Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56

Koroğlu dastanı ("Koroğlunun qocalığı" qolu) - 25


əvvəli

Koroğlu qocalmışdı. Dəlilər başından dağılmışdı. Davadan, vuruşdan yorulmuşdu.

Yanında bircə vəfalı alagöz Nigar qalmışdı.

Bir yaz günü idi. Koroğlu paslı Misri qılıncı belinə bağlayıb Nigarı da yanına alıb piyada harayasa gedirdi.

Baxdı yolun qırağında bir kişi bir cüt öküz otarır. Amma kişinin çiynində yarı taxta, yarı dəmir bir şey var. Kişinin yanına gəlib soruşdu:

– Ay kişi, bu nədi, çiyninə keçiribsən?

Kişi dedi:
– Bu, tüfəngdi.
– Tüfəng nədi?
– Bunun içində güllə olur. Adama, heyvana dəyəndə öldürür.
Koroğlu kişinin sözünə inanmadı. Tutdu yaxasından ki, vur mənə
görək necə öldürür?
Kişi vurmaq istəmədi. Axırı çox deyişmədən sonra Koroğlu kişiyə
dedi:
– İndi ki, belə oldu, al bu qan bahası, at öküzlərə görüm necə öldürəcək.
Kişi gördü Koroğlu əl çəkən bəla deyil. Axırda tüfəngini çəkib
öküzün birini nişan aldı. Tüfəng açılan kimi öküz yerə yıxıldı.
Koroğlu gördü öküz doğrudan da öldü. Götürüb bir tüfəngin oraburasına
baxdı, sonra sazı bağrına basıb görək nə dedi:
Titrəyir əllərimi, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır dahanda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Tutulur məclisdə iyidin yası,
Kar görmür qılıncı, polad libası.
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?
Belə zaman hara, qoç iyit hara,
Mərdləri çəkirlər namərdlər dara,
Baş əyir laçınlar, tərlanlar sara,
Mənmi qocalmışam, ya zəmanəmi?
Axır əcəl gəldi, yetdi hay, haray!
Çəkdiyin qovqalar bitdi hay, haray!
Tüfəng çıxdı, mərdlik getdi hay, haray!
Mənmi qocalmışam, ya zəmanəmi?
Koroğluyam, Qırat üstə gəzərdim,
Müxənnətlər başın vurub əzərdim,
Nərələr çəkərdim, səflər pozardım,
Mənmi qocalmışam, ya zəmanəmi?
Deyirlər Koroğlu sözün tamam eləyəndən sonra Misri qılıncı
belindən açıb yerə tulladı. Dedi:
– Namərd əyyamıdı. Daha mən Koroğluluğumu yerə qoydum.
Nigar Koroğlunun gözünü oğurlayıb Misri qılıncı götürüb gizlətdi.
Koroğlu Nigar ilə bərabər ordan yola düşdülər. O gün axşama qədər
yol getdilər. Axşam vaxtı bir şəhərə çatdılar. Şəhərdə onları qonaq
eləyən olmadı. Axırda naçar qalıb bir uca imarətin dibində gecələməli
oldular. Gecədən xeyli keçmişdi, bir də baxdılar budu yeddi yaraxlı
adam gizlənə-gizlənə gəlib imarətin üstünə çıxdılar.
Sən demə bu imarət Alı paşanın xəzinəsi imiş. O oğrular da xəzinəni
yarmağa gəliblərmiş. Koroğlu fikir verib gördü bunlar damın
üstünü söküb içəri girdilər. Xəzinəni yarıb yüklərini tutub getmək
istəyəndə Koroğlu qalxıb başlarının üstünü aldı ki:
– Nəçisiniz? Gecə vaxtı burda nə gəzirsiniz?
Oğrular əkilmək istədilər.
Koroğlu onları tərpənməyə qoymadı. Tutub hamısının əl-ayağını
bağladı, yerə uzatdı ki:
– Kişi mərd olar. Oğurluq it peşəsidi. Padşahlara ədavətiniz var,
dava eləyin, açıq meydanda mərdi-mərdanə savaşın, sonra xəzinəsi də
sizə halaldı. Yoxsa ki, gecə oğurluq eləməyin!
Oğrular nə qədər ona pul, qızıl vəd verdilərsə Koroğlu razı olmayıb
dedi:
– Yox, mən bir mərd adamam. Belə alçaq işləri görə bilmərəm.
Siz kişi deyilsiniz, kişilərin adlarını batırırsınız.
Qərəz, çox baş ağrısı olmasın, elə ki, sabah açıldı, xəzinəçi gəlib
əhvalatı belə görəndə qaçıb Xotkara xəbər verdi. Xotkar əmr verdi,
oğruları, Koroğlunu, Nigarı yanına gətirdilər. Koroğlu nə olmuşdu
başdan-ayağa hamısını xotkara danışdı. Xotkar oğruların cəzasını
verəndən sonra Koroğludan soruşdu:
– Yaxşı, qoca, bəs sən kimsən ki, mənə bu yaxşılığı elədin?
Xotkarın cavabında aldı Koroğlu, görək nə dedi:
Çənlibeldə eli olan
Düşkün Koroğlu mənəm, mən.
Başında min dəli olan,
Düşkün Koroğlu mənəm, mən.
Mərdlik işlədib bir zaman,
Namərdə çəkdirdim aman,
İndi əlif qəddi kaman,
Düşkün Koroğlu mənəm, mən.
Laçın tək bərədə yatan,
Əmud vuran, şeşpər atan,
Yüz iyit qol-qola çatan,
Düşkün Koroğlu mənəm, mən.
Könlünün səməndin yoran,
Müxənnət boynunu vuran,
Mərdlər ilə dostluq quran,
Düşkün Koroğlu mənəm, mən.
Qoç Koroğlu görünməz şən,
Eyvazından ayrı düşən,
Qürbət eldə bağrı bişən,
Düşkün Koroğlu mənəm, mən.
Xotkarın qorxudan tükləri biz-biz oldu. Başındakı tükləri, o necə
deyərlər, ayağına zalan gəldi. Baxdı ki, illərlə axtardığı qoç Koroğlu
özü-öz ayağı ilə gəlib çıxıb buraya. Bir fikirləşdi əmr edib tutdursun.
Ancaq Koroğludan o qədər yemişdi, onu elə tanımışdı, bildi ki, onu
belə tutmaq mümkün olmayacaq. Ona görə də hiylə niqabını üzünə
çəkib başladı onu aldatmağa. Üzünü Koroğluya tutub dedi:
– Ay Koroğlu, sən mənim düşmənimsən, amma bu gün dostluq
elədin, mərdlik işlətdin. Mən daha səni özümə düşmən bilmirəm. İndi
məndən nə istəyirsən istə, bu yaxşılığının əvəzində nə istəsən sənə
verəcəyəm.
Koroğlu dedi:
– Mən səndən heç nə istəmirəm, məni burax gedim.
Xotkar dedi:
– Koroğlu, qocalmısan, daha dağlarda koroğluluq eləyəsi deyilsən,
gəl mənim yanımda qal. Ölənə qədər sənə ata yerində qulluq eləyim.
Sən də mənim məsləhətçim, tədbirçim ol.
Koroğlu Xotkarın sözlərini qəbul eləmədi. Gedəsi oldu. Xotkar
üzdə onlara çox hörmət elədi. Koroğluya, Nigara yaxşı paltar verdirdi,
hərəsinə bir at bağışladı. Koroğlu da onunla əl verib atlandı. Nigar ilə
yola düşdü.
Koroğlunun getdiyi yer bəlli deyildi. Ağzı hayana gəlsə atı sürürdü.
Onlar getməkdə olsunlar, sənə deyim Xotkardan. Elə ki, Koroğlu
aralandı, Xotkar doqquz nəfər yaxşı tüfəngatan çağırıb onların dalınca
göndərdi ki, dağlarda, daşların arasında Nigarı Koroğlunun əlindən
alıb özünü də ya öldürsünlər, ya da diri tutub gətirsinlər.
Bu doqquz nəfər bir kəsmə yoldan gedib bərəni kəsdilər. Koroğlu
başı aşağı Nigarla gedirdi. Bir də baxdı doqquz yerdən üstünə tüfəng
lüləsi tuşlandı.
Koroğlu atları saxladı. Xotkarın adamları yol üstə çıxdılar. Koroğlunun
üstünə qışqırıb atdan düşmələrini əmr etdilər. Koroğlu dava eləmək
istəmirdi. Özü atdan düşdü. Nigarı da düşürdü. Adamlardan birisi
yaxına gəlib yoğun bir kəndirlə onun qollarını möhkəm-möhkəm
bağladı. Koroğlu yenə də bir söz demədi.
Adamlar Nigarı ondan ayırmaq istədilər. Koroğlu işi belə görəndə
soruşdu:
– Onu haraya aparırsınız?
Dedilər:
– Paşaya aparırıq. Səni də aparıb zindana salacağıq. Sənə göstərəcəyik
ki, koroğluluq necə olar?
Koroğlu gördü iyitlik, namus yeridi, alagöz Nigar əldən gedir. İş
belə olanda aldı görək nə dedi:
Uca dağın ucasıyam,
Əskik olmaz qarım mənim.
Nər pələngin qocasıyam,
Karvan vurmaq karım mənim.
Qoç yarandım əzəl başdan,
Vursam cidam keçər daşdan,
Hələ davadan, savaşdan,
Qalmamış qollarım mənim.
Hanı Eyvaz burda əsə,
Bir qılınca qırx baş kəsə,
O dövranım dönüb tərsə,
Qar tökər baharım mənim.
Hanı Əhməd, şeşpər ata,
Dəmirçioğlu küşdü tuta,
Bu günümdə gəlib çata
Tərlan dəlilərim mənim.
Qoç Koroğlu bada içə,
Başları pəncər tək biçə,
Qoyarammı ələ keçə,
Alagöz Nigarım mənim?
Bunu deyib bir dəli nərə çəkdi. Kəndir tikə-tikə olub yerə töküldü.
Qorxudan paşanın adamlarının əllərindən tüfəngləri töküldü. Vəfalı
Nigar gizlətmiş olduğu Misri qılıncı çəkib Koroğluya verdi. Koroğlu
onların hamısının boynunu vurub Nigarı götürüb təzədən Çənlibelə
döndü.
Nigarla orada yaşamağa başladı. Bu işdən bir müddət keçdi. Bir
gün Koroğlu yanında alagöz Nigar Çənlibeldə oturmuşdular. Bir də
vəfalı aşıq Cünun gəlib çıxdı. De xoş-beş, on beşdən sonra Koroğlu
soruşdu:
– Aşıq Cünun, nə yaxşı, köhnə dostu necə oldu ki, yada saldın?
Aşıq Cünun sazı döşünə basıb dedi:
Sənə deyim, qoç Koroğlu,
Düşmənlər gələcək oldu.
Sonun olar puç, Koroğlu,
Paşalar gələcək oldu.
Daldalama sən səsini,
Düşmənlə kəsmə bəsini,
Keçmiş köhnə qısasını,
Paşalar alacaq oldu.
Cünunam, dildən düşmüşəm,
Bülbüləm güldən düşmüşəm,
Qocalıb əldən düşmüşəm,
Paşalar gələcək oldu.
Aşıq Cünun saznan dediyi kimi söznən də dedi ki:
– Ay Koroğlu, Qıratı neyləmisən? Paşalar qoşun çəkib sənin üstünə
gəlir.
Aşıq Cünuna cavabında aldı görək Koroğlu nə dedi:
Sənə deyim, Aşıq Cünun,
Çağır gəlsin xan Eyvazı!
Tar eyləyim düşmən günün,
Çağır gəlsin xan Eyvazı!
Namərdliyi bildirərlər,
Yadı bizə güldürərlər,
Yoxsa məni öldürərlər,
Çağır gəlsin xan Eyvazı!
Koroğlu çəkməz haşalar,
Çətindi qollar boşalar,
Yerişir oğraş paşalar,
Çağır gəlsin xan Eyvazı!
Aşıq Cünun Koroğludan ayrılıb Eyvazı axtarmağa getdi. Dağları,
daşları çox gəzdi, Eyvazı tapa bilmədi. Bir biçənəkdə Dəmirçioğluna
rast gəldi. Gördü Dəmirçioğlu əlində yaba ot yığır. Aldı görək Aşıq
Cünun Dəmirçioğluna nə dedi:
Dəmirçioğlu sənə deyim,
Çənlibelə düşmən gəlir.
Hayqıranda ordu basan,
Çənlibelə düşmən gəlir.
Bu sinəmi qəm alıbdı,
Şad qəlbimə dərd salıbdı,
Koroğlu yalqız qalıbdı,
Çənlibelə düşmən gəlir.
Çənlibeldə yox söhbət, saz,
Çırpınır göllərində qaz,
Hanı Əhməd, hanı Eyvaz,
Çənlibelə düşmən gəlir.
Sananmaz yüzlər, əllilər,
Düşmənə demə bəlilər,
Görünmür iyid dəlilər,
Çənlibelə düşmən gəlir.
Yoldadı Koroğlu gözü,
Qəlbində qocalıq közü.
Aşıq Cünun budu sözü,
Çənlibelə düşmən gəlir.
Aşıq Cünun saznan dediyi kimi, söznən də əhvalatı Dəmirçioğluna
danışıb ordan çıxıb Çənlibelə getdi. Dəmirçioğlu gecə-gündüz çöldə
olduğundan üzünü, başını tük basmışdı. Bir dəlləyin yanına gəlib dedi:
– Usta, mənim saqqalımı qırx.
Dəllək dedi:
– Mollalar saqqal qırxmağı qadağan eləyib. Qırxa bilmərəm.
Dəlləyin cavabında aldı Dəmirçioğlu görək nə dedi:
Sənə deyim, usta başı,
Qazı dibindən, dibindən!
Olmagilən işdə naşı,
Qazı dibindən, dibindən!
Deyərəm sənin şəstinə,
Paşalar girib qəsdinə,
Gəlir Koroğlu üstünə
Qazı dibindən, dibindən!
Sənnən hesabı çəkərəm,
Gözündən qan yaş tökərəm,
Əlif qəddini bükərəm,
Qazı dibindən, dibindən!
Dəmirçioğlu bilici,
Olarsan ellər gülücü,
Sənə yendirrəm qılıcı,
Qazı dibindən, dibindən!
Dəllək gördü bu o deyənlərdən deyil. Heç deyəsən istiot-zad dadmayıb.
Bir az da oyan-bu yan eyləsə, elə doğrudan qılıncı yendirəcək.
Canının qorxusundan onun üzünü, başını qırxıb təmizlədi. Dəmirçioğlu
dəlləyin haqqını verib ordan yola düşdü. Dağları aşdı, dərələri keçdi.
Bir qayanın ətəyində Dəli Həsənə rast gəldi. Aldı görək nə dedi:
Xotkarlar üstünə atlı gedəndə
Düşmən görən açıq gözün necoldu?
Oğraş paşalarla dava edəndə,
Nərə çəkən uca səsin necoldu?
Çənlibeldə ağır məclislər quran,
Ərəbat üstündə mərdanə duran,
Misri qılınc çəkib, boyunlar vuran,
Axtar görək xan Eyvazın necoldu?
Dəmirçioğlu bu sirləri biləndə,
Düşmanları ağlayanda, güləndə,
Hərdən qəzəblənib qeyzə gələndə,
Qabaqda boz duran üzün necoldu?
Dəli Həsən çox qocalmışdı. Dəmirçioğlu elə bilirdi ki, tay bu
qədər ki, Dəli Həsən qocalıb, əvvəlki kimi Ərəbat üstündə yalın qılınc
düşmən üstünə gedə bilməz, dəstələr dağıdıb, alaylar poza bilməz.
Dəli Həsən Dəmirçioğlunun bu sözlərindən tutuldu. Aldı görək nə
dedi:
Yağı düşmənlərlə qovqa açmağa,
Hələ var qolumda qüvvətim mənim.
Qoşun gəlib Çənlibelə keçməyə,
Qəbul etməz namus, qeyrətim mənim.
Gürzüm işləyəndə dağları qırar,
Qorxusundan tapmaz düşmənlər qərar,
Paşanın, xotkarın bağrını yarar,
Ac aslan yerişim, heybətim mənim.
Mən Dəli Həsənəm, ər havadarı
Taparam Eyvazı, o namudarı,
Vuruşma vaxtında, dava bazarı,
Olmaz heç insafım, mürvətim mənim.
Söz tamam oldu. Dəli Həsən ilə Dəmirçioğlu atlanıb ordan yola
düşdülər. Dağlara, daşlara çıxıb Eyvazı axtarmağa başladılar. Çölləri,
yamacları bir-birinə vurdular. Gəzdilər, dolandılar. Axırda Eyvazı
tapdılar. Eyvaz Dəmirçioğlu ilə, Dəli Həsənlə görüşüb öpüşdü.
Götürdü görək Koroğlunu onlardan necə xəbər aldı:
Dağlar başı Çənlibeldən
Deyin görüm, nə xəbər var?
Başı qarlı bizim eldən,
Deyin görüm nə xəbər var?
Qırat, Ərəbat dururmu?
Koroğlu dövran qururmu?
Paşalar boynu vururmu?
Deyin görüm, nə xəbər var?
Eyvaz qolun gərmək istər,
Tər savaşa girmək istər,
Koroğlunu görmək istər,
Deyin görüm, nə xəbər var?
Eyvaz sözünü tamam elədi, ondan sonra Dəmirçioğlu götürdü ona
belə cavab verdi:
Çənlidən xəbər gətirdim,
Qardaş, dur gedək, dur gedək!
Müşkül mətləbi bitirdin,
Qardaş, dur görək, dur gedək!
Koroğlu oxuyub-yazır,
Yalnız qalıb candan bezir,
Haray salıb səni gəzir,
Qardaş, dur gedək, dur gedək!
Dəmirçioğlu qədrin bilir,
Səni görüb üzü gülür,
Paşalar üstünə gəlir,
Qardaş, dur gedək, dur gedək.
Elə ki, söz tamam oldu Eyvaz, Dəmirçioğlu, bir də Dəli Həsən
atlandılar. Dağlara, daşlara ün saldılar. Bir neçə günün içində bütün
dəliləri yığıb Çənlibelə Koroğlunun yanına yola düşdülər.
Bunlar getməkdə oslunlar, sənə kimdən xəbər verim, Koroğlu ilə
Nigardan. Koroğlu gözlədi-gözlədi gördü deyəsən gələn olmadı. Cünunu
göndərdi şəhərə ki, getsin paşalardan bir xəbər öyrənsin. Görsün nə
vaxt gəlirlər, necə gəlirlər. Özü yenə də alagöz Nigarla tək qaldı.
Nigar baxdı Koroğlu çox qəmgindi. Gəlib onun yanında oturub
dərdi-dilinə yetişmək istədi. Koroğlu simləri qaralmış üç telli sazı
sinəsinə basıb görək Nigara öz dərdi-dilini necə dedi:
Qarı düşmən güc gətirdi,
Qocaldım, Nigar, qocaldım.
Mənzilim başa yetirdi,
Qocaldım, Nigar, qocaldım.
Müxənnətin olmaz zatı,
Mərdin polad olar qatı,
İtirdim Qırat, Düratı,
Qocaldım Nigar, qocaldım.
Koroğlu qorxmaz yağıdan,
Badə içibdi sağıdan,
Hanı Eyvaz, Tüpdağıdan?
Qocaldım, Nigar, qocaldım.
Koroğlu elə təzəcə sözü deyib qurtarmışdı bir də gördü budu dəlilər
gəlirlər. Koroğlunun könlü açıldı, ömrü təzələndi. Elə bil anadan təzə
oldu. Aldı görək, dəlilərə necə xoş gəldin elədi.
Yenə ömür təzələndi,
Xoş gəldiniz dəlilərim!..
Qurtardım hicrandan, qəmdən,
Xoş gəldiniz, dəlilərim!..
Düşün, burda mehman qalaq,
Xotkarlara talan salaq,
Paşalardan qisas alaq,
Xoş gəldiniz, dəlilərim!..
Bir şur salın bu cahana,
Meydan boyansın al qana,
Səfər eyləyək hər yana,
Xoş gəldiniz, dəlilərim!
Aslan tək bərədə yataq,
Düşmənlərə şeşpər ataq,
Paşaları diri tutaq,
Xoş gəldiniz, dəlilərim!
Zimistanım döndü yaza,
Qulaq verin sözə, saza,
Koroğlu yetdi muraza,
Xoş gəldiniz, dəlilərim!
O tərəfdən Alı paşa, Mehdi paşanı da çağırıb əhvalatı ona danışdı.
Axırda sözü bir yerə qoydular ki, bəs Koroğlu qocalıb, dəliləri başından
dağılıb. Gedək ondan qisasımızı alaq. Paşalar başlarına qoşun cəm
eləyib Çənlibelə yola düşdülər. Onlar gəlməkdə olsun, sənə Çənlibeldə
Koroğludan xəbər verim. Koroğlu paşaların gəlmək xəbərini eşidib
üzünü dəlilərə tutub, aldı görək nə dedi:
Yaraxlanın, dəlilərim,
Paşalar meydana gəlir.
Müxənnətlər qoşun çəkib
Üz tutub bu yana gəlir.
Sözlərimdə yoxdu yalan,
Düşmənlərə salaq talan,
Misri qılınc qılsın cövlan,
Boyanmağa qana gəlir.
Olun səf-səf, dəstə-dəstə,
Yeriyək paşalar üstə,
Yağı düşmən durub qəsdə,
Tülkülər aslana gəlir.
İgit əldən çıxmaz xata,
Qoç gərək pusquda yata,
Xan Eyvaz, min Ərəbata,
Bəlli Əhməd fərmana gəlir.
Pələng tək ovdan küsməyə,
Düşmənlər üstə əsməyə,
Paşalar başı kəsməyə,
Koroğlu mərdana gəlir.
Koroğlu o vaxtı ki, davadan əl çəkməyi əhd eyləmişdi, dəliləri
başından dağıtmışdı. Qıratın da nallarını söküb çölə buraxmışdı. Amma
gəl ki, vəfalı Qırat Çənlibeldən ayrılıb getməmişdi. İndi ki, iş belə
oldu, bir tərəfdən də Aşıq Cünun gəlib xəbər verdi bəs paşalar dəmhadəmdi
ki gəlib Çənlibelə çatsınlar.
Koroğlu Eyvazı çağırıb göndərdi gedib Qıratı tapıb gətirsin. Eyvaz
gedib Qıratı tapıb gətirdi. Koroğlu Qıratın gəldiyini görəndə ayağa
qalxdı, sazı sinəsinə basıb dedi:
Budu, gəldi havadarım,
Dur, başına dolan, könül!..
Zimistanda dövr eylədin,
Yaz-bahara boyan könül!..
Qıratıma nal düzdürrəm,
Paşalar bağrın əzdirrəm,
Meylər, saqilər gəzdirrəm,
Başlar təzə dövran könül!..
Koroğluyam, mərd mərdana,
Çağırram, girrəm meydana,
Qılınc vuraram düşmana,
Xotkar taxtdan salan könül!..
Koroğlu yenə də Misri qılınc bağladı, qalxan taxdı, Qırata mindi.
Dəlilər də yaraqlandılar. Düşmən qabağında hazır oldular. O tərəfdən
paşalar başlarında qoşun gəlib Çənlibelə çatdılar. Koroğlu, yanında
dəlilər özünü paşaların qoşununa vurdu. Qoca Koroğlunun nərəsindən,
Qıratın kişnəməsindən, dəlilərin hayqırmasından paşaların qoşunu özünü
itirdi. Koroğlu başında dəlilər hər tərəfdən hücuma keçdi. Qoşun davam
gətirə bilməyib qaçmağa üz qoydu.
Koroğlu düşmanı qaçan görüb qanadlandı, qoca könlü coşdu, aldı
görək nə dedi:
Qoşun çəkib gəldi paşa,
Düşmənləri seç, Eyvazım!..
Yağı gərək çəksin haşa
Tez hücuma keç, Eyvazım!..
Dəli könül almaz öyüt,
Qoca bədən, olma meyit!..
Misri qılınc, kəmtər iyit,
Al düşmanı biç, Eyvazım!..
Qıratın nalı sökülməz,
Koroğlu beli bükülməz,
İyid ölümdən çəkilməz,
Yağı qanı iç, Eyvazım!..
Qoca Koroğlu bir dəli nərə çəkib Qıratı ildırım kimi sürüb özünü
paşalara yetirdi. Qaçaraqda hərəsinə bir qılınc vurdu. Başları bostan
kəliyi kimi dığırlanıb yerə düşdü. Qoca Koroğlu başında dəliləri at
sürüb özlərini paşaların torpağına yetirdilər. Qiymətdən ağır, çəkidən
yüngül bütün şeyləri atlara çatıb geri qayıtdılar. Çənlibelə az qalmış
Aşıq Cünun Koroğlunu dayandırıb soruşdu:
– Qoç Koroğlu, ində nə deyirsən? Dəliləri buraxırsan, ya yenə də
öz yanında saxlayırsan?
Koroğlu dedi:
– Yox, Aşıq Cünun! Mən daha koroğluluqdan əl çəkmişdim. Amma
baxıram ki, bu olmayacaq. Nə qədər ki xotkarlar, paşalar, bəylər,
xanlar var, mən koroğluluğumu yerə qoya bilməyəcəyəm.
Bu sözü eşidəndə bütün dəlilər nərə çəkdilər. Atlar kişnədi,
bədöylər oynadı. Qırat qızmış pələng kimi iki dal ayaqları üstündə
qalxıb elə bir şeyhə çəkdi ki, dağ-daş titrədi. Hamısı bir yerdə təzədən
Çənlibelə çəkildilər...
XS
SM
MD
LG