Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:27

Koroğlu dastanı ("Mərcan xanımın Çənlibelə gəlməyi") - 24


əvvəli

Deyillər Həsən xanın üç oğlu, bir qızı qalmışdı. Böyük oğlununadı Əhməd, ortancılın adı Hümmət, kiçiyinin adı Mahmud, qızının da adı Mərcan xanımıydı.

Aradan xeyli vaxt keçmişdi. Vaxt o vaxt olmuşdu ki, Mahmud böyüyüb girri bir cavan olmuşdu.

O, ağıllılığıynan, qoçaxlığıynan, tədbirriliyinən özgələrdən seçilir, qardaşlarınnan fərqlənirdi.

Mahmud çox yerdə söz salıb öyünürdü ki, Koroğluynan təkbətək meydan açıb kəmər-kəmərə tutaşacam, atamın, paşaların, bəylərin, tacirlərin, sövdəgərlərin qisasını ondan alacam, ya da öz başımı bu yolda verəcəm.

Bu səs-səda xotkara da çatmışdı. Odu ki, hələ görməmişdən ona
meyillənmiş, böyük ümid bağlamışdı.

Bayazid paşası Xəlil paşanın ölümündən sonra xotkar Mahmudu
yanına çağırıb dedi:
– Mahmud, oğul! Mən belə görürəm ki, atanın kiçik oğlu olsan da,
Koroğludan bizim qisasımızı almağa sən layiqsən. O biri qardaşlarından
hay olmadı. İndi mən Bayazidin paşalığını tapşıraram sənin əlinə!
Əyər Koroğlunu bir təhər eliyib səsini kəssən, mənim sözüm sözdü,
sədrəzəmlik çatar sənə...
Mahmud xan əvvəl-əvvəl sevindiyindən özünü itirdi. Haçandanhaçana
özünü düzəldib xotkara baş əydi, diz çöküb dedi:
– Qibleyi-aləm, mənim sözüm sözdü, ya başımı bədənnən verəcəm,
ya da Koroğlunun səsini kəsəcəm. Ya qol zoruna, ya da hiylə
gücünə çox çəkməz ki, məqsədimə çataram.
Mahmud qolunun zoruna, hiyləsinin gücünə güvənməkdə haqlıydı.
Bu aralarda onun qoluna yapışan, atının qabağına at sürən, şeşpərindən
can qurtaran, əmudunnan yan duran, qılıncına qalxan tutan, küştüsündə
arxasını yerə gəlməkdən xilas eliyən, hiylə torunu görə bilən olmamışdı.
Bunnarı çoxdan bilən xotkar Mahmud xanın boy-buxununa qəddiqamətinə,
yar-yaraşığına, ötkəmliyinə, danışığına da vuruldu. Odu ki,
onu lap şirnikdirməkdən ötrü gözəlliyiynən aləmə səs salmış bacısı
Mərcan xanımı da vəlihədi Əmir xana nişannandırdı.
Amma Mərcan xanım bunu eşidəndə daş atıb başını tutdu, iki
ayağını bir başmağa qoydu ki, mən ərə getmirəm. O, nişan paltarının
qatını açmadı, üzüyü də barmağına taxmadı.
Bəli, gözləmədiyi günə düşüb birdən-birə paşalığa çatan Mahmud
tezdiyinən sədrəzəmliyə yetişmək üçün Koroğlunu bir yannıx eləmək
haqqında fikirləşməyə başdadı.
Qoy Mahmud paşa fikirləşməkdə olsun, sizə kimnən deyim, kimnən
danışım, Rum paşası Asdan paşanın qardaşı qızı Leyli xanımnan. Leyli
xanım əmisi qızı Məhbub xanımın çox isdəkli sirdaşıydı. O, Məhbub
xanımın Çənlibelə məktub yazmağının səbəbkarıydı. Leyli xanım iyiddər
haqqında çox şirin əhvalatdar, nağıllar danışdığına görə Məhbub
xanım onun adını Şirin xanım qoymuşdu. Onlar sözbir eləmişdilər ki,
Çənlibelə birlikdə getsinnər. Amma bildiyiniz kimi, iş belə gətirdi ki,
Bəlli Əhmədi saldılar quyuya. Xəbər Çənlibelə çatdı. Koroğlu dəliləri
göndərdi, gecə ikən onu xilas elədilər. Məhbub xanımı götürdülər,
amma Leyli xanım ələ keçmədi, qaldı.
Leyli xanım elə hesab elədi ki, Məhbub xanım onu qəsdən, paxıllığnan
qoyub gedib. Odu ki, gəlib əmisinə bir yalan-qurama söylədi,
izn istədi ki, qoy bir hiylə düzəldim, ya Koroğlunu, ya da onun dəlilərinnən
bir neçəsini salım tora, verim sənin cənginə, al qızının qisasını.
Şükür paşanın ağlına bələdsiniz. O naumutda inandı qızın uydurmalarına,
bayaq ha izin verdi. Leyli xanım tələsik götürüb Koroğluya namə
yazdı ki, mənim Çənlibeldə gözüm var, əgər igidsənsə, gəl məni apar.
Bu tərəfdən də Məhbub xanım öz arzusuna çatıb Çənlibelə yetişməyinə,
Bəlli Əhməd kimi bir iyidə qovuşmağına baxmayaraq, pərişan
dolanmağa, qəmli durub oturmağa başladı. Nigar xanım işi belə
görəndə, Telli xanıma dedi ki, mənnən utanar, sən Məhbubun dərdini
öyrən görək nədi.
Bir gün Telli xanım Məhbub xanımı da götürüb bir dəstə qızgəlinnən
seyrə çıxdı. Onlar gəlib Sayalıbulağın başında məskən elədilər.
Qız-gəlin gül-çiçək dərməyə dağılışanda Telli xanım Məhbubdan
dərdini soruşdu. Məhbub xanım yanıxlı bir ah çəkdi, söylədi ki:
– Dərdim əmim qızı Leylinin dərdidi. O, mənim canım-ciyərimdi.
Şirinim-şəkərimdi. Sözümüz oydu ki, ikimiz də gələk. Amma onu
gətirə bilmədik. Qorxuram, qıza xiffətdən xətər yetişə...
Telli xanım əhvalatı Nigar xanıma danışdı. Nigar xanım da bu
qərara gəldi ki, dəlilərin, xanımların cəm vaxtında Məhbubun dərdini
açsın, Koroğludan izn alıb qızı gətirtdirsin.
Gün o gün oldu ki, Koroğlu böyük bir məclis düzəltdi. Bu məclis
kef məclisi yox, tədbir, məsləhət, səfər məclisiydi. Bildiyiniz kimi, axı
Koroğlu Hürü xanımı gətirib Eyvaza toy eyləmişdi. İş bundadı ki, toya
Eyvazın atası Qəssab Alı gəlmişdi, amma anası Zərqələm xəstə olduğundan
gələ bilməmişdi.
Amma Qəssab Alı toya gələndə Zərqələmə söz vermişdi ki, toydan
sonra Koroğludan, Nigar xanımdan izn alıb gəlinimizi də, Eyvazı da
gətirəcəm, bir toy burda özümüz eləyərik.
Toy qurtaranda Qəssab Alı məsələni Koroğluya açdı, Koroğludan
da, Nigar xanımnan da izn istədi. Amma nə Koroğlu, nə də Nigar
xanım belə tələm-tələsik Eyvazın getməyinə razı olmadılar. Qəssab
Alıdan xahiş elədilər:
– Sən get, biz özümüz tezliynən uşaqları göndərərik.
Qəssab Alı bir söz demədi, qayıdıb Zərqələmə xəbər verdi ki,
uşaqlar tezdiynən gələsidi. Bəli, indi Koroğlu bu məclisi qurmuşdu ki,
tədbir töküb məsləhət eləsinnər, görək Eyvazgili nə layıqnan,
kimlərnən göndərsinnər Təkə-Türkmana.
Hamı istəyirdi bu səfər ellərə, mahallara səs salan bir səfər olsun.
Kim istərdi belə səfərdən qalsın!..
Məclisin şirin yeriydi. Nigar xanım fürsət gözləyirdi Məhbubun
dərdini açsın. Bir də dəlilərdən ikisi girdi içəri, yannarında da birisi.
Koroğlunu görsətdilər. Bu adam irəli yeridi, Koroğluya bir namə verdi.
Koroğlu naməni oxuyub məclisdəkiləri halı elədi. Namənin Leyli
xanımnan olduğunu görəndə Nigar xanım Məhbub xanımın dərdini
danışdı, özü də bildirdi ki, elə indicə Koroğludan izn istəyəcəkdim,
dəlilərdən bir neçəsi gedib o qızı gətirsin.
Özü çağrıldığına görə qoç Koroğlu üz tutdu Dəli Mehtərə:
– Gətir mənim atımı!
Dəli Mehtər bayaq cumdu Qıratı yəhərləməyə.
Eyvaz baxdı Koroğlu özü getmək istəyir, irəli yeriyib xahiş elədi,
qoy mən gedim.
Koroğlu Nigar xanımın üzünə baxdı, Nigar xanım dedi:
– Yox, Koroğlu, bu səfərə nə Eyvaz getsin, nə sən. Dəlilərdən birikisi
gedib qızı gətirsin. Qoy onlar qasidi də özləriynən götürsünlər.
Qasid bələdçilik eləsin, tez qayıda bilsinlər.
Hamının gözü Eyvazdaydı. Baxdılar ki, Eyvaz Hürü xanımın üzünə
baxdı, sonra da başını sinəsinə salıb elə qızardı, elə qızardı, oldu qıpqırmızı
pul.
Aşıq Cünun buna tab eləməyib əlini verdi qulağına:
Seli sınar dağların,
Eli sınar dağların,
Eyvazın qəlbi sınsa,
Beli sınar dağların!
Nigar xanımın da ürəyi tab eləmədi. Eyvazın şəstini sındırmağına
peşiman olub Koroğluya yalvardı:
– Koroğlu, izn ver, qoy Eyvaz getsin! Burda elə bir çətin iş yoxdu.
Qız hazır olacaq, qasid bələdçilik eliyəcək. İnşallah, tezdiynən qayıdıb
gələr.
Demə, Eyvazın halı Koroğluya da əsər eliyibmiş. İzn verdi, özü də
məsləhət gördü Eyvaz Ərəbatı minsin.
Elə ki, izn verildi, Eyvaz gedib üstdən geyindi, altdan qıfıllandı,
altdan geyindi üstdən qıfıllandı, Ərəbatı mindi, qasidi də götürüb düşdü
yola.
Elə təzəcə Çənlibelin ətəyinə yenmişdilər, Eyvaz baxdı budu, bu
yan Bayazid yoluynan bir atdı Çənlibelə tərəf elə çapır, elə çapır, gəl
görəsən. Eyvaz ola!.. Qasidə dedi:
– Sən yavaş-yavaş sür atını, mən görüm kimdi, bu, nəçidi.
Eyvaz Ərəbatı döndərib özünü yetirdi çapara. Çatar-çatmaz –
dayan, – deyib bir dəli nərə çəkdi, dağ-daş dilə gəldi. Az qaldı atlının
qulaqları bata. Qayıdıb baxanda, gördü ki, budu bir nərin biri kəsib
başının üstünü. Əvvəl-əvvəl bərk şaşırdı, sonra bir təhər özünü
düzəldib dedi:
– Ayə, balam, niyə bağırırsan, məni qorxudursan?
Eyvaz bir az mülayimləşdi:
– Qardaş, bağırıb nə dedim ki, niyə səni qorxuzum. Yəni deyirəm
görək kimsən, kimin adamısan, hayannan gəlib hayana gedirsən?
Yolçu Eyvazın belə mülayim danışmağınnan bir az da qızışdı:
– Hayıf sənin zəndinə! Ay korafəhim! Bəyəm korsan, görmürsən
ki, Çənlibelə, qoç Koroğlunun oylağına gedirəm?
Eyvaz baxdı bunda iş var, özünü bir az da acizliyə qoyub yumşaqlıqnan
dedi:
– Allah yaxşı yol versin, ay qardaş! Day niyə acığın tutur? Yanı
deyirəm görəsən sənin Koroğluynan nə işin, o qaçaq-quldurnan nə
alverin ola?!
Yolçu bu dəfə lap özündən çıxdı, day da qızışıb başladı bağırmağa,
söyüb söylənməyə ki:
– Ayə, ay zındıq oğlu zındıq! Sən Koroğluya quldur deyirsən?
Mənnən qorxmursan? İndi necəsən, qayıdam ayıram bədəninnən başını?
Bilmirsən ki, mən qoç Koroğlunun xan Eyvazıyam?!.
Bu yerdə Eyvaz özünü saxlaya bilmədi, gülmək onu tutdu. Güləgülə
dedi:
– Balam, bəyəm bu boyda da yalan olar? Əyər mən Koroğluyamsa,
mənim sən nişanda Eyvazım yoxdu axı! De görüm sən nə zamannan
olubsan xan Eyvaz?
Yazıq yolçunun boğazı qurudu, başladı udğunmağa, ürəyində özünü
söyməyə ki, gərək mən bunun nərəsini eşidəndə Koroğlu olduğunu
biləydim.
Eyvaz onun vəziyyətini görüb təpindi:
– Həə! Di din görək hardan olubsan xan Eyvaz!
“Xan Eyvazın” dili çoxdan tutulmuşdu. Hardaydı dinməyə
iqtidarı! Ha udqundu, ha kəkələdi, səsi çıxmadı. Eyvaz baxdı belə
getsə, bu heç nə deyə bilməyəcək, qorxusunnan bağrı yarılacaq, dedi:
– Ayə, bəlkə səni qovan, eliyən var, bəlkə mənim yanıma gəlirsən,
bəlkə mənnik işin-zadın ola?
Bu sözdən atlının ürəyi bir balaca özünə gəldi, özünü sərdi
Eyvazın atının ayaqlarının altına ki:
– Koroğlu! Atam-anam sənə qurban olsun! Amandı, mənə rəhmin
gəlsin! Elə sənin yanına gəlirdim.
Eyvaz dedi:
– Noolu, xoş gəlmisən, yaxşı eləmisən...
Eyvaz onun gözünün içinə baxanda gördü gözünü yayındırır, bildi
ki, bundan iş əskik deyil. Qəsdən əlini qılıncın qəbzəsinə atıb sıyırdı,
başının üstündə elə fırladı ki, qılınc göy gurultusunnan betər səs verdi.
Yazığın gözlərində şimşək çaxdı. Elə bildi ki, başı bədəninnən getdi.
Bayaq ha huşunu itirdi. Haçannan haçana gözünü açdı, başı yerindədi,
başladı ağlamağa, yalvarmağa:
– İyid basdığını kəsməz, amandı Koroğlu! Atalar deyib ki, elçiyə
zaval yoxdu. Məni öldürmə, mən Mahmud paşanın qasidiyəm. Sənə
namə gətirmişəm...
Eyvaz əl atıb onu qaldırdı, naməni istədi. Qasid əli əsə-əsə naməni
çıxardıb verdi Eyvaza. Eyvaz naməni açıb oxudu:
“Koroğlu, mən haman Həsən xanın oğluyam ki, atan Alının gözlərini
çıxardıb dünya işığına həsrət qoydu. Sən də haman Alının
oğlusan ki, atamın illərnən yediyi çörəyinə ayaq basıb səni gətirdi
onun üstünə. Sən də namərdliynən ondan qisas aldın. İndi hər yanda
səni mərd, iyid danışırlar. Əyər doğrudan da iyidliyin, hünərin varsa
gəl Bayazidə. Sənnən təkbətək meydan açıb əlbəyaxa olacağam, ya
sənə verən Allah, ya mənə”.
Eyvaz baxdı özünü yaman dolaşdırıb. Dönüb desə mən Koroğlu
deyiləm, apar ver naməni Koroğluya, onda olacaq bunun tayı. İndi də
bu güləcək Eyvazın üstünə... yox, elə Koroğluluqda qalıb Bayazidə
getsə, bəs Koroğlu? Bəs Rum? Bəs Leyli xanım?.. Fikir Eyvazı
götürəndə qasidin canına vəlvələ düşdü, canının hayına qaldı:
– Koroğlu, balalarım ayağının altında qurban qırılsın! Nə yaman
fikrə getdin? Bəlkə o namərd oğlu orda sənin qəlbinə toxunan söz
yazıb? Allah eləməmiş, bəlkə... Amandı Koroğlu! Mənə qəzəb eləmə!
Mənim borcum buyruq bitirməkdi. Neyniyim, bir parça çörək...
Eyvaz fikirdən ayrıldı. Baxdı Koroğlu olmaqdan savayı ayrı yolu
yoxdu, dedi:
– Sən qorxma, paşa nalayıq söz yazmayıb. Amma iş budu ki, mən
sənnən Bayazidə getməliyəm. Qaytar atını sür, o gedənə bir söz deyim,
gəlim.
Qasid sevinmiş atını döndərdi geri. Eyvaz Ərəbatı məhmizlədi Leyli
xanımın qasidinin yanına, Leyli xanıma bir namə yazdı:
Namən gəlib bizə çatıb,
Leyli xanım, Leyli xanım!
Namərdəlrin baxtı yatıb,
Leyli xanım, Leyli xanım!
Arzularsan Çənlibeli,
Əsər sərin-sərin yeli,
Yarın olar bir qoç dəli,
Leyli xanım, Leyli xanım!
Gəlib açaram meydanı,
Düşmənlər çəkər amanı,
Səhər gözlə Eyvaz xanı,
Leyli xanım, Leyli xanım!
Eyvaz naməni qasidə verib dilnən də tapşırdı ki, Leyli xanım məni
səhər gözləsin.
Elə ki, Eyvaz Leyli xanımın qasidini saldı yola, döndərdi Ərəbatın
başını geri, özünü yetirdi Mahmud paşanın qasidinə, oldu Koroğlu, üz
tutdu Bayazidə.
Eyvaz gəlməkdə olsun, sən gör Mahmud paşa necə çağırırdı Koroğlunu
meydanına! O, xotkarın yanınnan qayıdannan sonra çox fiikrləşdi,
çox düşündü, çox daşındı, çox götür-qoy elədi, axırda bu qərara gəldi ki,
bir hiylə işlədib Koroğlunu tələyə salmasa, əməl yeməyəcək. Oydu ki,
Bayaziddən Çənlibelə gedən yolunun gah sağında, gah solunda birbirindən
bir ağac aralı yeddi quyu qazdırdı, quyuların üstünü çörçöpnən
örtdürüb bilinməz elətdirdi, bu yolnan get-gəli kəsdirdi, sonra da haman
naməni göndərdi Koroğluya. Fikirləşdi ki, Koroğlu naməni alan kimi
gələcək, gələndə də bu quyuların birinə düşəcəkdi.
Paşa qasidi öyrətmişdi ki, quyulara çatanda bir bəhanə ilə dala
keçsin, Koroğlu quyuya düşəndə də yandan atını çapıb xəbər eləsin.
Onsuz da Eyvaz atını həmişə qabaqda sürüb yetişdi Bayazidin
yeddi ağaclığına. Birinci quyuya çatanda Ərəbat işi duydu sapdı yolun
sağına, ikinci quyuya çatanda sapdı soluna. Eyvaz əvvəlcə acıqlandı,
sonra özü də şəkkə düşüb atın yüyənini boşladı. Ərəbat quyulardan
salamat keçib özünü verdi şəhərə.
De şəhərə hay düşdü ki, Koroğlu gəlir. Evlərdə adammı qalardı!
Hamı onu görmək istəyirdi...
Eyvazın yolu Mərcan xanımın imarətinin yanınnan düşmüşdü. O,
imarətin yanınnan keçəndə Mərcan xanım da küləfrəngiyə çıxmışdı
ki, bəlkə Koroğlunu görə. Qız birdən-birə Eyvazın gözünə sataşdı.
Eyvaz elə bildi ki, gün dönüb bu tərəfdən doğdu. Atın başını çəkib
gözlərini sildi, heyran-heyran qızın camalına tamaşa eləməyə başladı.
Onun gözü qızın gözlərinə calananda, qız bənövşə kimi qoydu başını
çiyninə, boynunu büküb anasına həsrət qalmış ceyran balası kimi
başdadı məlul-məlul Eyvaza baxmağa. Eyvaz ola, belə baxış ola!
Dözərdimi? Misri qılıncı saz eliyib qızdan dərdini xəbər aldı:
Niyə belə məlul-məlul baxırsan,
Çöllərə bir Məcnun salmamısan ki?
Özün sevdiyinnən vaxtı çatmamış
Ayrılıq təblini çalmamısan ki?
Mərcan xanım əllərini köksündə daraqladı, yanıqlı bir ah çəkib,
həsrətlə köks ötürdü. Eyvaz vəcdəmi gəldi, bilmirəm, qeyzəmi gəldi,
bilmirəm, dedi:
Köks ötürdün, nələr düşdü yadına?
Ürək dözə bilməz bu fəryadına!
Dərdini de, qoy yetişim dadına,
Zalımlar əlində qalmamısan ki?
Ölüncə qılıncın çalar Eyvaz xan,
Səni yağılardan alar Eyvaz xan,
Koroğlu yurduna salar Eyvaz xan –
O yerlərdən soraq almamısan ki?
Ala gözləri dolub qaralmış bahar buluduna dönmüş Mərcan xanım
özünü ağlamaqdan saxlaya bilmədiyinnənmi, yoxsa adamların çoxalmağınnanmı
bilmirəm, birdən göründüyü kimi birdən də yox oldu.
Eyvaz atı tərpətdi...
Bu tərəfdən Mahmud paşa Koroğlunun quyulardan salamat qurtarıb
şəhərə girdiyini eşidəndə əvvəlcə bərk qorxuya düşdü, canını
əsməcə tutdu, bir təhərriynən özünü toxdadıb əmr verdi ki, qoşun alsın
şəhəri mühasirəyə. Özü də seçmə pəhləvanlardan düzəltdiyi dəstəni
götürüb çıxdı Koroğlunun qabağına. O, yolda dünənki tapşırığını adamlarına
bir də xatırlatdı:
– Elə ki, bütün yaraq-yasaqdan çıxıb əlbəyaxa olduq, mənim işarəmi
gözlərsiniz. Elə mən işarə eliyən kimi tökülərsiniz üstünə!..
Eyvaz şəhər meydanına çatanda, baxdı ki, budu Mahmud paşa
başının adamlarıynan gəlir. Qürur, qəzəb şiddət elədi, atı səyirdib meydanda
bir dəfə cövlana gətirdi, sonra paşanın qarşısında şəstinən durub
onu meydana çağırdı:
Mahmud paşa, namə yazdın, çağırdın,
Sür atını di meydana, gəlmişəm!
İki cannan biri bu gün leş olsun,
Üstündə ağlasın ana, gəlmişəm!
Paşanı şübhə götürsə də, diqqətinən qulaq asdı:
Biz comərd oğluyuq, çətin uduzaq,
Qılıncım namərddən keçməz yan, uzaq.
Bir ac qurd balası, bu gün yalquzaq,
Burda dişim batıb qana, gəlmişəm.
El qılıncı qurşamışam belimnən,
El oğluyam, ayrılmaram elimnən,
Neçə paşa qan ağlayıb əlimnən,
Mən nə sayım, özün sana, gəlmişəm!
Koroğlunun quyulardan salamat keçməyi paşanı bərk qorxutsa da,
meydana gələnnən baxdı ki, heç Koroğluya deyilən nişanlar bu
adamda yoxdu. Odu bir qədər arxayınlaşıb nəfəsini dərdi. Gərnəşib
əlini belinə qoydu, məğrur-məğrur Eyvaza tamaşa eləməyə başladı.
Bunun kim olduğunu kəsdirməkdən ötəri sözünə diqqət kəsildi. Bu
duruş Eyvazın qüruruna toxundu, qeyzini daha da artırdı:
Elə durma, pozacağam halını,
Zəhər edəcəyəm şirin balını.
Elə dağıdacam cah-cəlalını,
Heç qalmasın bir nişana, gəlmişəm!
Dünyanı tutubdu Koroğlu, adı,
Düşmənə zəhərdi əlinin dadı.
Gərək hasil ola mətləb-muradı.
Bac verəsən Eyvaz xana, gəlmişəm!
Söz tamam oldu. Eyvaz Ərəbatı bir də cövlana gətirdi. Sözün son
bəndində həm Koroğlunun, həm də Eyvazın adının çəkilməsi paşanın
şübhəsini daha da artırdı. Paşa əmr elədi ki, qasidi gətirsinlər. O saat
qasidi gətirdilər. Paşa xəbər aldı:
– Kişi, de görüm, bu Koroğludurmu?
– Paşa sağ olsun, Koroğlu olmuyanda, bə kimdi?
– Düz Çənlibelə qədər getdinmi?
– Paşa sağ olsun, bə haraya qədər getdim?
– Onu Çənlibeldəmi tapdın?
– Paşa sağ olsun, bə harda tapdım?
– Naməni Koroğluyamı verdin?
– Paşa sağ olsun, bə kimə verdim?
– Həmən yolnanmı gətirdin onu?
– Paşa sağ olsun, bə haraynan gətirdim?
– Kişi, yaxşı fikirləş!
Qasid başladı hay-həşirə:
– Paşa sağ olsun, bəlkə bəxşiş vermək istəmirsən?! Neynək! Mən
bəxşiş almaqdan ha ötəri getməmişəm! Mən paşama borcumu yerinə
yetirmişəm, sədaqətimi göstərmişəm! Mən xotkara qulluq eləmişəm.
Elə döyül ha, sənin döylətinnən, Çənlibeli tanımayam! Getdim, gördüm
çənni, dumannı bir dağdı. Atı sürdüm düz Koroğlunun alaçığının
qabağına. Gördüm, Koroğlu yığıb dəliləri, xanımları başına, dəlilər,
xanımlar da deyirəm, bir-iki çulu cırıx, qotur gədə, bir-iki də baldırı
açıq, ayaxyalın zənən, heç qapında qul-qaravaş da saxlamazsan. Hə,
yığışıb başına, dərdikir...
Eyvaz baxdı ki, paşa şübhələnib, qasid də ağlına gələni çərənniyir,
atı yaxına sürdü, qasidin sözünü ağzında qoyub özünü nişan verdi:
Koroğlu deyiləm, paşa, yaxşı bax,
Onun qoç oğluyam, xan Eyvazıyam.
Bir gün qoymaz gözlərinnən irağa,
Məclisinin söhbətiyəm, sazıyam!
Paşanın ürəyinin döyüntüsü azaldı. Eyvaz dedi:
Bu dünyada mən kamımı qoymadım,
Paşaları hey qırdımsa, doymadım.
Tacir-tüccarını az ha soymadım,
Döyüşün tərlanı, bir şahbazıyam.
Düşmənin üstündə ollam qara yel,
Zərbimnən ürəyi sızıldar tel-tel.
Əslim Təkə-Türkman, yerim Çənlibel,
Çənlibelin baharıyam, yazıyam.
Paşanın ürəyi lap yerinə düşdü, qırışığı lap açıldı, gərdənini bir az
da çəkdi:
– Bilirəm, bala, bilirəm. Bir-iki dılğır gədəsiniz, dağları da viran
qoyursunuz, bağları da. Bu sözə Eyvaz atı bir qədər də yaxına sürüb
dedi:
Qartal kimi dağda yuva qurmuşuq,
Xayınların gözlərindən vurmuşuq.
Biz ellərin keşiyində durmuşuq,
O ərlərin bir təkiyəm, azıyam.
Xan Eyvazam, axıdaram qanını,
Qırram sultanını, bəyi, xanını,
Əl atıb qılınca, allam canını,
Nəslin nə var, yer üzündən qazıyam!
Paşa nəfəsini dərib baxdı ki, gözü Eyvazı yeyir, ayaqlarını bir az
da aralı qoyub dedi:
– Ayə, Eyvaz, balam, axı mən Koroğluyu meydana çağırmışam.
Bəyəm bu, iyidə yaraşan sifətdi ki, özü gəlməyib, bir südəmər uşağı
göndərib mənim yanıma? Atalar yaxşı deyib, iyidin adını eşit, üzünü
görmə. Balam, bu hansı ağılnan baş saxlayır, hansı hünərnən mənəm
deyir?! Nə qorxaxmış bu Koroğlu?
Eyvaz dedi:
– Mahmud paşa! Özün yaxşı bilirsən ki, Koroğlu sənin dədənnən
qorxmayıb. Bil ki, özünnən də qorxası deyil. O, paşaların özünə,
sözünə, əhdinə, imanına da çox yaxşı bələddi. Məni elə-belə göndərdi
ki, həm mən səni sınayım, həm də sən özünü sınaqdan keçirəsən.
İkimiz də baxaq, görək sənin Koroğlunu təkbətək meydana çağırmağa
cürətin, qeyrətin, haqqın çatırmı?
Paşa özünü sındırmadı:
– Noolu! Baxaq! Heç mən də o sən deyən naşükür bəndələrdən
deyiləm ki, əlimə çıxan tikəni ağzıma qoymuyam, yerə tullayam. Di,
buyur, en atdan, çıx yaraxdan, gir meydana!..
Eyvaz paşanın namərdliyinə bələd olsa da, atdan enib yaraqdan
çıxdı. Paşa da yaraqdan çıxıb, şərti bir də himnən yanındakılara çatdırıb
yeridi meydana...
Onlar meydanın ortasında gəldilər kəmər-kəmərə.
Bayaq dedik ki, paşanın gözü Eyvazı yeyirdi. İstəyirdi ki, təkdə,
əlbəyaxada doğrudan da, özünü sınasın. Eyvazı bir təhər eliyib Koroğluya
ciyərdağı vursun, adını dillərə salsın.
Eyvaz da paşanı saymadığınnan özünü boş qoymuşdu ki, paşa bir
az atılıb düşsün. Odu ki, paşa Eyvazı bir neçə dəfə o tərəf-bu tərəfə
çəkdi. Bir-iki dəfə özünə güc verdi ki, onu başının üstünə qaldırsın,
bacarmasa da ruhdan düşmədi. Bir dəfə də Eyvazı özünə tərəf elə
dartdı ki, Eyvazın dizləri yerə gəldi. Elə bu dəmdə onun qulağına bir
bayatı səsi yetişdi:
Əzizinəm, qarğalar,
Dağda qara qar qalar.
Laçın sayğısız olsa,
Yeriş çəkər qarğalar!
Elə bil, bu səs Eyvazı yuxudan oyatdı, qoluna qüvvət, dizinə taqət,
özünə qüdrət verdi. Paşanın kəmərindən yapışıb bir dəli nərə çəkdi,
hop, qaldırdı başının üstünə:
İndi bil, bu gündən, paşa,
Başlanacaq qalın sənin!
Belə səni çalsam daşa
Necə olar halın sənin?
Geyinər poladdan donu,
Koroğlu Qırata qonu,
Yetişər ömrünün sonu,
Yatıbdı yığvalın sənin!
Xotkara qulluq bitirmə,
Ömrünü başa yetirmə,
Çara axtar, vaxt itirmə,
Dağdı qabaq-dalın sənin!
Qoç Koroğlu qəzəblənər,
Başın bədəninnən enər.
Səhər gələr o pir hünər,
Talan olar malın sənin!
Eyvaz səni salar dərdə,
Misri qılınc oynar sərdə.
Dəymişlərin duran yerdə,
Leysan olar kalın sənin!
Söz tamam oldu. Eyvaz istədi ki, paşanı çalsın yerə, paşa himi necə
elədisə, adamları tökülüb onun canını xilas elədilər, Eyvazın əlqolunu
sarıdılar.
Paşa özünü düzəltdi, nəfəsini dərib dedi:
– Həəə! İndi gətirin verin xan Eyvazın bac-xəracını, qoyun aparsın!
Koroğlunun gözü yoldadı!
Bir yandan paşanın namərdliyi, bir yannan da bu tənəli sözləri
Eyvaza əsər elədi, dedi:
Ay ağalar, xoş keçərmi
Ov balasız mələr olsa?
Namərd mərdə əl eləyib
Lovğalanıb gülər olsa?
Seçər yaxşı, bilər yaman,
Namərdlərə verməz aman,
Gələr, burda açar meydan,
Qoç Koroğlu bilər olsa!
Eyvaz tərlandı, sən sarsan,
Gül üstünə qonma, xarsan!
İstanbulu addıyarsan,
O pir hünər gələr olsa!
Eyvazın səsini kimiydi eşidən, kimiydi sözünə fikir verən.
Paşa əmr elədi:
– Aparın! Qaydasınca rahatlayıb salın zindana! Qoy qoç Koroğlusu
gəlib xilas eləsin!
Biçarə Eyvaz o zaman huşa gəldi ki, boynunda kündə, qolunda
qandal, ayağında qandalaq qaranlıq zindandadı. Gördü bədəninin bütün
əzələləri sızıldaşır, hərəsi bir dil oxuyur. Baxdı ki, sağ qolu özünün
deyil, ha tərpətdi, tərpədə bilmədi. Oxalanmış qol hardan tərpənsin.
De qaranlıq zindanda daldı xəyala: elə bil yatmışdı, yuxudan oyandı,
başladı fikirləşməyə ki, ey diliqafil! Bu nə işiydi mən tutdum?! Haraya
gedirdim, hayana gəlib çıxdım! İndi məni harada axtaracaqlar, harda
tapacaqlar! Koroğlu bu işə nə deyəcək?!. Fikirləşdikcə Çənlibel, qoç
Koroğlu, dəlilər, xanımlar, seyrəngahlar, cıdır yerləri, Nigar xanım,
Hürü xanım gəlib durdu gözlərinin qabağında, ürəyi bərk qübar elədi,
öz-özünə dedi:
Qürbətə atıldı daşım,
Canım, ay mədəd, ay mədəd!
Of! Yaman ağrıyır başım,
Qolum, ağ mədəd, ay mədəd!
Tələ qurdu Mahmud paşa,
Yığvalımı vurdu daşa,
Ömür gəlib yetir başa,
Elim, ay mədəd, ay mədəd!
Bir görəm alagöz yarı,
Anam Nigar, yaram sarı!
Arzulayır havadarı
Dilim ay mədəd, ay mədəd!
Eyvaz olub ixtiyardan,
Müşküldü qurtara dardan,
Çıxar alagözlü yardan
Əlim, ay mədəd, ay mədəd!
Gəlin hələlik Eyvazı qoyaq zindanda öz dərdiynən, görək
Mahmud paşa neylədi. Paşa Eyvazı zindana salan kimi xotkara bir
namə yazıb göndərdi ki, bəs Koroğlunun xan Eyvazını tutmuşam, nə
lazımdı, de, eliyim! Necə lazımdı, fərman ver, yerinə yetirim.
Bu tərəfdən də Mahmud paşadan bir xeyir xəbər almıyan xotkar
yaman narahat olmağa başlamışdı. Hər gün dalbadal Koroğlunun vay
xəbəri əvəzinə, bir taciri soyduğu, bir xanı öldürdüyü, bir paşanın vardövlətini
talan elədiyi xəbəri gəlirdi. İllahım da Xoy paşasının ölüm
xəbəri xotkarı yerinnən oynatmış, varlığını dara çəkmişdi. Odu ki, yenə
bütün dil biləni, canı yananını, tədbir tökənini, vəzir-vüzərasını, özünə
yaxın olan nə varsa, yığıb başına Koroğludan dad çəkə-çəkə şikayət
eləyirdi. Onları gah qorxudurdu ki, bir az da belə getsə, gəlib hamımızı
qılıncdan keçirəcək, var-dövlətimizə sahib olacaq, gah da yüksək
ənamlar, bəxşişlər vəd eliyirdi ki, kim onu bir yannıq eləsə, ona çatacaq.
O, tez-tez sual verir, cavab alır, çarə axtarır, tədbir istəyirdi.
Məclisdə xotkarın qardaşı oğlu, vəlihədi Əmir xan varıydı. Əmir
xan qüvvətdə, şücaətdə, boy-buxunda, yap-yaraşıqda, qədd-qamətdə
İstanbulda sayılan cavannardan biriydi.
Bəli, məclisin qızğın yerində qapıçı daxil olub Mahmud paşadan
adam gəldiyini xəbər verdi. Xotkar tələsik əmr elədi ki, içəri gətirsinlər.
Qasidi içəri gətirdilər. O, Mahmud paşanın naməsini verdi xotkara.
Xotkar naməni vəzirə oxutdu, məzmunundan halı olanda, qan vurdu
beyninə. Qəzəbindən oldu gözdəri bir cüt qan çanağı, əmr elədi vəzirə:
– Götür yaz ki, ay beləş-eləş! Mən Eyvazı neynirəm! Mənə
Koroğlu lazımdı! Əyər bu tezdiynən Koroğlunu bir təhərə çəkməsən
day Bayaziddə durma!
Vəzir o saat kağızı hazır elədi. Xotkar möhürünü vurub, verdi
qasidə. Dilnən də tapşırdı paşaya deynən ki, çatan kimi onun başını
kəssin, göndərsin mana! Özü də gözdə-qulaqda olsun. Koroğlu
hayanda olsa, Eyvazın dalınca gələcək. Çalışsın onu bir təhərə çəksin!
Yoxsa, öz başınnan keçməli olacaq. De durma, tərpən!
Qasid naməni aldı, baş endirib çıxmaq istəyəndə, Əmir xan durub
əmisinə təzim elədi, əlini öpüb başladı yalvarmağa:
– İzn ver, qoy mən də gedim Bayazidə. Qoy gedim, Eyvaza sağsağ
dağ çəkim, başını özüm kəsib gətirim!
Xotkar əvvəl-əvvəl razı olmadı, sonra da fikirrəşdi ki, əli-qolu
bağlı adamdı, qoy gedib özü kəssin onun başını, alsın onnan qisasını.
Qoy həm ürəyi soyusun, həm də bir bərkdən-boşdan çıxsın! Qoy
Əmirin zabitəsini Mahmud paşa da görsün! Odu ki, izn verdi, dedi:
– Get, çatan kimi işi bitir! Çox yubanma. Tez qayıt. Mahmud
paşaya da bir qulaqburması ver, bəlkə Koroğlunu tezliyinən bir təhərə
çəkə!
İzn veriləndə, Əmir xan elə bildi bütün dünyayi-aləm oldu onun. Day
vaxt itirməyib xubunca geyindi-keçindi, bəzəndi-bərtəndi, yaraqlandıyasaqlandı,
şahlığın seçmə atdarınnan da birini minib qasidi aldı yanına,
yol başladı Bayazidə.
Əmir xanın yola düşməyinnən çox keçməmişdi xotkar düşdü
partdamıya. Durub dincələ bilmədi. Fikirləşdi ki, ay mənim öyüm
yıxılsın! Mən onu niyə göndərdim! Onsuz da Eyvazın başı kəsiləcək.
Nə təfavütü varıymış ya Əmir xan kəsə, ya Mahmud paşa?! Bəs uşaq
gedər Koroğluyamı rast gələr, Eyvaznan təkbətək meydanamı çıxar!
Axı cavannıq eliyib nələr eləməz ki! De xotkar durub dincələ bilmədi,
düşündükcə qara fikirlər yığıldı beyninə, od doldu canına, dərd yer aldı
ürəyinə. Səbri-qərarı kəsildi, taqəti üzüldü. Yox-yox vəziri çağırdı
hüzuruna:
– Vəzir! Mənim ağlım itmişdi, sənə nə olmuşdu?!
– Qibleyi aləm! Allah eləməsin! Nə baş verib?
– Vəzir! Qaytar Əmir xanı! Qoyma gedə Bayazidə.
Vəzirin əl-ayağı yerdən-göydən üzüldü, düşdü xotkarın ayağına
ki:
– Qibleyi aləm. Əmir xan atın seçməsini minib, özü də xeyli vaxtdı
düşüb yola. Bunnan belə ona kim çata bilər ki!..
– Vəzir! Uşağın başına bir iş gəlsə, yurdunu viran qoyaram.
Vəzirin canın qorxu aldı. Bir təhərnən xotkarı sakitləşdirib
məsləhət gördü ki, bir zirək adam göndərsinlər dalınca, çatar, yoldan
qaytarar, çatmaz Bayaziddə ləngiməyə qoymaz. Xotkar razılaşdı.
Vəzir bir qısa namə də yazdı: “Mahmud paşa! Eyvazın başını kəsdir,
tez yola sal! Uşağı ləngitmə!” Xotkar kağızı möhürlədi. Bir zirək
adama verib saldılar yola.
Qoy bu qasid də yolunda olsun, biz görək axı Əmir xan niyə belə
sevinmiş gedirdi Bayazidə? Görək Eyvaz ona neyləmişdi ki, gedirdi
onun başını kəsib qisasını alsın?
Bir dəfə Əmir xanın yolu Qarsa düşmüşdü. Qars paşası Heydər
paşanın qızı Hürü xanımı görüb bənd olmuşdu. Xəbər xotkara çatanda,
pis yerin qızı deyil, özümüzünküdü, deyib elçi göndərmişdi, qızın
“hə”sini alıb nişan qoymuşdu. Toya hazırraşanda, xəbər çatmışdı ki,
bəs Koroğlu Hürü xanımı aparıb Eyvaza toy eləyib.
Bu tərəfdən də axı indi də Mahmud paşanın bacısı, dünya gözəli
olan Mərcan xanımı nişanlamışdılar ona. Amma Mərcan xanım Əmir
xan deyəni demirdi, ipə-sapa yatmırdı. İndi gedirdi ki, həm Eyvazdan
qisasını alsın, həm də gücünü, qüvvətini, hökmünü, ixtiyarını Mərcan
xanıma göstərsin ki, bəlkə ürəyinə bir balaca yol eliyə, onu bir balaca
meylə gətirə, heç olmasa, bəlkə, bir dəfə də üzünü görə.
Bəli, mənim əzizdərim! Gəlin heç Əmir xanı bu şirin xəyallarınan
ayırıb günah eləmiyək. Qoy o olsun öz yolunda, biz bir Çənlibelə
qayıdaq, görək neyliyillər Çənlibeldəkilər.
Eyvazın vədə günü keçdi. O biri günü də gözlədilər. Eyvaz gəlib
çıxmadı. Hamı başladı narahat olmağa, gözünü yola tikməyə. Elə ki,
axşam düşdü araya, Nigar xanımın əlləri qaldı qoynunda, Hürü xanımın
gözləri döndü bahar buluduna. Çənlibel dəydi bir-birinə. Gecə
yarıdan keçdi, Eyvaz gəlib çıxmadı ki, çıxmadı! Kimin gözünə yuxu
gedərdi ki? Hər ayaq səsi, hər at kişnəməsi Nigar xanımı diksindirirdi,
Koroğlunun səbrini qılınclayırdı...
Səhər açılmağa az qalmışdı. Nigar xanımı oturduğu yerdə çimir
apardı. Elə gözünə təzəcə yuxu getmişdi, yuxuda gördü Eyvaz bir
ceyran qovur. Baxdı ceyran qaçıb özünü verdi bir uçuruma dərənin
dibinə, Eyvaz ceyranın dalınca dərənin dibinə yenəndə birdən-birə
ceyran dönüb oldu bir əjdaha. Qayıtdı Eyvazın üstünə. Elə əjdaha
Eyvazı kamına çəkər-çəkməz, Nigar xanım “qoymayın!” – deyib qışqırdı.
Diksinib öz səsinə oyandı. Başladı titrəməyə, ağlamağa. Koroğlu
işi belə görəndə, yaxına gəlib Nigar xanımın qara tellərinə sığal çəkdi,
dərdini soruşdu. Nigar xanım daha da kövrəlib ağlaya-ağlaya dedi:
Sənə deyim, qoç Koroğlu,
Yaman bədhalam, ağlaram!
Huy deyərəm, gedər ərşə,
Çatar ah-nalam, ağlaram!
Əldən uçurdum quşumu,
Şad görmədim tay-tuşumu,
Yatdım, bəd gördüm tuşumu,
Dardadı balam, ağlaram!
Mən Nigaram, zara gəlləm,
Eyvaz deyib dağı dəlləm.
Çox çəkməz, qüssədən ölləm,
İnanma qalam, ağlaram!
Koroğlunun da ürəyi bərk darıxdı, amma özünü toxdadıb Nigar
xanıma təsəlli verdi:
Qəm eyləmə, alagöz yar,
Səhər gətirrəm Eyvazı!
Qov, könlünə qoyma qübar,
Sənə yetirrəm Eyvazı!
Eyvazsız alışar sinə,
Könül istəməz ki, dinə,
Çəkərəm Qırat tərkinə,
Sənə yetirrəm Eyvazı!
Xətər dəysə bir telinə,
Talan sallam Rum elinə.
Oturub Qırat belinə,
Səhər gətirrəm Eyvazı!
Qızaram, açaram meydan,
Yağılara uddurram qan,
Bu səhər ağaranda dan,
Gedib gətirrəm Eyvazı!
İnan Koroğlu sözünə,
Həsrətəm Eyvaz üzünə.
Qurban o ala gözünə,
Sənə yetirrəm Eyvazı!
Amma Nigar xanım özünü toxdada bilmədi, ağlıya-ağlıya gördüyü
yuxunu Koroğluya danışdı. Elə bil, Koroğlunu ildırım vurdu. Bir dəli
nərə çəkdi, bir su içimi saatda yer-göy dilə gəldi, bütün dəlilər, xanımlar,
mehtərlər – Çənlibeldə kim vardısa oldu yanında hazır. Koroğlu
gözünü dolandırıb hamını yanında görəndə, Dəli Həsəni səslədi:
Dəli Həsən, qalx ayağa dur indi,
Nigar deyir, xan Eyvazım qaldadı.
Çəkin mənim Qıratımı gətirin,
Kömək deyib baxır, gözü yoldadı!
Dəmirçioğlu, sən çəkginən qılıncı,
Qoymayın dağıla əsgərin ucu.
Aslan paşa çox hiyləgər, bilici –
Tutulubdu bir sultanım əldədi.
Hay eləyin, Halaypozan oyansın,
Qılıncın qəbzəsi qana boyansın.
Xan Eyvazım hələ zərbə dayansın,
Kamalı sərdədi, zoru qoldadı!
Talan düşsün Rum elinə bu başdan,
Nişana qalmasın daş üstə daşdan.
Əli çıxıb qoç atadan, qardaşdan,
Xan Eyvazım təkdi, qürbət eldədi!
Namərddə qaydadı, mərdə tor qurar,
Zalımın sənəti qurdurmaqdı dar.
İndi xan Eyvazım sizi arzular –
Haray! Haray! – deyər, ünü dildədi!
Hoydu, dəlilərim, eyləyin savaş,
Hürünün gözündə görürəm qan yaş.
Koroğlu oğul der, Kürdoğlu qardaş,
Nigar bala deyin yaman haldadı!
Koroğlu söznən dediyi kimi, dilnən də əhvalatı danışıb Eyvazın
başında bir iş olduğunu bildirdi. Dəli Mehtərə hay vurdu ki, yəhərrə
mənim atımı. Dəli Mehtər atı yəhərrəməyə cumdu.
Kürdoğlu işi belə görəndə irəli yeridi, Koroğludan iltimas elədi:
Xan qardaşımın dalınca,
Ata, mən gedim, mən gedim,
Bir damcı qanım qalınca
Ata, mən gedim, mən gedim!
Qardaş qayıtmadı barı,
Canda qaldı intizarı.
Olum Eyvaz havadarı,
Ata, mən gedim, mən gedim.
Qalxan tutum, şeşpər atım,
Düratın yalına yatım,
Qardaşın dadına çatım,
Ata, mən gedim, mən gedim.
Əl atım paşa varına,
Talan salım diyarına,
Çəkim həbəş bazarına,
Ata, mən gedim, mən gedim.
Kürdoğlu qılıncı teylər,
Ağır bəzirgannar əylər.
Qoç oğlun iltimas eylər,
Ata, mən gedim, mən gedim.
Koroğlu baxdı Kürdoğlu yaman haldadı, sözünü döndərə bilmədi,
Dəli Həsəni bir də səslədi:
– Atını yəhərrə! Götür Kürdoğlunu! Bu gecə Eyvazı burda istiyirəm!
Gecəyarıdan o yana keçsə özüm gəlirəm!
Dəli Həsən vaxt itirmədi. Görməlisini gördü, götürməlisini götürdü,
düşdü Kürdoğluynan yola.
Bunlar getməkdə olsun, görək Leyli xanım neylədi. Elə ki, qasid
qayıtdı, Asdan paşa Eyvazın səhər gələcəyini bildi, arxayın iş görməyə
başladı. O, bir ev hazırlatdı, qapı-bacasını möhkəmlətdirdi, işi tapşırdı
Leyli xanıma ki, al eləyib Eyvazı salsın bu evə, od vurub yandırsın.
Amma iş burasında düzəlmişdi ki, Leyli xanım qasidi xəlvətdə
danışdırıb onun Çənlibeldə gördüklərini, eşitdiklərini biləndən sonra
tutduğuna peşman olmuşdu. Ona təskinlik verən oydu ki, əmisi ona
inanıb işi tapşırmışdı özünə. Bu dəfə qız onu götür-qoy eləyirdi ki,
Eyvazı necə xilas eləsin, onnan bərabər qaçsın Çənlibelə.
Bəli, Dəli Həsəngil elə gəldilər ki, malın axşam suyunun vaxtında
özdərini yetirdilər Ruma. Elə şəhərə girər-girməz, birisi yaxınlaşdı
Dəli Həsənə:
– Ağa, Leyli xanım sizi gözdüyür!
Dəli Həsənə bu lazım döyüldümü? Saldı bu adamı qabağına ki,
görsət onun yerini! Adam qabağa düşdü, xeyli gedəndən sonra bir evi
görsətdi ki, bax, ordadı Leyli xanım.
Dəli Həsəngil özdərini yeritdilər, atdan düşüb girdilər içəri. Elə
onların içəri girməyinən qapının şaraqq örtülüb bağlanmağı bir oldu.
Baxdılar ki, düşdülər tora. Dəli Həsən səbrli tərpənib işin dalını gözləyirdi,
Kürdoğlu dözə bilməyib əl atdı ki, qapını qopartsın, Dəli Həsən
qoymadı. Kürdoğlu ondan soruşdu:
– Dəli Həsən, niyə gözə görünmür,
De görüm ha yanda qardaşım mənim?
Eyvazsız bir gün də ömr etmərəm,
Sel olar tökülər göz yaşım mənim!
Hanı ala gözlər qıyıla, süzə,
Şirin kəlmələri yan-yana düzə.
De görüm hardadı, görünmür gözə,
Dar gündə köməyim, sirdaşım mənim?
Kürdoğluyam, göz açmadım qovğadan,
Şeşpərimdə kəllə, qılıncımda qan.
Heç zaman dönmərəm Eyvaz yolundan,
Bədənnən ayrılsa öz başım mənim!
Demədikmi Leyli xanım tutduğuna peşman olmuşdu. İndi qapının
dalında durub öyrənmək istəyirdi ki, görsün bunun biri Eyvazdı, bəs
biri kimdi. Amma içəridəki danışıqdan anladı ki, heç biri Eyvaz döyül,
onu axtarırlar. Odu ki, qapını açıb girdi içəri, durdu maddım-maddım
onların üzünə baxmağa.
Dəli Həsən hirsli-hikkəli dedi:
– Xanım qız, bu nə gizdənpaçdı biznən oynyursan? De görüm,
Eyvaz hanı?
Leyli xanım işi bayaqdan anlamışdı, Eyvazın naməsini çıxarıb verdi
Dəli Həsənə. Dəli Həsən naməni oxuyub gördü Eyvaz bura gəlməyib,
harasa başqa səmtə gedib. Leyli xanım qasidin gördüklərini danışıb
onu da uydurdu ki, qasid qayıdanda əmimin əlinə keçib, əmim əhvalatı
biləndə, mən yaxşı tərpəndim, dedim işi tapşır özümə, onu bu evə
salıb od vurum. İndi gərək sizi bir təhər eləyəm, səhəri gözləyək,
görək nə olur. Qız bunları deyib qapını bağladı, getdi. O, təzəcə qapıdan
aralanmışdı ki, qapının dalında ayaq səsi eşidildi. Asdan paşa
qapının dalından qürrəli-qürrəli, tənəli-tənəli dedi:
– Ayə, Eyvaz! Bala, axı mən o Koroğlunu mərd-comərd eşitmişdim,
deyəsən axı deyiləncən yoxuymuş. Bəyəm heç utanıb qızarmadı
ki, bir paşa qızının əvəzinə iki gədə oğlunu göndərdi mənim cəngimə?
Özü də gədə oğludu da! Bəyəm, nanəcib fikirləşdi ki, səni kimi yüz
qarğanın başını bir yalağa kəssəm, mənim ürəyim soyumaz?! Gərək
özü gələydi o qorxaq!
Sözdər Kürdoğlunu çəkdi ərşi-fələyə. Genə qapıya əl atmaq
istədi, Dəli Həsən aman vermədi, paşaya cavab qaytardı:
– Paşa sağ olsun, ürəyini niyə sıxırsan? Belə tez tov olma. Bil ki,
Koroğlu sən deyənnən deyil, nanəcib, qədrnaşünas deyil. O, Məhbub
xanımın qədr-qiymətini sənnən yaxşı bilir. Ona görə də özü səhər yeddi
min yeddi yüz yetmiş yeddi dəliynən sənin qulluğuna təşrif buyuracaq,
qonağın olacaq. Bizi xəbərə göndərib ki, hazırlıq görəsən!..
– Noolu! Nə deyirəm! Qoy gəlsin. İndi ki, siz belə üzüyola, buyruq
bitirənsiniz, mən də əziyyət verim, göndərim o dünyaya-cəhənnəmə.
Ora da xəbər verin, hazırlıq görsünlər, səhər Koroğlunu da ora göndərəcəyəm...
Paşanın tapdığı bu sözlər ürəyinnən olsa da, ürəyi üstündə durmur,
dizləri əsirdi. Odu ki, tələsik əkilib əmr elədi ki, qız evə od vursun.
Aralığa təzəcə sükut çökmüşdü ki, Leyli xanım girdi içəri. Dəli
Həsən dinmək istədi, aman vermədi. Onları aparıb gizlətdi, evə od vurdu.
Ev yandı.
Asdan paşa bir yandan rahat oldu, sevindi ki, bunun əvəzində xotkardan
ənam alacaq, adı dillərdə gəzəcək. O biri tərəfdən də canına
düşən üşütmə, ürəyinə də titrətmə salmışdı. Qorxurdu ki, Koroğlu
səhər doğrudan da gələr. Odu ki, qoşununu ikiyə böldü, bir hissəsini
şəhərdən kənarda pusquda qoydu, bir hissəsini də şəhərdə saxladı ki,
Koroğlu gəlsə, iki tərəfdən həmlə eləyib bir iş görsün.
Leyli xanım arxayınlayandan sonra gəldi Dəli Həsəngilin yanına.
Fikirləşib səhəri gözdəməli oldular. Xəlvəti yollarda adam qoydular
ki, Eyvaz gəlsə, xəbər versin.
Çənlibeldə gecə yarıdan keçəndə Koroğlu duruş gətirə bilməyib
hay vurdu, dəlilərin üç mini at belinə qalxdı. Halaypozanı Çənlibeldə
qoyub düşdü yola. Gün çeşt yerinə çatmamışdı ki, yetişdi Ruma.
Şəhərə yaxınlaşanda fikirləşdi ki, belə getsə, paşa uşaqları qırar. Odu
ki, hay vurdu, hamı atdan endi. O istəyirdi ki, dəlilərdən bir neçəsini
şəhərə göndərsin, qəfildən, paşanın şəhərdən kənarda pusquda
qoyduğu qoşun hücuma keçdi. Hücum elə qəfil oldu ki, az qaldı dəlilər
özlərini şaşırsın. Koroğlu işi belə görəndə bir dəli nərə çəkdi:
Düşmən qəfil hücum çəksə,
İgid gözün silsin gərək!
Başı bədəndən getməmiş
Ata minə bilsin gərək!
Dəmirçioğlu keçsin yana,
Əgər canı batsa qana,
Qoymasın qan laxtalana,
Dodağıynan silsin gərək!
Koroğlu sel tək çağlasın,
Kimlərə umud bağlasın,
Ya budu ki, qan ağlasın,
Ya düşmənlər gülsün gərək!
Dəlilər qızıl quş kimi atların belinə qonanda söz hələ tamamlanmamışdı.
Onlar özlərini vurdular qoşuna. Amma genə gözlənilmədən
şəhər yannan qoşunun həmləsi başdadı. Koroğlu baxdı ki, budu Asdan
paşa qoşunun qabağında gəlir. Mühasirəni yadınnan çıxardıb paşaya üz
tutdu:
Asdan paşa, tez xəbər ver,
Paşa, xan Eyvazım hanı?
Hayqırram şəhrin talanar,
Paşa, xan Eyvazım hanı?
Dörd gündü gəlib Eyvazım,
Zimistana dönüb yazım.
Mənim tərlanım, şahbazım,
Paşa, xan Eyvazım hanı?
Gəlmir Kürdoğlunun səsi,
Keçib Həsənin vədəsi.
Təzə açan gül dəstəsi,
Paşa, xan Eyvazım hanı?
Paşa gərdənini çəkib dinmək istədi, Koroğlu aman vermədi:
Göydən ildırım tökdürrəm,
Daşın-torpağın çəkdirrəm,
Yurdunda soğan əkdirrəm,
Paşa, xan Eyvazım hanı?
Peymanam dolhadoldadı,
Dəlilər sağı-soldadı,
Nigarın gözü yoldadı,
Paşa, xan Eyvazım hanı?
Eyvaz Çənlibelin gözü,
Sinənə qoyaram közü.
Budu Koroğlunun sözü
Paşa, xan Eyvazım hanı?
Asdan paşa Koroğlunun dəlilərini mansırada görüb lovğa-lovğa
qırıldadı:
– Koroğlu, heç tələsmə! Bu saat göndərrəm səni onların yanına.
Söz paşanın ağzında qaldı. Qəfildən Tüpdağıdan özünü qoşuna
vurub qırğı sərçəni götürən kimi, onu yəhərdən götürdü. Özünü başsız
görən qoşun düşdü pərən-pərənə. Dəlilər onlara bir gəliş gəldilər, bir
gəliş gəldilər ki, dilnən demək müşküldü. Qırılan qırıldı, qalan aman
istədi, aman aldı. Ara sakitləşəndə Tüpdağıdan paşanı gətirib qoydu
Koroğlunun qabağında yerə. Koroğlu soruşdu:
– Namərd, de görüm uşaqlar hanı?
Paşa gördü ölüm ayağıdı, özünü bir azca bərkitdi:
– Heç qışqırma, Koroğlu! Mən sənin əsirinəm. Amma bil, sən bir
də o uşaxlar ki, deyirsən, onları görməyəcəksən. Yandırmışam onları...
Hamının üstünə su ələndi. Koroğlunun gözləri qızardı, nəfəsi daraldı,
qılınca əl atanda, bıy, bir də gördülər Dəli Həsəngil budu yanlarında
da bir qız gəlirlər. Amma Eyvaz yanlarında yoxdu. Asdan paşa işi belə
görəndə bir boy kiçildi, başını bulayıb dedi:
– Mənim düşmənim ocağımın qırağındaymış!..
Kimiydi paşanın sözünü eşidən. Koroğlu üzünü Dəli Həsənə tutmuşdu:
Dəli Həsən, tez cavab ver,
Hanı Eyvazım görünmür?
Xar almasın güllərimi,
Baharım, yazım görünmür!
Eyvaz gələli dörd gündü,
Sinəmdə dağdı, düyündü.
Ürəyim çatlayır indi,
Hanı Eyvazım görünmür?
Koroğlu kimnən soruna,
Xanlar bələddi zoruna.
Düşməsin paşa toruna,
Hanı Eyvazım görünmür?
Söz tamam oldu, Dəli Həsən irəli gəlib əhvalatı danışdı, Eyvazın
naməsini o da verdi Koroğluya. Qasidi də gətirdilər. Qasid yolda gördüklərini
bir də Koroğluya danışdı. Bilindi ki, Eyvaz başqa səmtə
gedib. Koroğlunun ürəyi yaman darıxdı. Elə bil ümidi üzülmüşdü, üz
tutdu dəlilərə:
Bu gün itirmişəm Eyvaz balamı,
Yazın, Təkəlidən görən olubbu?
Eyvazsız neylərəm dünya malını,
Yazın, Təkəlidən görən olubbu?
Almazdan qılıncdı, poladdan yeyə,
Çeynərəm dəmiri üfürrəm göyə.
Kim sorağın verə, kim yerin deyə,
Yazın, Təkəlidən görən olubbu?
Ah çəkərəm, of demərəm dilimnən,
Bir bülbüləm, ayrılmışam gülümnən.
Bir tərlanım uçub Çənlibelindən,
Yazın, Təkəlidən görən olubbu?
Dinmir, sınıq düşüb sazım, ay haray!
Zimistana dönüb yazım, ay haray!
İtkin düşüb xan Eyvazım, ay haray!
Yazın, Təkəlidən görən olubbu?
Koroğluyam, daha yetişdim cana,
Qızaram şir kimi girrəm meydana.
Elərəm dünyanı verdi-verana,
Yazın, Təkəlidən görən olubbu?
Söz tamam olanda Dəli Həsən qırağa yeridi:
– Koroğlu dayanmaq vaxtı döyül, tədbirini de!
Koroğlu dedi:
– Belə görünür ki, Eyvaz ya Qarsa gedib, ya da Bayazidə. Sən
Dəmirçioğluynan bir dəstə götür üz tut Qarsa, mən gedirəm Bayazidə.
Əgər Qarsda olmasa tez qayıdın Çənlibelə.
Koroğlu Asdan paşanı, qasidi, bir də Leyli xanımı tapşırdı Tüpdağıdana,
bir neçə də dəli verib tapşırdı ki, aparıb Çənlibeldə məni
gözlərsən. Dəstələr üz tutdular hərə bir səmtə.
Koroğlunun dəstəsi heç şəhərdən üzülməmişdi, bir atlıynan
qabaqlaşdı. Atlı Koroğluya yaxınlaşıb soruşdu:
– Soruşmaq ayıb olmasın, ay qardaş, siz kimsiniz, səfəriniz hayanadı?
Koroğlu baxdı ki, bu sözdü adama oxşayır, özünü nişan verdi. Atlı
kövrəldi, ağlamsına-ağlamsına dedi:
– Eyvazdan xəbərin varmı, ay Koroğlu?
– Eyvazı itirmişəm. Xəbər səndədi, tez söylə.
– Eyvazı Bayazid paşası Mahmud paşa salıb zindana, xəbərini
göndərib Xotkara. Mən ordan sırağagünnən çıxmışam. Amandı, özünü
yetir...
Deyillər Koroğlu bir dəli nərə çəkdi, yeddi ağaclıqda Dəli Həsənnən
Dəmirçioğlunun dəstəsi eşidib geri döndü. Koroğlu atın yüyənini
boşdadı. Yüyəni boş görən Qırat qanadlandı...
Qırat dönsün qanadlı tərlana, gəlin, biz görək Bayaziddə nələr oldu.
Mahmud paşa xotkara göndərdiyi qasidin yolunu iki gün gözləyə
bildi. Amma üçüncü gün gözləməyə təhəri olmadı. Xəbərin üstündən
xəbər çatdı ki, bəs Bayazid mahalında nə qədər əli qılınc tutan igid
varsa, yığılıb sözbir eləyiblər ki, zindanı dağıdıb Eyvazı qaçırsınlar.
Paşa işini nə qədər sahmannadı, özünü toxtaq saxladısa, day
üçüncü gün duruş gətirə bilməyib günorta namazınnan sonra bütün
yaxın adamlarını yığıb tədbir istədi.
Yığılanların içində Qoçu Mehdi də varıydı. O, paşanın qeydinə
qalanı, canı yananı, dil biləni, tədbir tökəniydi. Qoçu Mehdi tamahda
Adəmi, paxıllıqda qurdu, kində dəvəni, hiylədə tülkünü suya susuz
aparıb susuz qaytarardı.
Mahmud paşa hərənin tədbirinə bir qulp taxıb axırda Qoçu Mehdinin
üzünə baxdı. Qoçu Mehdi dedi:
– Paşa sağ olsun. Bizim xotkardan cavab gözdəməyimiz nahaqdı.
Xotkar Eyvazı aparıb ordusuna sərkərdə eləyəsi deyil ha. Ona bunun
ölüsü lazımdı. Sənnən ya başını istəyəcək, ya da leşini. Onu sağ saxlamaq
zərər gətirər. Lazımdı ki, Eyvazın səsini, nəfəsini kəsib cavab
gözləyək. İndi hər yerinnən qalxan gədə Koroğlunun adına iş görmək
istəyir.
Paşa dinmək istədi, Qoçu Mehdi qoymadı:
– Bilirəm nə deyəcəksən. On nəfər qoluzorru adam var. Gecə ikən
dar ağacını qurum, asım onu. Səhər də xəbər yayım ki, gecə qaçırmış,
keşikçilər tutub asıb.
Paşa tədbiri bəyəndi, hamı afərin dedi. On nəfər pəhləvan ayrıldı,
Qoçu Mehdi oldu onlara sərdar. Tapşırıldı ki, o nə desə əməl eləsinlər.
Məclis dağılanda, paşa Qoçu Mehdini tək saxlayıb aranı xəlvət
eləyəndən sonra dedi:,
– Sənin kamalına əhsən. Mehdi, Allah göydə şahiddi ki, sən mənim
ürəyim, dirəyimsən. Mən hər sirrimi, işimi sənə etibar eləyirəm. Bilmiyən
bitməz, sən də sağ ol, yaxşı tərpənirsən. Amma bilirsən ki, bu
iş başqa işdərə bənzəməz. Burda ehtiyat gərəkdi. Əvvəla, budu ki, o
dələduzu eləcə qandallı-zaddı as, qoy xata-matası olmasın...
Qoçu Mehdi dinmək istədi, paşa aman vermədi:
– Sözümü kəsmə. Yaxşı qulaq as! O, gözlərini qıyıb ağzını Qoçu
Mehdinin qulağına yaxınlaşdırdı, – Mən sana özgə bir iş də tapşırıram
ki, bu iş Eyvazın işinnən çətindi...
Qoçu Mehdi qoqezdənib yaltaqlandı:
– Mən canımı sənin yolunda qoymuşam, paşa.
– Canın sağ olsun! Bu fürsəti əldən vermək olmaz... Gərək bu gecə,
sənə sirr verirəm ha! Hə, gərək bu gecə Kankanoğlunu da Eyvaznan
bərabər asasan! Səhər də belə xəbər yayarsan ki, gecə zindana basqın
eliyif Eyvazı qaçırırmış, keşikçilər ikisini də tutub asıb. Bəlkə ondan
canım qurtara, xotkarnansa da qohumluğum baş tuta. Özün görürsən
ki, ayağıma çidar olub, mənim amanımı qırıb. Elin zəhminnən də bir
bəhanə tapıb aradan götürə bilmirəm. Əsil fürsətdi, başına dönüm,
Mehdi! Amma gərək...
Qoçu Mehdi aman verməyib əlini gözünün üstünə qoydu:
– O da bax, bu gözüm üstə! Mənim qibləm! Sən də yaxşı bilirsən
ki, nə qədər canımda can var, sənin qulluğundayam. Allah qoysa, səhər
ikisini də dar ağacında görərsən. Amma...
İndi də paşa Qoçuya aman vermədi:
– Mənim bütün var-dövlətim sənindi! Allah qoysa, sədrəzəmlik
əlimə keçən kimi, Bayazidin paşası sənsən!
Qoçu Mehdi istədi çıxsın, paşa dayandırdı:
– Day bilmirəm, Mehdi! Gərək elə eləyəsən ki, səhərə qədər onun
tutulduğunu heç kəs bilməyə. Həm də işini indidən elə qur ki, birdən
bir yana gedər, əldən çıxar...
Qoçu Mehdi paşanı lap xatircəm eləyib çıxdı. O, əl altınnan öyrəndi
ki, Kankanoğlu bir at minib şəhərdən çıxıb, piyada qayıdıb bir at da
minib gedib həmin yolnan. Demədikmi Qoçu şeytana altı yox papış
tikərdi. Bildi ki, nəsə burda var, Kankanoğlu bir də qayıdacaq. Həmin
yolda pusqu qurdu.
Axşamtərəfiydi. Günəş dağların dalına can atır, Kankanoğlu da şəhərə
tələsirdi. Elə qan-tərin içində, şəhərin girəcəyindəki dərəyə enəndə,
qəflətən başına palaz atıb tutdular, əl-ayağını sarıyıb götürdülər!..
Kankanoğlu o zaman gözünü açdı ki, zindanda Eyvazın yanındadı.
Əl-ayaq yığışıb şəhər yuxuya gedən kimi Qoçu Mehdi başdadı işə.
Dar ağaclarını hazır elədi. Gecə yarıdan keçər-keçməz, adamlarıynan
gəldi zindanın yanına. Onlara dedi:
– Bax mənim işim zindanın qapısını açmaq, sizin işiniz də, beş birbeş
bir onları qamarrıyıb elə qandallı-mandallı götürüb asmaqdı.
Aman verməyin ha!
Qoçu Mehdinin adamları onun dediyinnən də cəld tərpəndilər,
qapı açılan kimi, qorxulu-qorxulu ikisini də götürdülər, asdılar...
Xoruzlar bannaşıb obaşdanı xəbər verəndə Mahmud paşaya xəbər
verdilər ki, xotkardan qasid gəlib. Paşa tələsik onu yanına gətirtdirdi.
Qasid tələsdiyindən salamı da unutdu, xotkarın əmrini verdi paşaya.
Paşa oxudu: “Mahmud, Eyvazın başını kəs, tez göndər gəlsin! İşi ləngitmə!”.
Paşa tez əmr elədi ki, qasidi aparıb rahat eləsinlər. Əl altınnan da
tapşırdı ki, məst eləyin, dünyadan xəbəri olmasın.
Qasidi başınnan eləyən kimi, paşa Qoçu Mehdini çağırtdırdı.
– De görüm, neyləmisən?!
Qoçu Mehdi bərkdən şaqqanaq çəkib güldü, uğuna-uğuna dedi:
– Ay canı sağ olmuş! Day nə var neyliyəm! Sağlığına, ikisini də
tənablamışam gecə yarıdan! Sən arxayın yat. And olsun o Qurannan
əziz başına, ürəyi bir toyux ürəyicən yoxuymuş! Afərin mənim zəhmimə!
Elə ki, qapını açdım, zəhmimnən ikisi də birdən “vay dədə!”
elədi, huşunu itirdi. Hayıf ki, Eyvaz asılanda da bilmədi ki, analar necə
oğullar doğub!..
Mahmud paşa sevindiyinnən onu qucaqladı, basdı bağrına:
– Afərin, a bəxdəvər! İndi iş ayrıdı: bu saat xotkardan adam yetişib.
Xotkar əmr eləyib ki, Eyvazın başını kəs göndər. Gör yığvalımız nə
dərəcədə kəsərridi ki, qasid indi gəlib. Səhər gəlsəydi, işi biləcəkdi,
Xotkarın yanında olardıq bədnam. Mən də məst elətdirmişəm onu.
İndi durma, a Bayazidin gələcək paşası. Tez Eyvazı endir, kəs başını,
qırmızı bir xonça bəzə, qoy içinə, göndərək Xotkara...
Qoçu Mehdi soruşdu:
– Bəs Kankanoğlunu neyliyim?
– Həəə! Şaddığımnan lap başımı itirmişəm. Heç denən qasiddən
bizim Bəhlulu soruşdummu?.. Hə, onu tək dar ağacında qoymaq
olmaz. Yendir, baş-gözünü bərk qılıncla, at zindanın yanına. Səhər də
xəbər yay ki, zindana basqın eləyib, keşikçilər öldürüb. Paşa gülə-gülə
bir gözünü qıydı, – bir keşikçini də qurban elə ona!..
Qoçu Mehdi istədi çıxsın, paşa dayandırdı:
– Eyvazın bədənini as şəhərin alaqapısınnan, qoy bir gözdağı olsun
qudurğannara!
Qoçu Mehdi getdi, paşa necə tapşırmışdı, elə də elədi.
Bəli, mənim əzizdərim! Koroğlu Bayazidə o zaman yetirdi ki,
Eyvaz olub başsız bədən, asılıb şəhərin alaqapısınnan...
Koroğlu ola, Eyvazı belə görə!.. Dünya çarx oldu dolandı başına.
Atdan aşırıldı, meyitin qıçalarını basdı bağrına...
Paşaya xəbər çatdı. Paşa hazır saxladığı qoşunu yeritdi.
Koroğlu o zaman başını qaldırdı ki, Qırat adam kimi döyüşdədi.
Baxdı ki, hər tərəf ətdən qat-qat qaladı. O, qızmış nər kimi özünü ata
yetirdi. Amma hansı tərəfə yönəldisə, özünə yol aça bilmədi. İşi bərk
çətinə düşdü, ürəyi darıxıb telləndi. Eyvazı haraya çağırdı:
İşim yaman dara düşdü,
İmdadıma çat, Eyvazım.
Min Düratı, gəl hayıma,
Yalmanına yat, Eyvazım.
Dörd yanımdı ətdən qala,
Qolum tutmur qılınc çala.
Kürdoğluynan sağa, sola
Şeşpərini at, Eyvazım!
Al Koroğlu sədasını,
Keç dəryalar adasını,
Paşasını, gədasını
Bir-birinə qat, Eyvazım!
Bu dəmdə Dəli Həsənnən Dəmirçioğlu yetişdi. Dəlilərin dəli
nərəsi aləmə lərzə saldı. Paşanın qoşunu boğanağın qabağında burumburum
olan çör-çöp kimi bükülüb üz qoydu qaçmağa...
Koroğlu hay vurdu ki, paşanı tutub gətirin! Şəhər əhli ərz elədi ki,
paşa çoxdan qaçıb. Koroğlu yaman bəd haldaydı. Dərdinnən, qəminnən,
hirsinnən-hikkəsinnən huşu özündə döyüldü. Nərə təpdi ki,
şəhərə od vurun. Dəli Həsən şəhərin ağsaqqallarıynan irəli yeridi ki,
bəs şəhər əhlinin nədi günahı? Koroğlu yuxudan ayılan kimi olub
özünə gəldi. Ağsaqqalların qabağında diz çöküb üzr istədi..
De şəhərin Koroğlunu istəyənləri yeriyib xahiş elədilər ki, meyidi
ver, dəfn eliyək. Nə dəlilər razılaşdı, nə də Koroğlu.
İş belə olanda, bir tabut düzəltdilər, qara kəcavə bəzəyib cənazəni
verdilər dəlilərin çiyninə. Biçarə dəlilər qəmdən dərya kimi dalğalanadalğalana
üz qoydular Çənlibelə.
Koroğlu bir müddət nə eyləyəcəyini, hayana üz tutacağını kəsdirə
bilmədi. Dəli Həsənnən Dəmirçioğlu da qalmışdılar onun yanında.
Haçannan haçana Dəli Həsən dedi:
– Koroğlu, day olan olub, keçən keçib. Artıq fikirdən bir kar yoxdu.
Paşa da əldən çıxıb. Vaxt itirmə. Sür atını, gedək meyidimizi dəfn
eləyək, sonra gəlib paşaynan da, xotkarnan da hesabımızı çəkərik.
Koroğlu dinməzcə, atının başını döndərib üz qoydu Çənlibelə.
Qoy bunnar öz dərdiynən getməkdə olsun, gəl sana bir az da TəkəTürkmannan
Eyvazın ata-anasınnan danışım.
Elə ki, Qəssab Alı toydan qayıdıb Eyvazın gələcəyini xəbər verdi,
biçarə Zərqələm arvadın gözdəri tikildi yollara...
Amma Eyvaz ləngidi. Hər gün, hər saniyə Zərqələmə bir il kəsildi.
Yazıq ana həsrətə tablaşa bimləyib peşə elədi ağlamağı. Qəssab Alı
Zərqələmi ha yubatdı ki, bu gün gələr, sabah gələr, əməl yemədi, Zərqələm
kirimək bilmədi.
Bir səhər yenə Qəssab Alı mal-heyvanı rahatlayıb evə qayıdanda,
qapıya çatmamış, Zərqələmin bayatısı ürəyinə hakim kəsildi:
Dağda ceyran mələdi,
Bulud leysan ələdi,
Çağırıram, gəlmirsən,
Eyvaz, vəfan belədi?!
Qəssab Alı baxdı ki, belə getsə, arvad yenə yatağa düşəcək. Gəlib
təskinlik verdi:
– Ay arvad, axı niyə gözünün yaşını eliyibsən abu-leysan? Adam
da sağ-sağ balasını ağlıyarmı? Kim bilsin, başları qarışıb hansı kefə?
Bir ikicə gün də səbr elə, görək!
Yazıq ananın səbr eləməyə taqəti qalmışdımı ki? Gördü ki, heç
Alının ürəyi onun ürəyi deyəni demir, ağlaya-ağlaya dedi:
Gözüm qalıbdı yollarda,
Bir balamı anaram mən.
Gələcək dedin, gəlmədi,
Od tutaram, yanaram mən.
Qəminnən düşdüm yatağa,
Balam keçmədi sol-sağa,
Dönmüşəm sarı yarpağa,
Uçub yerə qonaram mən!
Baxan yoxdu göz yaşıma,
Həsrət qaldım adaşıma,
Kimim dolansın başıma,
Pərvanasız fənaram mən!
Bülbülü tərk etmiş bağam,
Suyu qurumuş bulağam.
Yağsız yanan bir çırağam,
Külək əsər, sönərəm mən!
Zərqələməm, çox bədhalam,
Dilim söz gətirmir, lalam,
Mənim ki bircədi balam,
Niyə onnan kənaram mən!
Bu ah-nalə Qəssab Alının da ürəyinə od saldı. Baxdı ki, olası iş
deyil, dedi:
– İndi ki, belə oldu, canın da bir az yaxşıdı, hazırlaşaq, gedək gəlin
görümünə. Bir sən də Çənlibeli gör. Onda da uşaqları gətirib bir toy da
burda elərik! – O, atmacadan da qalmadı, – indi Eyvazı qınıyırsan,
qorxuram, Çənlibeli görənnən sonra ayağını dirəyəsən ki, getmirəm,
qalıram burda!..
Zərqələmin gözünə işıq, dizinə taqət gəldi. Elə bil oldu təzə gəlin.
Bu xəbər yayıldı Təkə-Türkmana. Çənlibelə gəlin görümünə
getmək ola, Təkə-Türkman eli ola! De Koroğlunu istəyən hazırraşdı!..
Üçcə gündən sonra Qəssab Alı neçə-neçə qırmızı kəcavəsi olan
çox böyük bir karvannan yol başladı Çənlibelə.
Karvanı görən belə hesab edərdi ki, Çin padşahı Hind padşahının
qızını oğluna gəlin aparır!..
İş belə gətirdi ki, cənazəni gətirən dəstə Çənlibel ətəyinə çatanda
Alının karvanı da çatdı...
Dəlilər dayanıb gözləyirdilər ki, Koroğlu gəlib yetişsin, bundan
belə özü qabağa düşsün...
Qəssab Alı yaxınnaşanda, baxdı ki, budu, bir dəstə düşərgə salıb,
özlərinin də qara kəcavələri var. Tez hay vurdu, karvan dayandı:
– Bunların yanından belə keçmək yaxşı deyil. Dərdlərini bilək, izn
alaq, ondan keçək. Bəlkə kömək lazımdı!
Qəssab Alı irəli yeriyib xəbər aldı:
Xəbər alım, ər qardaşdar,
Kəcavəniz qara niyə?!
Qəlbi qəmli, gözü yaşdar,
Düşmüsünüz dara niyə?!
Kim görsə bu dərdə yanı,
Mərdə qurban namərd canı.
Uca dağların tərlanı
Dustaq olub sara niyə?!
Mənə deyin, qoç iyidlər,
Kimnən sizə dəyib xətər?
Həvəsnən bəsdənən güllər
Qismət olub xara niyə?!
Dərdinizi deyin bizə,
Kömək əli verək sizə.
Axı sizin dərdinizə
Tapılmayır çara niyə?!
Qəssab Alı baxdı heç kim dinmir, yerinnən tərpənib cavab vermir.
Bildi dərdləri ağırdı. İzn almaq istədi, amma sözü belə çıxdı:
Alı burdan aralıdı,
O xəstəniz haralıdı?
Ölüb, yoxsa yaralıdı,
Ona dəyib yara niyə?!
Dəlilər bayaqdan tanımışdılar onu. Amma kimin nitqi gətirirdi ki,
dinə, kimin qədəmi tuturdu ki, irəli yeriyə, cavab verə?!
Elə bu dəmdə Koroğlu yetişdi. Gördü nə! Qəssab Alı! Onun qırmızı
kəcavəli karvanı!.. Atdan aşırılıb, Qəssab Alını aldı qollarının
arasına... Hər gözünnən bir damcı yaş süzülüb yendi bircə günün
içində gözlərinin altında dağ kimi baş qaldırmış alma sümüklərinin
üstünə... Deyillər ki, anadan olannan bu günə kimi Koroğlunun gözündə
görünən yaş buydu!..
O saat Qəssab Alının ürəyinə damdı ki, iş Eyvazın başındadı.
Amma bilmədi ölüb, yoxsa yaralıdı. Baxdı ki, Koroğlu yaman bəd haldadı.
Özünü toxdadıb o da qollarını doladı Koroğlunun boynuna. Sonra
bir az geri çəkilib xəbər aldı:
Aç söylə sirrini, bilim dərdini,
Cümlə iyidlərin başı, Koroğlu.
Deyillər, gedəndə düşman üstünə,
Qoymaz daş üstündə daşı Koroğlu!
Koroğlu ürəkdən gələn yanıqlı bir ah çəkib Qəssab Alının cavabında
dedi:
Xəbər alma, Qəssab Alı, dərdini,
Zəhərnən yeyibdi aşı Koroğlu:
Yüz il paşalara al eyləyibdi,
Axırda olubdu naşı Koroğlu!
Qəssab Alı dedi:
Qoyar dost yolunda başı, canını,
İçər ovçu ilə düşman qanını.
Yıxar paşaların xanimanını,
Bir dəfə oynatsa qaşı Koroğlu!
Koroğlu dedi:
Daha bunnan belə açarmı qalı
Sınıq qanad laçın olmaz havalı.
Baxdı yatıb, üz döndərib yığvalı,
Tökübdü qabağı-qaşı Koroğlu!
Qəssab Alı anladı ki, Koroğlunun dərdi çox böyükdü, amma
nədənsə, açıq demir. Odu ki, onun gözdərindəki yaşa işarə elədi, bildi
ki, düyün bunnan açılacaq:
Qəssab Alı üz tutubdu dağlara,
Qəsdi var, iyidlər yurduna vara!
İyid qovğa günü alsa, min yara,
Axmaz gözdərinin yaşı, Koroğlu!
Koroğlu yenə bir ah çəkdi. Elə ah çəkdi ki, əgər bu ahın alovu, odu
olsaydı, dağlar bir göz qırpımında əriyib suya dönər, dəryayi-ümmanlar
da buxara çevrilib göyə çəkilərdi. Yox, əgər bu ah tüstülü olsaydı,
dünyanın üzündə bir il göz-gözü görməzdi. O, əllərini sinəsində çarpazdadı,
yazıq görkəm aldı, istər-istəməz, yavaş-yavaş dedi:
Sinəmin başınnan kaman qurulsa,
Göz qırpmaram, min bir yara vurulsa.
Hanı amanatım? – deyə sorulsa,
Qan tökər gözünnən yaşı Koroğlu!
Bu yerdə Qəssab Alı nə qədər elədisə, özünü saxlaya bilmədi.
Cumdu qara kəcavənin üstünə. Kəcavəni qucaqlayıf dedi:
Ay ağalar, ay qazılar,
Yatan Eyvaz xan olmasın!
Sinəsində dərin yara,
Ürəyində qan olmasın!
Maralsız olmasın çölüm,
Sonasız qalmasın gölüm,
Mana gəlsin gələn ölüm,
Eyvaz yuxudan olmasın!
Yazıq canım düşdü dərdə,
Ahım qalxır pərdə-pərdə,
Qılınc vursun mərd namərdə,
Arada şeytan olmasın!
Xudam buyurmasın fərman,
Dostuma gülməsin düşman.
Xeyir işə gedən karvan
Mənzildə peşman olmasın!
Alı olmaz ahı-zarsız,
Dağ başı qalmasın qarsız!
İyid qalda havadarsız,
İyidsiz meydan olmasın!
Bu yannan da Təkə-Türkmanın iyidləri Qəssab Alının belə
ləngidiyini görəndə, yeridilər irəli görsünlər bu nə işdi...
Qəssab Alı hayqırdı ki, qayıdın kəcavələri qara bəzəyin!
Onnar qayıdıb kəcavələri qara bəzəyəndə, yazıq Zərqələm elə
bircə dəfə “uuyy” elədi, huşunu itirdi.
Qəssab Alı yazıq ananın bu halına tab gətirməyib qara kəcavəni
səslədi, əlini göylərə qaldırdı:
Xudaya, əcəlin mana yetişsin,
Eyvaz təzə bitib, boya gəlibdi!
Bir möcüzə görsət, balam oyansın!
Deyim ki, ərənnər hoya gəlibdi!
Anan həsrət qaldı gül camalına,
Baxa bilməz sənin belə halına!
Əlacı kəsilib, düşüb dalına,
Qalx, Eyvazım! Anan toya gəlibdi!
Qəssab Alı ahu-zarda qalıbdı,
Bala dərdi onu oda salıbdı.
Görəydim, namərdmi tora salıbdı,
Yoxsa mərd qılıncı soya gəlibdi?!
Qəssab Alı sözünü tamam elədi. Özünü toxtatdı. Baxdı ki, Koroğlunun
halı hal döyül, başınnan duman qalxır. Onun qolunnan tutdu:
– Koroğlu! Sən dünya görmüş adamsan. Özün bilirsən ki, təqdirə
tədbir yoxdu. İşdi, olub keçib. Atalar deyib ki, su sənəyi suda sınar. İyid
yaranıb ki, qalda yaralana, davada ölə. Hələ Allahın yazısını pozan olmuyub.
Bizimki də belə yazılıbmış. İnsan gərəkdi ki, naşükür olmuya!
Şükür xudanın dərgahına! Budu, Kürdoğlu qabağdadı. Qoy indi o olsun
ikimizin də oğlumuz. Xiffətnən heç nə hasil eləmək olmaz. Tapşırıq
ver! Sür atını qabağa! Aparaq meyidimizi qoyaq haqq öyünə!..
Koroğlu dinməz-söyləməz, sürdü atını qabağa. Qəssab Alı da göstərişdər
verib, atını sürdü onun atının yanına...
De çatdı xəbər Çənlibelə!.. Hamı dəydi bir-birinə. Bircə anda qızıl
qan ağ buxaqlarda çiçək açdı. Fəryad Çənlibeli yırğalamağa başladı!..
Cənazə yaxınlaşanda, Aşıq Cünun qabağa yeridi, əlini qulağına
verdi:
Mən aşığam, ala bax,
Yaşıla bax, ala bax.
Yüz il al işdədən ər
Bu gün düşüb ala, bax!
Mən aşığam, yanana,
Ya nəməkə, ya nana,
Eyvaza ox dəyibdi,
Ağla, qardaş, yan, ana!
Nigar xanım əlləri qoynunda, batmış səsnən deyirdi:
Əzizim Eyvaz hanı?
Xan balam Eyvaz hanı?
Başım yaman ağrıyır,
Çağırın Eyvaz xanı!..
Biçarə Zərqələm huşa gələn kimi olmuşdu. Oturduğu qara kəcavənin
içində əllərini qabağa uzadıb yalvarırdı:
Əzizim, amanata,
At verməz aman ata,
Koroğlu, xayın olma,
Verdiyim amanata!
Eləmi, yarı gəlsin,
Sürülər yarı gəlsin,
Qoxusun onnan allam
Balamın yarı gəlsin!
Qəssab Alı baxdı belə getsə, meyidin götürülməsi ləngiyəsidi, yenə
Koroğluya üz tutdu:
– Koroğlu! Sana dedim ahu-zar eləməyin faydası yoxdu. Meyidin
ləngiməsi yaxşı deyil. Axı ölüm çoxdandı. Tapşırıq ver, qoy meyid
götürülsün.
Koroğlu tapşırıqlar verdi. Meyidi götürdülər.
Tabut qəbristannığa yetdi. Elə ki, onu məzara sallamalı oldular, Qəssab
Alının ürəyi tab gətirmədi. Özünü saxlaya bilməyib şikayətləndi:
Zalım fələk mənnən düşdü bərəstə,
Meydanda üz-üzə durdu, ay haray!
Namərdlik elədi, alnan apardı,
Qolumda torunu qurdu, ay haray!
Bədbəxtlikdə canım dünyada təkdi,
Gündə mana yedirdiyi kötəkdi.
Oxunu düzəltdi, yayını çəkdi,
Sinəmin başınnan vurdu, ay haray!
Eyvaz, məni yalqız qoyma, amandı,
Axı bala dərdi çəkmək yamandı?
Qəssab Alı köçür, axır zamandı,
Bala dərdi onu yordu, ay haray!
Bu zaman Hürü xanım qəflətən atdı özünü tabutun üstünə, yanayana
dedi:
Heç kim belə insafsızlıq eləməz,
Bəs sən eyləyirsən nədən, ay Eyvaz?
Bu fələk zülmünə, haqq sitəminə
Tab etməz, əriyər bədən, ay Eyvaz!
Fələk şuxluğumu əlimnən aldı,
Ahıma baxmadı, göyə ucaldı.
Pərvaz eyləməmiş torpağa saldı,
Eylədi bağrımı zədən, ay Eyvaz!
Hürünün əlinnən getdi ixtiyar,
Nə vaxtacan ah eyliyər, ağlıyar?
Amandı! Məni də özünnən apar,
Üz döndərib yalqız gedən, ay Eyvaz!
Yazıq qız balaca xəncərini sinəsinə çaxanda tutdular. İncavara
yara az oldu.
Koroğlu bu yerdə lap qeyzə gəlib dedi:
Koroğlu bu günnən keçir başınnan,
Bu xəbər hər yerə yazılsın gərək.
Talan düşsün paşaların varına,
Əlləri əllərdən üzülsün gərək!
Yeriyin, iyidlər, meydan başına,
Zəhər qatın siz xotkarın aşına.
Əl uzadın torpağına, daşına,
Onun cahcalalı pozulsun gərək!
Koroğlu ölməyib, yaşayır hələ,
Hoydu, dəlilərim verin əl-ələ,
Eyvazın qatili tez keçsin ələ,
Gözdərinə millər düzülsün gərək!
Koroğlunun səsi dağları, daşları lərzəyə salsa da, olan olmuşdu.
Noolasıydı, meyiti tapşırdılar məzara.
İzdiham yavaş-yavaş qəbirstanlıqdan çəkilirdi. Yolda Bəlli Əhməd
yanaşdı Dəmirçioğluna:
– Ayə, Dəmirçioğlu, bir sirr mənim qarnımı yırtır axı!..
Dəmirçioğlu qəmli-qəmli baxdı onun üzünə:
– O nə sirrdi elə, Bəlli Əhməd?
Bəlli Əhməd duruxdu. Dəmirçioğlu onun gözdərinin içinə baxanda
dedi:
– Acığın tutmaz ki?
– Niyə tutur, de.
Bəlli Əhməd udqundu. Dəmirçioğlu qaşdarını çatdı:
– Oxunu atıb yayını niyə gizdədirsən?
– Vallah, ay qardaş, məni qınama...
Dəmirçioğlunun səbri tükəndi:
– Di, din görüm!
Bəlli Əhməd gözdərini onun gözünə dirədi:
– Belə, biz ki, bu qəbrə tapşırdıq, bu, Eyvaz deyildi!..
Dəmirçioğlunun gözdərinə qaranlıq çökdü. Bir xeyli dinə bilmədi.
Gecdən-gec dedi:
– Bu nə sözdü, Əhməd! Ağlın başındadı?!
Bəlli Əhməd onu belə əzaba salmağına, dərdini artırmağına peşman
olsa da dedi:
– Vallah, qardaş, nə deyirsən de, bu qəbrə qoyulan Eyvaz deyildi.
Yadındamı, durna teli gətirməyə gedəndə Bağdad bağlarında bulağın
başında oturmuşduq. Eyvaz qollarını çırmalayıb kabab çəkirdi. Sən dedin
ki, Əhməd, görürsənmi, Allah qüdrət qələmini birinci dəfə çəkəndə
Eyvaza ziynət verib! Gör o biləyindəki qoşa xal ona nə yaraşıq verir?!
Dəmirçioğlunun qaşları lap çatıldı:
– Noolsun ki?
– Dayan də! Meyit yuyulanda suyu mən tökürdüm, o xallardan bir
nişana yoxuydu.
Dəmirçioğlu köks ötürdü:
– Ağzına su al! Koroğlu bu sözü eşitsə bağrı çatdar. El səni daşqalaq
elər. Əvvəla, bu söz gecdi. İkincisi də, sənin fəhminə nə gəlib?
Bəyəm baxmadın ki, meyit qapqara yanmışdı? Belə görünür ki,
əvvəlcə asıblar, sonra başını kəsiblər. Asılan bədəndə ağ yer qalarmı
onda xal bilinə?
Bu sözdər Bəlli Əhmədi susdurdu. Deməyə sözü olmadı...
Deyillər, Çənnibeldə çöp başı qalmadı, hər yeri qara bəzədilər. O
gecə səhərəcən dəlilərin zümzüməsinnən, Cünunun bayatısınnan,
xanımların ağusunnan, atdarın kişnəməsinnən yer-göy bir-birinə
qovuşub ləbbey dedi, təkcə Koroğlunun səsi çıxmadı.
Səhər açıldı. Səhər həmişə üzünüzə xeyirriynnən açılsın. Hamı
yığılmışdı Koroğlunun başına. Qəssab Alı da, Aşıq Cünun da
tapşırmışdı ki, bəlkə onu dindirə biləsiniz...
Dəli Həsənnən Dəmirçioğlu gördü ki, ehtiyatsızlıq eliyiblər,
axşamnan bəri bərə-bəndərgahın hamısı boş qalıb. Düşmən gəlib ayaq
almazmı?..
Onlar məsləhətdəşib dəlilərdən bir neçəsini göndərdilər qaravulxanalara.
Tüpdağıdan da Ağqayaya getməli oldu. O, başı sinəsində
qəmli-qəmli gedirdi. Bir də o zaman qaldırdı ki, budu, At düzündə
yəhərri-yüyənni atdar görünür. Qədəmlərini bərkidib o zaman çatdı
ki, bəs budurana bir mələkdi, hürüdü, pəridi, qılmandı, nədi bilmirəm
oturub Eyvazın başını alıb dizinin üstünə, bir div gövdəli pəhləvan da
onun üzünə su səpir. Quruyub qaldı yerində. Baxdı ki, ürəyi az qalır
ağzınnan çıxa! Allah, bu nə sirr ola! Birdən ağlına gəldi ki, bu yuxudu,
Eyvazı yuxuda görür. Baxdı ki, Eyvaz ayrı paltardadı, qolu da sarıqlıdı,
yaraq-yasağı da yoxdu. Gözdərini gəzdirdi ki, Ərəbat da atdarın içində
yoxdu. Əlyəqin elədi ki, yuxuda görür Eyvazı. İndi qorxusunnan
gözünü qırpmırdı ki, yuxum dəyişər. Eyvaza doyuncan baxmağa
çalışırdı. Birdən baxdı ki, Eyvaz yavaş-yavaş gözdərini açdı, başını
tərpətdi, qalxmaq istədi, Tüpdağıdanın ürəyi də tərpənib telləndi, özözünə
dedi:
Ay ağalar, Eyvaz belə,
Sağ olaydı, ayılaydı.
Görünəydi günəş üzü,
Çənlibelə yayılaydı.
Gecə dönəydi gündüzə,
Gözdərim baxaydı gözə,
Başdıyaydı şirin sözə,
Yenə biznən sayılaydı!
Tüpdağıdan həsrət çəkər,
Eyvaza qurban olsun sər.
Beləcə duraydı səhər,
Mənim bağrım oyulaydı!
Səsə Eyvaz durub oturdu. Ayağa qalxmaq istəyəndə pəhləvan
zamın oldu. Qalxıb asta-asta yeridi Tüpdağıdana tərəf. Tüpdağıdan
kirpiyini qırpdı, gözünü açdı ki, Eyvazdı. Gözlərini silib baxdı ki,
Eyvazdı, yeriyir ona sarı. Birdən geri dönüb başdadı qaçmağa...
Bu yanda bir də gördülər ki, Tüpdağıdan “Eyvaz! Eyvaz!” deyədeyə
elə gəlir, elə bil boğanaq gəlir.
O, yetirib özünü atdı Koroğlunun üstünə. Deyillər, Koroğlunun
gözündə iki damcı yaş da onda görünüb. Koroğlu belə hesab elədi ki,
Tüpdağıdan dəli olub. Tüpdağıdan həsəkliyə-həsəkliyə soruşdu:
– Koroğlu, gecədi, ya gündüz?
Koroğlunun dili açıldı:
– Gündüzdü, oğlum! Özünü toxtat! Bax, hamı yanındadı...
Tüpdağıdan tüpürüyünü uddu:
– Mən At düzünnənmi gəlirəm?
– Bəli, sən At düzünnən gəlirsən...
Tüpdağıdan dikəldi, gözünü dolandırdı dəlilərin üzündə, özünü
saxlaya bilmədi, hönkürə-hönkürə dedi:
– Əyəm gündüzdüsə, mən At düzünnən gəlirəmsə, Eyvaz odu At
düzündə!
Hamı peşman oldu. Əlyəqin elədilər ki, başına hava gəlib. O baxdı ki,
hamı sevinmək əvəzinə peşman oldu, birdən atılıb tərpəndi At düzünə
tərəf. Koroğlu hay vurdu ki, qoymayın, özünü daş-qayadan atacaq!..
Dəlilərdən bir neçəsi düşdü onun dalınca.
Aşıq Cünun onların dalınca baxa-baxa əlini verdi qulağına:
Aman Allah! Yoxsa cəlal pozulur,
Koroğlunun baxdı yatır, nədi bu?
Niyə birdən əllər əldən üzülür,
Çənlibelin sonu çatır, nədi bu?
Qabımızdan şərbətimiz çalanır,
Bağrımızda sönməz ocaq qalanır,
Xəzan vurur, güllərimiz talanır,
Gəmimizmi suda batır, nədi bu?
Aşıq Cünun, qəddin yaman bükülür,
Qəm ling salır, könlün evi sökülür,
Yoxsa göydən üstünə od tökülür,
Haqq aşına zəhər qatır, nədi bu?..
Dəlilər ha orda, ha burda, o zaman yetirdilər ki, Eyvaz Tüpdağıdannan
soruşur:
Tüpdağıdan, bəyan eylə,
Niyə geyib qara Çənli?
Hanı Koroğlu görünmür,
Nədən alıb yara Çənli?
Tüpdağıdan cavab verdi:
Səni pərişan görmüşəm,
Ürəyim birtəhər olub,
Çənlidən getdiyin gündən
Peşəmiz qəm-qəhər olub.
Aldı Eyvaz:
Nə qəmdi Çənliyə gələn,
Bu dərddi bağrımı dələn.
Söylə görüm kimdi ölən
Haçan düşüb dara Çənli?
Aldı Tüpdağıdan:
Hara getdin bilməmişik,
Hamı sağdı, ölməmişik.
Nə müddətdi gülməmişik,
Yediyimiz zəhər olub!
Eyvaz baxdı ki, günahkar özüdü, xəcalətnən dedi:
Eyvazam alışar canım,
Dərdim çoxdu necə danım.
Ağlamır ki, Nigar xanım,
Gəlməyib ki zara Çənli?
Tüpdağıdan dedi:
Dəlilər sənsiz qalmışdı,
Ahı göyə ucalmışdı.
Çənlini zülmət almışdı
Günəş doğub, səhər olub!
Onlar Eyvazgili araya alıb görüşdülər. Sonra da götürüb üz tutdular
Koroğlunun yanına.
Bu tərəfdən hamı baxdı ki, budu, Eyvaz gəlir.
Heç kim gözünə inana bilmirdi. Birdən Bəlli Əhmədin səsi eşidildi:
– Ayə, Dəmirçioğlu, necə bilirsən! Ə, demədimmi bizim məzara
tapşırdığımız Eyvaz deyil?..
Eyvaz indi dərk elədi ki, ölən özüdü, günahı da nə dərəcədədi.
Koroğlu dilləndi:
– Eyvaz bala! Allahı sevərsən, bizi tez agah elə görək, sən Eyvazsansa,
bəs bizim Bayaziddən bura çiynimizdə gətirib dəfn elədiyimiz
kimdi?
Eyvaz başını sinəsinə əyib dedi:
– Can Koroğlu, görürsünüz ki, mən Eyvazam. O gətirdiyinizin kim
olduğunu, əhvalatın məğzini bu qızdan soruş.
Koroğlu Mərcan xanıma üz tutdu:
– Gözəl balam! De görüm bu nə əhvalatdı?
Mərcan xanım dedi:
– Mərd Koroğlu! Əvvəlcədən mənim bir iltimasım var, deyim,
qəbul eləsəniz əhvalatı danışaram, eləməsəniz, biz gedəsiyik, Eyvaz
özü danışar.
Koroğlu fikirləşmədən dedi:
– De, xanım balam! Nə iltimasın olsa qəbul elərik!
Mərcan xanım ürəkləndi:
– İltimasım budu ki, gərək Eyvazın günahlarınnan keçəsiniz!
– Qızım, Eyvaz ki, sağdı, onun nə günahı var, keçirəm. Elə bilirəm
ki, hamı keçər.
Hamı bir ağızdan ürəkdən dedi ki, keçirik Eyvazın nə günahı olsa!
Təkcə Hürü xanım ürəksiz dindi. Onun ürəyi titrədi. Elə bildi ki,
Eyvaz bu dünya gözəlini özünə gətirib, iltimas da bu olar...
Mərcan xanım dedi:
– Bu əhvalat aşıqların danışdığı kimi bir dastandı, izn verin, bu
oğlan danışsın.
İzn verildi. Kankanoğlu əhvalatı danışası oldu. Onun danışdığı dastanın
məzmunu beləydi:
Kankanoğlu dediyimiz həmin oğlanın adı Böyükkişiydi. O, Bayaziddə
kankan İrzaqulu deyilən bir kişinin oğluydu. İrzaqulu kankanlıq
eliyib külfətini dolandırırdı. Bir gün torpaq uçub onu həlak elədi.
Başsız qalan külfəti on iki yaşlı Böyükkişi dolandırmalı oldu. Böyükkişi
hansı işdən yapışdı, hansı sənətə yönəldisə, əli gətirmədi. On altıon
yeddi yaşında atasının dostları onu yannarına apardılar. O da ata
sənətiynən çörəkpulu qazanmağa başladı...
İyirmi iki-iyirmi üç yaşlarında Böyükkişi bir oğlan oldu ki, bir
görən bir də görüm deyirdi. Onun camalına, kamalına çoxları həsəd
aparır, çox qızlar-gəlinlər onun xəyalıynan yaşayır, çoxları daldalardan
onu oğrun-oğrun, həsrət-həsrət süzür, çoxları onun boybuxununa
baxmaqdan doymurdu...
Bəli, qızlar-gəlinlər Böyükkişinin ağıl-kamalına, boy-buxununa,
qədd-qamətinə heyran, həsrət olduğu kimi, paşalar, bəylər, ağalar,
xanlar da onun qeyrətinə, qüvvətinə, cəsarətinə, cürətinə əlinin işinə
heyran həsrətiydilər.
Böyükkişinin əlinnən sənət qurtarmırdı. Səddi-sorağı mahallarda,
ölkələrdə söylənirdi. İndi onu Kankanoğlu deyib axtarırdılar...
Bir dəfə Həsən xanın oğlanları Kankanoğlunu Muradbəyliyə çağırtdırıb
iş danışdılar. Kankanoğlu həvəs və səliqəynən işə başladı...
Bir səhər Kankanoğlu öz işində ikən, Həsən xanın qızı Mərcan
xanım külafirəngidə göründü. Necə oldusa, Kankanoğlunun gözləri
Mərcan xanımın ala gözləriynən calaşdı. Amma qız birdən göründüyü
kimi, birdən də gözdən itib yox oldu. Qızın gözündən Kankanoğlunun
ürəyinə düşən məhəbbət qığılcımı qorranmağa, sonra da alışmağa
başladı..
Əlinə çəkic, külüng alandan bəri bircə dəfə də əl-ayağına vurmayan
Kankanoğlu indi çəkici hara endirirdisə əlinə dəydi, ayağını yaraladı...
O, nə qədər özünü cəmlədisə də işləyə bilmədi. Halı getdikcə
bədləşdi. Nə qədər özünü danladı, qınadısa ki, mən hara, Həsən xanın
qızı hara? Olmadı! Fikirləşdikcə məhəbbət odu şiddət elədi. Axırda işi
qoyub şəhərə çıxdı, bazarı dolandı ki, başı qarışa, yadınnan çıxa...
Bir tanış qarı varıydı. Təsadüfən rast gəlmişdi. Bibisinə oxşadığına
görə ona qanı qaynamışdı. Hərdən yanına gedər, sovqat aparardı. Qarının
da Kankanoğluna çox böyük məhəbbəti, hörməti varıydı.
Kankanoğlu yenə bazarlıq eliyib qarının yanına gəldi. Qarı onu
görən kimi soruşdu:
– Ömür-günüm! Bət-bənizin niyə belədi?
– Heç, bibi, bir balaca ağrıyıram.
– Yox, bu balaca ağrımaq deyil! Anangildən xəbər-zad eşitmiyibsən
ki?
– Yox elə ağrıyıram.
– Vallah, bu, ağrımaq işi deyil!
– Bə nə işi olar, bibi?
Qarı diqqətnən Kankanoğlunun gözlərinə baxdı:
– Əyəm, evdən arxayınsansa, bu, məhəbbət dərdidi, gözümün
nuru! Ya qızdan xəbərsiz eşqə düşübsən, ya da “yox” cavabı alıbsan!
Hansıdı, qadan alım?!
– Heç hansı!
– Dərdini məndən gizlətmə, bala, məni də dərdə salarsan!
– Dərdimin dərmanı səndə tapılmaz, bibi, bilsən dərdin daha
böyük olar.
– De, bala, bilmək olmaz...
Kankanoğlu yuxalıb əhvalatı danışdı. Qarı dedi:
– Həəə! Qabaxkınnan xəbərsiz vurulmaq yamandı! Durma, bir
barmax kağız yaz, ürəyini aç qıza. Bir yol tapıb yetirrəm. Məhəbbətin
odu gözdən keçər ürəyə. Əyər onda da alışıbsa, bir tədbir fikirləşərik...
Kankanoğlu naməni yazdı. Qarı alıb dedi:
– Sabah yox, o biri gün bu zaman olarsan burda.
Kankanoğlu bir balaca toxdayıb işə qayıtdı.
Əli işə təzəcə isinmişdi, baxdı yan-yörəsində danışırlar ki, bəs
İravan sərdarı Hüseynəli xan Mərcan xanıma elçi göndərib...
Çox keçmədi ki, xannıxda şaddıq başladı. Birisi də Kankanoğlunu
muşduluqladı ki, deməzsənmi, Mərcan xanımı nişannadılar Hüseynəli
xana...
Kankanoğlu naməsinə rüsvayçı cavab almasın deyə işi yarımçıq
qoyub qayıtdı düz Bayazidə...
Məhəbbət odu gün-gündən şiddət eliyib Kankanoğlunu əyməyə,
əritməyə başdadı. Yazıq anası, biçarə bacıları ha dolandılar başına ki,
dərdindən halı olsunlar, bir çara axdarıb tapsınlar, olmadı...
Aradan bir il keçdi, day Kankanoğlunun əli işdən, gözü nurdan
qalmışdı...
Bir gün evdə qəmli-qəmli oturduğu, öz dərdiynən olduğu vaxt
birisi girdi içəri. Ona bir namə verib çıxdı. Kankanoğlu fikirli-fikirli
naməni açdı ki, yazılıb:
Bir baxışda ixtiyarım
Əllərimnən alan sənsən!
Aparıb səbri-qərarım,
Məni dərdə salan sənsən!
Məni salan qəm bəhrinə,
Verən məhəbbət qəhrinə.
Od vuran könlüm şəhrinə,
Edən talan-talan sənsən!
Kaş olaydın mənim yarım,
Əhdinə düz vəfadarım,
Əldən alıb ixtiyarım,
Sözü çıxan yalan sənsən!
Yaxşı tapmışdım babımı,
Getdin, apardın tabımı,
Hər gün könül rübabımı,
Əl uzadıb çalan sənsən!
Yazıq Mərcan döndü qula,
Gücünən satdılar pula,
Mana yüz göz tikən ola,
Axır yarım olan sənsən!
Kankanoğlu dəli kimi oldu. Özünü atdı çölə, qaçdı ora-bura. Hayandaydı
namə gətirən!
Bu bir parça kağız onun bir ildə əlindən getmiş qüvvətini, dizindən
getmiş taqətini, gözündən getmiş nurunu birə-beş özünə qaytardı...
Day Kankanoğlu durub dincələ bilmədi. Ac aslan kimi özünü
yetirdi Muradbəyliyə. Qarını axtardı. Xəbər verdilər ki, “bir oğlum
itib!” – deyə dərdə düşdü, o dərdnən də altı ay bundan qabaq dünyadan
köçdü...
Kankanoğlu onu da bilirdi ki, Mərcan xanımın qapısını yalnız
dilənçilər aça bilər. Odu ki, özünə bir dəst dilənçi paltarı düzəltdi. Bir
tərəfə çəkilib özünü elədi qoca, axsaq bir sayıl. Əlinə qırıq bir əsa alıb
axsaya-axsaya çatdı Mərcan xanımın imarətinin qapısına. Ona dəyib
dolaşan olmadı. Keçdi içəri. Mərcan xanımın qapısını o zaman açdı ki,
budu, Hüseynəli xan oturub nazbalıncın üstündə, Mərcan xanımı da
oturdub yanında, ərknən deyir:
– Balam, bu nə inaddı sən eliyirsən?! Niyə irazılıq vermirsən ki,
toyumuzu başlıyaq?! Day sən nə vaxtı gözdüyürsən, Mərcanım mənim?!
Mərcan xanım dedi:
– Sana dedim ki, mənnəndisə, mən hələ toya razı deyiləm! Bir il
də gözləməlisən!
Hüseynəli xan dedi:
– Ay Allahın bəndəsi! İstəyini mənə de görüm nədi?! Balam, mal
deyirsən məndə, pul deyirsən məndə, şan-şöhrət deyirsən məndə.
Zor-qüvvət deyirsən, o da məndə. Day sənin özgə istədiyin nədi?!
Mərcan xanım dedi:
– Zorunu, qüvvətini, malını, dövlətini mənə görsətmə! Bu, iyidə
yaraşan sifət deyil, Hüseynəli xan! Bunların heç birində mənim gözüm
yoxdu. Mənim istəyimə qalsa, gözləyəcəksən, sənin zoruna qalsa, onu
siz bilərsiniz!
Hüseynəli xan hələ də elə bilirdi ki, qız naz satır, şıltaqlıq eləyir.
Fikirləşdi ki, yəqin meyli nağdı daş-qaşdı. Odu ki, çıxardıb gətirdiyi
ən bahalı boyunbağını saldı onun boynuna. Qızın etiraz eləməməsi,
onun qardan ağ, pilədən yumşaq əlləri Hüseynəli xanın şəhvət
duyğusunu gücləndirdi, qızın incə biləklərini birdən-birə əlinə keçirib
onu öpmək istədi. İş bu yerə çatanda, dilənçi tab eləmədi, dedi:
Ey sevgilim, insaf elə,
Gül üstünə xarı qoyma!
Əhdə vəfaya gəlmişəm,
Pozulan ilqarı qoyma!
Aldanma dövlət-varına,
Getmə əğyar bazarına,
Tülək tərlan şikarına,
Yeriş çəkən sarı qoyma!
Amma nə Mərcan xanım, nə də Hüseynəli xan onun naləsini
eşidəcək halda deyildi. Ehtiras Hüseynəli xanı tamam yoldan çıxarmış,
ixtiyarını əlindən almışdı. Mərcan xanım da aslan ağzında qalmış quzu
kimi cabalayırdı ki, biləklərini onun əlindən çıxartsın. Gül yanağını
onun murdar ağzına qurban verməsin. Dilənçi deyirdi:
Məcnunam Leyli dağında,
Dolanıram sorağında,
Gözlərimin qabağında,
Gedən ixtiyarı qoyma!
Səs bu dəfə Mərcan xanıma çatdı. Elə bil, bu səsdən ona ər qüvvəsi
yetişdi, pəhləvan zoru gəldi. Bir güc verib biləklərini bu canavarın
pəncəsindən qurtardı, özünü dilənçinin üstünə atdı...
Özünü rüsvay görən, gözləri qızmış Hüseynəli xan, Mərcan xanıma
da dərs vermək məqsədiynən xəncərini çəkib qaldırdı ki, dilənçinin
sinəsindən vursun, dilənçi göydə biləyindən tutub elə sıxdı ki, xəncər
əlindən yerə düşdü. İşi belə görən xan aradan çıxmağı qənimət bildi...
İki həsrətli bir müddət dinməz-söyləməz bir-birinin üzünə baxdı.
Gecdən-gecə Kankanoğlu dedi:
Həsrətinən ərimişəm,
Səsim batıb, kirimişəm,
Ayağına yerimişəm,
Çəkəm ahu-zarı qoyma!..
Həsən xanın oğlanları Hüseynəli xan da yanlarında girdilər içəri.
Onsuz da qan-qan deyən Mahmud xan qılıncını çöldə çəkmişdi. İstədi
ki, sayılın başını ayırsın bədənindən, dilənçi üz tutdu Mərcan xanıma:
Yazıq sayıl çəkər ahı,
Sənsən onun qibləgahı!
Sana gətirdim pənahı,
Öldürüllər, barı qoyma!
Mərcan xanım keçdi qardaşının qabağına:
– Nə iş görürsən, ayə?! İndi də mənim atamın ocağına dilənçi qanı
tökürsən?! Görmürsən, yazığın biridi? Sayılnan sənin nə işin?!
Mahmud xan hikkəli-hikkəli bağırdı:
– Elə sənin özün də yazıq sayılın tayısan! Ona sığınıb dağ boyda
kişini...
Mərcan xanım özünü bir az kövrək, bir az da qəzəbli göstərərək
dedi:
– Ayıb olsun Həsən xanın oğlanlarına! Hüseynəli xan da utansın,
heç danışmasın! – o, bir az da kövrəldi, – dilənçi olanda nə olar! Məni
bu kişinin yanında biyabır eliyirdi...
Mahmud xan dodağını çeynədi. Mərcan xanım sözünə davam
elədi:
– Bilirəm, sizin bu həşirinizin hamısı ondan ötəridi ki, mən toya
irazılıq verəm. Allah xatirinə, mənim day sözüm yoxdu, gedin, toyunuzun
tədarükündə olun!..
Mərcan xanımın bu sözləri dünyayi-aləmi xanların gözündə nura,
çırağbana döndərdi, yazıq sayılın gözlərində də cəhənnəm zülmətinə
çevirdi...
Mahmud paşa sevinmiş, üzünü tutdu Hüseynəli xana, vəcdnən
dedi:
– Hüseynəli xan! Əzizim! Özün yaxşı eşitdin bacımın sözlərini! Di
get hazırlığını gör, gəl gəlinini apar! Amma bax burda, bacımın
yanında da deyirəm, öyünün böyük xanımı bacımdı ha!..
İndiyəcən günü üstünə verildiyini bilməyən Mərcan xanım ikrah
hissiynən üzünü çevirdi. Hüseynəli xan buna əhəmiyyət verməyib
əlini gözünün üstünə qoydu:
– Mənim gözüm üstə!
Mahmud xan üzünü tutdu dilənçiyə:
– Qurban olasan mənim bacıma! Qurban olasan atamın bu nahaq
qan görməmiş ocağına! Başımız qarışıqdı. Get, toyda gələrsən, sənə
çoxlu ənam verərəm!
Dilənçi istədi çıxsın, Mərcan xanım qoymadı:
– Dayan, ay yazıq! O nisyədi. Hələ mənim qapımdan sayıl boş
qayıtmayıb.
O, pərdənin dalına keçdi, çox çəkmədi ki, bir parça çörək gətirib
qoydu dilənçinin çantasına. Kankanoğlu tez çıxıb verdi özünü bir daldaya.
Çörəyi çıxartdı ki, Mərcan xanım boyunbağını, bir neçə qızıl, bir
barmaq da kağız qoyub arasına, baxdı kağızda yazıb ki, gec gəldin,
mən İravana gedəsi oldum. Səni gözləyəcəyəm, mən ya səninəm, ya
qara torpağın! Biilqar, biiman! Kankanoğlu İravana getməyə hazırlaşdı,
Hüseynəli xan da toy tədarükünə başladı.
Amma iki gündən sonra toy xəbərinin əvəzinə vay xəbəri yetişdi
ki, Hüseynəli xanın toy ağaməti gələndə, Koroğlu Xoydan qayıdırmış,
rastlaşıblar, Koroğlu onu dünyadan köçürüb.
Əhvalat belə olmuşdu:
Xoy mahalından Rəhim adlı bir kəndli Koroğluya xəbər çatdıra
bilmişdi ki, mahalın hakimi zalım Kəbir xan bir cüt oğlumu şərə salıb
tutdurub, yetişməsən, əldən gedəsidilər. Koroğlu belə haydan qalardımı?!
Xəbəri eşidən kimi, bir dəstə dəli götürüb üz tutdu Xoya. Koroğlu
o zaman özünü yetirdi ki, Rəhim kişinin oğlanları dar ağacının altındadırlar.
Kəbir xan heç belə iş gözləməzdi. Doğrudu, Koroğlunun adı, səsi
İran xanlarının da, bəylərinin də, lap şahın da yuxusunu ərşə çəkmişdi,
day Kəbir xanın ağlına hardan gələrdi ki, o, bu yerdə özünü çatdırar.
Nə başınızı ağrıdım, Koroğlu Kəbir xanın aşına su qatdı. Rəhim
kişinin də, çoxlu yoxsulların da vayını toya döndərdi.
Koroğlu geri qayıtmaq istəyəndə, Rəhim kişinin oğlanları Aşıq
Cünuna yalvardılar ki, Koroğlu bizi də qatsın dəlilərinin cərgəsinə.
Aşıq Cünun Koroğludan iltimas eləyəndə, Koroğlu Rəhim kişinin
üzünə baxdı. Rəhim kişi açıq ürəklə dedi:
– Can Koroğlu! Mənim oğullarım özlərini sənin dəlilərinə tay
tutullarsa, çörəyim itməyib. Kiçik oğlum Paşa bəsimdi. Qoy bunlar da
olsun sənin. Bircə onu arzu eləyirəm ki, toylarında bizi unutmayasan...
Rəhim kişinin mərdanəliyi, oğlanlarının hərəkəti Koroğlunun
xoşuna gəldi. Onları da qoşdu dəlilərin cərgəsinə, üz tutdu Çənlibelə.
Dəstə Xoyun ərazisindən çıxıb Səlmasın ətəyinə çatanda bir tacir
dəstəsiynən qabaqlaşdı. Tacirbaşı canını qurtarmaq üçün uydurdu ki,
Təbrizə gedirəm, hər il orda böyük imam ehsanı verirəm ki, Allah
mənə bir övlad əta eləsin.
Tacirbaşı nə biləydi ki, on ildən bəri zülm eliyib yarı ac-yarı tox,
çox zaman ayaxyalın dəvə ovsarı çəkdirdiyi, dili qarnında bildiyi Yarməmməd
kişi onun yalanını çıxardacaq, üzünə duracaqdı, nə padşahdan
qorxacaq, nə zindandan, nə də dar ağacından.
Yarməmməd kişi Koroğlunu tanımışdı. Ona görə də irəli yeridi,
salam verib dedi:
– Ay yoxsulların pənahı, elin dirəyi! Bu tacirbaşı hər nə ki ərz
elədi, hamısını yalan dedi. Bunun düzdü, züryəti yoxdu, amma züryətdən
ötəri bir qara quruş da xərc eləmir. Bunun peşəsi padşaha qulluq
eləmək, həm onu dünyanın az tapılan naz-nemətiynən təmin eləmək,
həm də ona məmləkətin baş tərpədən iyidlərinnən yalan-gərçək
xəbər çatdırıb onları güdaza verməkdi. Məni də ölümə verirdi, and
içdirib dar ağacından qurtarıb ki, ömrüm boyu beləcə ayaqyalın ovsar
çəkəm. Əgər bunun insafı varsa, niyə mənim halım-günüm budu?
Kişinin halı hamının ürəyinə od saldı, Koroğlunun sinəsinə dağ
çəkdi. O, dəli bir nərə çəkib hökm elədi, tacirbaşı ilə Məmmədyarın
geyimini dəyişdirtdi. Sonra da tacirbaşının toruna düşənlərin istəyənini
xilas eləyib evinə göndərdi. Tacirbaşıya üz tutdu:
– Səni öldürmürəm. Elə bilmə ki, sənə rəhmim gəlir. Yox, səni
öldürmürəm ona görə ki, gedib qulluq elədiyin şaha deyəsən ki, bu
dəfə onun üçün apardıqlarını paylayacağam bu mahalların yoxsullarına.
Qoy onların da ömründə bir dəfə ağızlarına şah yemi dəysin.
Bir də deyərsən ki, məmləkətində törətdiyi bu zülmə son qoymasa,
Çənlibeldən köçüb Savalanda məskən salacağam!
Tacirbaşı zarıya-zarıya dedi:
– Koroğlu, sənin mərdliyin aləmə bəllidi. Mərdlik elə, atımı, bir
neçə günlük də azuqə verdir mənə gedib bir yana çıxım.
Koroğlu güldü:
– Tacirbaşı, bəlkə də mənim mərdliyim aləmə bəllidi, onu yaxşı
bilmirəm. Amma onu bilirəm ki, ağlım başımdadı, axmaq deyiləm.
Sən gərək bu paltarda, bu kökdə gedib bir yana çıxasan ki, elədiyin
zülmün qədərini biləsən. Bir də, qorxma, sən də axmaq döyülsən ki,
bu aralarda tacirbaşı olduğunu bildirib özünü əcəlin əlinə verəsən.
Get, sənə yaxşı yol!.. Amma tapşırığımı unutma ha!
Bəli, Koroğlu dediyi kimi də elədi. Padşaha gedəsi nə vardısa yol
uzunu paylaya-paylaya üz tutdu Çənlibelə. Dəlilərin kefi qalxmışdı
ala buluddan yuxarı. Arazı keçəndən bir gün sonra Koroğlu gözəl bir
seyrangaha çatdı. Yönü bu tərəfə gedəndə də bu çəməngahdan keçmişdi,
amma dayana bilməmiş, əhd eləmişdi ki, gərək qayıdanda
burda bir mənzil eliyib dəlilərə dinclik verəm. O saat hay vurdu, dəstə
töküldü çəməngaha, çadırlar quruldu. Koroğlunun göstərişi ilə bir
çarhovuzun başında lap iri çadır qurdular ki, burada oturub söhbət
edəcək, aşıq Cünuna qulaq asacaqdılar.
Dəlilər beş gün idi dincəlirdilər. Onlar məşq zamanları Süleymanı
da, Kərimi də bütün sınaqlardan keçirmişdilər. Hər iki qardaş şeşpər
şaqqıldatmaqda, nə bilim, bütün dava fəndlərinin hamısında Koroğlunun
da, aşıq Cünunun da, bütün dəlilərin də ürəyincə imtahan vermişdilər.
Yenə axşam yeməyindən sonra hamı böyük alaçığa yığışmışdı.
Halaypozanın xahişi ilə aşıq Cünun təzə igidlərə ləqəb verəcəkdi.
Dəlilər yerbəyer olanda Koroğlu aşıq Cünunun üzünə baxdı. Aşıq
Cünun sazı köynəyindən çıxardı, durub ortaya çıxdı, sazını zilini zil,
bəmini bəm elədi, sinəsinə basıb oxudu:
Çox dolandım, dağlar gördüm dünyada,
Çənlibelin uca dağı gözəldi!
Ağqayanın düşmən keçməz keçidi,
Güllü yalın cüt bulağı gözəldi!
Söz dəliləri yerindən oynatdı. Onların alqış səsləri çadırı titrətdi.
Koroğlu gördü burnunun ucu göynədi, gözləri yaşardı. Yadına saldı ki,
bircə dəfə də burnunun ucu Nigar xanım:
...Hər quş balasıynan gəzər,
Niyə sənin balan yoxdu?
– deyəndə belə göynəyib. Amma özünü o yerə qoymadı, zarafata salıb
aşıq Cünunu qınadı:
– Nə tez qəribsədin, ay aşıq Cünun, Çənlibeldən ötəri? Bura da
səfalı yerdi, dedim dəlilər bir-iki gün dincəlsin! Sən Halaypozanın
xahişini yerinə yetir. Yoxsa ehtiyat eləyirsən ki, tacirbaşı özünü şaha
yetirər, xəbər verər, şah dalımızca düşər? Qorxma, tacirbaşının öyüdnəsihətini
yaxşı vermişəm, sən öz işində ol.
Aşıq Cünun bir az da təsirləndi, avazını bir xeyli ucaltdı:
Çəyirtkəyə nəsihətlə kar aşmaz,
Ölmüşləri zəmilərə daraşmaz.
Koroğluya arxayınlıq yaraşmaz,
Dəlilərin qovğa çağı gözəldi!
Söz Koroğlunu bərk tutdu. Yenə sağ əli ilə bir sığal sol bığına, bir
sığal da sağ bığına çəkdi, istədi ki, dinsin, baxdı ki, aşıq Cünun düz
ayaq pərdədən başlamaqdadı. Dinmədi, Aşıq Cünun sözünü tamam
elədi:
Aşıq Cünun, qəmin nəyin qəmidi?
Sözünü de, işrət eylə, dəmidi.
Qıy vuranda Kərim qartal kimidi,
Süleymanın ox atmağı gözəldi!
Yenə “afərin! əhsən!” sədaları çadırı doldurdu. Koroğlunun eyni
lap açıldı:
– Sözünün axırını yaxşı gəldin, ay Aşıq Cünun! Yoxsa elə bu sahat
yola düşmək əmrini verirdim. Amma...
Koroğlunun sözü ağzında qaldı. Keşikçilərdən biri içəri girdi, irəli
yeriyib dedi:
– Koroğlu, xeyli aralıda, günbatan tərəfdə bir böyük karvandı-nədi
düşüb...
Koroğlu da onun sözünü yarımçıq qoydu:
– Niyə karvandı-nədi deyirsən, bilmədin ki, nəçidi, nəkaradı?
– Yox, Koroğlu, bunu əssah öyrənə bilmədik. Kilid Qulamın biz
günbatan tərəfindəyik. Gördük o tərəfdən zurna-dəf səsi gəlir. Demirəmmi
xeyli aralıdı. Yavaş-yavaş gedib yaxınlaşdıq, elə onu əssah
eliyə bildik ki, böyük yığıncaqdı. Deyəsən toy dəm-dəsgahdı. Belə
məsləhət elədik ki, xəbər verək, necə desəniz, elə də iş görək.
Koroğlu soruşdu:
– Deyirsən toy dəm-dəsgahına oxşayır, hə?
– Bəli, Koroğlu.
Koroğlu üzünü Halaypozana tutdu:
– Bir dəstə götür, çox yaxın düşməyin, dəyib-dolaşmayın. Elə
üstlərində göz olun. Tərpənsələr, qoymayın. Gecələməli olsalar,
səhərə qədər gözləyin, səhər kim olduqlarını ayrıd elərsiniz.
Tüpdağıdan: – baş üstə, – deyib ayağa qalxdı. İstədiyi iyidlərdən
bir neçəsinə işarə elədi, çıxdılar. Koroğlu üzünü tutdu aşıq Cünuna:
– Aşıq Cünun, afərin sənə ki, təzə iyidlərin ləqəbini lap ürəyimcən
verdin! Ox Süleyman. Qartal Kərim! Yaraşır! Mübarək olsun!
Hamı bir ağızdan “mübarək olsun” dedi. Koroğlu sözünü davam
elədi:
– İş də ki, belə düşdü, arxayın söhbətini elə, səhəri gözləməli
olduq.
Bəli, səhər açıldı, həmişə səhər üzünüzə xeyirə açılsın! Halaypozan
gördü bu dəm-dəsgah lap böyükdü, özü də arxayınlıqdı, hələ
tərpənməknən işləri yoxdu. Bir az da gözlədi, lap işıqlaşdı, hamı qalxıb
yuyundu. Gün çırtanda üç nəfər də götürüb yeridi düşərgəyə. Birisi
qabaqlarına durdu:
– Kimsiniz, kimi istəyirsiniz?
– Elə bu dəstənin başçısını görmək istəyirik, qardaş.
– Elə bilirsiniz ki, asandı bu dəstənin başçısını görmək?
– Niyə çətindi ki?
– Bilirsiniz bu dəstənin başçısı kimdi?
– Yox, bilmirik. Bilmək istəyirik.
– Elə onçun belə danışırsınız da!
– Yoxsa necə danışardıq ki?
– Yoxsa? Yoxsa diliniz söz tutmazdı!
– Niyə?
– Deyim, onda bilərsən! Bu dəm-dəsgah İrəvan sərdarı Hüseynəli
xanındı, bildin?
– Bildim. Bilirsən mən kiməm?
– Kimsən?
– Qoç Koroğlunun dəlisi Halaypo...
Halaypozanın sözü ağzında qaldı. Bu adam Koroğlunun adını eşidən
kimi çul təkin sərildi yerə, de bildirmi ölübsən, yoxsa bu ilmi. Ona
kimi iki başqası özünü yetirdi. Birisi qıjqırıldı Halaypozanın üstünə:
– Neylədi, ə buna?!
– Heç nə.
– Bə niyə belə oldu bu?
– Onu sən bilərsən. Yəqin üstündə ürəkgetməsi varmış. Biz ondan
Hüseynəli xanı soruşduq, o da beləcə sərildi yerə.
– Neynirsiniz siz Hüseynəli xanı?
– Elçiyik, sözümüz var.
– Kimin elçisisiniz?
– Koroğlunun.
– Nə-ə-ə-ə?..
Onu da, yoldaşını da əsməcə tutdu. Amma huşdarı başlarınnan
çıxmadı. Eləcə dilləri qıfıllandı, gecdən-gec birinin dili topuq vurmağa
başladı:
– Ge-ge-gedək.
Hüseynəli xanın çadırının qapısında üç adam siyirmə qılınc dayanmışdı.
Bu gələnin diribaşı birinin qulağına pıçıldayanda əlinnən qılınc
düşdü. Məxləs, Hüseynəli xana çatdırdılar ki, üç adam qapıda durub
onu görmək istəyir. Özdəri də deyirlər ki, Koroğlunun elçiləriyik.
Hüseynəli xanın da canına üşütmə düşdü. Amma özünü bir təhər toxdadıb
əmr elədi ki, çöldə qollarını bağlayıb gətirin içəri. Çöldə istədilər
ki, bunların qollarını bağlasınlar, Halaypozan birisinə bir şapalaq
çəkdi, yazıq yeddi dəfə fırranıb düz iyirmi arşın aralıda cüllandı yerə.
Bunu görəndə o birilər əl tərpətmədilər, Halaypozan onları o tərəf bu
tərəfə itələyib girdi içəri. Hüseynəli xan udqunub qışqırdı:
– Bu nə ədəbsizlikdi?!
– Ədəbsizlik sizdən baş verdi, xan! Bu da təzə qaydadı ki, elçinin
qapıda qollarını bağladıb qəbul eləyəsən?
Hüseynəli xanın ağlı təzə-təzə başına yığıldı. Baxdı ki, yaman
yekə qələt eləyib. Amma özünü toxdaq tutub dedi:
– Bu hansı qaydadı ki, hər yetən özünü Koroğlunun elçisi adlandırır.
– İnanmamaqda haqlısan, xan. Amma bu həqiqətdi ki, mən Koroğlunun
elçisi yox, dəlilərinnən biri Halaypozanam. Özü də Koroğlunun
tapşırığı ilə axşamdan bəri sənin keşiyini çəkmişəm. İndi də bilməliyəm
ki, haradan gəlib haraya gedirsən.
Hüseynəli xanın gözləri irildi:
– Doğru deyirsən?
– Bizim dilimizə yalan gəlməz, xan!
– Hardadı indi Koroğlu?
– Qapıya çıxsan, əl qoyub gözünün üstünə baxsan gündoğana,
görərsən!
– Doğru deyirsən?
– İnan, xan! Yalan xanlarda, paşalarda olur, bizim kimilərə verirlərmi,
bizdə də ola!
Hüseynəli xan başını əllərinin arasına aldı, bir xeyli fikirləşdi,
sonra birdən başını qaldırdı:
– Sən niyə mənə xan deyirsən ki?
– Bəs nə deyim, xan?
– Axı mən xan deyiləm!
– Bəs nəsən, xan?
– Mən bir tacir oğluyam. Dədəm məni nişanlandırandan sonra,
Allah ölənnərinə rəhmət eləsin!..
– Allah rəhmət eləsin!
– Hə, atam məni nişanlandırandan sonra toyuma hazırlaşanda vəfat
elədi. Üç ildi yasını saxlayıram. İndi bu elimnən-günümnən gedirəm
gəlinimi gətirməyə...
– Yalanı tərgit, xan. Sən İravan sərdarı Hüseynəli xansan. Mən də
Xoy mahalının xanı Kəbir xanın kiçik qardaşıyam. Biz bir dəfə görüşmüşdük
axı. Niyə yadından çıxıb? Özüm elə dedim ki, sənin bu dələduz
keşikçilərin mənə dəyib toxunmasın.
Hüseynəli xanın gözləri dirildi. Baxdı ki, canının uyuşuğu açılır.
Ərklə Halaypozanın sinəsinə bir pəncə vurdu, sevinclə dedi:
– Bəs niyə mənim ürəyimi üzürsən, ay zalım!
– Ürəyin niyə üzülür axı?
– Ə, bilmirsən, Koroğlunun özü bir şey olmasa da adı yaman ağırdı?
Eşidəndə adamın ürəyi üzülür? Ə, mənim huşuma bax! Bir fikirləşmirəm
ki, axı Koroğlunun buralarda nə azarı ola! Çənlibel hara, buralar
hara?.. Həə, de görüm Kəbir xan necədi, özün nə təhərsən? Deyirəm
axı, ay Allah, bu mənə tanış gəlir, hardasa görmüşəm bunu!
– Tanıdın indi?
– Bə tanımayanda!..
– Bax belə! Sən necəsən?
Tüpdağıdan belə deyib guya ərklə onun sağ çiyninə yaxın döşünə
bir balaca pəncə vurdu. Hüseynəli xan şırp dalı üstə dəydi yerə. Gözlərinə
qaranlıq çökdü, elə bildi ki, bir yanını çapdılar. O özünə
gələnəcən Halaypozan əlindən tutub qaldırdı. Hüseynəli xan bir az o
tərəf bu tərəfə səyəlləndi, yox-yox bir təhər özünü toxdatdı:
– Ə, səni and verirəm allaha, de görüm kimsən?
– Yalana-yalan oldu, bədələ-bədəl, xan, allaha niyə and verirsən,
mən Halaypozanam...
Bu dəmdə qapıdakı dəlilər dözə bilməyib girdilər içəri ki, ay
qardaş, ay Halaypozan, niyə belə ləngiyirsən, indicə Koroğlu dalımızcan
adam göndərəcək axı!..
Hüseynəli xan baxdı yox, karvanı yaman yerdə axşamladıb. Yenə
başını aldı əllərinin arasına, bir xeyli fikirləşəndən sonra birdən qalxdı
ayağa:
– Deyirsən Koroğlu bu yaxındadı hə?
– Bəli, xan.
– Gedək onun yanına.
– Gedək.
Hüseynəli xan adamlarına tapşırıqlar verib düşdü Halaypozanın
yanına.
Bu tərəfdən də Koroğlu istəyirdi ki, Halaypozanın dalısıncan adam
göndərsin, bir də baxdılar, budu, Halaypozan yanında da birisi gəlir.
Hüseynəli xan yaxınlaşanda qılıncını açıb saldı boynuna.
Koroğlu öyrənəndə ki, bu İravan sərdarı Hüseynəli xandı, hay
vurdu hamı toplaşdı böyük çadıra. Hər kəs öz yerində əyləşəndə
Hüseynəli xan elə qılıncı boynunda yeridi Koroğlunun qabağına, diz
çöküb dedi:
– Koroğlu, mən İravan sərdarı Hüseynəli xanam. Bu aydındı ki, biz
düşmənik. Bu yerdə mənim səndən aman istəməyə haqqım yoxdu.
Amma izn ver, utanmazlıq eliyim, səndən aman istəyim!..
– İstə, xan.
– Halaypozan yaxşı gördü. Eşitdiyimə görə axşamdan bəri sənin
gözün mənim karvanımda olub. Bilməmiş olmazsan ki, bu karvan toy
karvanıdı.
– Öyrənmişəm, xan.
– Gör, mümkündürsə, aman ver, məni muraz üstə qoyma!
– Toy sənindi, xan?
– Bəli, qoç Koroğlu!
– Yalan demirsən ki?
– And olsun bir olan Allaha, yalan demirəm!
Koroğlu Halaypozanın üzünə baxdı. Halaypozan dedi:
– Düz deyir, Koroğlu, öyrənmişəm, toy xanın öz toyudu.
Koroğlu məclisə göz gəzdirdi. Hamının üzündə mərhəmət gördü.
Təkcə tacirbaşının paltarını geyinmiş kişini üzündən narahat gördü,
istədi onu dindirsin, amma nə fikirləşdisə, ayrı şeyə yozub dindirmədi.
Bunu kişi də hiss elədi, ürəyi atlandı, amma Koroğlunun onu belə
süzüb dindirməməsi halını bir az da pozdu. Çünki kişinin sözü vardı,
amma cürəti çatmırdı dinsin, sözünü desin. Koroğlu hamının üzündən
oxudu ki, xana aman vermək olar. O dinmək istəyəndə, xan onu
qabaqladı, əvvəlcə istədi desin ki, qəfləmdə dünya malından nəyim
varsa götür, məni azad elə, ürəyi gəlmədi, bu fikrini udub dedi:
– Əgər aman vermək mümkün olmasa, qoç Koroğlu, heç qılıncını
mənim mundar qanıma bulama, öz qılıncımnan vur boynumu...
Koroğlu ikrah duydu, qaşlarını çatdı:
– Kişisən belə əzilmə, xan! Amandasan.
O, üzünü Halaypozana tutdu:
– Halapozan, apar bunu hardan gətirmisən, qoy orda. Özü də gör
tacirin qəfləsində layiqli bir şey varsa, adınızdan qoy xana toypayı
olsun.
Elə bil bütün dünya verdin xana. Çadırdan çıxmağa ürəyi tələssə
də, özünü ağır göstərməyə çalışdı.
Tacirbaşının paltarını geymiş kişi yenə bir-iki dəfə udqundu, ağzını
açmaq istədi, bacarmadı. Ürəyində özünü söydü, danladı ki, vallah,
mənim kimi qorxaq yaşamaqdansa yaşamamaq yaxşıdı. Niyə mən dinə
bilmirəm axı? Koroğlu məni asmayacaq ha. İravanın sərdarına rəhm
eliyən adamdan da adam çəkinərmi? Amma baxdı ki, daha gecdi,
Hüseynəli xan çadırın ağzına çatıb. Elə bu dəmdə Hüseynəli xan da
fikirləşdi ki, ay evim yıxılsın, niyə belə gedirəm, heç olmasa yalandansa
da niyə guruldamıram? Qoy deyim ki, bəlkə sizə bir şey lazımdı.
Qoy bir dil-ağız sada eləyim dana! Ona görə də çadırın qapısının
ağzında dayandı, geri döndü:
– Koroğlu, sən səxada da məni üstələdin. Sənin ayağından öpməyə
özümü layıq bilmirəm, heç olmasa, icazə verərdin, atının dırnağından
öprədim, bu eyilikdən bir misqal çıxardım...
Koroğlu gördü xan xərifləyir, dedi:
– Xan, yaxşı olar heç bu təmənnaha düşməyəsən. Bil ki, Qırat
dost-düşməni məndən yaxşı tanıyır...
Xan bir də geri dönmək istəyəndə elə bil kişiyə cürət gəldi, dili
açıldı, Koroğluya dedi:
– Koroğlu, izn versəydin, mənim xandan bir sualım vardı...
Xan istədi ki, sıpıxsın, Koroğlu onu dayandırdı:
– Xan, zəhmət olmasın, bu kişinin sözü var deyəsən.
Xan dedi:
– Koroğlu, bu kişinin nə sözü olasıdı ki. Sən qanını içməyə hazır
olduğun düşməninə aman verirsən. Bilirsən ki, aman verdiyin bu adamın
dünya boyda günahlarından keçirsən. Day bu kişinin nə sözü ola?
– Niyə, qoy arzusu qalmasın.
– Nə deyirəm.
Xan kişinin yör-yöndəmindən baxdı ki, bu, Koroğlu dəlisi döyül,
tacirdi. Bildi ki, tacirdən xeyirli söz çıxmaz, nədisə paxıllığından bir
çuğulluq eləyəcək, onu da Koroğlu vecə qoymayacaq. Amma kişi heç
kimin gözləmədiyi bir sualla xana müraciət elədi:
– Xan, mən bilmək istəyirəm görək sən toy eləyib evinə gətirəcəyin
qız səni istəyir, ya yox?
Çoxları sualı yersiz hesab elədi. Kimi açıqda, kimi ürəyində kişiyə
güldü. Hüseynəli xan bunu sezdi, odu ki, bir az da təmkinlə cavab verdi:
– Əmi, bizim şəriətə görə qız istəməsə, kəbin kəsilməz, kəsilsə də
baş tutmaz.
– Ürəkdən deyirsən bu sözü?
– Bəli, ürəkdən!
Kişi Koroğluya tərəf döndü:
– Koroğlu, xan yalan deyir. Onunku muraz deyil, şəhvətdi. Mən
bildiyimi deməsəm, günaha bataram. Elə az qalmışdı ki, günahkar olum.
Mənim bildiyim də budu ki, bu xan o qızı alsa, özünə övrət eləsə, zülm
əli ilə iş görür.
Hamı bir-birinin üzünə baxdı. Koroğlu qaşlarını çatdı:
– Xan, bu sözə cavabın nədi?
– Koroğlu sağ olsun. Mən yaxşı görürəm ki, bu adam sizdən deyil,
bizdəndi. Nədisə, bunun mənnən qərəzliyi var, yalan danışır.
Koroğlu dedi:
– Bu şəksizdi ki, bu arada yalan var. Amma yalanın bu kişidəmi,
yoxsa səndəmi olduğunu aydınlaşdırmaq müşküldü...
Koroğlu fikir içində üzünü aşıq Cünuna tutdu:
– Aşıq Cünun, bizə kömək elə, çətinə düşmüşük.
Aşıq Cünun irəli çıxdı, üzünü xana tutdu:
– Xan, nişanlın hardandı, kimlərdəndi?
Xan çətinə düşdü, kəkələdi. Kişi dedi:
– Koroğlu, bunun nişanlısı Muradbəylidəndi. Sənin dədənin düşməni
olan Həsən xanın qızı Mərcan xanımdı.
Koroğlu soruşdu:
– Xan, aşıq Cünuna cavab ver, kişi düzmü deyir?
Kişinin düşmənçiliyi araya atması xanın ümid çırağına yağ saldı,
odu ki, dedi:
– Düz deyir, Koroğlu.
Aşıq Cünun dedi:
– Onda burda bir çətinlik yoxdu. Muradbəyli çox da uzaq döyül,
adam göndərrik, öyrənər. İşi belə quraq. Xan nişanlısına öz dəstiynən
bir namə yazsın ki, filan şəhərdəyəm, gəlirəm, burda kamil bir zərgərə
rast gəlmişəm, biləyinin ölçüsünü ver, sənə bir cüt təzə bilərzik
bağlatdırım. Naməni xanın inandığı adam bizim də bir adam aparar,
hər şey aydın olar.
Bu tədbir xanın ürəyinə od saldı. Koroğlu yenə işi tapşırdı Halaypozana:
– İşi yönünə qoy. Bizdən kim getsə, özünü xanın yaxın adamı kimi
göstərsin. Amma tez qayıtsınlar.
Naməni xana yazdırdılar. Halaypozan Koroğlunun tapşırığı ilə xanı
öz çadırında göz dustağı elədi. Qəfləsinə gözətçilər qoydu, xanın baş
vəziri ilə bir adam göndərəsi olanda Qartal Kərim yalvardı ki, qoy
mən gedim. Halaypozan Koroğluya gənəşdi, Koroğlu buna da razılaşdı.
Vəzirlə Qartal Kərim atlarına mindilər və nəzərdə tutulduğu
vaxtdan tez özlərini çatdırdılar Muradbəyliyə.
De Həsən xanın oğlanları özlərini ləlik-giryan elədilər. Vəzir
gəlməklərinin məqsədini bildirəndə, belə məsləhət gördülər ki, onlar
Mərcan xanımın imarətinə, onun yanına getsinnər. Belə də elədilər.
Mərcan xanım qonaqlarını hörmətlə qəbul elədi. Vəziri tanıyırdı, odu
ki, vəzirdən xəbər aldı:
– Vəzir, bu oğlan kimdi, xanın nəyidi?
Əvvəldən şərtləşdikləri kimi vəzir Qartal Kərimi Mərcan xanıma
təqdim elədi:
– Xanın bacısı oğludu, xanım. Adına Qartal Kərim deyillər. Xanın
istəklilərindəndi.
Mərcan xanım Qartal Kərimi bir də başdan ayağa, ayaqdan başa
süzdü, gülümsəyib dedi:
– Adam heç inana bilmir ki, bu oğlan Hüseynəli xanın bacısı
oğludu. Heç yaraşdıra bilmirəm.
Vəzir biclikdə tülkünü suya susuz aparar, susuz gətirərdi. O saat
məsələni anladı, yozdurdu:
– Haqqın var, xanım. Kərim xanın ögey bacısının oğludu, rəiyyət
qızından olub, ömrünün çoxunu kənddə keçirib.
Mərcan xanım köks ötürdü:
– Deyirəm axı!.. Hə, qonağa niyə gəlmisən deməzlər. Amma bilirəm
ki, siz bir işə gəlmisiniz, eşidirəm, vəzir.
Vəzir qurcalandı, boğazını arıtdı içini çəkdi:
– Gəlməyimizin məqsədini Kərim deyəcək, xanım.
Mərcan xanım Kərimin üzünə baxdı, çalışdı ki, gözləri ilə gözlərini
tutsun, Qartal Kərim imkan vermədi, gözünü yerə dikib dedi:
– Dayım namə də yazıb. Dilcavabı da deyim ki, zərgər çox mahir
sənətkardı.
O, naməni Mərcan xanıma verdi. Mərcan xanım oxuyub güldü, elə
gülə-gülə dedi:
– Kərim, bir mənim gözümə bax görüm!
Kərim bir təhər özünü ələ alıb Mərcan xanımın gözünün içinə
baxmağa çalışdı. Mərcan xanım soruşdu:
– Deyirsən, zərgər çox mahirdi hə?
– Mahirdi, xanım.
– Dayını çox istəyirsən, Kərim?
– Bəli, xanım.
– Dayın da səni çox istəyirmi?
– Çox istəməsə, bu işə məni göndərərdimi?
– Olsun. Bircə numut aram olun, namənin cavabını yazım, aparın.
Onlar gözləməli oldular. Mərcan xanım o biri otağa keçdi. Amma
cavabın yazılması xeyli ləngidi. Nəhayət, Mərcan xanım cavabı Qartal
Kərimə təqdim elədi:
– Qartal qardaş, əminəm ki, naməni yolda oxuyan olmayacaq.
Amma əgər doğrudan da sən dayını, dayın da səni çox istəyirsinizsə,
orda dayından təvəqqə elə, qoy elə oxusun ki, sən də eşidəsən.
– Baş üstə, xanım! Əminəm ki, dayım mənim belə təvəqqəmi rədd
eləməz.
Vəzir çox yaxşı bilirdi ki, Mərcan xanımın naməsindən nə xana,
nə də onun adamlarına uğur gətirəsi heç nə olmayacaqdı. Ona görə də
çox fikirləşdi ki, yolda naməni Qartal Kərimin əlindən çıxarsın, amma
bacara bilmədi. Həmin günün səhərisi gün çeşt yerinə qalxanda özlərini
yetirdilər Koroğluya. Koroğlu yenə hamını yığdı böyük çadıra,
xanı da gətirtdi, naməni verdi ona, özünə də tapşırdı ki, cavabı bərkdən
oxusun. Xan nə qədər elədisə dili söz tutmadı. Koroğlu baxdı
xanda namə oxuyası hal yoxdu, üzünü tutudu aşıq Cünuna:
– Aşıq Cünun, deyəsən, xanın savadı çatmadı, al naməni oxu görək
kişinin nişanlısı nə yazır.
Aşıq Cünun naməni aldı, baxanda heyrət elədi:
– Can Koroğlu, qız naməsini şeirnən yazıb. Bu, qoşmadı. İzn ver,
saznan oxuyum, günah eləməyək. Axı qoşmanı saznan oxumamaq
günahdı.
Koroğlu izn verdi, aşıq Cünun yenə sazının aşıqlarına əl atdı, saz
eləyib sinəsinə basdı, oxudu:
Məhəbbət satılmaz dünya malına,
Bir yaxşı fikirləş, xan, ağlın olsun!
Səndəki eşq deyil, uyub şəhvətə
Az belə giryan ol, yan, ağlın olsun!
Leyliyəm, Məcnunum səhra dolaşır,
Əsliyəm, Kərəmim Ərzurum aşır,
Sənə olan kinim qaynayıb daşır,
İçmək istəyirəm qan, ağlın olsun!
Məramım özgədi, olmuram aram,
Gündə göz-göz olub deşilir yaram.
Məzarın olaram, sənin olmaram,
Mərcan bir də deyir, qan, ağlın olsun!
Düşmən qızı olsa da, Koroğlu da, aşıq Cünun da, bütün dəlilər də
Mərcan xanımda olan əhdə, ilqara, vəfaya, ağıla, kamala əhsən dedilər.
Koroğlu hay vurub qərar, göstəriş verdi:
– Hüseynəli xanı verirəm Yarməmməd kişinin ixtiyarına. Qoy
necə bilir elə də cəza versin. Amma qalan qəflə nə varsa, verin vəzirə,
yola salın getsin. Özünüz də yığışın, düşək yola, çox gecikdik, indi
Çənlibelin gözü yolda qalıb.
Demə, Yarməmməd kişi Hüseynəli xandan çoxdan yanıqlıymış.
Öz bildiyi kimi cəhənnəmə vasil elədi. Koroğlunun dəstəsi günorta
yeməyindən sonra üz tutdu Çənlibelə.
Hüseynəli xanın ölümü Mərcan xanımı nə qədər sevindirdisə, toy
ağamatının əldən çıxması Mahmud xanı bir o qədər yandırdı...
Aradan çox keçmədi, gün o gün oldu Mahmud xanın taleyi təzədən
gətirdi, baxt ulduzu lap yüksəkdən doğdu: xotkar çağırıb Bayazidin
paşalığını tapşırdı ona, bacısı Mərcan xanımı da nişanladı vəlihədi
Əmir xana.
Amma Mərcan xanım iki ayağını bir başmağa qoydu ki, da mən
ərə getmirəm...
Mahmud paşa çox yaxşı bilirdi ki, onun ayağına cidar olan bu
qohumluğa xələl gətirən Kankanoğludu. Odu ki, onu bir yanlıq eləməkdən
ötrü fürsət gəzirdi.
Eyvaz tutulub zindana salınan günün səhərisi Bayazid ətrafında nə
qədər əli qılınc tutan varıydısa, yığılıb zindanı dağıtmaq, Eyvazı xilas
eləmək üçün tədbir tökməyə başladılar. Kankanoğlu da bu dəstədəydi.
O necə deyəllər, bu işi düzəldən, dəstəyə başçılıq eliyən elə onun
özüydü.
Eyvaz tutulanın üçüncü günü Kankanoğlu dəstəni çəkdi bir tərəfə.
Dəstə çox böyük olduğundan onu böldü kiçik dəstələrə. Onlara başçılar
seçdi. Hansı dəstənin hayandan gələcəyini, kimin nə iş görəcəyini,
dönə-dönə tapşırandan sonra, gedib müəyyən olunmuş vaxdı, işarəni
gözləməyi tapşırdı. Hamı öz kəm-kəsirini düzəltməyə, vaxdı gözləməyə
dağıldı. Kankanoğlu da evə gəlib hazırlıq görməyə başdadı.
Kankanoğlu təzəcə qılıncını silib qınına qoymuşdu. Səlim qapıdan
girdi:
– Böyükkişi, Mərcan xanım dedi ki, onnan vacib işim var, özünü
yetirsin mənə.
Kankanoğlu istədi ki, getməyə, amma özünü saxlıya bilməyib
Səlimnən paltarını dəyişdi.
Kankanoğlu özünü yetirdi Mərcan xanımın qulluğuna. Mərcan
xanım onu çəkib apardı düz zirzəmisinə. Qarşısında oturdub gözlərini
dirədi gözlərinə, yazıq-yazıq dedi:
– Böyükkişi! De görüm, mana olan məhəbbətindən bir nişana
qalıb, ya yox?!
Kankanoğlu hələ vəziyyətdən, məqsəddən baş çıxarmasa da dedi:
– Mərcan xanım! Mənim sənə olan məhəbbətimi soruşursansa, hər
gün birə min qat artır! Amma özün bilirsən vəziyyət pisdi. Mən bir lüt
kankan oğluyam, pulum yox, dövlətim yox, şan-şöhrətim yox...
Qardaşın da satır səni pula, şöhrətə?..
Mərcan xanım dayana bilmədi:
– Düz danışmırsan, əzizim! Sən öz qiymətini yaxşı bilmirsən.
Qardaşım məni şöhrətə satırsa, gərək, ağlı olsa, elə sənə verəydi.
– Görmürsənmi, heç Allah da kasıbın tərəfində deyil! Təzəcə
Hüseynəli xandan xilas olmuşduq, Əmir xanı ariz elədi bu yandan!
Day bundan belə biz neyliyə bilərik, hansı səmtə üz tutub bir sığınacaq
tapa bilərik ki, xotkarın hökmü oraya işləməsin, bizi axdarıb tapmasın,
məhəbbətimizi daşa vurmasın?! Gəl daha sən məndən əl çək, get
Əmir xana, sən xoşbəxt ol!..
Mərcan xanım dedi:
– Sən doğru danışırsan, Böyükkişi! İndi iş çox pis yerə ilişib, karvanımız
yaman yerdə axşamlayıb! Durduqca işlər dolaşıb bu yerə
çatdı. Mən bir yer bilirəm ki, oraya xotkarın yox, lap babasının da
hökmü işləməz! Oraya qaça bilsək, kamımıza çatar, qorxusuz yaşayarıq!..
– Sən nə danışırsan, Mərcan xanım?! Osmanlı torpağında o necə
yerdi ki, xotkarın hökmü oraya işləmiyə, orda rahat yaşamaq ola?! De
görüm, o necə yerdi ki, mənim kimiləri orda muradına çata, kamına
yetişib xoşbəxt ola?! Görəsən, yer üzündə elə bir bucaq, elə bir torpaq
var?!
– Day hələ o yerlərə əl atma, çox uzaqlara gedib özünü yorma. De
görüm, qaçmaqnan necəsən?
– O yer məni çox düşündürür axı!
– Dedim çox özünü yorma. Ora çox da uzaq deyil! Amma yolu çox
çətindi. Necəsən qaçmağınan?
Sualın təkrar olunmağı Kankanoğlunu aldı:
– Qaçaq deyirsən, qaçaq də!..
Mərcan xanımın qaşları çatıldı:
– Bu necə cavabdı, Böyükkişi?!
Kankanoğlu dilini belə sürüdü ki, Mərcan xanımnan söz ala.
Amma baxdı qəlbinə dəydi. Odu ki dedi:
– Mərcan xanım! Mən başımnan, canımnan hazır. Di vaxt qoy,
hazırlaş!
– Vaxt?.. Vaxt bu gecə!..
Kankanoğlunun boğazı quruyan kimi oldu. Duruxdu, dillənmək
istədi, nə deyəcəyini bilmədi.
Mərcan xanım onun bu halını görüb dedi:
– Bu nə sifətdi, sən düşdün, ey iyidliyi aləmə səs salmış Kankanoğlu?!
Mən necə olub ki, indiyəcən sənin belə qorxaq olduğunu
bilməmişəm?! Bu hal qorxaqlıqdan çox, dönüklüyə oxşayır. Bəlkə də
mənnən döyülsən?! Belədirsə, gedib evində otura bilərsən!..
Qəzəbdənmi, qəhərdənmi, bilmirəm, Mərcan xanımın gözləri
dolmuşdu. O, durmaq istəyəndə, Kankanoğlu biləyinnən yapışdı:
– Mərcan! Bilirsən mən heç zaman heç nədən qorxmamışam!
Məhəbbətim də ər məhəbbətidi! Mən sevindiyimnən bu haldayam!..
Amma...
– Ay məhəbbətdə ər olan! Bu yolda amma olmaz! Bu gecə qaçmalıyıq!
Yoxsa, bir də məni o dünyada görərsən!..
– Ay məhəbbət mələyi! Gərək sevənlər o dünyanı dilə gətirməsinlər
axı?!
– Böyükkişi! Sözü uzatdıq. İş o yerdədi ki, biz bu gecə qaçmalıyıq!
Dur! Vaxt itirmə!
Kankanoğlunun yenə rəngi dəyişdi:
– Mərcan, axı bu işdə tələsmək xeyir verməz?! Qoy nizam hazırlıq
görüm! Heç olmasa, bu gecəliyinə aman ver, səhər axşam olum sənin
qulluğunda!
Mərcan xanım ayağa qalxdı:
– Sən ya qorxursan, ya da məndən dönübsən, Kankanoğlu! Sana
can sağlığı! Gedə bilərsən!
Kankanoğlu yenə onu biləklədi:
– Bu darıxmağın səbəbini bilim!
– Səbəbi? Məhəbbət!
– Bilməsəm olmaz, Mərcan!
– Gətir soruşma!
– Bilməsəm, çatdar bağrım!
– Səbəb məhəbbətdi, əsl məhəbbət! Leyli məhəbbəti, Əsli məhəbbəti,
Şirin məhəbbəti! Bir də Məcnun məhəbbəti, Kərəm məhəbbəti,
Fərhad məhəbbəti! Bildin!
– Yaxşı! Bu məhəbbət bu gecə tükənəsidi?!
– Deyəsən əl çəkməyəcəksən axı?
– Əl çəkəsi deyiləm! Səbəbi de!
– Məni səhər göndərirlər İstanbula. Əgər bu gecə qaça bilməsək,
zəhər içəcəyəm!..
Elə bil Kankanoğluna zəhərli ox dəydi. Bir qıvrılıb açıldı, dik ayağa
durdu:
– Hazır ol! Gecə yarı məni gözlə!
– Gecə yarı niyə?
– Onu soruşma!
– Bilməsəm olmaz.
– Yolda bilərsən.
Mərcan xanım baxdı söz çox uzanır, Kankanoğlu da onun dediyini
demir, dedi:
Kankanoğlu, əgər məni sevirsən,
Axşamnan qaçmağa gələsən gərək!
Fərhad kimi külüngünü götürüb
Bisütun dağını dələsən gərək!
Kankanoğlu yenə yalvarmağa başladı:
İltimas eylərəm, ay alagözlüm,
Qoy qalsın vədimiz səhərə, Mərcan!
Nə iş olsa öz yoluna qoyaram,
Çəkərəm hər işi təhərə, Mərcan!
Mərcan xanım dedi:
Qəbul et cananın iltimasını,
Çətindi tutasan mərdin yasını!
Ya siləsən bu könlümün pasını,
Ya mənim yolumda öləsən gərək!
Kankanoğlu baxdı Mərcan xanım onu ölümnən qorxudur, ölümnən
sınayır, dedi:
Tərlan kimi qıy vuraram, uçaram,
Dəmirdən sədd olsa, çeynər açaram!
Ya ölləm, ya səni alıb qaçaram,
Quş kimi qonaram yəhərə, Mərcan!
Mərcan xanım genə baltasını kökdən vurdu:
Mən Mərcanam, yaxşı, yaman seçərəm,
Məhəbbət yolunda cannan keçərəm.
Səhərə qalarasa, zəhər içərəm,
Deyirəm, bu başdan biləsən gərək!
Biçarə Kankanoğlu genə ox dəymişə döndü. Köksünü ötürüb istəristəməz
dedi:
Yazıq Kankanoğlu ahuzardadı,
Bir yannan sevgilim intizardadı, –
Bir bəlli iyidin ömrü dardadı,
Öldürəllər, qalsa səhərə, Mərcan!..
Mərcan xanım qaşlarını çatdı:
– Açıq danış görüm, sən nə danışırsan axı?! Nə iyid, nə dar? Kankanoğlu
qalmışdı odnan suyun arasında. İndi nə eləsin? Eyvazdanmı –
el içindəki adından-sanındanmı, tay-tuş arasındakı hörmətindən,
etibarındanmı keçsin, məhəbbətindənmi?! Sirri açsınmı, açmasınmı?..
Axı, Eyvaz Mərcan xanımın atasının qatillərindəndi! Sirri açsa birdən
qız işi pozar, qardaşına xəbər verər. Açmasa da mümkün deyil. Yox,
yox, dedi:
– Mərcan xanım! Bilirsən ki, qardaşın Eyvaz xanı tutub salıb zindana!
Özü də namərdliyinən tutub! Mərdliyinən tutsaydı, dərd yarıydı,
işim olmazdı!..
Kankanoğlu duruxdu. Mərcan xanım onu tələsdirdi:
– Sözünün canını de görüm.
Kankanoğlu belə hesab elədi ki, işi pozdu, Mərcan xanımı qəzəbləndirdi.
Odu ki, özü də qaşlarını çatıb dedi:
– İndi biz böyük bir dəstə düzəltmişik ki, bu gecə zindanı dağıdıb
Eyvazı qaçıraq!.. Əvvəla, əgər sən də məni mən səni sevdiyimin minnən
bircəsi qədər sevirsənsə, gecə yarıya qədər mana möhlət ver, onu xilas
eliyib, hər hazırlığnan olum yanında! İkincisi də, əgər bu sirri açsan...
Mərcan xanım ona sözünün dalını gətirməyə imkan vermədi,
sarıldı boynuna:
– Ay zalım olmamış! Bunu səhərdən deynən dana! Elə mən də
səni ona görə çağırmışam! Gərək bu gecə Eyvazı xilas eliyək, onnan
bərabər qaçaq Çənlibelə! Mənim dediyim yer bax, o Çənlibeldi!
– Amma mənim tədbirim özgədi: siz düz hərəkət eləmirsiniz.
Bilmirsinizmi paşanın zindanı möhkəm, keşikçisi də çoxdu?! Hələ
deyəsən, paşa zindana basqın olacağından şəkkə düşüb, keşikçilərini
çoxaldıb, ayıq-sayıq durub... Odu ki, sizin tədbiriniz çətin baş tutar,
qanı-qadası çox olar. Çox cavan korranar, bəlkə də Eyvazın ölməyinə
bayıs olarsınız!
– Amma budu, mənim zirzəmimnən zindana beşcə addım yoldu.
Sən bütün yoldaşlarını xəbərdar elə, qoy bu gecəliyə gözləsinlər.
Özün də ürəyinə yatan dostlarınnan birini götürüb əl-ayaq çəkiləndə
ol yanımda. Lağm ataq, Eyvazı qaçıraq! Nə səs olsun, nə qırğın, nə də
qada! Əgər işimiz baş tutmasa, zindan durur, siz durursunuz!..
Kankanoğlu baxdı doğrudan da, bu tədbir onların tədbirinnən çox
yaxşıdı, çox asan, qansız-qadasızdı. Bu fürsət göydən düşmə olduğundan
razılaşdı. Özü də vaxt itirməyib özünü yetirdi dostlarına. Hamını
yığdırdı bir yerə, əhvalatı danışdı. Hamı bu tədbiri bəyəndi. Dəstə
başçılarından biri dedi:
– Tədbir çox ağıllı tədbirdi. Qoy bu kankan Mirzəli olsun Kankanoğluna
yoldaş. Qalan hamı öz dəstəsiynən hazır olsun döyüşə. O
tərəflərdə güdükcü qoyaq. Demək olmaz, birdən burda kələk-mələk,
fel-mel olar.
Bəli, əl-ayağ yığışanda, Kankanoğlu hər bir hazırlığıynan oldu
Mərcan xanımın qulluğunda. Onsuz da Mərcan xanım hər şeyi hazır
eləmişdi. Başladılar işə. Hər iki iyid işə elə girişdi ki, az bir vaxtda
lağm yarıdan keçdi. Amma birdən qabaqları çıxdı sal daşa. Altdan vurdular,
olmadı, üstdən vurdular, olmadı, əlac daşı deşməyə qaldı. Çox
çətinlik çəksələr də, daşı deşdilər...
Səhərə az qalırdı. Eyvaz baxdı qulağına tappıltı gəlir. Qulaq verib
gördü, nədisə, zindandı. Belə hesab elədi ki, Çənlibeldən gəlib zindanı
dağıdırlar. Ürəyi atlandı, öz-özünə oxudu:
Dəli könül, cövlan elə havalan,
Çənlibeldən haray gəldi yetişdi!
Qədirbilən qoç iyidlər atdandı,
Çənlibeldən haray gəldi yetişdi!
Qansız olmaz Koroğlunun meydanı,
Düşmənin yüz olsa, qurtarmaz canı.
Sökülür paşanın dəmir zindanı,
Çənlibeldən haray gəldi yetişdi!
Uçam o dağlara, qayıdam gələm,
Namərd düşmənimin bağrını dələm!
Yolumu gözdəyir anam Zərqələm,
Çənlibeldən haray gəldi yetişdi!
Yağılara ölüm yazan gəlibdi,
Düşmənnərə qəbir qazan gəlibdi,
Tüpdağıdan, Halaypozan gəlibdi,
Çənlibeldən haray gəldi yetişdi!
Kürdoğlu olubdu Eyvaza qardaş,
Dəli Həsən kəsər, dığırranar baş,
Dəmirçioğlu qoymaz daş üstündə daş,
Çənlibeldən haray gəldi yetişdi!
Söz tamama yetər-yetməz, Kankanoğlu hazır oldu Eyvazın yanında.
Cumdu ki, Eyvazın əl-ayağını açsın, Eyvaz dedi:
– De görüm, sən kimsən, nə eləmək istəyirsən?
– Onu soruşma, Eyvaz! Vaxdımız azdı!
– Deməsən olmaz!
– Axı vaxt yoxdu! Səhər açılır! Biz səni xilas eləməyə gəlmişik.
Qalanını yolda bilərsən!..
– Yox, gərək kim olduğunuzu, nə məqsədnən məni xilas eləmək
istədiyinizi deyəsən!
Kankanoğlu ha elədi, olmadı. Əlacsız qalıb əhvalatı qısaca danışdı.
Eyvaz əhvalatdan xəbərdar olanda, minnətdarrıx eliyib dedi:
– Çox sağ olun, əzizlərim! Çox əziyyət çəkibsiniz, cəfanız böyükdü,
fədakarlığınızın həddi-hüdudu yoxdu, yaxşılığınız əvəzsizdi!
Amma indi bu iş baş tutmaz! İndi qaçmaq olmaz!
– Niyə, Eyvaz?!
– Özün dedin ki, səhər açılır. Budu ey, qulaq ver, xoruzdar bannaşır.
Bundan sonra biz heç yana qaçıb çıxa bilmərik. Biz o yana, o qız
ki, deyirsən, ona xata toxunar! Hər səhər işıqlaşar-işıqlanmaz, gəlib
məni yoxluyullar, çox çəkməz ki, yoxluyub məni görməzlər, lağımı
tapıb işi biləllər, bizi tutallar! Ancaq əlac ondadı ki, bu gələn axşamı
gözdüyək. Öldüm, borcumu ödədim, qalsam, qaçarıq!..
Kankanoğlu genə çox dirəndi, olmadı. Qayıtdı Mərcan xanımın
yanına. Mərcan xanım tələsik soruşdu:
– Səhərdi! Neyləyə bildiniz?
Kankanoğlu əhvalatı danışıb dedi:
– Eyvaz tərslik eliyir!
Mərcan xanım dedi:
– Eyvaz düz deyir. Ona yemək aparın. Özündən də öyrənin görək
ayrı bir tədbiri, başqa bir sözü yoxdu ki?! Soruşun görək biz necə
eləyək ki, onu yoxlayanda lağımı görən olmasın?
Kankanoğlu yemək götürüb qayıtdı:
– Eyvaz, Mərcan xanım sənin haqlı olduğunu deyir. İndi de görək,
neyləyək ki, səni yoxlayanda lağımı görən olmasın? Bir də bəlkə ayrı
tədbirin, tapşırığın ola?
Eyvaz dedi:
– Lağımı görməklərindən arxayın ol. Məni elə qapıdan baxmağnan
yoxlayırlar. Özgə tapşırığım da budu ki, bacarsanız, Çənlibelə bir
adam qaçırın. Ehtiyat iyidin yaraşığıdı axı. Bir də yollarda adam qoyun.
Mənim vədəm keçib. Əlyəqindi ki, Koroğlu məni axtarır. İşdi, bu
tərəflərə gələn olsa, xəbər versinlər.
Kankanoğlu soruşdu:
– Tutaq ki, yaraqlı-yasaqlı adam gördük, nədən bilək ki, Çənlibeldəndi?
– Düz deyirsən. Əgər elə adam görən olsa, yanaşıb Mərcan xanımın
adını versin ki, Mərcan xanım səni gözləyir. Bizim uşaqlar arifdirlər,
onlardan olsa, deyəcək ki, göstər onun yerini, özgəsi olsa, deyər mən
hara, Mərcan xanım hara! Belə nəm-nüm eləyənnən keçsinlər...
Bəli, əlac gözdəməyə qaldı. Kankan Mirzəlini xəbərə qaçırdılar,
bir-iki yerə də adam qoydular ki, gələn olsa xəbər versin.
Günorta üstə Səlim qantər içində Kankanoğlunu tapdı:
– Mərcan xanım deyir, tez yetirsin özünü mənə.
Kankanoğlu təlaşla soruşdu:
– Xeyir ola, Səlim? Bir iş baş verməyib ki?
Səlim heç nə bilmədiyini söylədi. Vaxt itirmək olmazdı.
Paltarlarını dəyişdilər. Kankanoğlu özünü yetirdi Mərcan xanıma:
– Xeyir ola, Mərcan?
Elə xeyiri yoxdu! Bu saat öyrənmişəm ki, qardaşım öz adamlarını
yığıb tədbir istəyib. Qoçu Mehdi tədbir töküb ki, gecə ikən Eyvazı
assınlar. İşi də tapşırıblar onun özünə. İndi gərək biz axşamdan qaçaq
ki, bir yana çıxa bilək. Hələ adamlar dağılandan sonra qardaşımnan
Qoçu Mehdi tək qalıb ayrı nə tədbir töküblər, bilmirəm.
Kankanoğlu dedi:
– Nə tədbirin var, de, yerinə yetirim.
– Durmaq olmaz! Bilirsən ki, axşamdan şəhərdən atnan çıxmaq
olmaz. Odu ki, gərək atları şəhərdən çıxarıb yaxın kəndlərin birində
qoyasan, piyada çıxaq, ordan minib gedək.
Kankanoğlu baş üstə deyib çıxmaq istəyəndə Mərcan xanım
dayandırdı:
– Darıxma, darıxma, ehtiyatlı ol!
Kankanoğlu yenə tərpənmək istəyəndə dayandı:
– Mərcan xanım, bəs axı o İstanbul, zəhər...
Mərcan xanım gülüb sözünü kəsdi:
– Elə şeylər yoxdu. Özüm elə deyirdim ki, işi səhərə qoymayasan!
Kankanoğlu vaxt itirməyib atları hazır elədi, nalladıb şəhərdən
kənardakı dostunun yanına aparmağa başdadı. Üçüncü atı aparmağa
qayıdırdı, şəhərin girəcəyindəki dərədə başına palaz atıb götürdülər.
O zaman gözünü açdı ki, zindanda Eyvazın yanındadı.
Kankanoğlu elə bilirdi ki, lağmın üstü açılıb. Ağzını açırdı ki,
Eyvazdan soruşa, Eyvaz onu qabaqladı:
– Ah, mənim qardaşım! Siz mənim ucumnan özünüzü bəlaya
saldınız! De görüm, Mərcan xanımın başında nə var?
Kankanoğlu baxdı ki, burda arxayınlıqdı, dedi:
– Qəlbini sıxma, Eyvaz, heç nə yoxdu. Məni özgə səbəbdən
tutublar. Bu saat işin əsasını bilərəm.
İncavara, onun əl-ayağını ipnən sarımışdılar. Xəcalət çəkə-çəkə
Eyvazın yanına süründü:
– Dişlərinnən aç mənim qollarımı!..
Eyvaz, əvvəlcə eləmək istəmədi. Fikirləşdi ki, çıxıb o qızı da salar
işə. Bir də ürəyində özünü danladı ki, bu, mənim yolumda özünü
ölümə verir, qoy açım, bəlkə xilas ola. İpi çeynədi. Əlləri açılan Kankanoğlu
ayaqlarını da özü açıb lağnan özünü atdı Mərcan xanımın
yanına.
Mərcan xanım onu görəndə dəli kimi oldu:
– Sən nə iş görürsən, ay zalım? Bu boyda da saymazlıq olar?
Günün günortasında öz paltarınnan gəlirsən!.. Əgər görən oldusa, işimiz
bitdi!..
Kankanoğlu baxdı burda da arxayınlıqdı, özünü o yerə qoymadı:
– Özün demədinmi tez qaçmaq lazımdı. Day məni niyə qınayırsan?
Mərcan xanımın nəfəsi daraldı:
– Mən belə demişəm? Sən uşaq kimi iş tutursan...
Kankanoğlu baxdı qız onun görünməyinnən qorxur, dedi:
– Vallah, elə gəlmişəm ki, bir inni-cinni görməyib.
– Atlar hazırdı?
– Bə nə! Hazırdılar.
– Allaha pənah! Onda səni gizlədim, qaranlıq qovuşsun.
Kankanoğlu baxdı vaxt var, çıxıb o biri atı da aparmaq qərarına
gəldi:
– Mən burda gizlənib dura bilmənəm. Bir çıxım hərlənim. Birdən
Çənlibeldən gələn olar!..
Mərcan xanım çox dedi, Kankanoğlu az eşitdi. Axırda qızın əlacı
kəsildi, Səlimi çağırdı, onlar paltarlarını dəyişdilər, Kankanoğlu özünü
atdı çölə.
Qaş qaralırdı. Göyün üzünü qara bulud almışdı. Tək-tək yağış atırdı.
Kankanoğlu İstanbul darvazasına çatanda baxdı ki, bir atlı gəlir. Ayağını
saxladı. Atlı yaxınlaşanda baxdı ki, nərin biridi, yaraq-yasağına da
söz ola bilməz. Əlyəqin elədi ki, bu, ya Koroğludu, ya da Dəli Həsən!
Baxdı geridən biri də gəlir. Ürəyi atlandı ki, Çənnibellilərin ağzı
açılıb. Yanaşdı qabaqda gələnə:
– Ağa, Mərcan xanım sizi gözləyir...
Onun ağzından söz qurtarmamış atlı əmr elədi:
– Düş qabağıma! Sözün yalan olsa, başın özünün deyil!
Kankanoğlu əlyəqin elədi ki, bu, Koroğludu. Düşdü qabağa...
Həmin adam Mərcan xanımın qapısını o zaman açdı ki, qız hər
şeyi hazır eləyib, yönü o tərəfə balaca xəncərini belinə bağlayırdı.
Qapı açılanda ürəyi atlandı, elə bildi gələn Kankanoğludu. Vəcdə
gəlib dedi:
– Gəl, ay mənim sərvərim, gəl! Mən sənin qulluğunda hazıram!
Qapını açan adam da vəcdə gəldi:
– Mən də sənin qulluğunda qul olub durmuşam, ay mənim bəxt
ulduzum, ay mənim mələyim! Bir gül üzünü bəri döndər görüm, sənə
nə olub ki, belə rəhmə gəlibsən.
Mərcan xanım səsdən almadı. Geri dönəndə az qaldı ki, qışqırıb
yıxılsın, huşunu itirsin. Amma özünü hünərnən ələ aldı!..
Qapının ağzında duran kim olsa yaxşıdı?
O, Əmir xanıydı.
İndi Mərcan xanımın halını özünüz fikirləşin... Qəşş eləməzdimi,
özünü itirməzdimi?
Yox, Mərcan xanım ər kimi dayandı. Özünü sevinən göstərdi. Bir
kövrəkliknən dedi:
– Bu nə layıxdı, ay Osmannı torpağının gələcək xotkarı? Heç gör
çoban bunu elərmi ki, sən eləyirsən?! Bu boya gəlibsən, bilmirsən ki,
zənən xaylağının üstünə izin almamış qapı açmazlar?!.
Əmir xan baxdı ki, doğrudan da yaman qanmazlıq eləyib, kəkələyəkəkələyə
dedi:
– Mərcan xanım, doğru buyurursan, səhv eləmişəm! Gözlərinə
qurban olum, məni bağışla! Amma əslində günah səndədi. Vallah,
sənin qulluqçun Mərcan xanım sizi gözdüyür deyəndə heç bilmədim
sevindiyimdən neyliyim! Axı necə sevinmiyim! Budu, necə müddətdi
yola gəlmiyən, məni atəşi-fərağında yandıran bir yar bu gün yolumda
adam qoyub, məni gözləyib, intizarımı çəkib... Sınsın mənim qədəmlərimi
ki, tez gəlməmişəm, səni intizarda qoymuşam! Başına dolanım,
qoy qayıdım, təzədən gəlim!..
Mərcana da bu lazımıydı. İrəli yeridi, lap mülayimliknən dedi:
– Hə, əzizim! İncimə, qoy əyin-başımı düzəldim.
Əmir xan geri çəkildi. Mərcan xanım Kankanoğlunu səslədi:
– Ayə, ay maymağın biri maymax, içəri gəl!
Kankanoğlu əndikmiş özünü atdı içəri:
– Bu da Koroğlu! Mərcan, day nə istəyirsən?!.
Mərcan xanım aman vermədi:
– Karvanımız pis yerdə axşamlayıb! Bu, Əmir xandı. Ləngimək
olmaz, çağır onları içəri. Özünü tox saxla! Mən nə desəm, onu elərsən!
Səbrini əldən qoyma!..
Əmir xangili çağırdılar içəri. Mərcan xanım qu tükündən olan
nazbalıncların ikisini qoydu üst-üstə, Əmir xana oturmağı təklif elədi.
Əmir xan irəli yeriyib Mərcan xanımın behişt qoxulu əlinnən öpdü,
bardaş qurub nazbalıncların üstündə oturanda, elə bildi ki, bütün
dünyanın şahı oldu, qızıl taxtda əyləşdi, de başdadı basıb-bağlamağa:
– Mərcan xanım! İndi gör sənin o əziz atanın qanını Koroğludan nə
sayaq alacağam! Bəyəm mən ölmüşəm ki, onun qanı yerdə qala?!
Mənə də Əmir xan deyəllər!.. O necə Eyvazıydı ki, mənim nişannımı
ap-ap-apar...
O, kəkələdi. Baxdı ki, heç bu sözün yeri yoxuydu. Bir təhər özünü
düzəltdi:
– Əlbəttə, sənin bir telini vermərəm min Hürü kimi kənizə!
Qoyaram indi əllərini qoynunda. Allah qoysa, gələr o gün ki, onu elərəm
sənin qavağında qaravaş!.. Səhər Allahın izniynən, sənin o ala
gözlərinin qavağında gərək Eyvaza əvvəlcən sağ-sağ bir Əli-Vəli
dağı çəkəm, sonra da kəsəm başını! Deyirəm, Mərcan xanım! Onun
qanından içərik, izin versən, toyumuzu başlarıq, onun başını da qoyarıq
xonçamıza...
Sözün bu yerində Mərcan xanım dözmədi, qaşlarını çatdı:
– Əmir xan! Mənim nənəm də gedib görsə ki, bir qurdun
ayaqlarını sarıyıb yıxıblar yolun içinə, salar daşı başına, soyar dərisini,
gətirər ki, nə var, nə var, mən də ovçuyam! Bilirsən ki, Eyvazı tutan
oğullar var! Əhdim var ki, Eyvazın başını özüm kəsəm! Səni
çağırmaqda məqsədim ayrıdı: gərək səhər gedib Koroğlunun başını
gətirəsən, ikisinin başını qoşa qoyaq xonçamıza!..
Sözlər oldu zəhərli ox, Əmir xanın bu tayından dəyib o tayından
çıxdı. Qovşurulub dedi:
– Noolu! Mərcan xanım, onu da elərik!.. İndi rusğat ver mən
paşanın hüzuruna təşrif aparım!
Əmir xan bunu deyib dik ayağa qalxdı.
Yəqin ki, özünüz bu dəmdə Kankanoğlunun halını gözünüzün
qabağına gətirirsiniz. Onun halı sizin fikirləşdiyinizdən də bədiydi.
Axı, gecə keçib gedir, o tərəfdə dar ağacdarı qurulurdu!..
Əmir xan ayağa qalxanda, elə bil, dünyanı ondan alıb verdilər
Kankanoğluna. O, özünü yığışdırdı ki, Əmir xan çölə çıxanda özünü
üstünə atsın, ya canını versin, ya da onu bir yannıq eləsin ki, vaxdında
bir yana çıxa bilsinnər...
Amma birdən yenə iş özgə cür oldu: Mərcan xanım irəli yeriyib
gülə-gülə Əmir xanı məzəmmət elədi:
– Sən nə yaman dəymədüşərmişsən, ay dəli oğlan! Ay mənnən
ötəri səbri-qərarı olmayan yar! Bəs birdən-birə nə oldu belə üz döndərdin,
belə tez doydun? Sözdərim xətrinə dəydi? Mən hənək elədim,
ay başımın tacı! Gəl otur! Səhər Allah qoysa, Eyvaz olacax sənin
ixdiyarında! Özün necə bilirsən, elə də elə! Amma gərək onun
qanından göndərəsən, bir içəm!.. Qoyarammı gecə vaxdı gedəsən?!
Yol gəlib yorulubsan. Özüm sənin əl-ayağını yuyub rahat eləməsəm
olmaz. Otur!
Bu dil Əmir xanı elə məst eləmişdi ki, bu saat bütün dünyanın
varını bir alma boyda eliyib uzadasan, özünü görməzliyə qoyar, gözünün
ucuynan da baxmazdı.
O saat oturdu. O, Bəhlulu başından tez eləməkdən ötrü dedi:
– Bəhlul, dur get rahat ol! Səhər gələrsən, paşadan sana ənam alıb
verərəm!
Onsuz da işdən şəkkə düşüb narahat olan Bəhlul burdan tez çıxıb
özünü paşaya yetirməkdən ötrü sinoy gedirdi. Tez qalxdı ayağa...
Kankanoğlu Mərcan xanımın bu hərəkətinə mat qalmışdı. Şübhə
onu götürmüşdü. Hazırlaşırdı ki, atılıb ikisini də doğrasın...
Mərcan xanım onun vəziyyətini görüb dedi:
– Ay gəda! Yatma. Yuxuda sana plov verəllər! Apar Bəhlulu yola
sal, get dincəl, səhər tezdən gəl!..
Kankanoğlunda tərpənmək iqtidarı hardaydı?! Bəhlul qapıdan
çıxanda, Mərcan xanım irəli yeridi, Kankanoğlunun qolundan tutdu:
– Genə niyə kar qulağına salıbsan? Ay o biri qulağı da tutulmuş!..
Onu çölə itələdi:
– Qoyma! Bəhlulun işini bitir, bağçada məni gözlə!..
Kankanoğlu yuxudan ayılan kimi birdən atıldı çölə, özünü yetirdi
yazıq Bəhlula. Tutmağıynan cannan eləməyi bir oldu.
Çox keçmədi ki, Mərcan xanım göründü. Kankanoğlu yeridi irəli:
– Sən nə eləməkdəsən! Gecə keçib gedir!..
– Əmir xanı bihuş eliyib uzatmışam yerə! Sən neylədin?
– Mən onu bayaqdan bihuş eləmişəm. Di durma! Əmir xan
ayılanacan bir yana çıxaq!..
Mərcan xanım aramla dedi:
– Sana demədimmi toxdax ol! İndi Səlimi çağır. Əmir xanı götürək
zindana! Onu Eyvaznan dəyişək! Belə olsa, səhərə qədər arxayınlıq
olar!..
Mərcan xanımın ağılasığmaz bu tədbiri Kankanoğlunu vəcdə
gətirdi:
– Mənə heç kim lazım deyil, ay ağıl dəryası!
O özünü içəri atanda, Səlimin səsi eşidildi:
– Köməkdən zərər gəlməz, ay zəmanəsinin Rüstəmi-Zalı! Məni
də yoldaş elə!
Əmir xanı götürdülər zindana. Onu elədilər Eyvaz, yıxdılar yerə.
Amma Kankanoğlu elə elədi ki, assalar, tərpənib asanlara əziyyət verməsin.
Asmasalar, dinib heç kimi yuxudan oyatmasın. Onlar çıxmaq
istəyəndə, Kankanoğlu duruxdu. Mərcan xanım hövsələdən çıxdı:
– Day durmaq vaxdı deyil axı!
Kankanoğlu dedi:
– Mərcan xanım! Sən bilmirsən, amma Eyvaz bilir: gərək mən də
zindandakı Eyvazın yanında olam ki, səhərə qədər arxayınlıq ola!
Mərcan xanım dinmək istədi. Kankanoğlu aman verməyib əhvalatı
danışıdı. Mərcan xanım çaşbaş qalanda, Səlim irəli yeridi:
– Mənim əl-ayağımı sarıyın qoyun burda. Kankanoğlu, soyun
paltarını! Bıy, elə sənin paltarın məndədi dana! Di durmayın! Sarıyın
əl-ayağımı!..
Birdən Kankanoğlu özünü atdı çölə. Yazıq Bəhlulu hop götürdü
içəri. Səlim Kankanoğlunun paltarını soyunmalı oldu. Onu da elədilər
Kankanoğlu, qoydular zindandakı Eyvazın yanına. De tərpəndilər.
Çölə çıxanda, Kankanoğlu Əmir xanın atını açdı. Mərcan xanım
genə dillənməli oldu:
– Artıx at nəyinə gərəkdi, Böyükkişi?!
– O atların biri nallananda mıxa düşüb, axsıyır.
Bəhlul da atdıydı axı. Səlim də onun atını açdı:
– Mən də siznən olmalıyam!..
Düşdülər yola...
Bunların yolu düşdü Ala dağdan. Səhərə qədər at sürdülər. Səhər
gün vuranda, yetişdilər Ala dağdakı Qıvla bulağına. Təhlükədən sovuşduqlarını
görən Mərcan xanım dedi:
– Burda düşək. Həm atlar otlasın, dincəlsin, həm də özümüz çörək
yeyib dincələk.
Düşdülər. Bir az dincələndən sonra Mərcan xanım dedi:
– Böyükkişi, bu əkinlər görsədir ki, yaxınlarda kənd var. Bəlkə bir
sınıxçı tapasan. Eyvazın qolu yaman şişib.
Kankanoğlu durmaq istəyəndə, Səlim xahiş elədi qoyun mən
gedim. Razılaşdılar.
Çox keçmədi Səlim bir atdıynan qayıtdı. Atdı atınnan aşrılıb onlarnan
görüşdü. Sonra düşdü Mərcan xanımın ayaqlarına.
Məlum oldu ki, o, Səlimin böyük qardaşıdı. Səlim balaca vaxdı
diləndikləri zaman itibmiş. Bu təsadüf nəticəsində tapışıblar. Onun adı
Murğuzuydu.
Murğuz onları evinə apardı. Sınıqçı gətirdilər. Eyvazın qolu sarındı.
Bir gün dincəlib o biri günün axşamı düşdülər yola. Səlim xahiş elədi
ki, izn verin, bir müddət qardaşımın yanında qalım. İzn verdilər.
Səhər dan yeri ağaranda, Kankanoğluynan Mərcan xanım baxdılar
ki, başı qarlı uca dağların ətəyindədilər. Gördülər ki, Eyvaz özündən
ixtiyarsız, atını qabaxda sürür. Bildilər ki, bura haradısa, Çənlibelə
yaxın yerdi. Odu Kankanoğlu geridən Eyvazı səslədi:
– Eyvaz! De görək, daha burdan belə bizə bir xətər dəyməz ki?
Eyvaz atın başını çəkib ala gözlərini bir də dolandırdı. Çənlibelin
qarlı zirvələri gözlərinin qabağında cilvələndi. Atın başını geri çevirib
dedi:
Əziz qardaş, bura mərdlər yurdudu,
Namus buralarda, ar buralarda!
Tərlan oylağıdı bu dağlar tamam,
Qanad çala bilməz sar buralarda!
Koroğlu bəsliyib Çənlibel başı,
İyid bərəsidi onun hər daşı.
Canınnan yey bilər yoldaş yoldaşı,
Yetişər yarına yar buralarda!
Bura oylağıdı şux gözəllərin,
Saxlıyır sirrini ər oğlu ərin.
Suyu məcun olar, havası sərin,
Qalar təzə qara qar buralarda!
İyidlər məşq üçün düşəndə bəsə,
Dil açar qayalar, verər səs-səsə.
Namərdliynən xata dəyməz heç kəsə,
Qurulmaz məzluma dar buralarda!
Gündə üç yol ağır məclis qurular,
Yeyilər, içilər, damaq durular,
Kim tutsa başını, dərdi sorular,
İsdəsə, yetişər nar buralarda!
Bu azad dağları gəz vədəsində,
Bülbül gülü səsdər yaz vədəsində,
Gül bülbülə çatar öz vədəsində,
Qonmaz gül üstünə xar buralarda!
Mərcan, xan Eyvazın xilaskarıdı,
Kankanoğlu onun ixdiyarıdı,
Koroğlu mərddərin qoç sərkarıdı,
Əcəm də, türkman da var buralarda!
Söz tamam oldu. Eyvaz atın başını döndərdi Çənlibelə. Bir də
gözünü dolandıranda, nə oldusa, kefi pozuldu, rəngi qaraldı, qaşqabağı
töküldü. Atın başını çəkib durdu.
Kankanoğlu atını irəli sürdü:
– Eyvaz, sənə nə oldu?
Eyvaz dinmədi.
Mərcan xanım da atını qabağa sürdü, soruşdu ki, Eyvaz sənə, nə
oldu? Eyvaz dinmədi. Eyvaz, dərdini de! Eyvaz dinmədi. Qardaş, axı
birdən-birə niyə belə elədin? Eyvaz dinmədi ki, dinmədi. Elə bil,
dilinə qıfıl vurulmuşdu... Mərcan xanım dedi:
– Eyvaz! Bəlkə bizi gətirməyinə peşman olubsan? Bəlkə
qorxursan biznən gəlməyinin üstündə üzünə söz gələ? Bəlkə Koroğlu
bizi qəbul eləməz? İsdəyirsən, qayıdıb gedək!
Eyvazdan səs çıxmadı. Mərcan xanımı qəhərri qəzəb aldı. Gözləri
doldu, qəhərnən dedi:
Mən aşığam, sinədə,
Qar əriyər sinədə,
Qadam namərdə dəysin,
Onun kölgəsinə də!
O, atının başını döndərdi geriyə, üz tutudu Kankanoğluna:
– Qaytar atını geri! Belələrinə pənah aparmaqdansa, ölümə getmək
yaxşıdı. Görünür, day, bizim burdan belə getməyimizə razı deyil!
Onlar atları geri döndərəndə, Eyvaz yuxudan ayılan kimi oldu,
fikirdən ayrılıb atını sürdü Mərcan xanımın atının qabağına.
Mən aşığam, küsən ər,
Ağac bara, küsənər,
Kimə şikayət eylər,
Bir gədadan küsən ər?!
Mərcan xanım elə haldaydı ki, çırtıq vursan, qanı damardı. O, ayaqlarını
atın yanlarına sıxdı, cilovu tərpətmək istəyəndə Eyvaz baxdı ki,
gedir, atını onun atının qabağına sürüb dedi:
Bir dərdim var, bu dağlardan böyükdü,
Onunçun qaraldı qanım, incimə!
Bağışla taqsırım, qulam, xatam var.
İnsafa gəl, Mərcan xanım, incimə!
Söz Mərcan xanıma əsər elədi. Amma qəhərini azaltmadı. Ala
gözləri lap dolub gilələndi, titrək səsnən dedi:
Sənnən incimirəm, ay insan oğlu,
Fələk vurub mənə əl, incimişəm!
Öz qardaşım yağı çıxıb özümə,
Kömək etməz özgə el, incimişəm!
Eyvaz dərdinin vəcini demək istədi:
Dağlar kimi çən-dumana bürünüm,
Hansı üznən Koroğluya görünüm?..
Qoy yıxılım ayağına sürünüm,
Kəs başımı, axıt qanım, incimə!
Amma Mərcan xanım Eyvazın sözündən heç nə annaya bilmədi,
daha da həm şübhəsi artdı, həm də Eyvaza acığı tutduğundan öz
dərdini özünə danışdı:
Mən illərnən göz yaşımı tökmüşəm,
Qəm əlindən əlif qəddim bükmüşəm,
Məhəbbət ucundan nələr çəkmişəm,
Deyə bilməz onu dil, incimişəm!
Eyvaz da öz dərdindən danışdı:
Dərdim var göydəki ulduz sanında,
Günahkaram Koroğlunun yanında.
İtər etibarı Eyvaz xanın da,
Nə gizlədim, səndən danım, incimə!
Mərcan xanım yenə anlıya bilmədi ki, Eyvazın Koroğlunun
yanında nə günahı ola. Nə fikirləşdisə, qara qaşları lap gəlib bir-birinə
qovuşdu, qəzəbnən dedi:
Mərcana de, qaşın niyə çatırsan,
Açıx danış, niyə yasa batırsan?
Yayın gizdədirsən, oxun atırsan,
Belə işdərindən bil, incimişəm!
Eyvaz baxdı dərdini söznən deyə bilmədi, dilnən dedi:
– Mərcan xanım, budu, üç gündü biz yol yoldaşıyıq. Heç soruşmursunuz
ki, mən Bayazidə niyə getmişəm. Necə getmişəm? Demirsiniz
axı sizi bu əziyyətlərə niyə salmışam?!
Baxdılar kişinin oğlu düz deyir, soruşdular.
Eyvaz, əhvalatı biz necə biliriksə, eləcənə danışıdı onlara. Axırda
da dedi ki, indi mən Çənlibelə nə üznən qayıdıram? Atım yox, qılıncım
yox, geyimim də özümünkü deyil. Hünərim nə olub ki, sağ
qolumu asmışam boynumnan?
Baxdılar ki, doğrudan da Eyvazın dərdi böyük, günahı da çoxdu.
Amma nə eləmək olardı. Mərcan xanım incidiyinə peşman olub
şübhələndiyinə görə xəcalət çəkə-çəkə dedi:
– Atalarımız keçənə güzəşt deyiblər, Eyvaz! Nə tökülən dolar, nə
də keçən qayıtmaz. İyid yaranıb ki, başı qovğa-qal çəkə, gah vura, gah
vurula. Düşmənnik qumar kimi bir şeydi, gah bir tərəf aparar, gah da
o biri tərəf. Koroğlu sənin sağ olmağına şükür eləməlidi. Mən iltimas
edərəm, günahından keçər. Allah qoysa, sağalan kimi də gedib Leyli
xanımı gətirərsən...
Eyvazın eyni xeyli açıldı. Başladılar yollarına. Mərcan xanım sözü
elə başladı, elə gətirdi ki, hər şey yaddan çıxdı...
Onların başı şirin söhbətə elə qarışmışdı, Ağqayadan necə keçdiklərindən
xəbərləri olmadı. Bir də Eyvaz başını o zaman qaldırdı ki,
At düzündədirlər. Gözünü dolandırdı ki, hər yer qara boyanıb, bərəbəndərgahlar
da bomboşdu. Elə bil, Çənlibel yerinnən köçüb. Elə bircə
dəfə, – Aman Allah, kimin başında nə iş var? – Koroğlununmu, Nigar
xanımınmı?.. deyib huşunu itirdi. Kankanoğlu onu tez tuta bildi, atdan
yıxılmağa qoymadı...
Kankanoğlu axırda dedi:
– Mərcan xanım Eyvazın başını aldı dizinin üstünə, mən də üzünə su
səpirdim ki, o dəli adam gəldi, Eyvaz ayılıb ona yaxınlaşanda qayıdıb
qaçdı, bir də gəldi. Özgələr də gəldilər, bizi gətirdilər. Budu sizin qarşınızdayıq.
Amma məni bir şey narahat eləyir, Mirzəli gözümə dəymir.
Yəqin başında iş var. Gərək izn verəsiniz qayıdam onun dalıncan...
Kankanoğlunun sözünün dalını heç kəs eşitmədi. Elə bil, qabağı
çilləkən bağmış dağ selinin qabağı açıldı. Hamı axdı onnarın üstünə.
De öpən kim, qucan kim, indi də sevindiyindən ağlıyan kim!.. Başınızı
nə ağrıdım, Kankanoğlu o zaman gözünü aça bildi ki, axşam olub,
şamlar yanıb. Eyvaznan ikisi də bir xanadadılar. Baxdı ki, bir arvad
Eyvaza deyir:
– Eyvaz, bala! Bəs adam anasını belə unudar?
Süfrə açıldı. Yedilər-içdilər. Elə süfrə təzə yığılmışdı, bir nəfər
qapını açıb dedi:
– Nigar xanım! Məclis arəstə olub. Koroğlu dedi uşaqları da, Zərqələm
bacını da götürüb gəlsin.
Onlar durub məclisə yollandılar. Kankanoğlu yolda fikirləşdi ki,
fürsət tapıb Koroğludan izn alsın, Mirzəlinin dalınca getsin. Onlar
məclisə daxil olanda Kankanoğlu nə görsə yaxşıdı? – Baxdı ki, Mirzəli
qan-tərin içində durub Koroğlunun qabağında, tövşüyə-tövşüyə deyir:
– Bayaziddən çıxar-çıxmaz məni tutdular, qaytardılar düz Mahmud
paşanın yanına. Paşa məni çox döydü, çox söydü, çox hədə-hərbə
gəldi ki, de görüm, mənim atımı minib hara gedirdin? Dinmədim ki,
dinmədim. Bir istədi ki, cəllada əmr eliyə, başımı bədənimnən ayıra,
sonra nə fikirləşdisə, əmr elədi ki, aparıb bunu salarsınız minib qaçdığı
atın tövləsinə. Qoy Eyvazı bir təhər eləyim, onda baxaram işinə.
Məni saldılar tövləyə. Elə o gün səhər atdara yem verib çıxdıqları
oldu. İki gün tövləyə gələn olmadı. Atdar da acından qırılırdı, mən də.
Üçüncü gün qapı açıldı, iki adam girdi içəri. Baxdım biri o birinə deyir
ki, Mahmud paşa necə müddətdi mənim Qəmər atımı gözümün qabağında
minir. İndi gərək onun toyuna bu atın üstündə baxam!.. Bunların
hərəsi bir ata yanaşdı ki, açalar, birdən məni gördülər. Biri atıldı üstümə
ki, ay yazıq, paşanın hansı qəzəbinə düşübsən, dur, bu atlardan birini
min, çıx paşanın toyunun tamaşasına. Əl-ayağımı açdılar. Day soruşa
bilmədim ki, ay qardaş, nə paşa, nə toy. Hərəsi bir atı çəkdi çölə. Gözlərimi
sildim ki, lap dibdəki axura bir at bağlanıb. Yanaşdım. Bir az dəlilik
elədi, yox-yox, yəhəri basdım belinə, çəkdim çölə. Belinə atılma-
ğımnan götürülməyi bir oldu. Ha elədim yüyənini yığa, başını bir yana
döndərə bilmədim ki, görəm nə toydu. Elə onu qənimət bildim ki, özümü
bərk saxlayım. At quş olmuşdu. İncavara, düz gəlib bura çıxmışam.
Amandı, Koroğlu! Durma! Özünü yetir, uşaqlar yaman dardadılar!..
Gülüşün şaqqıltısı məclisi titrətdi. Mirzəli qaldı çaşbaş ki, əyəm
bura Çənnibeldisə, mən Koroğlunun hüzurundayamsa, bu nə şaqqanaxdı,
axı Eyvaz dardadı... Fikirləşdi ki, özgə yerdə, Koroğlunun düşməninin
məclisindəyəm, məni ələ salıblar.
Kankanoğlu özünü saxlaya bilmədi, atdı Mirzəlinin üstünə. Biçarə
Mirzəli indi gözünü sildi ki, səhərdən bəri qənşərində oturan doğrudan
da Mərcan xanımıymış. Görürmüş, amma ağlına sığmırmış ki, o ola.
Elə bu dəmdə dəli Mehtər qapını açdı ki, Koroğlu, muşduluğumu
ver, o adam minib gəldiyi at Ərəbatdı!..
Ara sakit oldu, Koroğlu üz tutdu Aşıq Cünuna:
– Aşıq Cünun, dövran elə!
Aşıq Cünun elə buna bəndiymiş. Saz çoxdan köynəkdən çıxıb köklənibmiş.
Ayağa qalxmasıynan sazı sinəsinə çəkib oxuması bir oldu:
Zəhmət çəkib, qal eyləyib, yorulub,
Namərddən qurtarıb mərdi Mərcanım!
Aslanın erkəyi, dişisi olmaz,
Ər istənən yerdə ərdi Mərcanım!
Aşıq Cünunun bir yaxşı xasiyyəti varıydı, hər təzə söz oxuyanda
tərcüman, maddi-məna eliyərdi. Yenə sazı sağ qoltuğunun altınnan
keçirib sözü tərcüman elədi. Hamı yer-yerdən Mərcan xanıma da,
Cünuna da “Afərin”, “Əhsən!” dedi, Aşıq Cünun sazı sinəsinə çəkmək
istəyəndə, hardansa bir yanıqlı bayatı səsi eşidildi:
Mən aşıq, eyliyə nə,
Tək iyid eyliyə nə?
El yığılsa eləməz
Özünə eyliyənə!..
Amma bayatıya elə fikir verən olmadı. Aşıq Cünun oxudu:
İyidlər oylağı düşüb yadına,
Pənahlanıb Koroğlunun adına.
Darda çatıb Xan Eyvazın dadına,
Dağıdıb möhnəti, dərdi Mərcanım!..
Bayatı səsi yenə gəldi:
Mən aşığam, adada,
Gəmim qalıb adada!
Nə qardaş var, nə ata,
Kimim gəlsin a dada!..
Yenə fikir verən olmadı. Fikirləşdilər ki, həlbət cavan-coluxdu.
Aşıq Cünun lap vəcdə gəlmişdi, oxudu:
Nigar xanım durna teli gətirsin,
Bəzək vursun, toy işini bitirsin,
Xudam onu murazına yetirsin,
Gözəllər içində birdi Mərcanım.
Bu dəfə bayatı lap aydın gəlir, aydın eşidilirdi. Hamı guş elədi ki,
oxuyan zənən xaylağıdı, özü də cavandı:
Əzizim, sinəsinə,
Ov avla sinə-sinə.
Fələk bir ox atıbdı,
Dəyib qız sinəsinə!..
Birdən yadlarına düşdü ki, oxuyan Leyli xanımdı. Koroğlu hay vurdu,
onu gətirdilər məclisə. Onnan bərabər paşa da, qasid də məclisə gətirildi.
İçəri girəndə, üçünün də başı əyildi sinəsinə. Bunu belə görən
Aşıq Cünun sazın lap zilində – boğaz pərdəsində Leyli xanımın bayaqkı
bayatısını belə oxudu:
Mən aşıq sinəsinə,
Ov avla sinə-sinə,
Namərdliynən iş görən,
Baş əyər sinəsinə!
Sonra da öz sözünün möhürbəndini oxudu:
Aşıq Cünun alqış versin dilinnən,
Xoş dolansın il keçdikcən ilinnən,
Çənlinin getmişdi canı əlinnən,
Qaytardı özünə verdi Mərcanım!
Alqış səsi bu dəfə lap Çənlibeli titrətdi.
Adamlar sakitləşəndə Koroğlunun səsi eşidildi:
– İndi hər kəs günahını boynuna alıb cəzasını istəyəcək. Əvvəl söz
paşanındı.
Paşa başladı yalvarmağa:
– Koroğlu! Atam-anam sana qurban! Məni dolandır bu məclisdəkilərin
başına, bu dəfə aman ver, günahım böyükdü, keç günahımdan,
öldürmə məni. Sənə dost olmağa layıq olmasam da daha bundan belə
düşmən də olmaram! Əl mənimdi, ətək sənin, kəs əlimi, ətəyini kəsmə!..
Koroğlu onu oturdub qasidi qaldırdı. Yazıq qasiddə dil nə gəzirdi
söz deyə. Koroğlu onu da oturtdu. Leyli xanımı qaldırdı. Leyli xanım
dedi:
– Koroğlu, mənim günahım elə böyükdü ki, cəzası ölümdü. Bütün
bu işləri mən eləmişəm, başınıza nə gəlibsə mənim ucbatımnandı.
Amma bircə iltimasım var, qoy məni burda öldürüb dəfn eləsinlər,
qəbrim da Çənlibeldə olsun.
Koroğlu onu da oturdub sözə başladı:
– Naşükür paşanın günahı çox, cəzası ölümüydü. Qorxaqlıq elədi,
cəzasını istəmədi. Onu bağışdıyıram bu günkü günə, bir də Məhbub
xanıma. Səhər qasidiynən aparıb yola salarsınız gedər. Leyli xanımın
mərdliyi namərdliyindən çoxdu. Onun günahlarından keçirəm, özünü
də verirəm Tüpdağıdana!..
Elə bil, Koroğlu Tüpdağıdanın ürəyindən halıymış. Az qaldı ki,
atılıb düşsün...
Paşa məclisin havasından istifadə elədi, irəli yeridi:
– Can Koroğlu! Mümkünsə, bizi indi azad elə.
Koroğlu güldü:
– Bura Çənlibeldi, Asdan paşa! Burda xəyanət olmaz. Söz birdi.
Bir də axı toyu olanın biri də sənin övladındı. Qal, iştirak elə, Allah
mübarək eləsin de, xeyir-dua ver.
Üç igidin, üç gözəlin toyu quruldu. Eyvazın toyu təzələnmişdi,
Zərqələm də, Qəssab Alı da dinə-imana gəlmişdilər.
Koroğlu bu toyları elə başladı, qırx gün elə şənlik oldu ki, Çənlibeldə
hələ ruzigarın gözü belə şənlik, belə şaddıx, belə toy-busat görməmişdi.
Subaylarınıza qismət olsun belə toylar, mənim əzizdərim!

davamı
XS
SM
MD
LG