Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:36

Xiyardakı E.coli 14 nəfəri öldürdü



Təhlükəli bağırsaq çöpü Almaniyada artıq 14 adam öldürüb.
300-dən çox adam ağır vəziyyətdədir.
Ümumi xəstələrin sayı isə mindən çoxdur.

Latınca adı E.coli olan bakteriyanın bir növü olan bu bağırsaq çöpü qara ciyərin ciddi zədələnməsinə gətirir.
Alman həkimlərinin dediyinə görə, xəstələrin üçdə birində böyrəklərin fəaliyyəti tamamilə dayanıb.
Xəstəliyin əlamətlərindən biri qanla müşayət olunan qarın getməsidir.

MƏNBƏ İSPANİYA XİYARIDIRMI?

Almaniyada ilk xəstələr təxminən iki həftə qabaq qeydə alınan kimi alman həkimləri xəstəliyi törədən səbəbləri araşdırmağa başladılar və Almaniya rəsmən elan etdi ki, bağırsaq çöplərinin mənbəyi İspaniyadan gətirilən xiyardır.

Ancaq İspaniya bunu qəti şəkildə inkar edir. Hətta İspaniyanın kənd təsərrüfatı naziri Rosa Aguilar deyib: “Lap əvvəldən Almaniya İspaniyadan gələn xiyarı günahkar çıxartdı. Biz deməliyik ki, bu, həqiqət deyil. Biz tələb edirik ki, Almaniya dərhal araşdırma aparsın”.

Şübhəli xiyarların mənbəyi hesab olunan İspaniyanın Andaluziya regionunun fermalarına gündə 7 milyon avro ziyan dəyir.

Xəstəlik törədən xiyarların gətirildiyi ikinci şübhəli yer hesab olunan Hollandiyanın kənd təsərrüfatı naziri Henk Bleker isə deyib ki, Almaniyanı başa düşür. Ancaq o narahatlığını bildirib ki, bazar günündən Almaniya Hollandiyadan tərəvəz alınmasını demək olar ki, dayandırıb. Bu isə həftədə 10 milyon avro itki deməkdir.
Blekker də deyib ki, xəstəliyin hardan gəlməsi dəqiq məlum deyil.

Ekspertlər Frans press Agentliyinə deyiblər ki, dəqiq araşdırmanın nəticəsi çərşənbə günündən tez bilinməyəcək.

Bakteriyanın hardan gəldiyi yerlər arasında İspaniya, Hollandiyadan başqa Danimarkanın adı çəkilir. Ancaq Danimarka mayın 31-də bildirdi ki, Danimarka fermalarındakı xiyarlar analiz olunub. Onlarda bakteriyanın izi tapılmayıb.

Ən çox xəstə və ölüm Almaniyanın şimalında qeydə alınıb. Almaniya hakimiyyəti ölkənin şimalından gətirilən tərəvəzə də qadağa qoyub.

Xəstəliyin coğrafiyası isə genişlənir: Britaniya, Danimarka, İsveç, Fransa, İsveçrə, Avstriya, ABŞ xəstəlik və ya əlamətləri haqda məlumat verirlər.
Ancaq xəstələnənlərin hamısı ya Almaniya vətəndaşlarıdır ya da bu yaxınlarda Almaniyada olan adamlardır.

Rusiya və Belçika İspaniyadan gətirilən bütün tərəvəzə qadağa qoydular.
İspaniya buna cavab olaraq bildirdi ki. ona dəyən ziyana görə Avropa Birliyindən kompensasiya istəyəcək.
İspaniya həftədə 200 milyon avroluq kənd təsərrüfatı məhsulu ixrac edir. Bunun da 24 faizi Almaniyaya gedirdi.

SUALLAR

Almaniyanın Luedenscheid xəstəxanasının baş həkimi Jan Galle deyir ki, indi yayılan xəstəlik əslində qeyri-adi xəstəlik deyil. “Adətən Almaniya kimi ölkədə ildə təxminən 1000 adam bu xəstəliyə tutulur.
Fərqli cəhət odur ki, indi 10 günə 1200 adam xəstələnib”.

Xəstəliklə bağlı suallar çoxdur.
Almaniya bakteriyanın mənbəyinin İspaniya xiyarı olmasını rəsmən desə də, Almaniyada istehlakçı və səhiyyə təşkilatlarının apardığı araşdırmaya görə,
bakteriyanın dəqiq mənbəyi hələ məlum deyil.

Araşdırmaya görə, o məlumdur ki, xəstələnənlərin hamısı xəstəlik ərəfəsi həddən artıq xiyar, pomidor və kələm yemiş adamlardır.

Avropa Birliyinin Səhiyyə İdarəsi bildirib ki, bakteriyanın mənbəyi ət və süd deyil...
XS
SM
MD
LG