Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:03

Uşaq bağçalarına ərzaq satan şirkətlər təkcə kağızda mövcuddur?


Bakıda uşaq bağçalarından biri, 5 avqust 2009
Bakıda uşaq bağçalarından biri, 5 avqust 2009

KAĞIZ ÜZƏRİNDƏ YAŞAYAN ŞİRKƏTLƏRƏ 8 MİLYON MANATLIQ TENDER?
Təhsil Nazirliyinin daha bir qalmaqallı tenderi! Bu dəfə iddia sahibi hansısa qeyri-hökumət təşkilatı, jurnalist, ya da tenderdə əliboş qalan iddialı şirkət sahibi deyil.
Təhsil Nazirliyinin bir milyon dollara yaxın tenderi əslində mövcud olmayan bir şirkətə verdiyini söyləyən Vergilər Nazirliyidir.

Vergilər Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin paytaxtda uşaq bağçalarına ərzaq alınmasına dair tenderlərini araşdırıb. Əldə etdiyimiz məlumata görə Nazirlik təcili tədbirlər görülməsi üçün apardığı yoxlamanın nəticələrini başqa dövlət orqanlarına da göndərib.

Sənədə görə Bakı şəhəri üzrə Təhsil İdarəsi 2011-ci ildə uşaq bağçalarına ərzaq alınması üçün ilin əvvəlində 8 169 044 manatlıq tender elan edib. (Bakıda 11 rayon üzrə uşaq bağçalarında 36 min uşaq qeydiyyata düşüb. Beləliklə dövlət bir uşaqğın bağçada il ərzində yeməyinə təxminən 227 manat verir - red.)

Həmin tenderdə aşağıdakı şirkətlər qalib gəliblər:

  • “Arko” MMC: udduğu tenderin məbləği – 3.626 milyon manat
  • “Aqro-İnpeks” MMC: udduğu tenderin məbləği – 1.621 milyon manat
  • “Nar-M” MMC: udduğu tenderin məbləği – 1. 378 milyon manat
  • RSD İKF: udduğu tenderin məbləği - 819,6 min manat
  • “Arzu” firması: udduğu tenderin məbləği – 722 800 manat

Amma bu tenderi araşdıran Vergilər Nazirliyi əsl müəmmalarla üz-üzə qalıb.

Nazirliyin tərtib etdiyi yekun məlumatda qeyd edilir: “Araşdırma zamanı məlum olub ki, bu şirkətlərin nə məhsul istehsalı üçün torpaq sahələri, nə işçiləri, nə nəqliyyat vasitələri, nə məhsul saxlayası anbarları, nə də heç olmasa bu işləri onun əvəzinə görəsi subpodrat müqavilələri var. Hətta, “Arzu” firmasının yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərdiyi ortaya çıxıb. “Aqro-İnpeks” MMC-nin isə cəmi iki işçisi qeydiyyatda olub.”

BAŞ PROKURORUN İNDİ “YEYİNTİ” DEDİYİNİ JURNALİSTLƏR ÇOXDAN DANIŞIRDI

Təhsil Nazirliyinin internat məktəblərinə ərzaq alınması üçün keçirdiyi tenderlərdə də heç kimin tanımadığı şirkətlərin qalib elan edilməsi barədə ötən aylar məlumat vermişdik. Elə qeyri-hökumət təşkilatlarının apardıqları araşdırmalarda da dəfələrlə qeyd edilib ki, bu nazirliyin tikdiyi məktəblərdə də qiymətlər həddən artıq şişirdilir. O zaman rəsmilər bu cür iddiaları əsassız adlandırıb həmin araşdırmanın müəlliflərini qınasalar da indi məktəb tikintisində “yeyinti” barədə ölkənin baş prokuroru da danışmağa başlayıb.
...bu şirkətlərin nə torpaq sahələri, nə işçiləri, nə nəqliyyat vasitələri, nə anbarları, nə də heç olmasa bu işləri onun əvəzinə görəsi subpodrat müqavilələri var.

Hətta, “Arzu” firmasının yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərdiyi ortaya çıxıb.

“Aqro-İnpeks” MMC-nin isə cəmi iki işçisi qeydiyyatda olub...

Prezidentin Təhsil nazirinin iki müavinini işdən çıxarmasından sonra Baş prokuror bəyan etdi ki, “məktəblərin tikintisi və təmiri zamanı həm bu işləri görən kommersiya təşkilatları, həm də Təhsil Nazirliyinin vəzifəli şəxsləri çox ciddi qanun pozuntularına yol veriblər. İndi cinayət işi açılıb, araşdırılır.”

AÇDI SANDIĞI, TÖKDÜ PAMBIĞI: KEÇMİŞ TENDERÇİ BAĞÇALARA ƏRZAĞI NECƏ “VERDİYİNİ” DANIŞIR

Bağçalar və internat məktəblərinə ərzaq alınması üçün keçirilən tenderlərdə qaranlıq məqamlar haqqında isə hələlik rəsmilər jurnalistlərə açıq şəkildə bir söz demirlər. Amma elə həmin tenderdə qalib gəlməyə iddialı şirkətlərdən birinin sahibi - “Kapital-İnşaat” MMC-nin direktoru İfadə Cəfərzadə hələ bu ilin əvvəlindən ölkə başçısı İlham Əliyev və onun xanımı və Mehriban Əliyevaya açıq məktub da göndərib.

Özü də vaxtilə Təhsil Nazirliyinin tenderlərində qalib olmuş İfadə Cəfərzadə “Bizim Yol” qəzetində çap olunan müsahibəsində bütün gizli əməllərdən xəbərdar olduğunu iddia edərək bəzi maraqlı əməliyyatlar haqqında da danışıb:

“Ərzaq vermirdim, boş faktura yazırdım. Filan faizi bağçaya, filan faizi də yuxarılara verirdim. Ömür boyu 1 aylıq ərzaq verilən bazanı heç kim işlətməz ki, malın hamısını bağçaya versin. 200 kq kartofdursa, 40-60 kq. verilir. 500 litr süddürsə, 50-60 litr verilir. Qalanı da yazılıb, silinir. Bəs, yazıq bağça müdirləri neyləsin? Uşaqlar bağçaya evdən yemək aparırlar.

Tender bazardır. Rəsmən bazar! Hansı ərzaqdan, hansı maldan söhbət gedir? Orada yazırsan kiloqramı 8 manatlıq ət, ancaq hərbçilərə verilən ətdən verirsən. Hansı ərzaqdan danışırlar? Bağçadan ərzaq əvəzinə pul götürən bütün bağça müdirlərinə qol çəkdirmişəm. Məndə bu sənədlər var. Uşağın ərzağının pulunu ayı ilə, imzası ilə göstərərəm. Bağçaları müfəttişlər yoxlayanda görmürdülər ki, ərzaq yoxdur? Hər baza müdiri 85 min manat verib tenderə girir. Bunu haradan çıxardacaq?”
TƏHSİL RƏSMİSINƏ QALSA, HAMI YALAN DANIŞIR!

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Müslüm Qəzənfərov isə özünün və təmsil etdiyi qurumun ünvanına səslənən bütün iddiaları əsassız adlandırır. O, hətta məhkəmə qarşısında bu iddiaların heç nəyə əsaslanmadığını sübut etməyə hazır olduqlarını bildirir.
Ərzaq vermirdim, boş faktura yazırdım. Filan faizi bağçaya, filan faizi də yuxarılara verirdim. 200 kq kartofdursa, 40-60 kq. verilir. 500 litr süddürsə, 50-60 litr verilir. Qalanı da yazılıb, silinir.

Müslüm Qəzənfərov dövlət orqanının tenderi udan “Arzu” və “Aqro-İmpeks” şirkətlərinin əslində yalnız kağız üzərində mövcud olması barədə arayışı haqqında sualımıza bu cür cavab verdi:
- Tenderə qatılan şirkətin işçisinin olub-olmaması bizim yox, Vergilər Nazirliyinin problemidir. Onların işçisi var ki, işini çatdırır də. Kim deyirsə, düz demir, onun özünə uyğun işçiləri var. Amma biz o işçilər haqqında heç bir məlumat almırıq.
- Bəs, siz hansı məlumat alırsınız?
- Biz təminat alırıq ki, şirkətin ərzaq almağa vəsaiti, saxlamağa anbarı, maşın-mexanizmi var, yoxsa yox. Biz onlarla maraqlanırıq. Tender üçün nə tələb edilirsə, yalnız onunla maraqlanırıq. Çünki o gündəlik ərzaq təminatını yerinə yetirməlidir.

- Siz də araşdırdınız gördünüz ki, bu tenderdə qalib gələn şirkətlərin həmin işləri görməyə imkanı var, eləmi?
- Bizim aktlarımız var o barədə. Onlar hamısı təcrübəli, böyük firmalardır.

Hərtərəfli işləyən firmalardır. Biz onların vergi yoxlamalarını da tələb etmişik. O arayışlar da bizdə var. Vaxtında dövlətin vergisini ödəyə bilir, ya yox, onların hamısı bizdə var. Onlar dövlət tərəfindən icazə verilmiş firmalardır. Kim nə düşünür mən bilmirəm, icazəsiz heç kim işləyə bilməz. Satınalmalar üzrə Dövlət Agentliyi onların sənədi olmasa tenderə buraxmaz axı.

- Belə şübhələr var idi ki, “Arzu” firması bəlkə elə yanacaq doldurma məntəqəsidir.
- Hər şey iki dəfə araşdırılıb. Başqa orqanlar tərəfindən araşdırılıb. O kimdirsə səhv məlumat verir. Təminatda bir dənə kənarlaşdırma yoxdur.

Hər bir valideyn gedib qazana da, uşağının yeməyinə də baxır. Burada gizli heç nə yoxdur. Uşaq bağçalarında gizli şey yoxdur. Çünki bu gün 36 min uşağımız var, hamısının valideyni hər axşam maraqlanır ki, uşağım nə yedi.

- Müslüm müəllim, nə qədər yemək verilir uşaqlara, səhər, günorta yeməkləri nədir?
- Nazirlər Kabinetinin normativ sənədi var ona uyğun yemək verilir. 36 çeşiddə ərzaq verilir.


“ARZU”NU TAPMAQ ARZU OLARAQ QALDI...

Günlərlə çalışsaq da bu tender qalmaqalında adları hallanan “Arzu”, “Aqro-İnpeks”, "Nar-M" şirkətlərindən heç biri ilə əlaqə saxlamaq mümkün olmadı. Müslüm Qəzənfərov da onların heç birinin əlaqə telefonlarını və ya ünvanlarını bizə vermədi. Bu xahişimizə cavabında o, israrla qeyd etdi ki, kommersiya təşkilatları olduqları üçün onlar barədə məlumatı mediaya verə bilməz.

Vergilər Nazirliyinin internetdə açıq olan qeydiyyat sistemində isə adı çəkilən firmaların bəziləri haqqında aşağıdakı məlumatları əldə edə bildik:

"AQRO-İNPEKS" Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: Az1118, Baıi şəhəri nizami rayonu, Rüstəm Rüstəmov ev. 74
Nizamnamə kapitalı: 20 manat; 2 Pay
Qanuni təmsilçi: Quliyev Ruslan Eldar oğlu
Təsisçilər (kommanditçilər) və onların mayalarının miqdarı: Quliyev Ruslan Eldar oğlu - 2 Pay
Dövlət qeydiyyatına alındığı tarix: 6 May 2008.

"NAR-M" Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: AZ4400, Masalli şəhəri, Qarabağ küç. ev.8 m.8
Nizamnamə kapitalı: 10 manat
Qanuni təmsilçi: Abbasov Əhəd Əlizaman oğlu
Təsisçilər (kommanditçilər): Ismayilov Adam Aydin oğlu
Dövlət qeydiyyatına alındığı tarix: 16 İyun 2010.
"ARKO-LTD" Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: AZ1812, Şirvan şəhəri, 1 may küçəsi
Nizamnamə kapitalı: 50 manat
Qanuni təmsilçi: Mirzəyev Əli Məmməd oğlu
Təsisçilər (kommanditçilər): Mirzəyev Əli Məmməd oğlu
Dövlət qeydiyyatına alındığı tarix: 22 Yanvar 2009.

Təhsil Nazirliyinin tenderləri haqqında daha başqa məlumatlarla yaxın vaxtlarda saytımızda tanış ola bilərsiniz.
XS
SM
MD
LG