Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:10

İsa Qəmbər: «Cənab hakim, icazə verin, əl çalım»


Tural Abbaslı
Tural Abbaslı
Sentyabrın 30-da Səbail rayon Məhkəməsinin qarşısına xeyli insan yığışıb. Bunlar müxalifətçilər və ictimai fəallardır.

Ətrafda xeyli polis və Çevik Polis Alayının əməkdaşları da var. Onlar məhkəmənin yerləşdiyi küçəni az qala mühasirəyə alıblar.

Bu haqda AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşı məlumat verir.

Bu gün Səbail rayon Məhkəməsində Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli ilə bağlı hökm veriləcəyi gözlənir.

Fasiləyə qədərsə İctimai Palatanın aksiyasına görə həbs olunmuş 2 nəfər son söz deyib: Arif Hacılı və Fuad Qəhrəmanlı.

Arif Hacılı 40 səhifəlik çıxış hazırlayıb. O deyib ki, insanların azadlığı uğrunda küçələrə çıxıblar, buna görə də özlərini təqsirli saymırlar.

Hakim bir neçə dəfə onun mahiyyətdən kənara çıxdığını söyləsə də, Arif Hacılı nitqini davam etdirib.

HAKİM TƏLƏB ETSƏ DƏ, ZALI TƏRK EDƏN OLMADI

O deyib ki, bu mübarizəni onlar olmasa da, gənclər davam etdirəcəklər. Arif Hacılı çıxışını Məmməd Əmin Rəsulzadənin 1952-ci ildə gənclərə müraciəti və «Azərbaycan» şeiri ilə yekunlaşdırıb.

«Sən mənimsən, mənimsən
Durduqca bədəndə qan.
Yaşa, yaşa, çox yaşa,
Ey şanlı Azərbaycan».

Bundan sonra zal əl çalıb. Hakim birinci sırada əyləşənlərdən zalı tərk etmələrini tələb edib:

«Siz zalı tərk etməsəz, proses davam etməyəcək».

Həmin sırada Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, keçmiş deputat Pənah Hüseyn əyləşib. Amma onlar zalı tərk etməyiblər.

Təqsirləndirilənlərin «Bir daha əl çalma olmaz» vədindən sonra proses davam edib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da çıxışında hakimiyyəti tənqid edib. Onu Liviyadan nümunə götürməyə çağırıb.

«YA MƏNİ DƏ TUTUN, YA DA HƏBSƏ GÖNDƏRİN»

Bunu da AXCP sədrinin müavini deyib:

«Mən indiyədək ev dustağı olmuşam. Mənim azadlığa buraxılmağımla bağlı hökm verilsə, bu müddətdə həbsdə yatan yoldaşlarımı da azad edin. Ya da məni onlarla bərabər həbsxanaya göndərin».

«HAMI ƏLİNİ QALDIRSIN»

Fuad Qəhrəmanlı çıxışını bitirən zaman İsa Qəmbər hakimə müraciət edib:

«Cənab hakim, bu çox yaxşı çıxış idi. İcazə verin, əl çalaq».

Hakimin rədd cavabından sonra Müsavat başqanı zala doğru dönərək deyib:

«O zaman hamı əlini qaldırsın».

Bu zaman bütün zal sakitcə əlini qaldırıb.

Proses fasilədən sonra davam edəcək.

Ötən iclasda dövlət ittihamçısı Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin 3 il, Fuad Qəhrəmanlının 2 il yarım müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

MƏHKƏMƏDƏ DAHA BİR GƏRGİNLİK

Fasilədən sonra Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı son söz deyib. O, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirib.

Növbə AXCP-nin şöbə müdiri Məhəmməd Məcidliyə çatanda, o, özünü yaxşı hiss etmədiyini bildirib:

«Buna görə də sön sözü bazar ertəsi demək istəyirəm».

Amma hakim etiraz edib. O, bu gün hökm oxumalı olduğunu bildirib:

«Çıxış etməsəniz, yazacam ki, son söz deməkdən imtina etdi».

Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Gərginliyi aradan qaldırmaq üçün hakim 5 dəqiqəlik fasilə elan edərək müşavirə otağına yollanıb.

Müşavirədən qayıdan hakim Famil Nəsibov bildirib ki, Məhəmməd Məcidlinin xahişini nəzərə alıb.

Məhkəmə oktyabrın 3-dək təxirə salınıb.
XS
SM
MD
LG