Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:33

İnternetin gələcəyi müzakirə edilir


Arxiv foto
Arxiv foto
Dünyanın 60-dan çox ölkəsindən nazirlər, kiber məkanın fəalları, texnika şirkətlərinin rəhbərləri Londona toplaşıb internetin gələcəyini müzakirə edirlər. Noyabrın 1-də başlayan ikigünlük konfransı Britaniyanın Xarici İşlər Nazirliyi keçirir.

Nazir Willpiam Hague açılış nitqində bildirib ki, toplantı iştirakçıları kiber fəzada təhlükələri və imkanları ətraflı müzakirə edəcəklər.

İştirakçılar arasında Çinin, Rusiyanın, Hindistanın texnologiya sənayesi rəsmiləri, həmçinin Wikipedia-nın təsisçisi Jimmy Wales, Facebook sosial şəbəkəsinin rəsmilərindən Joanna Shields, kompyuter virusları üzrə mütəxəssis Eugene Kaspersky də var. ABŞ Dövlət katibi Hillary Clinton da konfransa qatılmağı planlaşdırmışdı, amma anasının xəstələnməsi buna mane olub.

AVTORİTAR REJİMLƏR QLOBAL İNTERNET MƏCƏLLƏSİ İSTƏYİRLƏR

Konfransa qatılan Qərb ölkələri daha çox internet yolu ilə intellektual mülkiyyətin oğurlanmasına, kompyuter hakerliyinə diqqət çəkirlər. Çin və Rusiya kimi avtoritar rejimlərdən gələn təmsilçiləri isə bu il ərəb dünyasında baş verən inqilablarda internet və sosial şəbəkələrin oynadığı roldan narahat olduqlarını söyləyirlər.

Ötən sentyabr ayında Çin, Rusiya, Tacikistan və Özbəkistan BMT-yə internetdə ayrı-ayrı dövlətlərin suveren hüquqlarının qorunmasına dair qlobal məcəllə layihəsi təqdim ediblər. Amma demokratiya fəalları bu sənədi internetdə ifadə azadlığını nəzarətdə saxlamaq üçün bir yol adlandırıblar.

ABŞ-DAN QLOBAL İNTERNET MƏCLLƏSİNƏ SƏRT TƏNQİD

ABŞ-ın vitse-prezidenti Joe Biden konfrnasda çıxışında deyib ki, açıq internetin bütün ölkələrdə insanların firavanlığına yardım edəcəyinə və universal dəyərlər ətrafında dünyada fikir birliyinin əldə edilməsinə kömək edəcəyinə əmindir.

Biden bir neçə ölkənin qlobal internet məcəlləsi təklifini də tənqid edib: “Dünyanın heç bir ölkəsində vətəndaş e-mai göndərdiyi, hansısa məlumatlara öz rəyini yazdığı üçün bir repressiv məcəllə ilə suçlu sayıla bilməz.

Siz də bilirsiniz, bəzi adamlar var ki, internet mənbələrinə, qurumlarına və məzmununa xüsusi dövlət nəzarətinin tətbiq edilməsini istəyirlər. Onlar informasiyaların online yolla azad axınına məhdudiyyətlər qoymaq fikrindədirlər.

Amma bizim fikrimizcə, belədə internet tam olmayacaq, o insanları birləşdirmək əvəzinə daha da parçalayacaq. Kiber məkan dinamik, daim inkişafda olmayacaq, süstləşəcək. Əvvəl-axır bu məkan daha təhlükəli, daha az inanılan olacaq.”

ABŞ-ın vitse-prezidenti əlavə edib ki, onun ölkəsi internet yolu ilə planlaşdırılıb həyata keçirilən terror hücumlarına qarşı mübarizəsini davam etdirəcək. Hamı da bunu hökumətin internet üzərində repressiv nəzarəti ələ almadan da edə bilər və etməlidir.

BRİTANİYANIN XARİCİ İŞLƏR NAZİRLİYİNİN ŞƏBƏKƏSİ TƏHLÜKƏDƏDİR

Elə konfransın başlanmasına bir gün qalmış Britaniyanın kommunikasiyalar üzrə kəşfiyyat qurumu elan edib ki, ölkədə kompyuter sistemi, o cümlədən də Xarici İşlər Nazirliyinin kompyuter şəbəkəsi ciddi kiber hücumlar təhlükəsi ilə üz-üzədir.

Mütəxəssislər bildirirlər ki, London konfransında müzakirə edilən məsələlər üzrə razılaşma əldə etmək çətin olacaq. Amma onlar hesab edirlər ki, internet yolu ilə ənənəvi cinayətkarlıq və uşaq pornoqrafiyasının yayılmasının qarşısının alınmasında beynəlxalq razılaşmalar əldə etmək daha asan olacaq.
XS
SM
MD
LG