Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:34

Qulağı eşitməyən əsgər


Astaranın Pensər kəndindən olan İxtiyar Nadirov
Astaranın Pensər kəndindən olan İxtiyar Nadirov
CƏBHƏ XƏTTİNDƏ EŞİTMƏ QABİLİYYƏTİ OLMAYAN ƏSGƏR

Astaranın Pensər kəndindən olan İxtiyar Nadirov iki aydan çoxdur ki, cəbhə xəttində hərbi xidmətdədir. Tərtərdəki hərbi hissələrin birində qulluq edir. Amma bu bölgəyə göndərilən əsgərin bir qulağı anadangəlmə eşitmir, o biri də çox az eşidir:

«Getdim qardaşımın yanına. 10-15 gün idi xidmət edirdi. Lağ edirlər, sıranı düz gedə bilmir. Qardaşım yaxşı eşidə bilmədiyi üçün əmrə tabe ola bilmir, qıraqdakılar isə ona gülürlər. Qardaşım ikinci ayın əsgəridir. Allah etməmiş başına bir iş gəlsə, addımlayıb minanı keçsə, kim cavab verəcək?»

Eşitmə qabiliyyəti olmayan İxtiyar Nadirovun qardaşdır bu sualı verən. Ehtiram Nadirov AzadlıqRadiosuna deyir ki, hərbi hissədə əsgər yoldaşları qardaşına lağ edib gülür:

Ehtiram Nadirov hətta narahatdır ki, qardaşı bir gün bu həqarətlərə dözməyib ya özünə, ya da başqalarına xətər yetirər.

«DEDİ Kİ, GÖNDƏRİRİK, ÖZLƏRİ «KOMİSOVAT» EDƏCƏKLƏR»

Bəs necə olub ki, eşitmə qabiliyyəti olmayan gənc əsgər gedib?

«Bu ilin avqustunda atam rəhmətə getdi. Evdə iki qardaşıq, bir də anamdır. Hərbi komissarlığa apardılar. Orda dedilər ki, bunu göndəririk. Dedim ki, aparmayın, eşitmir, əmrə-zada tabe ola bilməyəcək. Əvvəl pul istədilər. Orda Vüqar Mirzəyev vardı, o istədi. Dedim ki, pulum yoxdur, günü 5-6 manata işləyirəm. Dedi ki, göndəririk, onu ordan özləri «komisovat» edəcəklər».

«HƏKİM DEDİ Kİ, SƏN PUL DÜZƏLT GƏL»

Bu minvalla İxtiyar Nadirov Gəncədəki hərbi hissələrdən birinə aparılır. Hərbi hissədən o Gəncədəki hospitala, ordan da Bakıya göndərilir. Amma Ehtiram Nadirovun sözlərinə görə, qardaşının hospitala göndərilməsi üçün ondan rüşvət istəyiblər. Rüşvəti Gəncədəki N saylı hərbi hissənin məntəqə rəisi istəyib, özü də 50 manatlıq mobil telefon konturu şəklində:

İxtiyarın anası Qaragöz Nadirova və Etiram Nadirov
İxtiyarın anası Qaragöz Nadirova və Etiram Nadirov
«Orda Yağnalizadə Tofiq adlı məntəqə rəisi var. Qardaşımın Bakıya göndərilməsini bir həftə yubatdı. Dedi: «pulumuz yoxdur, biz də onu öz cibimizə göndərə bilmərik ki». Uşağı göndərdilər Bakıya. Ertəsi qayıtdı. Dedi ki, sağalsa, xidmət edəcək, yoxsa qaytaracaqlar. Bir də xəbər aldım ki, uşağı Tərtərə göndəriblər. Həkimə zəng vurdum, dedi ki, sən pul düzəlt gəl».

PREZİDENTƏ YAZDI VƏ...

Ehtiram Nadirov bu dəfə birbaşa prezidentə, hərbi prokurora və müdafiə nazirlinə müraciət edir. Bir neçə gün sonra Hərbi Prokurorluqdan Yavər Allahverdiyev onu Bakıya çağırtdırır. Qardaşı isə yenidən Bakıdakı Mərkəzi Hərbi Hospitala yerləşdirilir.

«PLANI DOLDURMAQ ÜÇÜN BELƏSİNİ ƏSGƏR APARIRLAR»

«Birinci dəfə deyil ki, Astara həbi komissarlığı xidmətə yararsız gənci əsgər aparır». Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin rəhbəri Ələkbər Məmmədov belə deyir:

«Belə bir adamı apar. Sonra da tabutda valideyninə göndər... Ona görə ölüm halları olur. Günah hərbi komissarlıqdadır. Bir dəfə də kar uşağı göndərmişdilər, bir dəfə də ciyərində hepatit olan gənci əsgər aparmışdılar. Biz məsələ qaldırdıq və tərxis etdilər onu. Bu da növbəti. Bir neçə dəfə hərbi komissarı dəyişsələr də dərs olmur. Sağlam uşaqları saxlatdırırlar. Planı doldurmaq üçün də belələrini göndərirlər. Bunlar cəzasını almalıdır».

HƏRBİ KOMİSSARLIQ: «ŞİKAYƏT ETMƏYİB»

Astara hərbi komissarlığında Nadirovlardan rüşvət istədiyi söylənən Vüqar Mirzəyevə zəng vurduq. Onunla söhbəti olduğu kimi təqdim edirik:

Qaragöz Nadirova
Qaragöz Nadirova
- Mən çağırış bölməsinin rəisiyəm. Mənim vəzifəm çağırışçıların komissarlığa dəvət olunmasıdır. Qərarı çağırış komissiyası verir.

- Amma vətəndaş deyir ki, siz ondan pul istəmisiz.

- Yalan söhbətdir. Təhqiqatla əlaqədar burda izahat da verdi ki, belə söz deməmişəm.

- Əsgərin aqibəti necə olacaq?

- «Papanin»də müayinədədir. Bilmirəm, həkimlər nə qərar verəcəklər.

- Deyirlər ki, birinci dəfə deyil sizin komissarlıqdan xəstə uşaqlar hərbi xidmətə çağırılır.

- Elə şey ola bilməz. Hər bir çağırışçı fərdi qaydada yoxlanır.

- Bəs necə olur ki, qulağı eşitməyən gənc əsgər aparılır?

- Şikayəti olmayıb yəqin. Şikayət eləsəydi... Mən nə bilim. Mən çağırış komissiyasının üzvü deyiləm.

- Bəs bu məsələ araşdırılacaqmı?

- Bu məsələ Hərbi Prokurorluqda araşdırılır, Müdafiə Nazirliyinin tədqiqat qrupu da araşdırır bunu.

HƏRBİ PROKURORLUQ: «MƏN SİZƏ HEÇ NƏ DEYƏ BİLMƏYƏCƏM»

Respublika Həbi Prokurorluğunda işi aparan Yavər Allahverdiyev deyir ki, müayinənin nəticəsindən asılı olaraq qərar qəbul ediləcək. Yada salaq ki, artıq həmin gənc bir neçə gündür ki, hospitalda müayinə olunur.
- Həkimlərdən asılıdır.
- Məsələnin o tərəfini də araşdıracaqsızmı ki, bir qulağı eşitməyən əsgər hərbi hissəyə necə gedir?
- Mən sizə heç nə deyə bilməyəcəm. Araşdırma gedir. Nəticəsi haqda sizə məlumat veriləcək, siz deyəndə vətəndaşa məlumat veriləcək, araşdırma gedir.

Gəncədəki hərbi hissənin məntəqə rəisi Tofiq Yağnalızadəyəsə dəfələrlə zəng vursaq da, dəstəyi qaldırmadı.

HƏRBİ HOSPİTALIN RƏİSİ: «DÜŞÜNÜRƏM Kİ, TƏRXİS OLUNMALIDIR»

Mərkəzi Hərbi Hospitalın rəisi Asif Qurbanov bildirdi ki, əsgərin səhhətində problem var və o tərxis oluna bilər.

İxtiyar Nadirov
İxtiyar Nadirov
- Bəli, şəxs burda müayinə və müalicədədir. Onunla bağlı rəy hərbi həkim komissiyasına təqdim ediləcək. Onun təkcə qulağı müayinə edilmir. Müdafiə Nazirliyinin əmri var, bütün mütəxəssislər tərəfindən ətraflı müayinə edilməlidir. Bir az da cəmiyyət üçün mübahisəli məsələ olduğundan çalışırıq ki, diqqətli olaq, hər hansı səhv olmasın. Biz tərəfdən problem olmayacaq. Mən özüm də lor həkiməm. Sənədlərinə də baxmışam. Düşünürəm ki, tərxis olunmalıdıdr. Yəqin elə də olacaq.
- Belə xəstələr tez-tezmi göndərilir sizə, yəni xəstədirlər, əsgər aparılır, sonra da problem yaranır?
- O sualınıza cavab verməyəcəm...

NAZİRLİK: «SUALI SUALA CALAMAYIN»

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevsə çox qısa danışdı: «araşdırma gedir». Başqa sualları isə yarımçıq qoydu: «sualı suala calamayın, dedim ki, araşdırma gedir».

«ATASI SAĞ OLSAYDI...»

Ələkbər Məmmədov isə narahatdır. O deyir ki, adətən bu cür hallarda günahkar əsgər çıxarılır. Günün sonunda Ehtiram Nadirov AzadlıqRadiosuna zəng vurdu ki, qardaşı müayinələrədn sonra dekabrın 22-də hərbi hissəyə göndəriləcək. O tərxis oluna bilər.

İxtiyarın anası Qaragöz Nadirovasa narahatdır. «Xəstə balamı əsgər aparıblar, qorxuram» deyir: «Atası sağ olsaydı belə olmazdı, dalınca gedər, bir çarə qılardı».
XS
SM
MD
LG