sabah da rədd ediləcək. Hesab edirəm ki, İsa Qəmbər və onun ətrafındakıların hay-küyünün arxasında yalnız imitasiya dayanır. Bu imitasiyada məqsəd isə öz mövcudluqlarını nümayiş etdirməkdən başqa bir şey deyil. Onların çağırışlarına qoşulan insanlar Azərbaycanda 0.1 faizdən də dəfələrlə az ola bilər. Ona görə də çağırışlar heç bir nəticə verməyəcək».

M. Qurbanlı Bakıya qoşun yığılması ilə bağlı müxalifət mətbuatında yazılanlara da fikrini açıqlayıb:

«Əvvəla, olmayan bir gücə qarşı qoşun yığmağa ehtiyac yoxdur. İkincisi də Azərbaycan Ordusunun vəzifəsi ölkəmizin müstəqilliyini və təhlükəsizliyini qorumaq, xüsusilə Qarabağ cəbhəsində erməni təcavüzünə qarşı dayanaraq onu dəf etməkdən ibarətdir. Azərbaycanda mövcud şərait o qədər sabitdir ki, hansısa formada küçələrə çıxmağa cəhd edən azlığa qarşı ordudan istifadə etməyə ehtiyac qalmır».

YAP rəsmisi bildirib ki, orduda bu və ya digər təlimlər keçirilirsə də bu, «Azərbaycan xalqına qarşı yox, təcavüzkar Ermənistana qarşı hazırlıq məqsədilə edilir».
XS
SM
MD
LG