Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:39

Hüquq müdafiəçisinə 4 illik həbs cəzası istənilib


Vidadi İsgəndərli
Vidadi İsgəndərli
Avqustun 25-də Göyçay rayon məhkəməsində hüquq müdafiəçisi Vidadi İsgəndərlinin məhkəməsi davam edib. Məhkəmə iclasında prokuror Nəriman Ələkbərov hüquq müdafiəçisinə 4 il iş istəyib.

Prokuror çıxışında deyib ki, Vidadi İsgəndərliyə qarşı irəli sürülmüş ittihamlar məhkəmədə təsdiqini tapıb.

Vidadi İsgəndərli ötən il noyabrın 7-də Milli Məclisə keçirilən seçkidə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. İttihama görə seçki zamanı Qarabağlar kəndində yerləşən 16 saylı seçki məntəqəsinə daxil olaraq səsvermənin gedişinə maneçilik törədib. Məntəqə seçki komissiyası tərəfindən aktla sənədləşdirilmiş, küncü səhv kəsilmiş 16 ədədə büllüteni komissiya sədrindən zorla alıb. Bir neçə saat sonra Mirzəhüseynli kəndində yerləşən 17 və Göyçay şəhərindəki Mədəniyyət Evində yerləşən 2 saylı seçki məntəqələrində də eyni hərəkətləri təkrar edib.

Vidadi İsgəndərli özü ittihamları həm ibtidai, həm də məhkəmə istintaqı zamanı rədd edib.

Məhkəmə iclası sabah davam edəcək. Vidadi İsgəndərlinin vəkili Xalid Bağırov AzadlıqRadiosuna deyib ki, bu gün Göyçay rayon Məhkəməsinin binası ətrafında polis qüvvəsi xüsusilə gücləndirilib.

Hüquq müdafiəçisi bu il aprelin 17-də müxalifətin yeni birliyi olan İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb.

O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Vəkilinin deməsinə görə, prokuror 4 ilə qədər cəza istəyibsə, hakim təqsirləndirilən şəxsə həmin müddətdən artıq cəza verə bilməz.
XS
SM
MD
LG