Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:12

Necə oldu ki, Rəşad Məcid 15 illik fasilədən sonra 150 şeir yazdı?


"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məciddir.


Mən ömrümdə birinci dəfə idi ki, Ramiz Rövşənin sözünün doğru olmamasına sevindim...

Mənim daxili bir inamım vardı ki, bununla həmin müharibənin qarşısını alacağam...

Bunu eşidəndən sonra Hüseyn Arif coşdu və dedi: «Nə iqtisadiyyat, nə riyaziyyat?!

Kim deyibsə ki, qadının beyni balacadır, dardır, deməli, o çox düşüncəsiz, savadsız adamdır.



- Bu yaxınlarda bir neçə yeni şeiriniz çap olundu - kövrək, duyğusal şeirlər idi. Və bəzi insanlar bir qədər təəccüblənməyə başladılar. Niyə belə olur? Yəni Rəşad Məcid duyğusal ola bilməzmi?

- Sən də bizim “Gənc Ədiblər”dən olmusan və məni az-çox tanıyırsan. Əgər sən də məni məmur gözündə görürsənsə, sən də hiss etmirsənsə, onda uzaq insanları niyə günahlandıraq? Indi mən neyləyim ki, son vaxtlar iş fəaliyyətim elə olub ki, hamı məni məmur gözündə görür. Bir tərəfdən qəzetin işi, digər tərəfdən ictimai-siyasi işlər, bir də ki Yazıçılar Birliyinin katibliyi. Amma mən hələ 11-12 yaşlarında şeir yazmağa başlamışam, bir neçə şeir kitabım nəşr olunub. 17 yaşımda Hüseyn Arifin «Uğurlu yol"u ilə ilk şeirlərim «Azərbaycan gəncləri» qəzetində çap olunub. Şeirə vurğunluğum bir neçə il davam edib. Düzdür, təxminən on beş il olar ki, şeir yazmırdım. Amma “Xilaskarım”la başlayan və ardınca da sayı yüz əllini ötən şeirlər gəldi. «Xilaskarım» çox fərqli ovqatda, çoxdan duymadığım qeyri-adi bir havanın təsirilə yarandı və mən onun siqaretə yazıldığına qətiyyən əmin deyiləm.

- Məncə də o şeir siqaretə yazılmayıb.

- Şeirə bir balaca dəyişiklik edib ünvanını dəyişə bilərəm. Amma, dediyim kimi, o
şeirin mənim aləmimdə ayrıca, çox üstün yeri olduğuna görə «Xilaskarım"a xəyanət etmək fikrim yoxdur, onu dəyişməyəcəm və siqaretə aid şeir kimi də qalacaq. Ondan sonra “Qafqazinfo” saytında üstüörtülü olaraq bir az romantik, kövrək duyğuları tərənnüm edən şeirlərim çap olundu. Məni tanıyan adamlar bilirlər ki, Rəşad belə şeirlər yaza bilər, o, kövrək, həssas adamdır. Amma uzaqdan baxan adamlar məni hardasa məmur gözündə görür, qaraqabaq adam kimi tanıyırlar. Halbuki adamları tanımaq üçün gərək onlara bir az yaxın olasan, içərisinə bələd olasan. “Gəncədəki Ruh” yazımda Azərbaycanın uğur qazanmış iki gənc xanımından sitatlar gətirmişdim. Biri deyir ki, mən heç vaxt bir kitabdan ağlamamışam, bir musiqidən kövrəlməmişəm və bundan qürur duyur. Əslində düz danışmır, çünki özünü cəmiyyətə rasional birisi kimi təqdim etmək istəyir. İkincisi də deyir ki, mən həyatımı kodlaşdırmışam, bütün hisslərimi qapatmışam, çərçivəyə salmışam. Məncə, dünyada da, Azərbaycanda da insanlar o qədər hisslərinin üstünü bağlayıblar, sıxıb əziblər, bütün enerjilərini karyeraya, maddiyyata, rasionalizmə yönəldiblər ki, o sıxılan hisslər mütləq bir gün partlayacaq! Mütləq üzə çıxacaq və bir gün hisslərin inqilabı başlayacaq. Ramiz Rövşənin “Evin kişisi” şeiri var. O şeir bütün günü hirsli, qəzəbli gəzən kişi haqqındadır. Bir dəfə də üzünə təbəssüm qonmayıb, gülməyib. Və bir gün yuxusunda şaqqanaq çəkib gülür. Ona görə ki, gülmək də insanın fiziki, bioloji tələbatıdır. Insanın daxilində olan o həlimliyi də, mehribanlığı da, mehri də, mərhəməti də, sevgini də nə qədər basdırsan, bir gün partlayıb üzə çıxacaq. Mən təbiət etibarı ilə əslində şairəm. Amma şairlik bir həyat tərzidir, sadəcə, mənimki elə gətirdi ki, o həyat tərzini yaşamağım mümkünsüz oldu. 88-ci ildə, 24 yaşımda Ağdamda Dağlıq Qarabağdan qaçan insanları gördüm. Sonra böyük bir proses başladı, müharibə, qan-qada, sarsılmaz görünən imperiyanın dağılmasının şahidi oldum. İnsanların qurduğu planlar, gələcəyə ümidləri darmadağın oldu. Ona görə də mənim ədəbiyyatla məşğul ola biləcəyim ən məhsuldar dövr itirildi. Sonrakı proseslər isə məni jurnalistikaya atdı.

- Mən istərdim, yenə o “Xilaskarım” şeirinə qayıdım. O şeiri oxuyanda mənim gözümün önündə qadın obrazı canlandı. Mənə elə gəldi ki, bu şeirin ünvanı qadındır.

- O şeiri Ankarada gecə saat 4-də, tüstülü otaqda Əhməd Yasəvi Universitetinin bloknotuna yazıb, səhər də kompüterə köçürdüb sayta göndərmişəm. Kimisi o şeirin Allaha xitabən yazıldığını, kimisi ilahi bir varlığa ithaf olunduğunu, kimisi sevgiyə, qadına aid olduğunu söyləyib. Mən hətta şeirdən başı çıxan dostlarımdan soruşmuşam ki, siz hardan bilirsiz ki, o şeir siqaretə yazılıb? Aydın olub ki, həssas və diqqətli insanlar “ən dərdli anında barmağını aralayıb, birini ver, deyənlər” misrasından biliblər bunu. Yenə deyirəm ki, yalnız siqaret deyil şeirin ünvanı. Amma hər halda həmin məqamda mənim ruhi halımı əks etdirən və siqatetdə gizlətmək istədiyim, üstünü basdırmaq istədiyim bir ünvandır.

- Siqaretlə nəyisə ört-basdır etmək istədiyiniz hiss olunur. İradə Tuncay bizim rubrikanın qonağı olanda demişdi ki, həyatda hər kəs insana xəyanət edə bilər. Müsahibədən əvvəlki söhbətimizdə Gənc Ədiblərdən incik olduğunuzu hiss elədim. Bayaq da qeyd etdiniz ki, elə məqamlar olur, doğrudan da ən sadiq dostun elə siqaret olduğunu düşünürsən. Siz necə düşünürsünüz, doğrudanmı hamı insana xəyanət edir?

- İradə xanım mənim ən çox hörmət etdiyim insanlardan biridir. Və indi o bizim ən
böyük publisistimizdir. Bizim onunla çox söhbətlərimiz olur. Onun qəfildən söylədiyi qeyri-adi fikirlərlə tanışam. Dopdolu və çox dərin bir insandır. Ümumiyyətlə, insanın xarakteri xəyanətə meyllidir və müxtəlif şəraitlərdə xəyanət etmək ehtimalı var. Amma mənim nifrət etdiyim xüsusiyyətlərdən biridir xəyanət. Mən şəxsən xaraktercə sadiq insanam. Ona görə də mənə xəyanət edildiyini görəndə sarsılıram. Bir də görürsən ki, istedadlı gənclərdən kiməsə ürəyinin yağını yedirdirsən, diqqət verirsən, kömək edirsən və bir gün bunun əvəzində laqeydlik, biganəlik, unutqanlıq, görəndə, əlbəttə ki, pis olursan. Ən pisi isə odur ki, bəzi gənclərin nümunəsində belə hallar mənim dünyagörüşümü, dünyaya baxışımı zədələdi. Nankorluq, çörəyi dizinin üstündə olmaq kimi xüsusiyyətlər mənim həyata baxışıma ziyan vurdu. Fikirləşdim ki, bəlkə düz eləmirəm insanlara ürəkdolusu xeyrixahlıq etməkdə. Bəzi yaşlı yazarlardan eşidəndə ki, filan gənc yaxşıdır, Allah eləsin, heyifdi, korlanmasın. Mən deyirdim ki, niyə də korlanmalıdır axı? Amma indi bəzən gələcəyə naümid baxmağa başlayıram. Mənim işim istedadlı gənclərə kömək etməkdir. Mən gənclərə müxtəlif suallar verib ağlının itiliyini, intuisiyasını, müşahidə qabiliyyətini yoxlamışam. Axtarmışam, axtarmışam və görmüşəm ki, bunun gözündə bir işıq var və ona kömək eləmək lazımdır. Amma o adamlarda ki, mən istədiyimi, axtardığımı tapmamışam, onlara daha sakit yanaşmışam və onlar da mənim düşmənimə çevriliblər. Bir dəfə Azadlıq Radiosunda sual verdilər ki, sizi sevməyənlər niyə çoxdur? Mən də dedim, sizə elə sevgi mesajları göstərərəm ki, məni sevməyənlərin mininə dəyər. Mənə beş-on istedadlı insanın sevgisi bəs edər. Bu sevgiyə görə yüz nadanın tənəsinə dözərəm.

- Deyirsiz ki, xəyanətlər dünyaya baxışınızı zədələyib. Bax, bu zədələr sizin gənclərlə bağlı bundan sonrakı fəaliyyətinizə zərbə vura bilərmi? Yəni ətrafınızda olan, inandığınız hər kəsə şübhə ilə yanaşma halları olurmu?

- Əlbəttə! O zədələrdən sonra artıq çoxuna şübhə ilə yanaşırsan. Və öz gördüyün işdən zövq ala bilmirsən. Sən fikirləşirsən ki, bu, istedadlıdır və ona köməklik edim. Amma əvvəlki şövq ilə köməklik edə bilmirsən. Çünki beynin zədələnib, beyninin bir nöqtəsində şübhə var ki, bu da elə əvvəlkilər kimi olacaq.

- Bayaq dediniz ki, jurnalistika fəaliyyətinə başlamanız şairlik həyatını yaşamağa imkan vermədi. Indi “525-ci qəzet”in baş redaktorusunuz, Yazıçılar Birliyində gənclər üzrə katibsiniz. Işlərinizlə əlaqədar olaraq müəyyən insanlara rəhbərlik edirsiniz və buna görə də müəyyən qədər daha sərt, ciddi, tələbkar olmağa məcbursunuz. Məmurluq sizi həmin o 24 yaşında olan Rəşaddan çoxmu fərqli etdi, çoxmu dəyişdiniz daxilən? Öz müşahidələriniz necədir?

- Ola bilsin. Məsələn, “525-ci qəzet”, siyasi fəaliyyət, keçdiyim proseslər, aldığım zədələr, doğma kəndlərin, şəhərlərin, evlərin viran olması məni hardasa üzdən, üstdən bir az zalımlaşdırıb, bir az laqeydləşdirib. Amma içəridəki hisslər elə yerindədi. Qəzet
siyasi proseslərin içində olub, siyasət də insanı bir az bulandıran, bir az qurulaşdıran peşədir. Mən bundan çıxış yolu kimi elə qəzetdə ədəbiyyat, şeir çap etməkdə gördüm. Beləcə, sanki bir işıq tapmış oldum qəzetdə. Siyasətin bulanıq, qaranlıq, qarışıq dünyasında balaca bir baca tapıb hava almağa çıxdım. Ona görə də “525-ci qəzet” 1996-cı ildən bəri ədəbiyyat materialları verir. Həmin vaxt heç bir qəzet ədəbiyyat materialı vermirdi. Hətta maliyyə yox idi deyə, Yazçılar Birliyinin jurnalları da çap olunmurdu. Mən o zaman ədəbiyyat çap etməyə başlayanda hətta Ramiz Rövşən dedi ki, sən qəzeti uçuruma aparacaqsan, qəzetə maraq azalacaq və tirajı düşəcək. Amma sonra qəzetə ziyalıların marağının artdığının, bu yazıların rəğbətlə qarşılandığının şahidi oldum. Və mən ömrümdə birinci dəfə idi ki, Ramiz Rövşənin sözünün doğru olmamasına sevindim (gülür – F.)

- Gəncliyində insan sevgiyə daha fərqli yanaşır. Romantik duyğular daha güclü olur. Gözəllər mələk qiyafəsində gözə görünür və sairə. Siz yaşınızın elə dövründəsiniz ki, həm gəncsiniz, həm də gənc deyilsiniz. Bu yaşda sevgi haqqında, qadınlar haqqında nə düşünürsünüz?

- Mən orta məktəb illərindən sevmişəm. Həmişə sevgi hissinin insan duyğuları içərisində bir baş yuxarıda olduğuna inanmışam. Nitsşenin “sevgi yaşamağın yeganə və sonuncu şansıdır” fikri az qala otuz ildir ki, beynimdədir və buna inanıram, tez-tez də misal çəkirəm. İnsanın kənardan aldığı alkoqol, narkotik kimi təsirlərin, ya da daxildən hiss etdiyi hansısa duyğuların heç biri adamı sevginin qaldırdığı yerə qaldıra bilməz. Ona görə də sevgi müqəddəsdir. Mənim həyatımda da, şübhəsiz ki, sevgilər olub.

- Neçə dəfə sevmisiz, sirr deyilsə?

- Bir neçə dəfə olub. O dövrlər həyatımın pik məqamları olub. Amma elə məqam da olub ki, həqiqətən də rasionallaşmışam, bütün sevgilərə, bütün hisslərə, qadınlara üstdən aşağı baxmışam.

- Bunun, yəqin ki çox ciddi səbəbi olub...

- Səbəb, əlbəttə ki, olub. Hansısa stressdən keçmisən, hansısa xəyanət görmüsən. O cür müqəddəs bir hissin belə sonluqla bitdiyini görəndə sarsılırsan. Məni AzTV-də qadın mövzuları ilə bağılı verlişlərə çağıranda deyirəm ki, məni nə qədər bu mövzuda danışdıracaqsınız? (gülür - F.) Gözəllik ilkin keyfiyyət kimi qadına çox vacibdir. Amma dəfələrlə olub ki, cəmi iki sualdan, qəfil bir iti atmacadan və ona reaksiyadan sonra o ğözəllik dığırlanıb, yerdə ciliklənib. Əgər qadının içində yüksək hissiyyat, savad, intuisiya, qadınlığın özü yoxdursa, o gözəllik boş şeydir. Dünyanın ən gözəl qadını dünyanın ən soyuq və darıxdırıcı qadını ola bilər. Amma dünyanın ən adi qadınında elə vulkan püskürə bilər ki, səni dəli eləyər, ona aşiq olarsan. Əsl xoşbəxlik odur ki, qadın həm gözəl olsun, həm də özündə bu dediyim keyfiyyətləri daşısın. Şair demiş, «Dəhanından dür, cəmalından nur yağsın». Bütün ağıllı kişilər də ömrü boyu elə bu cür qadın axtarıblar. Onu da deyim ki, çoxlu qadın dostlarım var. Və onlarla müxtəlif mövzularda rahatlıqla danışıram. Kim deyibsə ki, qadının beyni balacadır, dardır, deməli, o çox düşüncəsiz, savadsız adamdır.

- Əsl manşetə çıxarılası ifadə oldu, təşəkkür edirəm.

- (Gülür – F.) Mən 22 yaşımda evlənmişəm. Tez evləndiyimə görə uşaqlarım da
böyükdür. Həyatımdan, ailəmdən çox razıyam və çox rahatam. Evdə “Bu şeiri niyə yazdın, kimə yazdın? Sevgidən niyə danışdın?” kimi suallarla üzləşmirəm. Ailədə münasibətləri bir çox tellər saxlayır, onların içərisində, əlbəttə ki, ən möhkəmlərindən biri də sevgidir.

- Mətbuatda sizin haqqınızda müxtəlif fikirlər səslənir. Bayaq özünüz qeyd etdiyiniz kimi, bəziləri sizi sevir, bəziləri əksinə. Məsələn, kimisi deyir, axı Rəşad Məcid özü nə yazıb ki, filan əsəri bəyənmir? Başqa birisi deyir, bir hekayəsi var, neçə dilə tərcümə elətdirib və sairə. Bu kimi fikirləri eşidəndə nə hisslər keçirisiniz?

- Deyəndə ki, “Rəşad Məcid istedadsızdır”, «heç nə yazmır», «yaza bilmir» və sair, bunlar məni incitmir. İçəridən özünə, işinə, fəaliyyətinə əminsənsə, min dəfə o cür söz desinlər, vecinə də olmaz. Amma dərisi bir qəpiyə dəyməyən, səni tanımayan, sənin 25 illik jurnalistika, ədəbiyyat fəaliyyətini bilməyən nadanın biri deyəndə, əsəbiləşməmək olmur. Mənim böyük şairliyə, yazıçılığa iddiam yoxdur. Ona görə ki, o həyat tərzini yaşamaq imkanım, macalım olmadı. Tale belə gətirdi. “10 sentyabr” hekayəsi barədə də çox danışmışam. O hekayə Amerikanın İraqa hücumu ərəfəsində yazılmışdı. Və o hekayə ilə mənim daxili bir inamım vardı ki, bununla həmin müharibənin qarşısını alacağam. Şeirlərim mənim hisslərimin ifadəsidir. Publisistik yazılarım cəmiyyətdəki proseslərə münasibətimdir. Həyatımın ədəbiyyata, jurnalistikaya yönəlməsinin qəribə bir tarixçəsi var. Atam ticarət işcisi idi, mənim də iqtisadiyyatla bağlı təhsil almağımı istəyirdi. Amma mən şeir dəlisi idim. Saatlara şeir deyirdim - Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Ramiz Rövşənin, Hüseyn Arifin şeirlərini. Bir dəfə Bakıdan Ağdama maşınla gəlirdik. Maşında maqnitofon yox idi, sakitlik idi. Mən onda doqquzuncu sinifdə oxuyurdum. Maşındakılar bir az söhbət edib dayandılar. Dedim ki, istəyirsinizsə, sizə şeir deyim, darıxmayasınız. Yevlaxa qədər dayanmadan şeir dedim. Atam həssas adamdı, kövrəldi. Məni dostuyla Hüseyn Arifin yanına göndərdi. Görünür Hüseyn Arifə də deyiblər ki, sən bax, əgər bunda istedad yoxdurdsa, yola sal getsin, sənin sözünü eşidər. Mən şeir oxuyanda gördüm ki, Hüseyn Arif başdansovdu qulaq asır. Üçüncü bəndə çatanda dedi ki, dayan, bir də oxu! Başladı diqqətlə qulaq asmağa. “Cıdır düzü” şeirim idi.

- Şeir yadınızdadı?

- Bir bəndini yadıma salaram:

Göz dikib bu yerə yağılar, yadlar,
Su olub düzündə axa bilməyib.
Nə qədər zirvələr fəth edib Qacar,
Fəqət bu zurvəyə qalxa bilməyib.


Heyf ki, 79-cu ildə yazdığım bu şeirdən 13 il sonra məlum hadisələr baş verdi. Hüseyn Arif bir şeir də oxumağımı istədi. “Yollar” şeirimin sonu belə bitir - “Doğulanda cığır olar, Öləndə çəməndir yollar”. Bunu eşidəndən sonra Hüseyn Arif coşdu və dedi: «Nə iqtisadiyyat, nə riyaziyyat?! Bu kişi şairdir. Bu, ədəbiyyat sahəsinə getməlidir». O, şeirlərimə ön söz yazdı və mənim taleyimi müəyyənləşdirdi. Amma bir qədər əvvəl sadaladığım səbəblər, hadisələr mənim ömrümü poeziyaya həsr etməyimə, əsl şair həyatı yaşamağıma imkan vermədi. Ancaq Hüseyn Arifi, onun həssaslığını heç
vaxt unutmuram. Görünür, yanıma gələn gənclərin də gözündə işıq axtarmağımda Hüseyn Arifin həmin hərəkətinin təsiri var.

- Rubrikamızın ötən həftə qonağı olmuş Pərviz Cəbrayılın növbəti qonağımıza sualı belə olub: “Mənim oxucularıma nəyi pıçıldamaq istərdiniz?”

- Pərviz bir az məndən incikdir. Amma mən onun istedadına, jurnalistika fəaliyyətinə şübhə etmirəm. Oxucularına demək istəyirəm ki, Pərvizi məcbur etsinlər, o elə əsər yazsın ki, həmin əsəri oxuya bilsinlər. O cür qəliz dildə əsər yazmaq və uğur qazanmaq mümkün deyil. Pərvizin kitabını axıracan oxuyub cəfa çəkən, ortasınacan oxuyub bir az əziyyət çəkən, başlığından bir az oxuyub kitabı kənara atan bütün oxucuların bircə xahişi bu olar ki, əzizim, sən dilini, təhkiyəni düzəlt!

- Növbəti qonağımız olacaq Vaqif Səmədoğluna sualınız varmı?

- Vaqif müəllimi öpürəm, ona cansağlığı arzulayıram. Vaqif müəllimi tez-tez Facebook-da görürəm. Soruşmaq istərdim ki, Vaqif müəllim, gənclik illərinizdəki çayxanalarla, oradakı söhbətlərlə bu Facebook-un, Chat-ın hansı oxşar və fərqli cəhətləri var?

FEYZİYYƏ

Həmçinin oxu


Pərviz yazdığı yeni romandan imtina etdi

Qulu Ağsəs: "AYB-də yaşı altmışı keçmiş adamlar var, onlar getməlidir"

Günel Mövlud: "Qadınlarla rəfiqəlik etmirəm"

Rasim Qaraca: "Böyük yazarlar ciddi mühitdə yetişir"

Musa Yaqub: "Istərdim yeni sədr daha işgüzar olsun"

Əli Əkbər: Azərbaycanda ən çox satılan mənim və Seymur Baycanın kitablarıdır

Əjdər Ol: "Nizamini oxuyanda adamın gülməyi gəlir..."

Vaqif Bayatlı Odər: "Heydər Əliyev tapşırmışdı ki, mənə toxunmasınlar"

İradə Tuncay: "Təhsil sistemindəki qadınlar millətin evini yıxırlar"

Rafiq Tağı: "Mən Allaha bütün ayətullahlardan daha yaxınam"

Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"

Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"

XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"

Salam Sarvan: "Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi"
XS
SM
MD
LG