Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:47

Iran mətbuatında Azərbaycana qarşı təbliğat güclənib


Arxiv foto
Arxiv foto
Düzdür, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadinin Azərbaycan rəhbərini hədələməsi, Azərbaycan xalqı haqqında mübahisəli fikirlər səsləndirməsi ilə bağlı xəbər İran rəsmiləri tərəfindən təksib olundu. Amma İranda hakimiyyətin nəzarətində olan media son günlər aqressiv şəkildə Firuzabadini müdafiə etməyə, onun təkzib olunan fikirlərini inkişaf etdirməyə çalışır.

Təbrizdə fəaliyyət göstərən nasrnews.ir saytı yazır ki, “İslam düşmənçiliyi və sionistlərlə əməkdaşlıq Azərbaycan Respublikasının yürütdüyü siyasətin əsas elementinə çevrilib”.

Yazıda iddia edilir ki, ölkədə hicaba qarşı kampaniya aparılır. Bundan başqa, guya Azərbaycan hökuməti ABŞ, İsrail və Rusiya ilə əməkdaşlıq edərək İranı zəiflətmək siyasəti yürüdür.

AZƏRBAYCAN İRANI PARÇALAMAĞA HAZIRLAŞMAQDA İTTİHAM EDİLİR

Başqa bir İnternet saytı – tabnak.ir isə qatı mühafizəkar qüvvələrin nəzarətindədir.

Sayt 13 avqust tarixli məqaləsində yazır ki, Firuzabadinin sözlərindən sonra “Azərbaycanda İran əsilli vətəndaşlara qarşı kampaniyaya başlanıb”.

Yazıda iddia edilir ki, bir müddət əvvəl Azərbaycan hökuməti ABŞ və İsraillə İranda etnik qarşıdurma yaratmaq haqqında razılığa gəlib və bu istiqamətdə addımlar atmağa hazırlaşır.

Iran -- General Həsən Firuzabadi
Guya Bakı “mərkəzi Təbriz olan həqiqi Azərbaycanda geniş aksiyalar hazırlayır. Qarşıya vəzifə qoyulub ki, orada vərəqələr, kitablar yayılsın, orada İran Azərbaycanının tarixi təhrif edilsin, İranın qeyrətli azərbaycanlıları arasında nifaq salınsın”.

İranda son vaxtlar bir sıra millətçi azərbaycanlı fəalların tutulmasına işarə vuran sayt “İranda bəzi Bakı muzdurlarının həbs edilməsinin də bununla bağlı olduğunu” qeyd edir.

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə İran mətbuatında yer alan belə iddiaları ciddi saymır.

Onun fikrincə, İranın parçalanması, 30 milyonluq Azərbaycan dövlətinin yaranması bölgədəki siyasi oyunçuların heç birinə əl vermir. Çünki bu regiondakı bütün geosiyasi situasiyasını dəyişərdi.

Ə.Oruclu hesab edir ki, sadəcə, İran hakimiyyəti Azərbaycanın zəif durumundan istifadə etmək istəyir:

“Azərbaycan hökuməti öz müttəfiqləri Amerika və Avropa ilə münasibələri korlayıb. Rusiya da bu vəziyyətdə Azərbaycana öz iradəsinin sırımağa çalışır. İranda da zəif Azərbaycan daxilində özünə loyal qüvvələri aktivləşdirmək və bundan yararlanmağa çalışır”.

“AZƏRBAYCAN” SÖZÜNƏ İDDİA

tabnak.ir öz məqaləsində daha sonra Azərbaycan sözünün yalnız İran Azərbaycanına aid olduğunu, Azərbaycan Respublikasının tarixən Aran və Şirvan adlandığını, həmin ərazilərin də 19-cu əsrdə rus işğalı nəticəsində Gülüstan və Türkmənçay müqavilələri ilə “İrandan qoparıldığını” iddia edir.

Sayt bu baxımdan 1918-ci ildə Azərbaycanda qurulan müstəqil respublikanın adının Azərbaycan qoyulması ilə razılaşmır, bunu “saxtakarlıq” adlandırır. Müsavat hakimiyyətini “faşist və pantürkist komitə” kimi damğalayır, həmin hökumətin “Osmanlı İmperiyasının dəstəyilə İrana qarşı siyasət yürütdüyünü, İranı parçalamağa çalışdığını” iddia edir.

Yazıda bildirilir ki, hökumətin qurucusu Məhəmməd Əmin
Ərəstun Oruclu
Rəsulzadə ölkənin
“Azərbaycan” adlandırılmasının İrana qarşı yönəlmədiyini desə də “sovet dövründəki Bakı rəhbərləri bundan İranı parçalamaq üçün istifadə etməyə çalışdılar. “Cənubi Azərbaycan” sözü işlədilməyə başlandı. İndi də bu siyasət davam edir. İran mədəniyyəti nümunələri, ədəbiyyat xadimləri, o cümlədən Nizami, Xaqani kimi şairlər özününküləşdirilir”.

Sayt iddia edir ki, guya Azərbaycan indi də İranı parçalamaq siyasəti yürüdür.

Yazıya görə, guya İranda dil müxtəlifliyinə nail olmağa cəhdlər, İran azərbaycanlılarının İran əsilli yox, türk əsilli olduqları fikrini yaymaq, İranda federalizm ideyalarını təbliğ etmək sonda Azərbaycanın İrandan qoparılmasına yönəlib.

Saytın iddiasına görə, Azərbaycan İranda etnik qarşıdurma yaratmağa çalışarsa, “bunun zərbəsi özünə dəyəcək. Çünki Azərbaycanda bir çox millətlər yaşayır”

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə düşünür ki, İran mətbuatında Azərbaycana qarşı təbliğatın artması, Azərbaycanın ABŞ və İsraillə əməkdaşlıq edərək İranı dağıtmaq istəyində suçlanmasında iki məqsəd var.

Onun fikrincə, İran bir tərəfdən Azərbaycan Respublikasındakı özünə loyal qüvvələri bu yolla qızışdırır, onları İslama qarşı kampaniyanın başlanması bəhanəsi ilə səfərbər edir. Digər tərəfdən isə ölkə daxilinə mesaj verir – demək istəyir ki, kim öz milli haqlarını tələb edəcəksə, ABŞ və İsrailə xidmət etmiş olacaq.
XS
SM
MD
LG