Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:39

Davutoğlu Əsədlə iki saat danışıb...



Suriyanın insan haqları təşkilatları xəbər verir ki, hökumət qüvvələri avqustun 9-da daha 30 üsyançını öldürüblər.

Ordu hissələri tankların müşayiəti ilə Türkiyə sərhədinə yaxın ərazilərdə təmizləmə əməliyyatlarını davam etdirirlər.

Qoşunlar ölkənin cənubundakı Deyr əl-Zor şəhərinə də həmlələri davam etdiriblər.

Türkiyənin xarici işlər Əhməd Davutoğlunun Suriya rəhbərliyinə sərt mesaj çatdırmaq üçün avqustun 9-da Dəməşqə getməsi də zorakılığın dayanmasına kömək etməyib.

O, yerli rəsmilərlə 6 saat görüşlər keçirib.

Onun təkcə prezident Bəşər Əsədlə görüşü 2 saat çəkib

Həmçinin bax:
ƏRƏB DOMİNOSU
Suriyanın əsas ticarət tərəfdaşı olan Türkiyə bu səfər ərəfəsində zorakılıqlara görə Əsəd rejimini tənqid edib.

Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan bildirib ki, Əsəd rejiminin hərəkətlərinə görə Türkiyənin “səbr kasası daşır”.

Amma Davudoğlunun Dəməşqdəki görüşləri barədə hələ ki rəsmi açıqlama verilməyib.

Latakia şəhərində etirazlar
Suriyada üsyançılara qarşı cəza tədbirləri martın ortalarından davam etsə, indiyəcən 1600-dən çox üsyançı öldürülsə də, beynəlxalq ictimaiyyət yalnız indi müəyyən mənada ortaq mövqedən çıxış etməyə başlayıb.

Dinc əhaliyə qarşı silah işlədilməsinə etiraz olaraq Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt də öz səfirlərini Dəməşqdən geri çağırıb.

Amerika Dövlət Departamentinin sözçüsü Mark Toner Vaşinqtondakı mətbuat konfransında Ərəb Ölkələri Liqasının və Körfəz Əməkdaşlıq Şurasının Suriyadakı repressiyaları pisləməsini alqışlayıb:

“Bu, beynəlxalq ictimaiyyətin Suriya hökumətinin qəddar hərəkətlərindən cana doyduğunun və Suriya xalqını dəstəklədiyinin daha bir əlamətdirir.

Bu həm də onu göstərir ki, prezident Bəşər Əsəd və onun hökuməti öz hərəkətləri ilə özlərini daha çox təcrid edirlər”.

Küveyt Suriyadan səfirini geri çağırmaqla kifayətlənməyib. Küveytin xarici işlər naziri Məhəmməd əl-Səlim əl-Sabah deyib ki, o, Körfəz ölkələrindəki həmkarları ilə görüşərək Əsəd rejiminin etirazçılara qarşı “tamamilə yolverilməz” zorakılığını müzakirə edəcək.

Sünni-şiə qarşıdurmasından ehtiyatlanmalar

Sünni təriqətinin ən nüfuzlu elm ocağı – Misirin əl-Əzhər Universitetindən Şeyx Əhməd əl-Tayib öz bəyanatında bildirib ki, vəziyyət çox gərginləşib:

“Əl-Əzhər Suriyadakı vəziyyətlə bağlı uzun müddət dözüm nümayiş etdirdi. Çünki bu, həssas məsələdir... Bu ərəb və İslam faciəsinə son qoymaqdan başqa çarə yoxdur”.

Şeyxin adına “həssas” dediyi məsələnin kökündə o dayanır ki, Suriyanı şiə azlığı idarə edir. Hakimiyyətin öldürdüyü üsyançılar isə ölkənin sünni çoxluğundandır.

Bir çoxları Əsəd hökumətinin repressiyalarının bölgədə böyük sünni-şiə qarşıdurması alovlandıra biləcəyindən ehtiyat edirlər.
XS
SM
MD
LG