Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:34

Suriyadan Türkiyəyə qaçan əsgərlər


Suriyada etiraz aksiyaları davam edir
Suriyada etiraz aksiyaları davam edir
QORXU İÇİNDƏ YAŞAYAN SURİYALILAR

Suriya-Türkiyə sərhədinin 1 kilometrliyindəki Hirbitulcaz kəndinə gələn qaçqınlar qorxu və ümid içindədirlər. Sərhədi keçmək üçün növbə gözləyirlər. Onların arasında əsgərlər də var.

Türkiyənin «Vatan» qəzetinin 12 iyun sayında dərc olunmuş məqalədə bildirilir ki, Suriya ordusunun törətdiklərinə dözməyib qaçan əsgərlərin danışdıqları insanı dəhşətə gətirir.

Qəzet yazır ki, bura gəlmək çox çətindir. Xüsusilə ona görə ki, Suriyadan gələn qaçqınlardan məlumat alınmasına təhlükəsizlik qüvvələri mane olur. Hirbitulcaz kəndi isə Suriyadan düz-əməlli məlumat alına biləcək yeganə yerdir:

«Burdakı minlərlə adama Hataydakı qohumları kömək göstərir. Təhlükəsizlik qüvvələri də təbii olaraq buna göz yumur. Biz «Vatan» qəzetinin əməkdaşları əlimizdə çörək və uşaq yeməyi olan zənbillərlə 3 kilometr yol gedib qarşımıza çıxan tikanlı məftilləri aşandan sonra bura gəldik. 1 saatlıq piyada yol gedəndən sonra kəndə çatdıq. Çörəyi və uşaq yeməklərini Türkiyəyə keçmək üçün sərhəddə gözləyən suriyalılara verdik».

«ATƏŞ AÇMAQ ƏMRİ VERİLDİ»

Qəzet yazır ki, burdakı düşərgənin adamları qorxu içində yaşayır. Onlardan biri, Suriya Hava Qüvvələrinin zabiti olmuş 25 yaşlı Abu Yasin ordunu 10 yoldaşı ilə birlikdə tərk edib müxalifətə qoşulan yüzlərlə əsgərdən biridir. O deyir ki, keçən həftə cümə günü onlara deyibmişlər ki, Hamada silahlılar namazdan sonra aksiya keçirəcək: «Biz şəhərin mərkəzinə getdik. Qarşımızda saqqallı və əli silahlı adamlar vardı. Suriya ordusunda saqqal qadağan olunduğundan onlar əsgər deyildi. Aralarında farsca danışırdılar. Bizim arxamızda isə Əsədin ərəb ələvilərindən olan Nusayri əsgərləri vardı. Biz sünni əsgərlər olduğumuzdan ortada qalmışdıq. Aksiya başlayan kimi biz atəş açmaq əmri verildi. Aksiyaçıların əlində silah yox idi. Qabaqdakı saqqallı və silahlı qrup atəş açmağa başladı. Adamlar buğda kimi biçilirdi. Arxamızdakı Nusayri əsgərləri bizə atəş açmasın deyə, biz də havaya və insanlardan uzağa atəş açırdıq. Bu əməliyyat 15 dəqiqə çəkdi. Ən azı 400 adam öldü. Həmin an 10 yoldaşımla birlikdə qaçmaq qərarı verdik. Silahları maşınlara qoyandan sonra bağçaların arasına girib qaçmağa başladıq. İlk işimiz fürsət düşən kim hərbi formanı çıxardıb adamlardan aldığımız paltarları geyinmək oldu».

Suriyalıların yaşadığı qaçqın çadırları. Türkiyə.

Ordudan qaçan digər əsgərlərdən Hasan Ali AFP-yə bunları deyib: «Xüsusilə sünni əsgərləri ilk sıraya qoyub atəş açmalarını tələb edirlər. Onların arxasında isə el-Muhaberat əməkdaşları dayanır. Atəş açmayanları kürəklərindən vururlar».

«New York Times»- a danışan başqa bir əsgər isə «üç əsgər hərbi formalarını çıxardıb camaata atəş açmaq istəmirik, Türkiyəyə qaçmaq istəyirik» deyəndə komandir 20 yaşlı bu gəncləri güllələyib. İbrət olsun deyə, onları öz əsgər yoldaşlarına basdırtdırıb.

TÜRKİYƏ: ETİBARLI YER

Tahal El Lus isə deyir ki, «Homs yaxınlığında əhalisi 50 min olan Ar Rastan şəhərinə girdik. Bizə burda silahlıların olduğunu demişdilər. Ancaq şəhərdə mülki adamlarla qarşılaşdıq. Əsgərlər şəhəri başdan-ayağa təmizlədi. Həmin hadisədən sonra ordudan qaçdım».

Hirbitulcaza Suriyadan 8 kənd və şəhərdən qaçqınlar gəlir. Suriya ordusunun türk ordusundan çəkinib sərhədə qədər gəlməyəcəyini düşünən müxalifətçilər Türkiyə sərhədinə qədər olan 45 kilometrlik ərazini özləri üçün etibarlı yer sayır.

Qaçanlardan biri Xədicə Emta ailəsi və qohumları ilə bu kəndə gələndə 9 aylıq hamilə olub. Qızı Həmidəni burada dünyaya gətirib. Doğulan başqa bir körpə xəbəri isə sərhədin o biri tərəfindən gəldi. Hatayın Yayladağ kəndindəki çadır kənddə yerləşdirilən qadınlardan birinin oğlu dünyaya gəlib. Körpənin adını Türkiyənin baş nazirinin şərəfinə Recep Tayyip qoyublar.

Sərhədin Suriya tərəfindəki meyvə bağları ərazisinə bir cənazə də gətirildi. Cənazəni dəfn etmək üçün Hirbitulcaz kəndinə aparan 150 nəfərlik qrupun əlində türk bayrağı vardı.
XS
SM
MD
LG