Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:33

Salyanda müəllimlərdən pul yığılır?


Arxiv
Arxiv
Salyanda müəllimlərdən, mədəniyyət işçilərindən pul yığıldığı bildirilir. Adının çəkilməsini istəməyən müəllimin dediyinə görə, Salyanda aparılan abadlıq işlərinə görə əvvəlcə onlardan 100 manat istənilib. Təklif narazılıqla qarşılandığından, onlara bildirlib ki, həmin məbləği hissə-hissə, bir neçə ay müddətinə də verə bilərlər.

«BİZ YOLLARIN KƏNARLARINI TƏMİZLƏYİRİK, AMMA… »

Ancaq rayon Təhsil Şöbəsinin müdiri Əbülfəz Bədəlov məktəblərin rayonda aparılan abadlıq işlərində yaxından iştirak etdiyini desə də müəllimlərdən pul yığılmasını təkzib edir.

«Biz abadlıqda iştirak edirik, iməcliklərə çıxırıq, yol kənarlarını, məktəblərin, idarə və müəsssisələrin ətrafını təmizləyirik, ağacları budayırıq. Amma müəllimlərdən pul yığılması ilə bağlı mən məlumatsızam».

«BİZƏ NƏ MÜƏLLİMLƏRDƏN MÜRACİƏT DAXİL OLUB, NƏ DƏ BELƏ BİR ŞEY OLUB»

Təhsil Nazirliyindəki korrupsiyaya qarşı mübarizə üzə işçi qrupun koordinatoru Ənvər İmanov isə AzadlıqRadiosuna deyib ki, bu barədə onlara Korrupsiya qarşı Mübarizə Fondundan müraciət daxil olub. Həmin müraciəti də nazirliyin Kənd Ümumtəhsil Məktəbləri Şöbəsi araşdırıb, amma fakt təsdiqini tapmayıb.

«Ümumiyyətlə heç bir müəllim bu sözü demir. Bizə nə müəllimlərdən müraciət daxil olub, nə də belə bir şey olub. Bizə məlumatı Korrupsiyaya Qarşı Mübarizə Fondu verib, amma o da konkret heç bir fakt təqdim etməyib».

FOND ARAŞDIRMALARDA ÖZÜ İŞTİRAK ETMƏK İSTƏYİR

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə adı çəkilən şöbədən onlara verilən cavabla razı deyil. Deyir ki, həmin cavab müəllimlərin dediklərinə yox, rayon təhsil şöbəsinin mövqeyinə əsaslanıb.

Vasif Mövsümov

Vasif Mövsümovun fikrincə, əgər müəllim nədənsə çəkinib açıq şəkildə harasa müraciət edə bilmirsə bu o demək deyil ki, müəllimlərdən pul yığılmır.

Onun deməsinə görə, indiyə qədər bölgələrdə keçirdikləri sorğularda korrupsiyadan, qanunsuz pul yığımlarından ən çox şikayətlənən elə müəllimlərdir. Vasif Mövsümov hesab edir ki, rayon təhsil şöbəsinə istinadən müəllimlərdən pul yığılmasının təkzib edilməsi də korrupsiyaya qarşı düzgün mübarizə üsulu deyil.

Bu baxımdan fond şikayətlərin birgə araşdırılması ilə bağlı təhsil naziri Misir Mərdanova təkrar müraciət edib. Vasif Mövsümov deyir ki, onun təmsil olunduğu fond nazirlikdəki korrupsiyaya qarşı mübarizə üzə işçi qrupun üzvü olduğundan müəllimlərdən pul yığılması ilə bağlı araşdırmalarda iştirak etmək istəyirlər:

«Biz o işçi qrupun üzvü kimi artıq nazirə müraciət etmişik. Yəqin ki, bu günlərdə bizə cavab veriləcək».

MƏDƏNİYYƏT İŞÇİLƏRİ DƏ KORRUPSİYADAN GİLEYLƏNİR

Vasif Mövsümov deyir ki, pul yığılması ilə bağlı onlara rayon mədəniyyət işçilərindən də şikayət daxil olub. Şikayət edənlər maaş kartlarının əllərindən alındığı iddia edirlər.

Amma bu məlumatı rayon mədəniyyət şöbəsinin mühasibi Rəhimli Cəfərov təsdiqləmir:

«İNDİ HANSI QURULUŞDUR?»

«Bilmirəm indi idarə rəhbəri özü nə köməklik edər öz vəsaiti, fiziki qüvvəsi hesabına, mən onun yerinə danışa bilmərəm. Amma rəsmi hər hansı bir göstəriş yoxdur. Kimin kartını kimdən almaq olar, indi hansı quruluşdur? Hamısı yalan məlumatlardır».


VƏZİYYƏT HƏKİMLƏRİN XEYRİNƏ DƏYİŞİB?

Ötən həftə Salyanda aparılan abadlıq işlərinə görə həkim və sahibkarlardan pul yığılması ilə bağlı şikayətlərdən də söz açmışdıq. Rayonun baş həkimi deyilənləri təkzib etsə də, uşaq poliklinikasının baş həkimi pul yığılması ilə bağlı həkimlərə müraciət olunduğunu təsdiqləmişdi.
Bunlara da nəzər salın

Uşaq poliklinikasının baş həkimin deməsinə görə, həkimlərə müraciət edilib ki, kimin nəyə imkanı çatırsa o qədər yardım eləsin. Baş həkim deyirdi ki, həkimlərdən yardım kimi təxminən 50-100 manat pul istənilib.

Səhiyyə nazirliyindən isə Azadlıqradiosuna bildirmişdilər ki, bu barədə onlara da şikayət daxil olub və bu məsələ araşdırılacaq.

Rayondan aldığımız məlumata görə, nazirliyinin məsələyə müdaxiləsindən sonra artıq vəziyyət həkimlərin xeyrinə dəyişib və onlardan pul istənilməsi dayandırılıb.

DAXİLİ İMKANLAR HESABINA GÖRÜLƏN İŞLƏR

Rayon icra hakimiyyətindən də büdcə təşkilatlarından pul yığılmasına göstəriş verildiyini təkzib edirlər. İcra hakimiyyətindən deyirlər ki, yalnız ticarət obyekti olan sahibkarlara tapşırıq verilib ki, obyektləri ətrafında abadlıq işlərini öz vəsaitləri hesabına aparsınlar. 2011-ci il üçün Salyan rayonun abadlığına büdcədən 2 milyon manat pul ayrılıb. İcra hakimiyyətində deyirlər ki, həmin vəsait hələ ki rayona çatmayıb və ona görə də bütün işləri daxili imkanlar hesabına görürlər.
XS
SM
MD
LG