Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:59

Rüstəm İbrahimbəyov məmurlardan prezidentə şikayət etdi


Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov prezident İlham Əliyevə müraciət edib:


Hörmətli cənab prezident!

Milli filmlərin yaradılmasına mühüm töhfəsini vermiş kinematoqrafçıları öz sıralarında birləşdirən Azərbaycan Kinematoqrafçılar İttifaqının düşdüyü vəziyyətlə bağlı sizə müraciət edirəm.

1958-ci ildə təsis olunmuş təşkilatın indiyədək öz yeri yoxdur və Hökumət Evində bir neçə otağı icarəyə götürür.

Sovet dönəmində onun fəaliyyəti Moskvadan SSRİ Kinematoqrafçılar İttifaqı tərəfindən maliyyələşdirilirdi; müstəqil Azərbaycanda isə bizim təşkilat iyirmi ildir ki, öz fəaliyyəti hesabına özünü saxlayır: belə ki, “Azərbaycan” kinoteatrını icarəyə götürməklə biz xarici tərəfdaşlarımızla bu yaxınlara kimi Bakıda yeganə olan kinoteatr yaratdıq ki, bu da müasir tələblərə cavab verir və ondan daxil olan gəlirlər bir neçə il ərzində bizim nizamnamə fəaliyyətinin maliyyələşdirilməsini təmin edib.


"Ən səthi analiz aşkar etdi ki, ölkənin ali orqanında mənim üzərində qurulmuş məhkəmənin təşəbbüskarları arasında hələ sovet dövründə mənimlə fəal mübarizə aparan adamlar var".
Təşkil etdiyimiz Beynəlxalq “Şərq-Qərb” kinofestivalından müəyyən gəlir əldə etmişik.

İyirmi ildən çoxdur ki, biz Şəkidə respublikada yeganə olan Yaradıcılıq Evini saxlayırıq. Hər il burada onlarla kinematoqrafçı və onların ailəsi istirahət edir.

Geniş beynəlxalq əlaqələri, peşəkar seminarları, yaradıcılıq görüşlərini, yubiley gecələrini, kino haqqında qanunların hazırlanmasını və bizim yaradıcı təşkilatın nizamnamə fəaliyyətində nəzərdə tutulan bir çox başqa işləri öz vəsaitimiz hesabına həyata keçirməyə nail olmuşuq.

Lakin üç il bundan əvvəl vəziyyət kəskin şəkildə dəyişdi. Buna mənim mətbuatdakı bir sıra polemik fikirlərim səbəb oldu. Bu fikirlər bəzi rəsmi şəxslərin qeyri-adekvat mənfi reaksiyasına səbəb oldu.

Mən sovet dövründə kommunist olmamışam və heç zaman, nə o vaxt, nə də indi siyasi fəaliyyətlə məşğul olmamışam. Lakin həm sovet dövründə, həm də bizim günlərdə jurnalistlərin suallarını cavablandırarkən həyatımızın bu və ya digər problemləri ilə bağlı fikrimi açıq şəkildə bildirmişəm.

Məni təəccübləndirən odur ki, birdən-birə müsahibələrimdən biri Milli Məclisdə tənqidi müzakirə mövzusuna çevrildi ki, bu da geniş ziyalı dairəsi tərəfindən yaxşı qarşılanmadı.

Ən səthi analiz aşkar etdi ki, ölkənin ali orqanında mənim üzərində qurulmuş məhkəmənin təşəbbüskarları arasında hələ sovet dövründə mənimlə fəal mübarizə aparan adamlar var. Mən şəxsi münasibətlərin aydınlaşdırılması səviyyəsinə enməmək üçün onların adlarını açıqlamıram.

Mühüm olan başqa şeydir: bu gün həmin yüksək vəzifəli məmurlar respublikadakı ideoloji vəziyyətə təsir göstərməklə köhnə sovet metodları ilə hərəkət edirlər, yəni onların demokratik baxışlardan uzaq olan fikirləri ilə üst-üstə düşməyən istənilən fikri boğurlar. Və bu da fəal çalışan yaradıcı təşkilatın çətin vəziyyətə düşməsinə səbəb oldu.

Əvvəlcə, “Azərbaycan” kinoteatrının özəlləşdirilməsi adı altında Dövlət Əmlak Komitəsi bizi bu yeri icarəyə götürmək hüququndan məhrum etdi. Biz avtomatik olaraq əsas maliyyə mənbəyini itirdik.

Sonra “Şərq-Qərb” festivalının dövlət tərəfindən dəstəklənməsi dayandırıldı və nəticədə ölkənin mədəni reputasiyasına zərbə ilə yanaşı İttifaqın iqtisadi durumu da xeyli pisləşdi.

Bu il Mədəniyyət Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən mühüm mədəni aksiyanın keçirilməsinə - respublikanın rayonlarında Azərbaycan filmlərinin nümayişinə başladıq. Belə ki, uzun illərdir ki, rayonlarda kinoteatrlar işləmir və əhali müstəqillik dövründə çəkilmiş filmləri görməyib. İlk səfəri Xızı, Siyəzən və Şabrana etdik. Zallar tamaşaçı ilə dolu idi. Lakin birdən Mədəniyyət Nazirliyi bu birgə tədbirdə iştirakdan imtina etdiyini bildirdi. Özü də elə bir vaxtda ki, iki nəsil kənd əhalisi kinoteatrlarda olmamışdı.

Prezident İlham Əliyev
Prezidentin 23 fevral 2007-ci il tarixli fərmanına əsaslanaraq Beynəlxalq Kino Məktəbi yaradarkən daha çətin vəziyyətə düşdük. İki il ərzində əsas kino sənəti üzrə iyirmidən çox dinləyici kurs keçdi.

Kurslarda dünyanın bir çox ölkəsindən pedaqoqlar iştirak edirdilər. Sözdə Kino Məktəbinin yaradılmasını təqdir edən dövlət sizin fərmanınıza zidd olaraq onun saxlanması üçün bir manat belə ayırmadı.

Hörmətli, cənab prezident, Kinematoqrafçılar İttifaqının Bayıldakı torpağının qanunsuz zəbt olunması ilə bağlı sizə dəfələrlə müraciət etmişəm.

Kinematoqrafçılar İttifaqına qarşı gizli iqtisadi müharibənin tərkib hissəsi olaraq Azərbaycan Dövlət Neft Şirkətinin özbaşınalığı bizim təşkilata dağıdıcı zərbə vurdu. Hazırda işə məhkəmələrdə baxılır. Əfsuslar olsun ki, hamıya məlumdur ki, hakimlər itaətkarlıqla “yuxarıların” göstərişlərini yerinə yetirirlər.

Odur ki, özəl mülkiyyətin dövlət idarələri tərəfindən zəbt olunması ilə bağlı başqa hallarda olduğu kimi, bizim də işimiz üzrə qərarlar bizim torpağa heç bir hüquqi olmayan

neft şirkətinin xeyrinə qəbul olunur.

Biz isə unikal Kino Evi kino-mədəniyyət kompleksinin, Beynəlxalq Festival Mərkəzinin, Kino Məktəbinin, uşaq “Kinodisneylənd”inin inşasını planlaşdırırıq, özü də büdcə vəsaiti qoyulmadan.

Kinematoqrafçılar İttifaqına qərəzli münasibətə digər sübut kimi onu da demək olar ki, uzun illər ərzində biz Milli Məclisə və Nazirlər Kabinetinə dəfələrlə müraciət edərək dövlət dəstəyini xahiş etmişik və hər dəfə də uzun müzakirələrdən sonra imtina ilə üzləşirik. Halbuki, digər yaradıcı ittifaqlar (yazıçılar, bəstəkarlar, rəssamlar və digərləri) bu cür dəstəkdən yararlanıblar.

Hörmətli, cənab prezident,

Siz respublikanın rayonlarında çox olursunuz və yerli əhali ilə görüşlər keçirirsiniz. İnanın, bu gün milli kinonu yaradanlar da sizinlə birbaşa ünsiyyətə ehtiyac duyurlar: sizin milli kinematoqrafın inkişafına dair fərmandan dörd il keçib, lakin onun bir çox müddəaları yerinə yetirilməyib, o cümlədən kollektivin bütün səylərinə baxmayaraq, bərbad vəziyyətə düşmüş “Azərbaycanfilm” kinostudiyasının əsaslı təmiri və texniki təchizatı qeyri-müəyyən müddətə təxirə salınıb.

Son illər Azərbaycan kinematoqrafına böyük gənc rejissorlar qrupu gəlib, onlar öz işləri ilə özlərini tanıdıblar.

Onlar bilməlidir ki, dörd il əvvəl elan olunmuş Azərbaycan kinosunun inkişafına dair prezident proqramı yaddan çıxmayıb və onların bununla bağlı ümidlərini doğrultmaq üçün mən mətbuat vasitəsilə sizə müraciət etməyi qərara aldım.

Təəssüf ki, dörd il itirildi – sizin fərmanın həyata keçirilməsinə cavabdeh olan məmurlar onların fəaliyyət metodlarını qəbul etməyənlərlə şəxsi qərəzlik aparmasaydılar, azərbaycanlı kinematoqrafçılar artıq bu gün normal şəraitdə fəaliyyət çalışa bilərdi.

Vəziyyəti mürəkkəbləşdirən digər bir məqam da odur ki, bildiyiniz kimi, mən MDB ölkələri, Latviya, Litva və Estoniyanın Kinematoqrafçılar ittifaqlarını birləşdirən Beynəlxalq Konfederasiyanın sədriyəm.

Bu kino birliyi üzvlərinin bütün milli kinematoqrafiyalardakı vəziyyət barədə məlumatları var. Və mən əcnəbi həmkarlarıma keçmiş SSRİ ərazisində ən nüfuzlu Kinematoqrafçılar İttifaqlarından birinin bu cür ağır vəziyyətə düşməsinin səbəblərini izah etməkdə çətinlik çəkirəm.

Bayıl layihəsində iştirak edən xarici investorların Dövlət Neft Şirkətinin həm bizim qanunlara, həm də mülkiyyət hüquqları barədə hamı tərəfindən qəbul edilmiş təsəvvürlərə zidd qərarlar qəbul edən məhkəmələrlə əlbirliyini anlaması da kifayət qədər çətindir.

Amma yaxın zamanda vəziyyətimizin yaxşılaşacağı ilə bağlı ümidlərimi itirmirəm. Müasir, sivil, demokratik ölkədə bir qrup insan uzun müddət bu qədər kobud özbaşınalığı davam etdirə bilməz.

Və Respublika Kinematoqrafçılar İttifaqının üzvlərinin də şərik olduğu ümidlərim ölkə prezidentinin şəxsən xalqın mənəvi həyatının kino kimi əhəmiyyətli sahəsində problemləri həll etmək üçün imkan tapacağına əsaslanır.

Hörmətlə,
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri
Rüstəm İbrahimbəyov

contact.az
XS
SM
MD
LG