Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:41

Əsgər anaları Sarkisyanın ofisi qarşısında etiraz askiyası keçiriblər


Yerevanda prezidentin iqamətgahı qarşısında etiraz
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Ermənistan ordusunda övladları həlak olan bir qrup əsgər anası oktyabrın 14-də prezident Serj Sarkisyanın iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər. AzadlıqRadiosunun erməni xidmətinin çəkdiyi video.


Ermənistanda müxtəlif illərdə həlak olmuş əsgərlərin valideynləri oktyabrın 16-da prezident Serj Sarkisyanın iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər.

Əsgər anaları, ictimai fəallar əllərində həlak olmuş əsgərlərin şəkilləri ilə prezidentdən əsgər ölümlərinə son qoyulmasını tələb ediblər. Yaxınlıqda çox sayda polis olsa da onlar aksiya iştirakçılarına tələblərini səsləndirməyə mane olmayıblar.

ƏSGƏR ANALARI PREZİDENTƏN ONLARIN QARŞISINA ÇIXMAĞI TƏLƏB ETDİ...

Əsgər anaları prezidentdən onların qarşısına çıxıb övladlarının niyə həlak olmasına aydınlıq gətirməsini tələb ediblər. Onlar iddia edirlər ki, oğlanları hərbi xidmət zamanı hansısa bədbəxt hadisələrdən həlak olmurlar, sadəcə olaraq onları qətlə yetirirlər. Aksiya iştirakçıları həmçinin həlak olmuş əsgərlərin cəsədlərində müxtəlif yaralar, zorakılıq izləri olan şəkillərini də qaldırıblar.

Övladını hərbi xidmətdə itirmiş Valeriya Muradyan deyib ki, onun oğlu Qarabağdakı hərbi hissələrdən birində yanacaq oğurluğunun şahidi olub. Onun iddiasına görə elə həmin şahidliyinə görə də onu aradan götürüblər: “Əgər prezident belə halların üstünün açılmasını istəmirsə, ya da buna gücü çatmırsa, istefa versin. Bizi ələ salmaq artıq yetər!”

AMMA ONLARIN QARŞISINA MÜDAFİƏ NAZİRLİYİNDƏN BİRİ GƏLDİ

Əsgər analarının tələblərinə baxmayaraq, prezident Serj Sarkisyan onların qarşısına çıxmayıb. Onun əvəzinə Müdafiə Nazirliyinin rəsmisi aksiya iştirakçılarının yanına gəlib. O, aksiya iştirakçılarına hərbi polisə getməyi təklif edib. Dediyinə görə orada bütün hərbi istintaq idarələrinin rəhbərləri toplaşıb və əsgər valideynlərinin bütün suallarına cavab verməyə hazırdırlar.

Amma valideynlər yalnız prezidentlə görüşmək istədiklərini deyərək onun təklifindən imtina ediblər. Onlar bildiriblər ki, həmin müstəntiqlər illərdir əsgər qətllərini araşdırılar, indiyə qədər ortaya bir şey çıxara bilməyiblər, işləri yalnız valideynləri aldatmaqdır.

Prezidentin iqamətgahında da heç kimlə görüşə bilməyən əsgər anaları yenidən bura etiraz aksiyasına gələcəklərini deyərək dağılışıblar.
Əsgər anaları Ermənistan prezidentinin iqamətgahı qarşısında, 14 oktyabr 2011
Əsgər anaları Ermənistan prezidentinin iqamətgahı qarşısında, 14 oktyabr 2011

ERMƏNİSTAN ORDUSU ATƏŞKƏS DÖVRÜNDƏ 1500 ƏSGƏR İTİRİB?

Bu ölkədə qeyri-döyüş itkilərinə görə ictimai etirazlar aylardır davam edir. Yerli hüquq-müdafiə fəallarının məlumatına görə 1994-cü ildən – Azərbaycanla atəşkəs sazişinin imzalanmasından bu yana Ermənistan ordusu 1500 hərbi qulluqçusunu itirib. Onlar əlavə edirlər ki, bütün Qarabağ müharibəsi dövründə isə ermənilər 6 min əsgər itiriblər.

Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirir ki, onlar 2005-ci ilin sentyabrından 2011-ci ilin sentyabrına qədər əsgərlər arasında 306 ölüm halı qeydə alıblar. Təkcə son 4 ildə həlak olan əsgərlərin sayı 228 nəfər olub. Onların da yalnız 32 nəfəri atəşkəsin pozulması nəticəsində həyatını itirənlərdir.

Son bir ildə bir neçə dəfə müdafiə naziri və prezident əsgər ölümləri ilə bağlı bütün halların diqqət mərkəzində olduğunu, orduda belə halların ildən-ilə azaldığını desələr də əsgərlərin həlak olması halları buna ictimai etirazlar da səngimir. Ermənistan ordusunda təkcə son beş gündə 3 əsgər həlak olub.

AZƏRBAYCAN ORDUSUNDA DA SON İKİ İLDƏ İTKİLƏR ARTIR

Ermənistanla atəşkəs sazişinə baxmayaraq, Azərbaycan ordusunda da itkilərin sayı ictimai etirazlara səbəb olur. Amma bu etirazlar Prezident Administrasiyasının qarşısında yox, adətən mətbuat səhifələrində ifadə edilir.

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yerli medianın monitorinqi əsasında verdiyi məlumata görə keçən il Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda itkilər ən azı 71 nəfər təşkil edib, 71 nəfərsə yaralanıb (xəsarət alıb). 2010-cu ildə döyüş itkiləri 17, qeyri-döyüş itkiləri isə 54 nəfər olub. Ötən il 7 nəfər xəstəlikdən, 9 nəfər intihardan, 16 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 15 nəfər təyyarə və avtomobil qəzalarından, 6 nəfər müəmmalı hal nəticəsində, 1 nəfərsə donvurmadan həyatını itirib.

Son iki ildə Azərbaycan ordusunda itkilər haqqında məlumat:
İtkilərin səbəbi 2010-cu il 2011-ci ilin oktyabrına qədər Cəmi son iki ildə
Atəşkəsin pozulması 17 12 29
Qeyri-döyüş 54 71 125
Cəmi həlak olanlar 71 83 154
Yaralananların sayı 71 84 155
Mənbə: "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi

Mərkəzin məlumatına görə 2011-ci ilin oktyabrına qədər Azərbaycanın silahlı qüvvələrində hərbi qulluqçuların 83 nəfəri həlak olub, 84 nəfəri isə yaralanıb. Həlak olanlardan yalnız 12 nəfəri birbaşa döyüş əməliyyatlarında itirilib. Qeyri-döyüş itkiləri 71 nəfər təşkil edib.
XS
SM
MD
LG