Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:20

İranda əyləncə islama ziddir?


İran, 10 may 2011
İran, 10 may 2011
İranın əyləncəyə qarşı uzun müddət apardığı qeyri-adi mübarizəsinin son qurbanı Məşhəd şəhərində bir qadın olub. Ötən ay adı və yaşı açıqlanmayan həmin qadın özünü 6-cı mərtəbədən ataraq ölüb. Səbəb də o olub ki, həmin qadın kişilərlə qadınların birlikdə olduğu şənlikdə iştirak edib. Həmin tədbirə polis basqın edib. Ehtimal ki, o, polisin əlinə keçməmək üçün özünü 6-cı mərtəbədən atıb.

İranda İnsan Hüquqların üzrə Beynəlxalq Kampaniyanın üzvü Hadi Qaemi deyir ki,

QADININ ÖLÜMÜNDƏ İRAN HAKİMİYYƏTİ GÜNAHKARDIR:

«Təhlükəsizlik qüvvələrinin və polisin adamların evlərinə bu cür reydləri insan hüquqlarının aşkar pozuntusu və özəl həyata açıq müdaxilədir».

Məşhədli qadının taleyi yeganə hadisə deyil. Dəqiq rəqəmlər olmasa da, H.Qaemi deyir ki, şənliklər vaxtı polisdən qaçarkən neçə-neçə gəncin həyatını itirməsi ilə bağlı faktlar var. Kişi və qadınların birlikdə tədbirlərdə iştirak edib spirtli içki içməsi bir çox ölkələrdə normal qarşılanır. İranda isə buna görə adamlar saxlanır, cərimələnir və şallaqlanır.

Bütün bunlar 32 il əvvəl İrandakı islam inqilabından sonra əyləncəyə qarşı mübarizənin tərkib hissəsidir. Bu zaman çox vaxt dinə istinad olunur. Bəzi
müşahidəçilər deyirlər ki, bu cəza mexanizmi dini hakimiyyətin avtoritar təbiətindən qaynaqlanır.

İllinoys Universitetinin professoru Asəf Bayat deyir ki, əyləncə insanların həyat intizamından azad olmasına imkan verir:

«Bu isə avtoritar rejimin xoşuna gəlmir. Onlar düşünürlər ki,

ƏYLƏNCƏ İNSANLARIN İNTİZAMINI POZUR».

İran islam inqilabının banisi Ayətullah Xomeyni bildirirdi ki, əyləncə islama ziddir: «İslamda zarafat yoxdur. Yumor da yoxdur. İslamda əyləncə də yoxdur».

O vaxtdan ictimai yerlərdə qəhqəhə çəkmək, şadyanalıq etmək inqilabın dəyərlərinə və şəhidlərin qanına hörmətsizlik kimi qəbul olunur.

İranlı jurnalist Hüseyn Kermani deyir ki, «hələ uşaq olanda, məktəbdə bizə qəhqəhə çəkib gülməyin pis şey olduğunu öyrədirdilər. Bizə deyirdilər ki, gülmək vulqarlıq və
​yüngüllükdür. Adam gərək ciddi olsun. Deyirdilər ki, din belə məsləhət görür».

Keçən ay Tehranda və başqa şəhərlərdə gənclər öz aralarına «su döyüşü» təşkil etmişdilər. Buna görə onlar islam qaydalarını pozmaqda ittiham olunmuşdular.

Keçən il qızlarla oğlanların iştirak etdiyi tədbirdə olduğuna görə həbs edilmiş 18 yaşlı iranlı deyir ki,

İRANDA ƏYLƏNMƏK QORXUSU

müşahidə olunur:

«Mən bir gün günümü xoş keçirmək üçün dostlarımı evə dəvət etdim. Ancaq bir gecəmi həbsxanada keçirməli oldum. Mən oğurluq etməmişdim, adam öldürməmişdim. Sadəcə, dostlarımı evə çağırmışdım».

İranda inqilabın ilk illərində içki içmək ya da şənlənmək şallaqlanma ilə cəzalandırılırdı. İndi isə bunu pulla yola vermək olur. Bu ya cərimə, ya da rüşvət şəklində olur.
XS
SM
MD
LG