Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:55

Hüquq müdafiəçisi məhkəmə qarşısına çıxarılıb


Vidadi İsgəndərli
Vidadi İsgəndərli
İyunun 15-də Göyçay rayon Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin məhkəməsinə hazırlıq iclası keçirilib. İşə Göyçay rayon Məhkəməsinin sədri Elxan Süleymanov baxır.

Vidadi İsgəndərli ötən ilin noyabrında Milli Məclisə keçirilən deputat seçkilərində namizədliyini irəli sürmüşdü. İndi o, namizədi olduğu dairənin məntəqələrində səsvermə zamanı seçki komissiyasının işinə müdaxilə etməkdə və səsverməyə mane olmaqda təqsirləndirilir.

Prosesi izləmək üçün məhkəmənin qarşısına 200-ə yaxın adam yığışsa da, məhkəmə zalında yer olmadığından binanın qarşısında qalıblar.

Vidadi İsgəndərlinin vəkili Xalid Bağırov vəsatət qaldırıb ki, işdə əsas zərərçəkmiş hesab olunan Araz Ələkbərov ruhi xəstə olduğuna, həkimin razılığı və iştirakı olmadan müstəntiq tərəfindən dindirildiyinə görə ifadəsi işdən çıxarılsın. 69 saylı seçki dairəsinin 2, 16, 17 saylı məntəqələrində olan müşahidəçilərin əksəriyyəti dindirilmədiyindən cinayət işinin bu hissəsi ibtidai istintaqa qaytarılsın. Vidadi İsgəndərli tərəfindən səsvermə hüquqları pozulmuş adamlar məhkəmədə Vidadi İsgəndərlini tanımadıqları üçün işin bu hissəsinə xitam verilsin. Sonuncu vəsatət isə məhkəmə iclaslarında videoçəkilişlərin və audioyazıların aparılmasına icazə verilməsi ilə bağlı olub.

Prokuror Nəriman Ələkbərov hakimdən vəsatətlərin təmin olunmamasını xahiş edib.

Müşavirədən qayıdan HAKİM VƏSATƏTLƏRİ TƏMİN ETMƏYİB. Məhkəmə baxışını iyulun 20-si saat 15:00-a təyin edib.

7 noyabr seçkiləri
Vidadi İsgəndərli hazırlıq iclasında deyib ki, ittihamları qəbul etmir. O, həbsini siyasi sifariş adlandırıb. Bildirib ki, həbsinin əsl səbəbi hüquq müdafiəçisi kimi Baş Prokurorluğu müxtəlif cinayətlərdə ittiham etməsi olub:

«Belə olmasaydı, ictimai təhlükəliliyi olmayan cinayətlərdə ittiham olunduğum halda işin istintaqını baş prokurorun nəzarəti altında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparmazdı».

Bu iş üzrə ibtidai istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb. İTTİHAM AKTInda göstərilir ki, Vidadi İsgəndərli ötən il noyabrın 7-də Milli Məclisə keçirilən seçki zamanı 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Səsvermə zamanı Qarabağlar kəndində yerləşən 16 saylı seçki məntəqəsinə daxil olaraq səsvermənin gedişinə maneçilik törədib. Məntəqə seçki komissiyası tərəfindən aktla sənədləşdirilmiş, küncü səhv kəsilmiş 16 ədəd bülleteni komissiya sədri İbrahim Məmmədəliyevdən zorla alıb. 3 ədəd küncü kəsilmiş bülleteni isə masanın üstündən özbaşına götürərək məntəqəni tərk etmək istəyib. Qarşısını kəsən və bülletenləri tələb edən komissiya sədrini sinəsindən itələyib. Bir neçə saat sonra Mirzəhüseynli kəndində yerləşən 17 və Göyçay şəhərindəki Mədəniyyət Evində yerləşən 2 saylı seçki məntəqələrində də eyni hərəkətləri təkrar edib. Bunlar ittiham aktında yazılıb.

Vidadi İsgəndərli aprelin 17-də İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb.

O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma), 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir.
XS
SM
MD
LG