Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:43

M.Kərimov: ««Metsamor» AES-də qəza baş versə, qarşısını almaq çətin olacaq»


«Metsamor» Atom Elektrik Stansiyası
«Metsamor» Atom Elektrik Stansiyası
«Ermənistanda yerləşən «Metsamor» Atom Elektrik Stansiyasının yoxlanılmasında Azərbaycan nümayəndələri də iştirak etməlidirlər».

Bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.

O, bu məsələni Beynəlxalq Atom Enerjisi Agentliyinin baş konfransında da qaldırdığını qeyd edib:

«Erməni tərəfi deyir ki, «Metsamor» AES-i bu il ən azı 10 dəfə müxtəlif komissiyalar yoxlayıblar. Ancaq Komissiyanın yoxlamalarının nəticələri qonşu ölkələrə təqdim olunmur, şəffaflıq yoxdur. Biz tələb edirik ki, şəffaflıq artırılmalıdır. Yoxlamaların nəticələri elan olunmalıdır. Həm Türkiyə, həm Gürcüstan, həm də Azərbaycan bu məlumatları bilməlidir».

AMEA prezidenti onu da bildirib ki, Yaponiyada AES-də baş verən qəzadan sonra «Metsamor» AES məsələsi də aktuallaşıb:

«Həqiqətən də, «Metsamor» AES regionumuz üçün böyük təhlükədir. Çünki o, heç bir Avropa standartlarına uyğun gəlməyən, öz resurslarını tükətmiş və köhnəlmiş bir stansiyadır».

M.Kərimov bildirib ki, «Metsamor» AES dağlıq ərazidə yerləşir. Orada qəza baş versə, stansiyanın soyudulması üçün su çatışmazlığı yaranacaq və bu qəzanın qarşısını almaq da çətin olacaq:

«Ermənistanın elə bir maliyyə resursu yoxdur ki, qəzanın qarşısını ala bilmək üçün tədbirlər görsün».

«Metsamor» AES 1970-ci ildə tikilib. 1988-ci ildə 25 min insanın həyatına son qoyan Spitak zəlzələsindən sonra «Metsamor»un işi dayandırılıb. Lakin 1995-ci ildə beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da buraxılıb. /Trend/
XS
SM
MD
LG