Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:04

Qadınlara maşın sürmək qadağandır


Women2Drive kampaniyası çərçivəsindəki videolardan birindən görüntü
Women2Drive kampaniyası çərçivəsindəki videolardan birindən görüntü

Ərəb sürücü xanımları sosial şəbəkələr vasitəsilə hüquqlarını qorumağa başlayıblar

Səudiyyə Ərəbistanında qadınların maşın sürməsinə icazə verilmir. Əslində, qanunvericilikdə bu barədə bir qadağa yoxdur. Sadəcə, dini rəhbərlərin fətvası xanımların sükan arxasında oturmasını qadağa edir.

Lakin ölkədə yaşayan xanımlar bu qadağaya heç də birmənalı yanaşmırlar. Bu günlərdə 28 yaşlı Solafa Kurdi özünün maşın idarə edərkən çəkdiyi videonu YouTube saytına və digər sosial şəbəkələrə yerləşdirib.

Videodan görünür ki, Solafa öz maşınında rəfiqəsi ilə şəhəri fırlanır. Amma yoldan keçənlər onlara qınaqla yanaşır, söz atırlar. Solafa da həmin atmacalara öz fikrini bildirir.

Fotoqraf işləyən Solafa deyir ki, işi ilə əlaqədar gün ərzində müxtəlif yerlərə getməli olur. O, digər sürücünün xidmətindən istifadə etsəydi, buna ayda 500 dollar xərcləməli olacaqdı:

“Amma ölkədə hər qadın bu pulu çatdıra bilməz, çünki kişilərə nisbətən onlara aşağı əmək haqqı verilir. Səudiyyə Ərəbistanında orta əmək haqqı 3000 rial (800 dollar) civarındadır. Belə çıxır ki, özü maşın sürməyi bacaran xanım da maaşının yarısından keçməlidir ki, başqası onu daşısın”.

Ərəb xanımının yaydığı bu video çoxları tərəfindən bəyənilib. Solafadan sonra 50-yə yaxın qadın onu dəstəkləyən video-müraciətlər yerləşdirib.

Bu özünəməxsus etiraz aksiyası ərəb ölkələrindəki kütləvi nümayişlərə bənzəməsə də, 50 qadının müraciətinə milyonlarla baxan olub. Bu kampaniya ilə ərəb inqilabları arasında oxşarlıq onların hər ikisində sosial medianın ciddi rol oynaması ilə bağlıdır.

Belə ki, Twitter və Facebook şəbəkələri 'Women2Drive' kampaniyasını keçirən qadınların səsinin bütün dünyada eşidilməsinə imkan yaradıb. Hətta ABŞ dövlət katibi Hillari Klinton da onları dəstəkləyib. Elə Səudiyyə Ərəbistanında rəhbər vəzifədə olanlar arasında da qadınları dəstəkləyən tapılıb.

Dubay School of Government tərəfindən dərc olunan son hesabata görə, Facebook-dan istifadə edən qadınların sayı bu ilin ilk üç ayı ərzində 32 faizdən 33,5 faizə qədər artıb.
XS
SM
MD
LG