Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:42

Korrupsiyaya görə bir neçə nəfər həbs edilib


Arxiv foto
Arxiv foto
Bu barədə Baş Prokurorluq məlumat yayıb. Barəsində cinayət işi açılıb həbs edilənlərdən biri 1 milyon manata yaxın özgə əmlakını mənimsəmədə ittiham olunan Dövlət Sosial Müdafiə Fondunun Suraxanı şöbəsinin sabiq müdiri Səfər Hüseynovdur.

Məlumatına görə, Səfər Hüseynov Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri olarkən şöbənin digər əməkdaşları ilə 2008-2010-cu illərdə ayrı-ayrı şəxslərin pensiya alma müddətlərinin bitməsinə baxmayaraq, yalan məlumatlar daxil etməklə onların hesabına 995 min 642 manat pul köçürərək mənimsəyib.

Bundan başqa, istintaqla müəyyən edilib ki, Akif Sərkarov şöbəsinin maliyyə-uçot sektorunun aparıcı məsləhətçi-mühasibi vəzifəsində işləyərkən 2009-2010-cu illərdə iki şəxsin adına köçürülmüş 5 min 338 manat, vəfat etmiş pensiyaçıların adlarına 8 min 758 manat pul ödəməklə dövlət mənafeyinə ziyan vurub.

Baş prokurorluğun məlumatına görə, həmin şöbənin maliyyə uçot sektorunun müdiri-baş mühasibi Kərim Muradov və ümumilikdə 12 nəfərə qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama, vəzifə saxtakarlığı və səhlənkarlıq maddələri ilə ittiham elan edilib.

Məlumata görə, ibtidai istintaq zamanı vurulmuş zərərin 320 min manatı dövlət büdcəsinə ödənilib.

BÜTÜN İŞLƏR BAXILMASI ÜÇÜN BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Korrupsiya əməlinə görə həbs edilən digər şəxs «Qobu» dəvəçilik üzrə Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq sədri Balağa Səmədovdur. O, da qulluq mövqeyindən sui-istifadə etməklə külli miqdarda özgə əmlakını talama, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığında ittiham olunur.

Barəsində həbs qətimkan tədbiri seçilən digər bir şəxs isə Salyan rayonu Xıdırlı bələdiyyəsinin sabiq sədri Aydın Tarverdiyevdir. Cinayət Məcəlləsinin 6 maddəsi ilə ittiham olunan Aydın Tarverdiyev sədr olduğu müddətdə bələdiyyənin ərazisindən 9 ha torpaq sahəsi almaq üçün ona müraciət edən Yusif Cəfərovdan sənədləri saxtalaşdırmaqla hissə-hissə 71 min manat rüşvət alıb.

Baş prokurorluğun məlumatında qeyd olunur ki, bundan əlavə Aydın Tarverdiyev 2010-cu ilin iyun ayında Balakişi Cəbrayılovun adına olan Xıdırlı kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı 1 hektar torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı qanunsuz yolla rəsmi dövlət sənədi hazırlayaraq bunun əvəzində həmin şəxsdən 1800 manat pul alıb.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsi müxtəlif sahələr üzrə korrupsiya hüquqpozmaları ilə əlaqədar 86 cinayət işinin istintaqını davam etdirilir.

Bu ilin əvvəlindən Azərbaycan korrupsiya əleyhinə rəsmi mübarizə aparıldığı deyilir. Amma yerli ekspertlər hələlik bu mübarizənin real nəticələrinin olmadığını bildirirlər.
XS
SM
MD
LG