Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:47

Elnarə Tofıqqızı. "Unutmağa kimsə yox" romanı haqqında düşüncələr


Elnarə Toqfıqqızı
Elnarə Toqfıqqızı
Tənqidçi Elnarə Tofiqqızı bu məqaləsi ilə yazıçı Kamal Abdullanın "Unutmağa kimsə yox..." romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Elnarə Tofiqqızı


"UNUTMAĞA KİMSƏ YOX..." ROMANI HAQDA DÜŞÜNCƏLƏR

Yazıçı Kamal Abdullanın «Unutmağa kimsə yox…» («Qanun» nəşriyyatı - 2011) romanı trilogiyanın sonuncu əsəri kimi özündən əvvəlki «Yarımçıq əlyazma» («XXI» YNE - 2004) və «Sehrbazlar dərəsi» («Mütərcim» - 2006) ilə birgə təhlilə cəlb olunmalıdır; əks halda, çıxarılan nəticələrdə yanılmaq ehtimalı artar.

Ancaq trilogiya ilə bütövlükdə tanışlıq göstərir ki, nəinki bu üç romanı birgə götürmək lazımdır, hətta trilogiyanı Kamal Abdullanın bir alim olaraq ortaya qoyduğu elmi monoqrafiyalar və tədqiq etdiyi sahələrdən kənarda tutmaq müəllif özünüifadəsini anlamağa çətinlik yaradır.

Hər halda, müəllif «çevrəni» «Unutmağa kimsə yox…» romanı ilə bu cür qapayıb və ora daxil olmaq üçün Kamal Abdulla elmi-ədəbi yaradıcılığına bələd olmaq gərəkdir.

Təəssüf ki, belə təhlil günümüzün çevik münasibət gözləyən oxucu marağı ilə səsləşmir, ona görə də qənaətlərimizi, xırdalıqlara o qədər də varmadan və ümumiləşdirmələrlə, yığcam verməyə məcburuq.

Trilogiyanın dialektikası

1. Trilogiyanı təşkil edən hər əsər Azərbaycan dil tarixinin bir dövrünü əhatə etməklə,

Roman film kimi, kadr-kadr yazılıb, hadisələrin açımı bir qədər də «yaddaş qatlarına» bənzəyir; hər bölüm adı çəkilən (xatırladılan) hansısa hadisənin yaddaşdan canlanması ilə bir-birini əvəzləyir. Müəllif, demək olar ki, bütün söhbətləri canlandırır, yalnız F.Q. ilə nişanlısı Afaq arasında mübahisə səhnəsi istisna olmaqla (bu istisnanı izah etmək çətindir).

«dilin dialektikası»nı özündə daşıyır: əgər «Yarımçıq əlyazma» «Kitabi-Dədə Qorqud» dil-üslub xüsusiyyətlərini yaşadırsa, «Sehrbazlar dərəsi», daha çox, 16-17-ci əsrlər Təbriz dialekti («Koroğlu» dastanının Təbriz variantı və Məhəmmədin «Şəhriyar» dastanının dili) ilə üst-üstə düşür, «Unutmağa kimsə yox…» isə müasir dil çalarlarında qələmə alınmışdır.

Dil tarixinin qatları arasında da müəllif tərəfindən təxmini bir zaman seçildiyi ehtimalını irəli sürmək mümkündür. «Kitabi-Dədə Qorqud»un dili 14-15-ci əsrlərə aid olsa da, başlancığını 12-ci əsrdən götürdüyü barədə qənaətlər var. Müəllifin «Unutmağa kimsə yox…» romanının «Dörd yüz il bundan əvvəl» bölümü («1657-ci» deyə konkret il göstərilsə də, dövr «400 illə» yuvarlaqlaşdırılır; s., 186) isə «Sehrbazlar dərəsi»nin dili ilə üst-üstə düşür. Beləliklə, romanların dil tarixlərini 400 illik məsafələrə bölmək mümkündür.

2. Romanlar həm də dialektik ardıcıllıqla düzülür: «Yarımçıq əlyazma»da «inkar» (reallığın müqəddəsləşmiş dəyərlərdən, «Kitabi-Dədə Qorqud» dastanındakı mifik Oğuz qəhrəmanlarından imtinada və onların tərs üzünə çevrilməsində əksi), «Sehrbazlar dərəsində» «inkarın inkarı» (reallığın əsatir və əfsanələrdə axtarılması) və müəllif dünyagörüşünü bütövlükdə özündə əks etdirən «məhsul» - «Unutmağa kimsə yox…»!

Xatırladaq ki, müəllifin məşhur «Gizli Dədə Qorqud» monoqrafiyasında Oğuz qəhrəmanlarının taleyi ilə bağlı mülahizələri «Yarımçıq əlyazmaya» (inkara) gedən yolun başlancığı da sayıla bilər.

Qapanmayan «çevrə»

Müəllif, ilkinlikdən uzaqlaşma və çevrə boyu yenidən başlanğıc nöqtəyə qayıtmaqla bağlı məşhur inkişaf dialektikasının (bəzi məqamlarda «tərəqqidən tənəzzülə doğru» əksinə hərəkətin) tərəfdarı olduğunu təsdiqləyir (Məsələn, Bəhram dayının çoban papağına bənzəyən evini hasarlayan «qövsi-quzehin» Vəng dağında tamamlanması).

Ancaq çevrənin heç vaxt qapanmadığı spiralvari dialektik anlayış da mövcuddur və ikincinin tərəfdarları, bizcə, daha məntiqlidirlər. Məsələ burasındadır ki, «Unutmağa kimsə yox…»dakı tarixçilərin gözləmədiyi anda ortaya çıxan yalançı «sadə bir epitafiya» (bu qədər bəsitliklə davam etsək) heç bir halda «Yarımçıq əlyazma»nın qəhrəmanları mifiklikdən çıxaran «adi insanlar və adi əhvalat» ilə çevrəni qapaya və Stiks çayının o tayına adlaya bilməz. Ehtimal olaraq götürsək:

1) «Yarımçıq əlyazma» tam deyil, «inkarı» özündə əks etdirməyə gücü çatmır və müəllif unudulan yarımçıq yaddaşı bərpa etməyə çalışır; 2) «Çiçəkli yazı»nın oxunması və Sehrbazların xəzinəsinə – bu, qiymətli xəzinə aləmlərin sirrinin açarı olmalıdır – vaqif olmaq nəticə vermir, F.Q. azdırılır və reallığı deyil, öz istədiyini, daha doğrusu, taleyini oxuyur.

Müəllif bunu anlamaq üçün şərait də yaradır. F.Q.-nın nişanlısı (sevdiyi qadın) sağalmaz xəstəliyə tutulub və onun əlacı yoxdur. Mağara ruhu ömrünün sonuna qədər Gülsümə sadiq qalan kimsəsiz Bəhram dayının canını alıb, sevdiyi insanı itirməyə hazırlaşan F.Q.-yə «Çiçəkli yazı»nı epitafiya kimi oxumağa («Afaq üçün oxumalı» - s., 347) imkan yaradır. Heç təsadüf deyil ki, Kamal Abdulla yaratdığı Bəhram obrazına ölümü bahasına qazandığını son anda dinləmək fürsətini verir – F.Q. «Çiçəkli yazı»nı ilk olaraq ona oxuyur.

Yəni çevrə qapanmır və yaxud: əsərdə «Çiçəkli yazı»nın oxunması üçün müəyyən sterotiplərdən uzaqlaşmaq lazım gəldiyi tezisi irəli sürülür; artıq spiralvari inkişaf «stereotipləri» ilə yükləndiyimizdən, Kamal müəllim «Unutmağa kimsə yox…»la çevrəni qapadığına bizi inandıra bilmir.

Əksinə, fikrimizcə, trilogiyaya daxil olan əsərlər hər biri ayrı-ayrılıqda qapanmayan çevrələr olmaqla spiralvari çevrələr təəssüratı yaradır və məcazi desək, 400 illik dövrəyə malik bu çevrələrin (zamanların) bir-birinə açıq olan xeyli qapısı var. Məsələn: Bəhram kişinin həmişə üstündə nəfəs dərdiyi Mağara ağzındakı işıqsaçan daş («Unutmağa kimsə yox…») və Nur daşı («Yarımçıq əlyazma»); Ağ dərvişin tələbəsi,
qışda adını paltar kimi əyninə geyinən (gözəl təsvirdir!) Hacı Mir Həsən ağa Səyyah («Sehrbazlar dərəsi») və Hacı Mir Həsən ağa-Mirzə Pirqulu («Unutmağa kimsə yox…»)… və yaxud, damdabaca ilə qorxutmaq, insanın beynindən (ürəyindən) keçənləri sözsüz anlamaq və s. əsərlərdəki obrazlar və hadisələr arasında qurulmuş əlaqə-qapılardır.

Şaxələnmiş süjetlər

1. Klassik romançılıq qəliblərində yeni romançılıq.
Roman film kimi, kadr-kadr yazılıb, hadisələrin açımı bir qədər də «yaddaş qatlarına» bənzəyir; hər bölüm adı çəkilən (xatırladılan) hansısa hadisənin yaddaşdan canlanması ilə bir-birini əvəzləyir. Müəllif, demək olar ki, bütün söhbətləri canlandırır, yalnız F.Q. ilə nişanlısı Afaq arasında mübahisə səhnəsi istisna olmaqla (bu istisnanı izah etmək çətindir).

Əsərin kadrları (zaman və məkan dəyişikliyi) trilogiyaya aid əvvəlki romanlardan (xüsusən, «Sehrbazlar dərəsi»ndən) daha çevik, sürətli və çeşidli olmasıyla fərqlənir və «Unutmağa kimsə yox…»u çox oxunaqlı edir.

Belə süjet kompazisiyasını qorumaq o qədər də asan olmur, bəzən kadrın göstərilməsi qəhrəmanın əlaqəsiz şəkildə, «heç nədən» nəyisə xatırlaması ilə baş tutur. Məsələn, F.Q.-nın «Çiçəkli yazı»nın oxunmasına məsul edildiyini əks etdirən 4 və 5-ci fəsillər «heç nədən» xatırlanır: Akademiya həyatı, institutlararası reallıqlar və münasibətlər təsvir edilir, sanki obrazlardan başqa bu fəsilləri süjetlə birləşdirən heç nə yoxdur. Amma Tarix institutunun direktoru «Patriarx»ın xatirələrində fürsəti qaçırmadan Homer əsərlərini və Yunan mifologiyasını «tərsinə çevirən» (Parisin «qızıl alma»nı ilahə Heraya verməsi) müəllifin «yalançı elm», «pafoslu patriotluq» yanaşmaları ilə bərabər, ölmüş adamların yaddaşını Stiks çayının üzərində itirilməsi (Qayıqçı Xarona buraxması), Yaddaşımızın bizim «düşmənimiz» (stereotiplərə bağlılıq) və «dostumuz» (manqurtluqdan xilas) olmasıyla bağlı qənaətləri mövzunun birbaşa tərkib hissəsi olmaqla, əsərin qayəsini anlamaqda ciddi yardımçı məqamlardır.
K.Abdulla bütün əsər boyu tələsmədən, müəllif tənbəlliyi etmədən, hətta bölmə və fəsillərə klassik dastan və poema ənənələrinə uyğun mahiyyəti ətraflı izahlayan adlar verməklə daşlaşmış romançılığın qəliblərini yeri gəldikcə yeni formalarla dağıdır və beləliklə, bir daha formada belə çevrəni ilkin nöqtəyə qaytarmır, «spiralvari» olaraq tamamlayır.

2. Təzadlar.

2.1. Məzmunun zahiri görünüşü.


F.Q. - Akademiyanın 3 institutunun (Tarix, Dil və Təfəkkür və Arxeologiya) birgə Elmi Şurasının qərarı ilə Vəng dağındakı «Çiçəkli yazı»nı oxumağa göndərilən 3-cü (atalar demişkən) şəxsdir. Üçüncü cəhd mütləq alınmalıydı (yaddaş) və alınır da, amma tamamilə yanlış oxunur (antiyaddaş);

Bəhram kişinin bütün həyatını alt-üst edən Mübariz onun yeganə sirdaşıdır. Hər ikisinin sevdiyi və heç birinə qismət olmayan Gülsüm bu iki ixtiyarı ömürlük birləşdirib. Gülsüm - onları ayıran və birləşdirən taledir;
Bəhram kişinin ömrü uzunu oxuduğu yeganə kitab «Ovod»dur, hətta Gülsümün gözündə Ovoda da bənzəyir, amma o, heç vaxt Ovod ola bilmir;
Bəhram-Gülsüm platonik eşqdir, F.Q.-Afaq real sevgidir (yazı oxunmayana qədər) və s.

2.2. Birinci qat

Yuxarıda qeyd etdiyimiz kimi, trilogiya ayrı-ayrılıqda və bir-biri ilə çoxsaylı qapılarla birləşir və müəllifin dünyagörüşünü, mifik kodlara, tarixə, yaranışa, kimliyə baxışını əhatələyir. Hər bir qapının açdığı qatın dərki isə sanki növbəti qapıdan içəridədir və beləliklə, əsər öz-özlüyündə çözüldükcə çözülür və Sonu görünməz labirintə dönür – mifik yaddaşımızdakı iç-içə açılan 40 otaq kimi.

Vəng dağı «yatmış dev» kimi təsvir olunur. Onun ortasındakı mağarada gizlənən «Çiçəkli yazı» «devin canıdır» («Unutmağa kimsə yox…», s., 265).

Div (dev), «Avesta»da Zərdüştün maqlara - «əcdadlarımızın yüksək idrak dinini sehr və caduya bürüyənlərə» - verdiyi addır ki, sonradan bu istilahdan sufizmdə də cahillərin ünvanına istifadə olunur. Zərdüştün maqlara bu baxışı nağıllarımızda («Məlikməmmədin nağılı») indi də yaşayır və müəllif burada öz elmi biliklərindən istifadə edərək çox dəyərli bir məzmun qatı yaradır: Divin (Vəng dağının) şüşədə (qoynundakı mağarada) gizlədilmiş canı (Çiçəkli yazı) Sehrbazların (maqların) xəzinəsini (sehr və caduya bürünmüş böyük bir elmi) açmalıdır. Mağara ruhu (maqların «əcdad ruhu») təbii ki, bu sirrin açılmasına heç bir halda fürsət verməz. Dini-mifik yaddaşa uyğun olaraq romanda bu ruh qorxunc, müdhiş və zalım kimi xarakterizə olunur, hətta «sirrə» (yazıya) əllə toxunanların belə (Qulamhüseyn və Cəfər müəllimlər) canını alır.

Müəllif bütün hallarda bədiyyəti qoruyur, zahiri qatla birinci qat bir-birini tamamlayır: Çiçəyə toxunmaq ölüm gətirir, başqa sözlə, çiçəyi «qoparanlar» «çiçək ömrü» yaşayırlar, cəmi 2 gündən sonra solurlar.

2.3. İkinci qat

Divin əsarətində olan «dünyalar gözəli»nin xilas edilməsinin dini mifologiyadan qopub gələn yaddaş qatı olduğunu nağıllarımızdan bilirik. Bu prizmadan yanaşdıqda, «Çiçəkli yazı» Divə əsir düşən «saçından asılmış gözəl» də ola bilər. Bəs, Məlikməmməd (yaddaş) kimdir: Bəhram, yoxsa F.Q.?

Yanlış açar sözə, başqa cür desək, ömrünü Yalana qurban verən Bəhram dayı da, bu «açar»la «gözəli» (Çiçəkli yazını) Divin cəngindən qurtaran F.Q. da qəhrəman (Məlikməmməd) deyil. Çünki Çiçəkli yazı xilas edilərkən, artıq nakam «gözəl» ölmüşdü (antiyaddaş).

2.4. Üçüncü qat

Mağaranının yerini 400 yüz əvvəl Əliqumral yüzbaşının gənc səfər yoldaşına «qoca
Kamal Abdulla
Kamal Abdulla
canavar», Bəhram dayıya qurddan törəyən Bozlar göstərir. Qoca canavar və canavardan törəyən itin Bozlar adlanması türkləri mağaradan çıxaran totemi yada salır.
Bu baxımdan Vəng dağındakı «Çiçəkli yazı» ilə Ərgənəkonda qorunan qam sirrinə bir qapı açıldığını müşahidə etmək olur.

Məhz bu məqamda müəllifin Parislə bağlı yunan əsatirini tərsinə çevirməsi və qızıl almanı təsadüfən işləmədiyi də aydınlaşır. Qızıl almanın türk mifologiyasında və həyatında tutduğu çox önəmli mövqe ilə həyat almasını oğurlayan («Məlikməmməd»)
Div xətləri Vəng dağında kəsişir.

Bu, artıq dördüncü qatdır…

Dediyimiz kimi, bu qatlar və qapılar çoxsaylıdır, biz daha aydın görünənləri qeyd etməklə kifayətlənirik.

Vəng dağı, Stiks çayı və tamamlanmayan əsər

Əsərdə iki obrazın adlandırılmaması diqqət çəkir: F.Q. və 400 il əvvəl mağaranı tapan «Əliqumralın gənc səfər yoldaşı». Bu «ad qoymamağın» məntiqi izahını anlamaq üçün müəllif əsərdə heç bir imkan yaratmayıb. Obrazlar arasında da əlaqə görünmür. Əksinə, «Əliqumralın səfər yoldaşı» mağaranı tapması səbəbindən Bəhram dayı ilə üst-üstə düşür.

Ancaq Bəhram dayı Mirzə Pirqulu ilə eyniyyət təşkil edir, baxmayaraq ki, yazını oxumaq baxımından Mirzə Pirqulunun missiyası F.Q. ilə oxşardır. Mirzə Pirqulu və Bəhram dayının «yaşıl, qırmızı və maviyə çalan» ocaqları assosiativ olaraq birləşir: Mirzə Pirqulu «Yadıma salmağa bir kimsə qalmadı dəxi», Bəhram dayı «Unutmağa kimsə yox»la dünyadan köçür.

Görünür, Vəng dağını Stiks çayı ilə birləşdirən «batin» də burdadır. Yaddaşını Xarona buraxıb çayı adlayanlara nə unutmağa, nə də yada salmağa bir kimsə lazımdır.
Çiçəkli yazını öz ruhları ilə hiss eləyən Bəhram və Mirzə Pirqulunun «yaşıl, mavi-qırmızı» sobaları - Ocaqları isə növbəti və tamamlayıcı qatın qapısı olmalıydı.

İlk baxışda müəllifin bu aləmi də əhatə etdiyi və əsərin alt qatını tamamladığı təəssüratı yaranır. Romanın birinci fəsli «Kəndə gələli 2 ay 6 gün sonra» konkretliyi ilə başlayır və əlbəttə ki, 66 rəqəmi göz önündə canlanır.

Moğol mifologiyasının qutsal simvollarından sayılan 6 (66, 666) rəqəmi Ocaq sahibləri – qam (maq) dünyagörüşündə də xüsusi önəm daşıyır. Yeraltı dünya sahiblərini simvollaşdıran bu rəqəmlər «Kitabi-Dədə Qorqud»da dərin iz buraxıb, hətta «Dastan»da 66 obraz yaradılıb.

2 ay 6 gün sonra Afaq haqda «ifritə balası» deyə düşündüyündən görünür ki, F.Q. onun xəstəliyindən hələlik bixəbərdir. 6-cı fəsildə isə aylar və günlər bir-birinə qarışır, Afaqın xəstəliyi «kəndə gələli bir aydan» sonra F.Q.-yə deyilir. Yazı oxunuşuna sərf olunan «2 ay yarım, 3 ay» qeydindən isə tam aydınlaşır ki, müəllif günlərdən simvollar kimi istifadədə ümumiyyətlə maraqlı deyil.

Hesab edirik ki, müəllif ən alt qatı bu qədər etinasızcasına dağıtmaqla, əslində, əsərin bütün strukturuna ciddi xələl gətirib. Bu struktur dağınıqlığı romanda müəllifin özünə belə dəqiqliyinə qədər aydın olmayan hüdudsuz təxəyyülünün bəzi «qapılarını» sonsuzluğa açıb və əks proses, «kosmosdan xaosa» (Ə.Əylisli) yaranıb.
Bəlkə, bunu da müəllifə xarakterik olan «antitezis» düşüncəsi ilə izahlamaq olar. Ancaq təəssüf ki, ortada olan mətn bu ehtimalı irəli sürməyə imkan vermir. Fikrimizcə, «nəyinsə» yazılmadığını, əsərin bitmədiyini sanki müəllif də hiss edir və «əlavələr»lə romanı sona çatdırmağa çalışır. Bu cəhdlər yalnız zahiri qatın tamamlanması («Ovod»un «Ovod» oxuyan Gülsümə çatdırılması) ilə başa çatır.

Təsirlər

«Unutmağa kimsə yox…»da təkcə mifik yox, həm də müasir yaddaş özünü göstərir:

• «Həmişə baharı yaşayan», əlçatan, ünyetən, amma ömrün və taleyin qışından, qar-boranından xali «Sehrbazlar dərəsi» - dünya içində dünya (paralel dünyalar) kimi, V.Səmədoğlunun «Uzaq, yaşıl ada»sını;

• Vəng dağından «sürüşüb gələn» və heç də hamının eşitmədiyi inilti səsi Divə əsir düşən gözəlin naləsi ilə bərabər, Baba Kahadan gələn «ah»ı (Y.Səmədoğlu, «qətl günü»);

• Maraqlı söhbətləri ilə böyüklərin məclislərində yeri görünən Mübarizin Allahverdi kişiylə («Bilirsənmi BMT-nin Baş katibi kimdir?») savadını nümayiş etdirən sual-cavabı «Gümüşgöl əfsanəsi»nin məşhur kadrını;

• Dünyanın üzünə tüpürmək Əkrəm Əylislini («Ürək yaman şeydir») və s. -

xatırladır (yaddaş dostumuzdur!). Ancaq əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, bu və toxunulmayan digər ədəbi təsirləri «plagiatlıq» kimi dəyərləndirilməsinin qəti əleyhinəyik.

Son əvəzi

Təhlilinə qismən cəhd etdiyimiz «Unutmağa kimsə yox…» romanı hazırlıqlı oxucu üçün zəngin əsərdir və vurğuladığımız kimi, çoxqatlıdır, ancaq əsərin quruluşu kütləviliyə də geniş şərait yaradır: axıcı üslub, çevik forma bu irihəcmli əsəri çox oxunaqlı edir.

O ki qaldı romanda dil faktından istifadəyə, fikrimizcə, bu, müzakirə predmeti deyil: Kamal müəllim ana dilimizin hətta tarixi qatlarını da mükəmməl bilir.

Həmçinin
İradə Musayeva Kamal Abdullanın romanını tənqid edir.
Cavanşir Yusifli "Unutmağa kimsə yox..." romanının üstünlüyü və qüsuru haqda
XS
SM
MD
LG