Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:32

İctimai Palatanın 19 iyun aksiyasının xronologiyası


19 iyun aksiyası - metronun "İnşaatçılar" stansiyası
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00
Direct-ə keçid

İyunun 19-u gənc fəallar metronun "İnşaatçılar" stansiyasının yaxınlığında aksiya keçirdilər

İctimai Palatanın 19 iyun aksiyasında saxlanılanlardan 4 nəfərə sutkalıq həbs verilib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyir ki, 3 nəfər 5, 1 nəfər isə 3 sutkalıq həbs cəzası alıb.

3 müxalifətçi isə 20-60 manat cərimə olunub və sərbəst buraxılıblar.

G. Aslanlı bildirib ki, Müsavat Partiyasından ümumilikdə 20 nəfər saxlanılıb.

AXCP-dən Faiq Həsənov isə deyir ki, 41 cəbhəçi saxlanılıb.

RƏSMİLƏR 23 NƏFƏRİN SAXLANDIĞINI DEYİR

Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğun yaydığı məlumata görə İctimai Palatanın aksiyası zamanı 23 nəfər saxlanılıb.

Məlumatda o da deyilir ki, on nəfərin işi məhkəməyə göndərilib, daha 13 nəfər haqqındasa ərazi polis orqanlarında müvafiq qərarlar qəbul edilib.

Həmin şəxslərin polisin qanuni tələbinə qəsdən tabe olmadığı, xırda xuliqanlıq xətaları törətdikləri bildirilir.

Məlumatda aksiya iştirakşılarının sayı 80 nəfər göstərilir.

İctimai Palata isə saxlananların siyahısını dəqiqləşdirməkdə davam edir. Son məlumatlarda deyilir ki, saxlananların 17-i AXCP üzvü, 16-ı Müsavat Partiyasının, bir nəfər Klassik Xalq Cəbhəsi Partiyasının üzvüdür. 3 nəfərsə bitərəfdir.

Aksiyadan bir gün əvvəl də 4 nəfərin saxlandığı deyilir.

İki nəfərsə - Anar HəsənovMübariz Verdiyev 5 sutka həbs cəzası alıb.

AKSİYAYA CƏHDLƏR BAŞA ÇATDI

Polis İctimai Palatanın Bakının mərkəzi meydanlarında bir neçə qrupdan ibarət tərəfdarlarının mitinq keçirmək cəhdinin qarşısını aldı.

İctimai Palatanın tərəfdarları bir neçə saat ərzində metronun «Gənclik», «İnşaatçılar», «Elmlər akademiyası», «Neftçilər» stansiyaları, «Nərimanov » kinoteatrı, Kukla Teatrı və Ayna Sultanovanın heykəli qarşısında kiçik qruplarla aksiyalara cəhd göstərdilər.

Ancaq bu aksiyalar ya 3-5 dəqiqə davam edib, ya da polis ani olaraq onların qarşısını alaraq genişlənməsinə imkan verməyib. Nəticədə əvvəlcədən elan edildiyinin əksinə olaraq «Nərimanov Nərimanov» kinoteatrının qarşısında toplaşıb mitinq keçirilməsi baş vermədi.

İctimai Palata bildirir ki, ilkin hesablamalara görə iyunun 19-da keçirilən aksiyada onların 40-a yaxın fəalı saxlanıb.

POLİS MÜSAVATIN QƏRƏRGAHINDAN ARALIDA GÖZLƏYİR

«Müsavat Partiyasının qərargahını dövrəyə alan polis avtomobilləri geri çəkilib».

Bu partiyadan Gülağa Aslanlı deyir ki, iki avtobus və bir neçə avtomobil qərargahdan aralıda gözləyir:

İctimai Palatanın keçirdiyi etiraz aksiyası
«Çoxsaylı polis əməkdaşları isə yaxınlıqdakı çayxanada oturub partiyanı nəzarətdə saxlayırlar».

Gülağa Aslanlı bir məlumat da verdi ki, saxlanan qadınlardan dördü sərbəst buraxılıb.

***

AXCP sədrinin köməkçisi Faiq Əmirovun verdiyi məlumata görə, partiyanın 15 üzvü saxlanıb.

Onlar Kukla teatrının və «Neftçilər» metrostansiyası yaxınlığındakı aksiyalarda tutulublar. Saxlanan cəbhəçilər Nizami və Səbail polis idarələrinə aparılıblar.

MÜSAVAT PARTİYASI DÖVRƏYƏ ALINIB

Hazırda Müsavat Partiyasının qərargahını polislər əhatəyə alır. Gülağa Aslanlı deyir ki, bina polis avtomobilləri ilə dövrəyə alınmaqdadır:

«Partiya başqanı, Divan üzvləri və İP-in Koodinasiya Şurasının üzvü Pənah Hüseyn də ordadır».

Bir qədər əvvəl isə partiyadakı internet xətti kəsilib.

«Neftçilər» metrosu yaxınlığında polis tərəfindən saxlanılanlar arasında AXCP fəalları Seymur Həziyev, Asəf QuliyevAsif Yusifli də var.

***
Aksiya zamanı saxlanılanlardan biri
Ayna Sultanova heykəlinin qarşısında 50-70 nəfər müsavatçı etiraz aksiyası keçirib. Müsavatçılar burda müxtəlif şüarlar səsləndiriblər və plakatlar qaldırıblar.

Saxlanılan yoxdur.


***

Bir qədər əvvəl «Neftçilər» metrostansiyası yaxınlığında bir qrup müxalifətçi «Azadlıq», «İstefa» şüarları səsləndiriblər.

Elə həmin dəqiqə polis onları ərazidən uzaqlaşdırmağa başlayıb.

Əməkdaşımızın məlumatına görə, elə bu zaman 10-15 nəfər saxlanılıb. Polis saxlananların Nizami rayon Polis İdarəsinin 25 saylı bölməsinə aparıldığını deyir.

Polis əməkdaşları metrostansiyası yaxınlığındakı dayanacaqlarda avtobusların dayanmasına imkan vermirlər.

***

Müsavat Partiyasından daha dörd nəfər saxlanıb. Partiyadan aldığımız məlumata görə, saxlananlar Vahid Abbasov, Mətin Nağıyev, Sənani HüseynliTural Hacıbəylidir.

Gülağa Aslanlı deyir ki, bu saata 22 nəfər saxlanıb. Sonuncu saxlanan İctimai Palata üzvü Ayaz İmranoğludur. Onunla bərabər daha 4 nəfər də saxlanıb. Hazırda həmin şəxslərin adları dəqiqləşdirilir.

19 iyun aksiyası
***

Müxbirimiz məlumat verir ki, bu dəqiqələrdə metronun «Neftçilər» stansiyası yaxınlığına Çevik Polis Alayının 50-dək əməkdaşı gəlib. Onlar yaxınlıqdakı parkdan tələsik sakinləri və burdakı avtomobilləri uzaqlaşdırmağa başlayıblar. Bu zaman hətta avtomobil qəzası da baş verib.

Həmin ərazidə nəqliyyatın hərəkəti də məhdudlaşdırılıb.

Park hazırda polis maşınları ilə dövrəyə alınır. Əraziyə bir neçə avtobus da gətirilib.

ŞƏHƏRİN MƏRKƏZİNDƏ AKSİYA KEÇİRİLİB

Əməkdaşımız məlumat verir ki, Kukla Teatrının yaxınlığında 12 nəfər saxlanıb. Saxlananlar arasında İctimai Palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlı və keçmiş deputatlığa namizəd Yeganə Əmiraslanova da var.

Bir qrup isə gənc metronun «İnşaatçılar» stansiyası yaxınlığından üzü keçmiş «Qələbə» kinoteatrına doğru «Azadlıq» şüarları deyərək irəliləyib. Az sonra polis onları saxlamaq istərkən gənclər dağılışıb.

Saxlanan yoxdur.

Nərimanov kinoteatrı yaxınlığında etiraz aksiyası
Gənclər aksiyanı davam etdirmək niyyətindədirlər.

Əməkdaşlarımız xəbər verirlər ki, «Nərimanov» kinoteatrının yaxınlığındakı bütün kafelər və mağazalar bağlıdır.

QADINLAR POLİS BÖLMƏSİNƏ APARILIB

Əməkdaşımız xəbər verir ki, Müsavat Partiyasının üzvü Yaşar Türkazər və gənc fəal Turqut Qəmbər də saxlanıb.

Müsavat Partiyasından Gülağa Aslanlının verdiyi məlumata görə, saxlanan qadınları polis bölməsinə aparıblar:

«Lətafət Məlikova, Həqiqət Əlizadə, Arifə Hüseynli, Rüxsarə Mehdiyeva, Dünyaxanım Cərullayeva artıq bölmədədirlər. Amma onlara hansı polis bölməsinə aparıldıqlarını demirlər».

***
Aksiya iştirakçılarından daha biri Ağası Şakiroğlu saxlanıb. O Müsavat Partiyası üzvüdür. Bu partiyadan Gülağa Aslanlının verdiyi məlumata görə, polis əməkdaşları metronun «Nərimanov» stansiyası yaxınlığındakı məhəllələrdə «müxalifətçi ovu»na başlayıblar:

«Onlar ərazidən hər kəsi uzaqlaşdırırlar».

«Nərimanov» kinoteatrının qarşısında saxlanılan etirazçı
9 NƏFƏR SAXLANILIB

Saat 5-də «Nərimanov» kinoteatrının qarşısında bir qrup «Azadlıq», «İstefa» şüarı səsləndirməyə başlayıb.

Aksiyaçılardan 5 nəfər saxlanıb. Onlardan üçü Müsavat Partiyasının qadın təşkilatının üzvləridir: Lətafət Məlikova, Dünyaxanım Cərullayeva, Arifə Hüseynli,Sevda LaçınlıRüxsarə Mehtiyeva.

Həmin qadınlar polis maşınına oturdulub ərazidən uzaqlaşdırılıb.
Saxlananlardan biri də Orxan Carçıyevdir.

Metronun «Elmlər Akademiyası» stansiyasından çıxarkən 3 fəal gənc saxlanıb. Onlardan biri Ayxan Hacıbəylidir.

***

Polis əməkdaşları «Nərimanov» kinoteatrının yaxınlığında müşahidə aparan jurnalistləri uzaqlaşdırmağa çalışır.

***
Aksiyada saxlanılan Yaşar Türkazər
Müxalifətçi fəalların metronun «Gənclik» stansiyası yaxınlığında 5 dəqiqəlik aksiya keçirdikləri bildirilir. Aksiya iştirakçılarından biri – müsavatçı fəal Ramin Baxışov saxlanıb.

Bu haqda AzasdlıqRadiosuna Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə. Gənclər 5 dəqiqə içində «Azadlıq», «Azad seçki», «Həbsdə olanlara azadlıq» kimi şüarlar yazılmış plakatları qaldırıblar:

«Bu, flaşmob tipli aksiya idi».

Əməkdaşımız xəbər verir ki, metronun «Sahil» stansiyasının yaxınlığı və «Sahil» bağı polis tərəfindən nəzarətə götürülüb. Polis İctimai Palatanın bu ətrafda aksiya keçirə biləcəyini güman edir.

Nərimanov kinoteatrının qarşısı
NƏRİMANOV KİNOTEATRININ QARŞISI NƏZARƏTƏ GÖTÜRÜLÜB

Mitinq öncəsi polis «Nərimanov» kinoteatrının qarşısını və ətraf ərazini nəzarətə götürüb. Ərazidə post-patrul xidmətinin avtomobilləri ilə yanaşı bir neçə avtobus var. Həmin avtobuslarda polis əməkdaşları gözə dəyir.

İctimai Palatanın mitinqinin başlanmasına bir saatdan artıq vaxt qalır. Amma artıq polis əməkdaşları vətəndaşları «Nərimanov» kinoteatrının qarşısından və parkdan uzaqlaşdırırlar.

Əməkdaşımız xəbər verir ki, bu zaman yaşlı bir qadın zorakılıqla üzləşib. Eyni zamanda, parkdan getmək istəməyən az yaşlı bir uşağı da post patrul maşınına oturdub aparmaq istəyiblər. Amma az sonra onu buraxıblar.

ƏLİ KƏRİMLİ: «İCTİMAİ PALATANIN AKSİYASI DİNC XARAKTER DAŞIYIR»

AXCP sədri Əli Kərimli 19 iyun mitinqi öncəsi hökumətdən və hakim partiyadan gələn bəyanatlara münasibət bildirib:

«İctimai Palatanın aksiyası dinc xarakterlidir. Palata tərəfdarlarına təlimat verilib ki, hər cür qarşıdurmadan yayınsınlar, hətta polis zorakılığına məruz qalanda da cavab verməsinlər. Amma buna baxmayaraq iştirakçılara təsir göstərmək, xof yaratmaq üçün həm polis, həm də YAP neçə gündür ki, ölkədə xaos yaranacağı, qarşıdurma olacağı ilə bağlı yalançı bəyanatlar verirlər».

Əli Kərimli
Əli Kərimli mitinqdə minlərlə tərəfdarın iştirakını istisna etmir. Amma ona da əmindir ki, hökumət qüvvələri mitinqin keçirilməsinə və ya genişlənməsinə mane olacaq.

O ki qaldı aksiyanın qeyri-qanuni olması haqda deyilənlərə:

«Aksiya qanunidir. Qanunun tələbinə uyğun biz Bakı şəhər İcra Hakimiyyətini xəbərdar etmişik. Konstitusiyanın hüquqi qüvvəsi hər hansı YAP funksionerinin açıqlamasından və ya icra hakimiyyətindəki şöbə müdirinin məktubundan daha üstündür».

«İctimai Palata liderləri aksiyada iştirak edəcəklərmi?» sualına Əli Kərimli belə cavab verdi:

«Hələ o vaxt gəlməyib ki, mən aksiyada iştirak edim».

İCTİMAİ PALATANIN MİTİNQİNİN QARŞISI ALINACAQ

«İctimai Palatanın keçirtmək istədiyi mitinq qeyri qanunidir. Həmin mitinqin qanuna
Mübariz Qurbanlı
zidd olduğu əsas götürülərək qarşısı alınacaq». Bunu AzadlıqRadiosuna YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. Mübariz Qurbanlı digər tərəfdən də əmin olduğunu bildirib ki, İctimai Palatanın çağırışına vətəndaşlar dəstək verməyəcək:

«Ola bilsin ki, özləri ilə birlikdə çox cüzi sayda tərəfdaşları da oraya yığışsınlar. Anca İctimai Palataya üzv, yaxud onlarla təfdaşlıq edənlər çox azlıqda olan bir qrupdur. Və bu qrupun da əməllərinin qanunla ziddiyyət təşkil etdiyi üçün haqlı olaraq qarşısı alınmalıdır».

YAP icra katibinin müavini sonda deyib: «Biz bu cür qeyri-qanuni aksiyaların keçirilməsinə imkan verməklə mənfi nümunə yarada bilmərik. Hamı qanuna tabe olmalıdır».

BİR NEÇƏ MÜSAVATÇI POLİS BÖLMƏSİNƏ APARILIB

İctimai Palatanın 19 iyun aksiyası öncəsi Sumqayıtda bir neçə müsavatçının polis bölməsinə aparıldığı bildirilir. Bu haqda AzadlıqRadiosuna Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib:

«Dörd müsavatçı - Elçin Səlimov, Rövşən Muradov, İsa Məmmədli və AXCP-nin Sumqayıt şəhər təşkilatının sədri Mahir Qulubəyli artıq polis bölməsindədirlər».

Gülağa Aslanlının sözlərinə görə, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas, başqa fəallar Əli Qarayev, Vidadi Feyzi də polisə çağrılıb:

«Dünən Fəxrəddin Abbas polis bölməsinə getsə də, bölmə rəisi orda olmayıb. Bu gün sahə müvəkkili yenidən onu çağırıb. Artıq Fəxrəddin Abbasın yaşadığı evin qarşısında post qurulub. Ağ rəngli maşında gözləyirlər».

Stokholmda etiraz aksiyası
STOKHOLMDA AZƏRBAYCAN SƏFİRLİYİ QARŞISINDA AKSİYA KEÇİRİLİB

Bir qrup azərbaycanlı mühacir iyunun 18-də İsveçin paytaxtı Stokholmda Azərbaycan səfirliyi qarşısında aksiya keçirib.

Bu barədə AzadlıqRadiosuna İsveçdə yaradılan müxalif İctimai Palatanın işçi qrupunun üzvü Əli Ağayev məlumat verib.

Aksiyasının məqsədi iyunun 19-da Bakıda İctimai Palatanın planlaşdırılan aksiyasına dəstək verməkdir:

«İndiyə qədər İsveçdə Azərbaycan səfirliyi qarşısında aksiya keçirilməmişdi. Gələnlərin sayı 150-dən çoxdur».

Aksiyanın sonunda səfirliyə qətnamə təqdim olunub.

İCTİMAİ PALATA ETİRAZ AKSİYASI PLANLAŞDIRIB

İctimai Palata iyunun 19-u «Nəriman Nərimanov» kinoteatrının qarşısında etiraz aksiyası planlaşdırıb. Aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmayıb. İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətdə aksiyanın «Nəriman Nərimanov» kinoteatrının qarşısında keçirilməsi istənilsə də buna icazə verilməyib.

Şəhər rəhbərliyi aksiyanın təşkilatçılarına Səbael rayonunundakı «20-ci sahə»də Sürücülük məktəbinin həyətini təklif edib.

İctima Palata isə «20-ci sahə»də Sürücülük məktəbinin həyətini aksiya üçün əlverişsiz hesab edərək şəhər rəhbərliyinin bu təklifini qəbul etməyib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov isə bildirib ki, icazəsiz aksiyaya cəhd ediləcəksə, qarşılarında polisi görəcəklər:

«İcra Hakimiyyəti onlara yer verib. Buyurub, ayrılmış yerdə aksiyalarını keçirsinlər. Əgər ayrılmış yerdə aksiya olacaqsa polis də asayişi təmin edə bilər. Əks halda onlar icazəsiz aksiyaya cəhd edəcəklərsə, qarşılarında polis görəcəklər» .

Rəis müavini deyib ki, təkcə «Nərimanov» kinoteatrının ətrafı deyil, bir çox yerlər nəzarətə götürüləcək və hər hansı qanunsuz cəhdin qarşısı dərhal alınacaq.

İctimai Palata isə aksiya keçirməyi konstitusion haqları hesab edir.

Bu qurum keçən ilin parlament seçkisinin saxtalaşdırldığını deyən müxalifət partiyaları və ictimai fəallar tərəfindən yaradılıb.
XS
SM
MD
LG