Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:06

Kazuo Ishiguro əsərlərini belə yazır


Kazuo Ishiguro
Kazuo Ishiguro

Markes, Eko, Uelbek, İşiquro... Onlar əsərlərini harda, nə zaman və necə yazırlar? Amerikada çap edilən "Paris Review" ədəbi jurnalının materialları əsasında.

Məşhur yazıçıların sirləri ​

KAZUO İŞİQURO

Paris Review (2008)

...Mən adətən səhər saat 10-dan hardasa axşam 6-can yazıram. Çalışıram ki. saat 4-ə qədər nə e-maillər. nə də telefon diqqətimi yayındırsın.

- Kompüterdəmi yazırsınız?

- Mənim iki yazı masam var. Onlardan birinin üzərində yazı taxtası (üzərinə kağız qoyub rahat yazmaq üçün maili lövhə - red.). digərində isə kompüter var.

Kompüter 1996-cı ildə alınıb. İnternetə qoşulmayıb. Mən qaralamanı qələmlə - yazı taxtası üzərində yazmağa üstünlük verirəm.

Çalışıram ki, qaralama təkcə özüm üçün yox, başqaları üçün də anlaşılan formada olsun. Qaralamadakı xam mətn qarmaqarışıq bir şeydir. Nə üsluba, nə də ardıcıllığa fikir verirəm.

Sadəcə hər şeyi kağızlara yazıb doldururam. Əgər ağlıma təzə ideya gəlirsə. amma bundan əvvəl yazdıqlarımla uyuşmursa, ardıcıllığı gözləmədən onu da yazıram.

Sadəcə üzərinə yenidən qayıtmağım və onu mətnin lazımi yerində istifadə etməyim üçün həmin hissəni işarələyirəm. Sonrakı mərhələnin planını həmin bu kağıza yazıb doldurduqlarım əsasında qururam.

Fəsilləri nömrələyir, daha sonra onları sıralayıram. Növbəti əl yazısında artıq nə yazdığımı daha aydın təsəvvür edirəm. Həmin mərhələdə daha diqqətlə yazıram.

- Adətən əsərlərinizin neçə əl yazısı olur?

- 3-dən o tərəfə nadir hallarda keçirəm. Amma bununla yanaşı elə hissələr olur ki, onları dəfələrlə yenidən işləyirəm.

UMBERTO EKO

"Paris Review" jurnalı (2008)

...- Yazılarınızı günün hansı hissəsində yazırsız?

- Elə bir qrafikim yoxdur. Qrafikimin olması mümkün deyil. Olur ki, səhər saat 7-də yazmağa başlayıb gecə saat 3-də bitirirəm. Yalnız arada sendviç yemək üçün dayanıram. Bəzən isə ümumiyyətlə yazmaq ehtiyacı hiss etmirəm.

- Bəs işlədiyiniz günlərdə - gün ərzində nə qədər yazırsınız? Bununla bağlı da qaydalarınız yoxdur?

Umberto Eco
Umberto Eco



- Yox. Bilirsiniz, yazı yazmaq yalnız sözləri ağ kağız üzərinə düzmək demək deyil. Sən gəzəndə, yaxud yeyəndə də bir abzas yaza bilərsən.

- Demək ki, sizin üçün hər bir gün fərqlidir.

- Əgər Montefeltro dağlarındakı evimdəyəmsə, bəlli bir qrafikim olur. Kompüterimi açır. e-mail-lərimə baxır, nəsə oxumağa başlayır, sonra da günortayacan yazıram.

Ondan sonra isə kəndə çıxır, barda bir qədəh içki içir, qəzet oxuyuram. Evə qayıdıb saat 11-ə kimi TV-yə, yaxud DVD-yə baxıram. Ondan sonra isə bir az da işləyirəm - gecə saat 1-ə, yaxud 2-dək.

Orada bəlli bir qrafikim olur, çünki heç kim məni işdən ayırmır. Milanda, yaxud universitetdə olanda isə qrafikimi özüm müəyyən etmirəm, orada mənim nə edəcəyim haqqında qərarı həmişə başqaları verir.

... - Belə böyük həcmdə iş görə bilməyinizin sirri nədədir? Siz inanılmaz həcmdə elmi yazılar yazmısınız. Bundan başqa beş romanınız var. Onlara da qətiyyən qısa demək olmaz.

- Mən həmişə deyirəm ki, boşluqlardan, aralardan istifadə etməyi bacarıram. Atomla atomun, elektronla elektronun arası böyükdür.

Əgər biz aradakı boşluqları ləğv etsək bütün kainatı bir kürəcik həddinəcən sıxa bilərik. Bizim həyatımız boşluqlarla doludur.

Bax, siz bu səhər qapının zəngini çaldınız, sonra lifti gözləməli oldunuz, daha sonra isə qapıya çatınca daha bir neçə saniyə keçdi. Sizi gözlədiyim həmin saniyələr zamanı mən yazdığım bu yeni yazı haqqında düşünürdüm.

Gabriel García Márquez
Gabriel García Márquez


İlk abzasda sən öz kitabınla bağlı problemlərin çoxunu həll etmiş olursan. Həm mövzu, həm üslub, həm də ton aydınlaşır. Ən azı məndə belə olur - ilk abzas sonda kitabın necə alınacağını göstərən bir nümunə kimidir.
Mən çiməndə, xüsusən dənizdə çiməndə də beynimin xeyli məhsulu olur. Hamamda daha az olur, amma orda da olur.


QABRİEL QARSİA MARKES

Paris Review (1981)

...Elə ki peşəkar yazıçı oldum, qrafikim məndən ötrü ən böyük problemə çevrildi. Jurnalist olmaq gecələr yazmaq deməkdir.

Amma 40 yaşımda bütün vaxtımı yazıçılığa sərf etməyə başlayanda qrafikim əsasən səhər saat 9-da başlayıb günorta saat 2-yə qədər, yəni oğlum məktəbdən qayıdanadək davam edirdi.

Əvvəllər gərgin işə o qədər öyrəşmişdim ki, yalnız səhərlər yazdığıma görə sanki özümü günahkar hiss edirdim.

Ona görə də günortalar da işləməyə cəhd etdim. Amma gördüm ki, günorta yazdıqlarımı ertəsi gün səhər yenidən işləyirəm.

Bu səbəbdən də qərara gəldim ki, yalnız saat 9-dan 3-ün yarısına qədər işləyim, günün qalan hissəsində heç nə yazmayım.

Günortalar görüşlərim, müsahibələrim, yaxud ortaya çıxa biləcək başqa işlərim olur. Başqa bir problemim odur ki, yalnız mənə tanış olan və əvvəllər yazılarımla isinişdiyim məkanlarda işləyə bilirəm.

Oteldə. yaxud kirayə evdə yaza bilmirəm. Eləcə də başqasının makinasında. Bu da mənə əlavə problem yaradır, çünki səfərlərim zamanı heç nə yaza bilmirəm.

Əlbəttə, adam həmişə az yazmaq üçün bəhanə gəzir. Buna görə də sənin yazı yazmaq üçün özünə qoyduğun şərtlər işi daha da mürəkkəbləşdirir.

...Mənim üçün ən çətin şeylərdən biri ilk abzası yazmaqdır. Olub ki, birinci abzasa aylarla vaxt sərf etmişəm, amma elə ki ilk abzası yazdın, yazının qalan hissəsi çox asan ərsəyə gəlir.


Buna görə də hekayələr kitabı yazmaq roman yazmaqdan xeyli çətindir. Çünki hər dəfə hekayə yazanda sən hər şeyi yenidən başlamalısan.


MİŞEL UELBEK

...- İndi iş qrafikiniz necədir?

- Mən gecə saat 1 radələrində oyanıram. Yarıoyaq, yarıanlaqlı vəziyyətdə yazmağa başlayıram. Kofedən içdikcə daha anlaqlı vəziyyətə gəlirəm. Və bezənəcən yazıram.

...- Romanlarınızın süjetinizi əvvəlcədən qurursunuz?

- Yox.

- Bir səhifədən o birinə keçəndə nə baş verəcəyini bilmirsiniz?

- Mən heç vaxt heç nəyi planlaşdırmıram.

XS
SM
MD
LG