Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:23

Prezident Administrasiyası 13 yaşlı erməni qızın İlham Əliyevə müraciətinə cavab verib


Xankəndi
Xankəndi
Qarabağdan olan 13 yaşlı məktəbli Adelina Avaqimyan prezident İlham Əliyevə məktub yazıb.

«Reqnum» agentliyinin yaydığı məktubda 13 yaşlı Adelina Stepanakertdə anadan olduğunu, Qarabağı çox sevdiyini bildirir.

«Cənab prezident. Hər dəfə mən televizora baxanda, oxuyanda və ya yaşlı adamların danışıqlarına qulaq asanda, təəccüblənirəm. Siz həmişə Qarabağdan və müharibədən danışırsız. Sanki heç bir şey haqqında fikirləşmirsiniz. Elə bil Sizi narahat edən başqa bir probleminiz yoxdur. Mən heç vaxt azərbaycanlıları görməmişəm və Sizin haqqınızda fikirləşmirəm. Mənim valideynlərim də Sizin və ölkəniz haqqında düşünmürlər. Sizin bizim ölkədən nə istəyirsiniz mənə aydın deyil. Sizin öz torpağınız özünüzə bəs etmir, Qarabağ Sizin nəyinizə lazımdır? Mən öz babamdan eşitmişəm ki, hətta müharibəyə qədər - 50-100 il bundan əvvəl burda azərbaycanlılar vəfat edəndə, onları Qarabağdan kənarda, əsil vətənlərində dəfn edirmişlər. Çünki bilirmişlər ki, bura onların vətəni deyil. Ona görə də indi Qarabağda demək olar ki, azərbaycanlı qəbiristanlığı yoxdur», - deyə müraciətdə qeyd olunur.

13 yaşlı qızın məktubuna prezident İlham Əliyev yox, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov cavab verib.

Prezident Administrasiyasından verilən cavabda tarixi faktlarla Qarabağın Azərbaycan torpağı olduğu 13 yaşlı qıza xatırladılır. Qeyd olunur ki, onun Stepanakert adlandırdığı şəhərin əsası 18-ci əsrdə Qarabağ xanları tərəfindən qoyulub. Yalnız yaradılmasından 100 ildən çox vaxt ötdükdən sonra Xankəndini bolşevik Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıblar:

«AKADEMİK SUREN YEREMYANIN SÖZLƏRİNİ XATIRLAT»

Elnur Aslanov
«İndi isə, Adelina, təsəvvür et ki, bir milyona yaxın azərbaycanlı təkcə Xankəndinə yox, Ermənistanın işğal etdiyi Azərbaycanın digər şəhər və rayonları – Şuşa, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilandakı öz uşaqlıq yerlərinə, öz babalarının vətənlərinə qayıda bilmirlər. Sənin həmyaşıdların – azərbaycanlılar nə vaxtsa öz nənə və babalarının, öz əcdadlarının evlərini görəcəkləri ümidi ilə yaşayırlar. Ümid edirəm ki, sən onların sənin yaşadığın müddətdən də artıq bir vaxt ərzində - iyirmi ilə yaxındır ki, necə ağrılar çəkdiyini başa düşəcəksən. Səncə, doğma ocaqdan uzaqlarda yaşamaq necədir?

Əlbəttə ki, böyüklər öz yaşlarında çox şey görüblər və onların şəxsi rəyə malik olmaq hüququ var. Sadəcə, onlar növbəti dəfə sənə Qarabağın həmişə tarixi erməni ərazisi olması barədə danışmağa başlayarkən, ermənilərin Dağlıq Qarabağda məskunlaşdırılmalarının 150 illiyini onlara xatırlat. Böyüklər Arsaxın Ermənistanın qədim əyaləti olması barədə danışmağa başlarkən, qədim erməni deyil, qədim alban vilayətləri Arsax və Utik haqqında yazmış akademik Suren Tiqranoviç Yeremyanın sözlərini onlara xatırlat.

Yazırsan ki, heç zaman azərbaycanlı görməmisən. Başa düşürəm. İndi elə bir zaman gəlib ki, tarixən Azərbaycanın olmuş Dağlıq Qarabağda azərbaycanlı, Ermənistanda isə ermənilərdən başqa heç kəs qalmayıb. Azərbaycanda isə onlarla müxtəlif millətin, o cümlədən də yaşıdlarının burada görə biləcəkləri ermənilər firavan həyat sürürlər. Yazırsan ki, boş vaxtlarında çox şey haqqında düşünürsən. Onda düşün, necə olub ki, hal-hazırda Ermənistan monoetnik, Azərbaycan isə çoxmillətli dövlətdir? Monoetnik dövlətin nə olduğunu bilmirsənsə, böyüklərə müraciət et. Onlar Ermənistanın timsalında bu sözün mənasını sənə izah edəcəklər».

BAKIYA DƏVƏT

Müraciətin sonunda 13 yaşlı qız heç vaxt görmədiyi azərbaycanlıları görmək üçün Bakıya, Gəncəyə, Sumqayıta dəvət edilir.

«Valideynlərin, atan, anan, nənən və babanla gəl, onlar azərbaycanlı qonaqpərvərliyi və xalqımın yaradıcı xarakteri haqqında yalnız sözdə eşitməyiblər. Bir yerdə gəlin və görəcəksiniz ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ nələri itirir. Əminəm ki, bundan sonra sənin Azərbaycan haqqında da, heç zaman görmədiyin azərbaycanlılar haqqında da rəyin dəyişəcək», - deyə 13 yaşlı qıza verilən cavabda bildirilir.
XS
SM
MD
LG