Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:41

Korrupsiyaya qarşı mübarizə «rastomoşka»dan yan keçdi?


Bakı şəhər baş gömkür idarəsi Yasamal və Binəqədi gömrük postu.
Bakı şəhər baş gömkür idarəsi Yasamal və Binəqədi gömrük postu.
«Soyğunçuluq. Necə olacaq, soyğunçuluq. Gürcüstandan BMW gətirmişəm 3800 manat məndən gömrük qeydiyyatına pul aldılar. Gürcüstandan həmin maşını 3500-ə almışdım»

Mahmud Səfərovla Bakı Baş Gömrük İdarəsinin Sulutəpədə yerləşən Yasamal və Binəqədi Gömrük postundan çıxanda qarşılaşdım. Çox əsəbi idi. Onu iki məsələ əsəbləşdirmişdi. Birinci gömrük qeydiyyatının həddən çox baha, ikincisi isə 7 gün dayanacaq haqqının 40 manat olması idi.

«QƏLƏM» MAŞINDAN BAHADIR

Vüqar Səlimov da gömrüyün qarşısındakı söyüd ağacının altında var-gəl edirdi. Söhbət zamanı məlum oldu ki, o da gömrükdəki münasibətdən əsəbləşib. Deməsinə görə, 2001-ci ilin istehsalı olan avtomobili Almaniyadan 3800 avroya alıb. Amma ondan gömrük qeydiyyatına görə, 4500 manat pul istəyirlər:

«Almanlarla bizim ölkə şərikdir də. Onlar istehsal edib maşın satır, bizimkilər də bir iki sənəd yazmağa bu qədər pul istəyirlər. Almanlarda böyük bir avtomobilin, bizdə də qələmin kağızın qiyməti o qədərdir»

«GÖMRÜK KALKULYATORU BİZLİK DEYİL»

Mən Vüqar Səlimova internetdə «Nəqliyyat vasitələri üçün gömrük tarifləri kalkulyatoru» olduğunu xatırlatdım. Onun cavabı belə oldu:

«Aydındır ey qardaş kalkulyator var, amma onlar bizim üçün deyil, o Avropa ölkələri üçün nəzərdə tutulub. Bizim ölkədə donu olmayan bir şey yoxdur, hər şeyə don geyindirilər. Deyirlər əgər 5 min manat qazanıb gedib maşını alıb gətirmisənsə, bizə də 5 min verməlisən. Bəlkə də bizdən alınan o beş minin 10 faizi heç dövlət büdcəsinə getmir».

Yasamal və Binəqədi gömrük postuna gətirilən maşın
«PROBLEMLƏR SƏRHƏDDİ KEÇƏN KİMİ BAŞLAYIR»

Vüqar Səlimov deyir ki, 2011-ci ilin əvvəlindən korrupsiyaya qarşı mübarizə başlayandan sonra heç də vəziyyət dəyişməyib. Əksinə hər şeyin qiyməti bahalaşıb:

«Rüşvət ən azından iki dəfə. Düşmək əvəzinə qalxıb».

Vüqar Səlimovun sözlərinı görə, Azərbaycan sərhəddini keçən kimi problemlər başlayır:

«Heç almasalar bir 100-150 avro alırlar. Heç bir sənəd filan da təqdim olunmur. Kim olursan ol, baxan yoxdur»

«DEDİM Kİ, HEÇ KİMƏ PUL VERMƏ»

Gömrük postunun qarşısında dayandığım bir-iki saat müddətində oradan çıxan razı adama rast gəlmədim. Hamı qeydiyyat qiymətlərindən tutmuş postun dayanacağında alınan pula qədər şikayətçi idi. Özünü Bünyad Bədəlov kimi təqdim edən birisi Rusiyadan avtomobil gətirən oğluna çöldən zəng edib sənədləşmə üçün gömrük rüsumdan əlavə heç bir qəpik də pul verməməyi tapşırırdı. Deməsinə görə, iki il əvvəl özü Gürcüstandan maşın gətirəndə gömrük postunda ondan sənədləşmə üçün xeyli pul alıblar:

Bakı şəhər baş gömkür idarəsi Yasamal və Binəqədi gömrük postu
«Bundan əvvəl Gürcüstandan 3800 dollara aldığım maşına 2800 manat «rastomoşka» pulu aldılar. Dedim bu nədir? Dedilər, belə olur. Belə çıxdı ki, mən Gürcüstandan iki maşın gətirmişdim, birini özümə, birini də gömrükdəkilərə. İndi oğlum Rusiyadan maşın gətirib. Dedim ki, heç kimə pul vermə, qanuni rüsum nə qədərdirsə onu ödə. İndi gözləyirəm görüm nə olur».

«RÜŞVƏT NƏDİR? CƏNAB PREZİDENTİMİZ RÜŞVƏTİ YIĞIŞDIRIB»

Bakı Baş Gömrük İdarəsinin Sulutəpə qəsəbəsindəki Yasamal və Binəqədi gömrük postunda isə deyilənləri təkzib etdilər. Postun adının çəkilməsini istəməyən əməkdaşı heç kimdən əlavə pul alınmadığını və hər şeyin qanunauyğun olduğunu bildirdilər:

«Kim nə deyirsə hamısı boş şeydir. Hamıya ödədiyi pula görə qəbz verilir. Qaldı ki, dayanacaqda saxlanılan maşınlara görə sahiblərindən yüksək məbləğdə pul alınmasına, bu da yalandır. Ümumiyyətlə dayanacaqda maşınların dayanması pulsuzdur. Gəlsin görüm kimdən dayanacağa görə pul alınır. Girsinlər Gömrük Komitəsinin saytında hər şey yazılıb, o hesabla da pullarını ödəsinlər. Rüşvət nədir? Cənab prezidentimiz rüşvəti yığışdırıb. Bizdə rüşvət adlı bir şey yoxdur».

Gömrükdən şikayətlənən Vüqar Səlimov isə düşünür ki, prezident baş verənlərdən xəbərsizdir: «Prezidentin xəbəri yoxdur, bizim prezident xalqın istəyən prezidentdir. Amma məmurlar ölkəni də, hakimiyyəti də məhv edirlər».

Bu ilin əvvəlindən Azərbaycan korrupsiya əleyhinə rəsmi mübarizə aparıldığı deyilir. Amma yerli ekspertlər hələlik bu mübarizənin real nəticələrinin olmadığını bildirirlər.
XS
SM
MD
LG