Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:43

«Yaponiyadakı fövqəladə vəziyyət Metsamorda yarana bilməz»


Metsamor atom elektrik stansiyası
Metsamor atom elektrik stansiyası
METSAMOR ZƏLZƏLƏYƏ DAVAMLIDIR

Erməni rəsmiləri iddia edirlər ki, Metsamor atom elektrik stansiyası seysmoloji cəhətdən fəal zonada yerləşsə də zəlzələ olarsa, Yaponiyadakı kimi qəza təhlükəsi yoxdur.

Ermənistanın Nüvə Təhlükəsizliyi üzrə Dövlət Komitəsinin rəhbəri Ashot Martirosian bazar ertəsi bildirib ki, sovetlərdən qalma bu stansiyanı Qərb mütəxəssisləri də yoxlayıblar və onun zəlzələyə davamlı olması qənaətinə gəliblər.

Bununla belə, Martirosian əlavə edir ki, dağlıq ərazi olan Ermənistanda Yaponiyadakı kimi 8.9 bal gücündə zəlzələnin baş verməsi ehtimalı çox azdır. Üstəlik də Metsamor stansiyasının soyutma sistemi Yaponiyanın «Fukushima» Daichi stansiyasının soyutma sistemindən çox fərqlidir.

Yaponiya rəsmilərinin bildirdiklərinə görə martın 11-də baş vermiş zəlzələ və ardınca da sunamidən sonra «Fukushima» stansiyasının altı reaktorundan ikisinin soyutma sistemi sıradan çıxıb.

Ehtiyat soyutma sistemi kimi nəzərdə tutulan dizel generatorlarını isə sunami yuyub aparıb.

Ermənistanda rəsmilər deyirlər ki, «Fukushima» stansiyasından fərqli olaraq Metsamorun iki rekatoru var. «Fukushima» 1960-1970-ci illərin, Metsamor isə 1976-1980-ci illərin modelidir.

1988-ci ildə Ermənistanda baş vermiş 6.9 bal gücündə zəlzələdən bir il sonra Sovet İttifaqı Metsamor stansiyasını bağlamışdı. Həmin zəlzələdə Ermənistanın şimal əraziləri dağıntılara məruz qalmış 25 000 adam ölmüşdü. Metsamor stansiyası da zəlzələnin episentrindən 75 kilometr aralıda idi.

«MERSAMORUN REAKTORU AYRICA BİR SOYUTMA SİSTEMİNƏ MALİKDİR»

Stansiya 1995-ci ildə yenidən işə salındı. ABŞ və Avropa Birliyindən etirazlara baxmayaraq, kəskin enerji böhranı ilə üzləşmiş Ermənistanın o zamankı rəhbərliyi stansiyanı işə salmaq qərarına gəldilər.

VVER 440-V230 markalı və olduqca köhnə və az etibarlı bu stansiyadan Sovet hakimiyyəti İttifaqın müxtəlif ölkələrində, Şərqi Avropada 66 ədədini tikmişdi. 1995-ci ildən bu yana ABŞ və Avropa Birliyi metsamor stansiyasında təhlükəsizlik tədbirləri üçün on milyonlarla dollar pul xərcləyiblər.

Aşot Martirosian
AzadliqRadiosunun erməni xidmətinin əməkdaşı ilə söhbətində Ashot Martirosian israrla bildirib ki, artıq Metsamor stansiyası Ermənistanda 1988-ci ildə baş vermiş zəlzələ gücündən bir zəlzələyə davamlıdır. Onun iddiasına görə bu stansiyanın soyutma sistemi «Fukushima» stansiyasının sistemindən daha etibarlıdır: «Metsamorun reaktoru ayrıca bir soyutma sisteminə malikdir. Onun özünün mühafizəsi ayrıca təşkil edilib. Nəzəri olaraq, Yaponiyadakı fövqəladə vəziyyət burada yarana bilməz».

HÖKÜMƏT İSRARLIDIR...

Amma Metsamor atom elektrik stansiyasının keçmiş direktoru Suren Azatian paytaxt Yerevana yaxın yerləşən bu stansiyadan radioaktiv sızıntının olmamasına o qədər də əmin deyil. Amma buna baxmayaraq, o da qəbul edir ki, Ermənistan bu stansiyadan alınan enerjiyə həddən artın möhtacdır və onu işlətməyə məcburdur: «1986-cı ildə Çernoblda qəza olandan sonra Metsamorda da təhlükəsilk standartları radikal şəkildə yüksəldildi. Məncə, Yaponiyada baş verənlərdən sonra Metsamor stansiyası da bir daha nəzərdən keçiriləcək. Bütün təhlükəsizlik qaydalarına əməl edilsə atom elektrik stansiyalarının tikilməsi və ondan istifadə edilməsində heç bir problem olmaz. Bir hadisəyə görə demək olmaz ki, bu, olduqca riskli bir texnologiyadır, ondan imtina etmək lazımdır. Bu yanlışlıq olardı».

Ermənistanda bu stansiyanın hətta qonşu ölkələrdə yaşayan əhali üçün daimi risk mənbəyi olması barədə Türkiyədə və Azərbaycanda ictimai fəallar dəfələrlə etirazlarını ifadə ediblər. Türkiyədə ətraf mühit fəalları bir neçə dəfə Türkiyə, Azərbaycan, Gürcüstan və İranın xarici işlər nazirliklərinə yazılı müraciət göndərərək stansiyanın bağlanması üçün fəallıq göstərilməsini xahiş ediblər.

Amma Ermənistan hakimiyytətinə Avropa Birliyi və ABŞ-dan təzyiqlər olsa da hökumət stansiyanı işlətməkdə israrlıdır. Yerevanda bildirirlər ki, hazırda ölkənin elektrik enerjisinə tələbatının 40 faizini bu stansiya verir. Əvəzində daha müasiri və böyüyü tikilməyincə, Metsamor stansiyasından əl çəkmək mümkün deyil.

Keçən il stansiyasının reaktorlarından birini Rusiya-Ermənistan birgə müəssisəsi təmir edib.
XS
SM
MD
LG