Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:20

Gəncədə 500 nəfərin işlədiyi bazar bağlandı


Sədaqət Vəliyeva
Gəncə şəhərində dəmiryol ətrafında yerləşən «Nəhəng dağ» MMC-yə məxsus bazar mayın 13-də bağlanıb. 6 ildir ki, bazarda göy göyərti satan 52 yaşlı Sədaqət Vəliyeva deyir ki, ailə başçıları olmadığından evin dolanışığını göy satmaqla çıxarırmış. Başqa yerdən gəliri yoxdur:

«3 yetimə baxıram. Hökumətin verdiyi 85 manat pensiya ilə su pulu ödəyim, qaza verim, işığa verim?... Dolana bilmirəm deyə, gəlib göy-göyərti satırdım. İndi də deyirlər bağlayırıq, heç yerə də yerləşdirmirlər».

«SƏSİMİZİ EŞİTMƏSƏLƏR DƏMİRYOLUNU KƏSƏCƏYİK»


Bazarın digər satıcısı Tahirə Əliyeva da deyir ki, onları başqa yerdə yerləşdirməsələr, dəmiryolunu kəsəcəklər:

«Banka pul keçiririk. Malı borcla alırıq. Əvvəl aldatdılar ki, 3 gün təmizlik üçün sanitar günü elan olunur. İndi də deyirlər ki, bağlanır, sökülür. Ya bizi yerlə təmin eləsinlər, ya da dəmiryolunu kəsəcəyik ki, bəlkə bizi də düşünən ola».

Bazarın gözətçisi işləmiş Amil Həsənov da deyir ki, bazarı təmir adıyla bağlayıb tamam sökürlər:

«4 ildir bu bazarda gözətçi işləyirəm. Əsgər atasıyam, evimə dövlətdən 1 qəpik gəlir gəlmir. Bu bazarla dolanmışam. Hərə 5-10 qəpik verib. Burada işləyən 500 adam indi nəylə dolanacaq? Deyirlər təmir olunacaq. Bəs niyə sökürlər? Yəqin buranı da satıblar».

«BAZAR HEÇ BİR SANİTAR-GİGİYENİK NORMALARA CAVAB VERMİR»


Araşdırmalarımız zamanı məlum oldu ki, bazarın bağlanması təklifini Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi verib. Mərkəzin direktor müavini Fazil Nəbiyev deyir ki, bu bazar heç bir sanitar və gigiyenik normalara
Bazarın gözətçisi işləmiş Amil Həsənov da deyir ki, bazarı təmir adıyla bağlayıb tamam sökürlər
cavab vermir:

«Bazarda reyd keçirdikdən sonra icra hakimiyyətinə bazarın bağlaması ilə bağlı tələb hazırladıq. Belə ki, 240 kvadratmetrlik bu bazarda sanitar qaydalar kobudcasına pozulur. Ərazinin döşəməsi bərbad vəziyyətdədir, su-kanalizasiya sistemi də yoxdur. Tələbimizə əsasən də bazar bağlandı. Bazar təmir ediləndən və sanitar normalara cavab verəndən sonra açıla bilər».

F. Nəbiyev bazarın söküləcəyi barədə deyilənlərə də münasibət bildirdi:

«İNSAN HƏYATI ÜÇÜN TƏHLÜKƏLİDİR».


«Bəli, deyəsən söküləcək. Dəmiryol rəhbərliyi məktub yazıb ki, insanlar dəmiryolunun üzəri ilə keçib bazara gedirlər və məsafə yaxındır. İnsan həyatı üçün təhlükəlidir».

Gəncə Dəmiryol Vağzalının direktoru Zahid Xəlilov isə deyir ki, bu bazarın mövcudluğu onları narahat etmir və bununla bağlı heç bir məktub yazılmayıb.

Bütün bu məsələlərlə bağlı «Nəhəng dağ» MMC-yə məxsus bazarın rəhbərliyi ilə də danışmaq istəsək də, bazarın içərisində yerləşən onlara məxsus otaq bağlı idi.

Ümumilikdə, Gəncədə kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan dörd bazar var.
XS
SM
MD
LG