Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:37

Putindən xarici tənqidçilərə mesaj: «Öz işinizlə məşğul olun»


Rusiyanın baş naziri Vladimir Putin
Rusiyanın baş naziri Vladimir Putin
Rusiyanın baş naziri Vladimir Putinin tənqidçiləri deyirlər ki, onun yenidən prezidentliyə qayıtması 2024-cü ilə qədər durğunluq erası və mülki azadlıqlara yeni məhdudiyyətlərlə müşahidə olunacaq.

Amma Vahid Rusiya partiyasının ötən aykı qərarından sonra ilk müsahibəsində keçmiş prezident Putin deyib ki, 1999-cu ildə o, ilk dəfə bu vəzifəni tutduğu zamanda olduğu kimi üçüncü müddətə bu vəzifəyə seçilməsi də ölkə üçün gərəkli stabilliyi gətirərdi:

- Ölkə çətin vəziyyətdə olduğu təqdirdə, böhranı dəf etmək istəyəndə, ayaq üstə durmağa çalışanda stabillik xüsusilə siyasi sahədə fövqəladə dərəcədə vacib elementə çevrilir. Biz bir dövlətin yıxılmasından keçdik: Sovet İttifaqı dağıldı. Sovet İttifaqı nə idi? Bu, Rusiya idi, yalnız başqa adla adlanırdı. Biz 1990-cı ildə çox vacib dövrdən keçdik və yalnız 2000-ci ildə ayağa qalxmağa başladıq. ölkə daxilində sülhü təmin etdik, vəziyyət stabilləşdi. Əlbəttə ki, biz dayanıqlı inkişaf dövrünə ehtiyac duyuruq.

«ƏN ÇALIŞQAN LİDER»

İndiki prezident Medvedevdən əvvəl iki müddətə prezident olmuş Putin Sovet İttifaqının dağılmasından sonra yaranmış qanunsuzluğun və iqtisadi böhranın qarşısının alınmasını öz ayağına yazır. Amma siyasi müxalifət və hüquq müdafiəçiləri deyirlər ki, stabillik onlara baha başa gəlib: saxta seçkilər, qorxaq sifətli parlament, sərt nəzarətdə olan media və təzyiq altında olan mülki azadlıqlarla üz-üzədirlər.

Ölkənin üç televiziyasında yayımlanan müsahibəsində Putin siyasi rəqiblərinin «hər şey elə pisdir ki, bundan pis ola bilməzdi» sözlərinə belə cavab verib:

- Hər şeyin daha pis olduğunu deməkdə ehtiyat edərdim. İki-üç səhv addım atmaq kifayətdir və bu şeylər bizi elə cəld üstələsin ki, ətrafımıza baxmağa belə vaxt tapmayaq.

Putin Şimali Qafqazdakı vəziyyəti şərh edərkən deyib, hələ ki, burda cinayət və terrorizmlə bağlı problemlər var.

Putin və Medvedev
Putin və Medvedev
Prezidentliyi dövründə Putin genişlənən və mütəmadi hal alan insan hüquqlarının pozulması hallarla müşahidə edilən, qanlı müharibənin getdiyi Çeçenistanda federal nəzarəti təmin edib.

59 yaşlı keçmiş «KQB» agenti olan və ictimai rəyə özünü müxtəlif bacarıqlar yiyəsi, cəsur bir şəxs kimi təqdim edən Putin özünü ikinci dünya müharibəsindən bəri «ən çalışqan lider» kimi xarakterizə edib.

O deyib ki, sovet dövrünün kommunist liderlərinin fiziki bacarıqları olmayıb və ölkəni onun kimi dolaşmaq arzuları olmayıb.

Putin özünü keçmiş ABŞ prezidenti Franklin D. Rooseveltlə müqayisə edib.

«HEÇ VAXT PREZİDENTLİK ARZUSUNDA OLMAMIŞAM»

Müsahibəsində Putin deyib ki, o, «heç vaxt prezidentlik arzusunda» olmayıb, amma əlavə edib ki, «əgər mən nəyisə edirəmsə, çalışıram onu məntiqi nəticəyə gətirim, ya ən azı bu işin maksimum effekti olsun».

Vladimir Putin onu da etiraf edib ki, hazırkı prezident Dmitri Medvedevlə «dörd il əvvəl» razılaşıblar ki, Putin əvvəlki postuna geri qayıda bilər - bu ssenari barədə Rusiya müşahidəçiləri əvvəlcədən xəbər vermişdilər.

Müşahidəçilərin təxmin etdiyi kimi, Putin indiki vəzifəsini Medvedevin tuta biləcəyini də istisna etməyib:

- Əgər Medvedev partiyanın siyahısına rəhbərlik edirsə, əgər seçicilər bu siyahını dəstəkləyərlərsə və biz Vahid Rusiyanın aparıcı olduğu effektiv parlament formalaşdıra bilsək, onda parlamentə və qələbəsinə güvənən Medvedev effektiv hökumət formalaşdıra bilər.

Matryoşka kuklaları
Matryoşka kuklaları
Bu günlərdə keçirilən rəy sorğularında Vahid Rusiya partiyası üstünlük qazanıb.

Bu partiya hələ ki, ölkədə ən populyar siyasi qurumdur.

Beynəlxalq müşahidəçilər Rusiyanın əvvəlki seçkilərini qüsurlu sayıblar.

«QIRĞI QƏŞƏNG QUŞDUR, AMMA MƏN ADAMAM»

Putin müsahibəsində təkidlə deyib ki, o da seçicilər tərəfindən seçilib:

- Tənqidçilər deyirlər ki, əgər sizin itaətkar qulunuz seçkini idarə edirsə, burda heç bir seçim olmayacaq. Ola bilər ki, onlar üçüm seçim olmayacaq, amma burda həmişə sıravi seçici üçün seçim imkanı var.

Xarici siyasətə gəlincə, Putin «balanslı» yanaşmaya vəd verir və deyir ki, Rusiya «tərəfdaşları ilə sülhpərvər və mehriban qonşuluq münasibətlərini» istəyir.

«Qərbdə «qırğı» kimi, yəni müharibə tərəfdarı kimi təsvir edilməsi ilə bağlı sualın cavabında Putin deyib: «Qırğı qəşəng, kiçik quşdur. Mənsə hər halda adamam. Amma hər hansı şablonların əleyhinəyəm».

Eyni zamanda Putin xarici tənqidçilərə aydın bir mesaj da göndərib:
«Bilirsiniz nə var, öz işinizlə məşğul olun».

Sayta hazırladı: Səadət Akifqızı
XS
SM
MD
LG