Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:43

Gürcüstanın xilaskarı, yoxsa pul dağarcığı?


İvanişvili "Gürcü arzusu" hərəkatının təsis toplantısında çıxış edir. 11 dekabr 2011
İvanişvili "Gürcü arzusu" hərəkatının təsis toplantısında çıxış edir. 11 dekabr 2011

Tbilisidə milyarder Bidzina İvanişvilinin “Gürcü arzusu” İctimai Hərəkatının təqdimatı keçirilib.

Gürcüstanın futbol üzrə millisinin kapitanı və İtaliyanın “Milan” klubunun keçmiş oyunçusu Kaxa Kaladze təqdimat mərasimində deyib ki, prezident Saakaşvilinin yürütdüyü siyasətə etiraz olaraq daha milli komandada oynamayacaq.

Mərasim Tbilisi Filarmoniyasının konsert zalında baş tutub. Həmin zal bir çox siyasi hadisələrin şahidi olub. 1989-cu ildə Gürcüstan Xalq Cəbhəsinin təsis qurultayı da bu zalda keçirilmişdi.

1995-ci ildə isə keçmiş prezident Eduard Şevardnadze özünün “Gürcüstan Vətəndaşlarının İttifaqı” Partiyasını burada təsis etmişdi.

DİLİNİN BƏLASINA DÜŞDÜ...

Hərəkatın yaradılacağını İvanişvili oktyabrın 7-də bəyan etmişdi. O zaman milyarder ağzından qaçırmışdı ki, Gürcüstan vətəndaşı olmaqla yanaşı həm də cibində Fransa pasportunu daşıyır.

Qanuna görə, gürcülər eyni zamanda iki, hətta üç ölkənin vətəndaşı ola bilərlər. Amma bundan ötrü prezidentin razılığı lazımdır.

Həmin bəyanatından sonra müxalifətçi-milyarder Gürcüstan vətəndaşlığından məhrum edilmişdi.

Bununla da İvanişvili partiya yaradıb Gürcüstanın siyasi həyatında iştirak etmək hüququndan məhrum olmuşdu.

Milyarder bu səbəbdən ictimai hərəkat yaratmağa məcbur olub.

Hərəkatın təqdimat mərasimində çıxış edən İvanişvili prezidenti kəskin tənqid edib:

“2003-cü ilin qızılgül inqilabı özünü doğrultmayıb. Gürcüstan bər-bəzəkli sözlərin olduğu, amma çörəyin olmadığı ölkəyə çevrilib.

Hakimiyyətdəki məmurlar biznes sahələrini ələ keçirir, buna görə də xırda və orta biznes
İvanişvilinin "Köhnə Tbilisi"dəki biznes mərkəzi
İvanişvilinin "Köhnə Tbilisi"dəki biznes mərkəzi
inkişaf etmir, orta təbəqə yaranmır.

Ölkədə elitar korrupsiya var.

Televiziyalar hakimiyyətin nəzarətindədir və əhaliyə yalan məlumatlar verməkdədir”.

"MÜHARİBƏNİN GÜNAHI"

İvanişvili hakimiyyəti 2008-ci ilin Gürcüstan-Rusiya müharibəsinə görə də tənqid edib.

Milyarder müxalifətçinin fikrincə, konflikt minlərlə gürcü, abxaz, osetin ailəsini yurdundan didərgin salıb. Yüz minlərlə məcburi köçkün xarici təşkilatların verdiyi qəpik-quruşa möhtac qalıb. İvanişvili hesab edir ki, münaqişə baş verməyə də bilərdi. Buna səbəb gürcü hakimiyyətinin buraxdığı səhvlər olub. Çünki hakimiyyətin konfliktləri həll etmək proqramı yoxdur.

İvanişvili Gürcüstanın Avroatlantika məkanına inteqrasiyasına, osetin və abxaz xalqları ilə barışığa tərəfdar olduğunu da deyib.

“Qızılgül inqilabı”nın əsas ideoloqlarından olmuş, indi isə müxalifətdəki “Gürcüstan Partiyası”nın lideri Erosi Kitsmarişvili Azadlıq Radiosunun rus xidmətinə deyib ki, İvanişvilidə xarizma çatmır:

- Məncə, İvanişvili son 20 ilin ən xarizmasız lideridir. Təəssüratım ikilidir. Çox dolaşıq vəziyyətdir. Bir tərəfdən dəyişikliklərlə bağlı böyük gözlənti var, amma o biri tərəfdən cəmiyyət gözlədiklərini liderlərdən ala bilmir.

Konfliktlərin həlli üzrə keçmiş nazir Georgi Xaindrava isə İvanişvilini dəstəkləyir.
Mixail Saakaşvili
Mixail Saakaşvili
“Allah köməyi olsun” – deyən Xaindrava bildirib: “Bu, indiki rejimin sonunun başlanğıcı idi. Gürcüstanın başına bu qədər bəlalar gətirmiş rejimi dinc yolla hakimiyyətdən uzaqlaşdırmağın vaxtı çatıb”.

Təqdimat mərasiminə bir çox partiyalar dəvət edilib. Yalnız leyboristlər dəvət almayıblar.

Leyboristlər Partiysının baş katibi İosif Şatberaşvili deyib ki, onların heç mərasimə qatılmaq fikirləri də olmayıb:

- İvanişvili siyasətçi yox, pul dağarcığıdır. Onu siyasətə amerikalı bosslar qoşublar. Gürcüstan indi Amerikanın ən hüquqsuz ştatıdır. Saakaşvili və İvanişvili kimi adamlar Vaşinqtondan gələn direktivləri yerinə yetirirlər.

Xatırladaq ki, hazırkı dövlət başçısı Mixail Saakaşvilinin 2013-cü ildə keçiriləcək prezident seçkisinə üçüncü dəfə namizəd kimi qatılmaq hüququ yoxdur. Ölkənin 1 nömrəli kürsüsünə yiyələnməyə iddialıların sayı isə getdikcə artmaqdadır.
XS
SM
MD
LG