Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:08

Misirli yazıçı - dünyanın ən nüfuzlu mütəfəkkiri seçildi


Alaa Al Aswany
Alaa Al Aswany
Ərəb inqilablarının "atası" adlandırılan misirli yazıçı Alaa əl-Asvani ABŞ-ın "Foreign policy" jurnalının tərtib etdiyi "2011-ci ilin 100 mütəfəkkiri" siyahısına başçılıq edir.

İxtisasca həkim olan əl-Asvani "Kifayət" adlı siyasi hərəkatın əsasını qoyub. Təhrir meydanında səsləndirilən tələbləri ilk olaraq açıq şəkildə ortaya qoyan, korrupsiyaya, sülalə hakimiyyətinə "yetər" deyərək əsl demokratik hakimiyyət formalaşdırmağa çağıran məhz "Kifayət" olub.

Keçmiş prezident Mübarəkin dövründə dövlət nəşriyyatlarında onun əsərlərinin çapına qadağa qoyulmuş, təhlükəsizlik qüvvələri onun gənc yazıçılarla görüşdüyü kafenn sahibini gözümçıxdıya salmışdı.

Bundan başqa Asvaninin yazdığı "Yakubyanın evi" əsəri ərəb gəncliyini inqilaba ruhlandıran bestsellerə çevrilib və indiyəcən 33 dilə çevrilib.

Əsərdə erməni əsilli biznesmenin Qahirədə tikdiyi dəbdəbəli bina Misiri simvolizə edir. Misir hərbçilərin əlinə keçəndən sonra həmin binada yaşayan ziyalıların bir çoxu ölkəni tərk edir, onların yerinə əslən əyalətlərdən olan hərbçilərin ailələri köçür. Damda anbar kimi istifadə olunan dar otaqlar isə Qahirəyə iş axtarmağa gələn kasıblara kirayəyə verilir.

Xalqın malını dağıdan "Vətənpərvərlər Partiyası" ölkədə hakimi-mütləqdir. Etiraz edənlər repressiyalara məruz qalır, bir çox insanlar çıxış yolu kimi radikal islamçılara qoşulur...

Yazıçı inqilab vaxtı da Təhrir meydanında olmuş, Mübarəkə sadiq quldurların inqilabçılara hücumları zamanı ölümlə üz-üzə gəlmişdi.

"İnqilab sevgi hekayəti kimidir. Necə ki sevəndə daha yaxşı insan olursan, inqilabda iştirak edəndə də belə olur" - deyə yazıçı bu ilin fevralında bildirmişdi.

Siyahının 2-ci pilləsində Misir inqilabını bilavasitə həyata keçirən iki şəxs - Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş direktoru Məhəmməd əl-Baradey və "Google" şirkətinin Misirdəki meneceri Vael Qonim qərarlaşıblar.

2011-ci ildə bəşəriyyətin taleyinə təsir edə bilmiş intellektualların siyahısında sonrakı pillələrdə də xeyli ərəb inqilabçısı yer alıb.

Məsələn, yəmənli ictimai fəal və Nobel mükafatçısı Təvəkkül Karman, Tunisdən olan mötədil islamçı Rəşid Qannuşi...

Amerika prezidenti Barak Obama siyahıda 11-ci, Almaniya kansleri Angela Merkel 27-cidir.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davutoğlu isə 16-cı pillədə qərarlaşıblar.
XS
SM
MD
LG