Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:52

Rusiya televiziyası prezident İlham Əliyev və ailəsindən bəhs edən veriliş yayıb (VİDEO)


Prezident İlham Əliyev Mixail Qusmanla müsahibədə, 23 dekabr 2011
Prezident İlham Əliyev Mixail Qusmanla müsahibədə, 23 dekabr 2011
-

Dekabrın 23-də “Rossiya” Dövlət Telekanalında Mixail Qusmanın Azərbaycan prezidenti İlham Əliyevə həsr edilmiş “Hakimiyyət formulu” müəllif proqramı göstərilib.AzərTAc dövlət informasiya agentliyi İlham Əliyevin 50-ci ad günü ərəfəsində hazırlanan bu verilişin mətnini yayıb.

Prezident ailəsinə ictimai marağı nəzərə alıb həmin mətni təqdim edirik.

Prezident İlham Əliyev: Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika quran, ilk demokratik parlament yaradan, qadınlara səsvermə hüququ verən ilk ölkədir. Yəni, müasirlik və maarifçilik ənənələri bizim ölkəmizdə çox dərin köklərə malikdir. Biz də müasir dövlətimizi bu bünövrə üzərində qururuq. Mən ölkəmizi müasir, demokratik, ali qanunvericilik və çox güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqe tutan ölkə kimi görürəm. Mənim dediklərimin əksəriyyətinə artıq nail olunub.

Müəllifdən: İlham Heydər oğlu Əliyev. 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olub. 2003-cü il avqustun 4-dən ölkənin Baş naziri vəzifəsini icra edib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib.

Mixail Qusman: Azərbaycanın həm sənayedə, həm iqtisadiyyatda, həm kənd təsərrüfatında, həm də beynəlxalq aləmdə uğurları xoş təəssürat yaradır. Sizin fikrinizcə, bu uğurların özəyi nədədir?

Prezident İlham Əliyev: Mən Prezident vəzifəsinə başlayanda, hətta ondan əvvəl, seçkiqabağı dövrdə də bildirmişdim ki, əgər mənə etimad göstərilərsə atamın siyasətini davam etdirəcəyəm. Atam Azərbaycanı xaotik hadisələr, hakimiyyətsizlik və faktiki olaraq parçalanma girdabından çıxarmışdır. Qəbul olunan mühüm qərarlara gəlincə, mən Azərbaycanın strateji inkişafına təsir göstərənləri qeyd etmək istərdim. Bu, ilk növbədə, ölkənin regional inkişaf proqramıdır. Bu, mənim ilk siyasi addımlarımdan, təşəbbüslərimdən biri idi. Çünki paytaxtla regionlar arasında fərqi azaltmaq və aradan qaldırmaq zərurətə çevrilmişdi.

Müəllifdən: Son 8 il ərzində Azərbaycanın iqtisadiyyatı 300 faiz, sənaye istehsalı 300 faiz artıb, 950 min yeni iş yeri açılıb.

Prezident İlham Əliyev: Nəhəng artım prosesi başlayan kimi, inersiya qüvvəsi də işə qoşuldu. Yəni artıq yerlərdən yeni təşəbbüslər meydana çıxdı, cəmiyyətdə tamamilə nadir yaradıcılıq ruhu yarandı. Yəni belə bir ictimai canfəşanlıq bizə çox kömək edir.
Mehriban xanım Əliyeva: İnsan, siyasətçi və dövlət başçısı arasındakı belə bir əlaqə şübhəsiz ki, göz qabağındadır. Bu mənada əlbəttə ki, regionlara səfərlər, İlhamın ən müxtəlif peşə sahibi olan insanlarla səmimi söhbətləri barədə danışmaq olar. Həmin adamların İlhama olan səmimiliyi, sevgi duyğuları əlbəttə ki, ürəkdən gəlir. Bu, tam səmimi duyğulardır.

Müəllifdən: 2011-ci il. Azərbaycan... Adambaşına düşən ümumi daxili məhsul 6 min dollar təşkil edir. Əhalinin pul gəlirləri 19 faiz artıb. Pensiyaların məbləği orta əməkhaqqının 40 faizinə bərabərdir.
Mixail Qusman: Bu yaxınlarda Azərbaycan BMT Təhlükəsizilik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Siz Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi vəzifələrini, imkanlarını nədə görürsünüz?

(Müsahibənin videou yazısı. Mətn videodan sonra davam edir...)


Prezident İlham Əliyev: Bu qələbə müstəqil Azərbaycanın bütün tarixi ərzində bəlkə də ən vacib, ən əhəmiyyətli və sanballı qələbədir. Bu qələbə bizim həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gördüyümüz bütün işləri əks etdirir.

Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə gərgin mübarizədə bizim namizədliyimizi dəstəkləyib. Əminəm ki, nüfuz, imic xarakterindən əlavə, bizim Təhlükəsizlik Şurasında üzvlüyümüzün praktiki səmərəsi olacaqdır. Özü də təkcə ölkəmizin maraqlarını təmin etmək üçün yox, o cümlədən bizim üçün ən mühüm və çətin məsələ olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində maraqlarımızı təmin edəcəkdir.

Biz bu mövzunu daim Təhlükəsizlik Şurasının diqqət mərkəzində saxlayacağıq. Lakin biz həm də sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsi işinə töhfəmizi verməyə çalışacağıq.

Mixail Qusman: Başa düşdüyümə görə, Siz ağrılı, ən çətin siyasi problemə - Dağlıq Qarabağ probleminə toxundunuz. Fikrinizcə, bu problemin düyününü açmaq mümkündür, yaxud bütün ipləri kəsib-doğramaq daha məqbuldur?

Prezident İlham Əliyev: Siz sualınızı verərkən çox düzgün olaraq diqqəti mövcud yollar üzərində cəmləşdirdiniz. Həqiqətən də yalnız iki yol vardır. Münaqişənin nizamlanması yolu yalnız beynəlxalq hüquq normaları, indi bizim üzv olduğumuz BMT Təhlükəsizlik Şurası qərarlarının yerinə yetirilməsi üzərindən keçir. Bu qərarlar yerinə yetirilməlidir.

Dörd belə qərar vardır. Hamısı da eyni tələb irəli sürür: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, bizim suveren hüququmuzdur. Dövlətimizin ərazi bütövlüyünün təkcə siyasi vasitələrlə deyil, açıq desək, hərbi vasitələrlə də bərpa edilməsinə bizim suveren hüquqlarımız var. Bu, BMT nizamnaməsinə tam uyğundur. Sadəcə olaraq, biz bundan istifadə etmək istəmirik.

Mixail Qusman: Siz ölkənin bölgələrinə tez-tez baş çəkirsiniz. Məncə, hər həftə regionlardan birində olursunuz. Başa düşürəm ki, bu regional siyasətə neft rentası kömək edir. Bəs bu gün magistral hədəf nədən ibarətdir?

Prezident İlham Əliyev: Əlbəttə, neft amili bizə çox kömək edib. Axı bu da bizim xidmətimizdir. Neft çox yerlərdə var. Bəzi ölkələrdə bizdəkindən də qat-qat çoxdur, lakin resurslardan düzgün istifadə edilməsi, xalqın sərvətinin ədalətli bölgüsü, habelə vəsaitlərin xərclənməsində və akkumulyasiyasında maksimum şəffaflıq elə vəziyyətə nail olmağa imkan verib ki, valyuta ehtiyatlarımız ilbəil artır və 8 ildə yoxsulluq səviyyəsi 5 dəfə azalaraq 49 faizdən 9 faizə düşüb. Gələn il biz Azərbaycanın ilk telekommunikasiya peykini buraxacağıq. Biz kosmik sənaye yaradırıq.

Yəni biz bəzilərinin fikrincə, Azərbaycanın baxmalı olduğundan çox-çox uzağa baxırıq.
Müəllifdən: 2011-ci il... Azərbaycanın valyuta ehtiyatları 11 milyard artaraq 40 milyard dolları keçdi. Qeyri neft iqtisadiyyatı 8,2 faiz, kənd təsərrüfatı 7,8 faiz artdı.

Mixail Qusman: Azərbaycan müstəqilliyinin bərpa edilməsinin 20 illiyini “Eurovision”da qazandığı böyük uğurla bayram etdi...

Prezident İlham Əliyev: Yəni bu, həqiqətən də böyük qələbədir. Bütün Avropa bizə səs verdi. Biz də böyük bir fərqlə qalib gəldik. Əlbəttə, bu, bizim ifaçılarımızın qələbəsidir. Amma burada həmin qələbə həm də daha geniş mənada qəbul olunur və xalqı səfərbər edir.

Mehriban xanım Əliyeva: Canlı yayım gedirdi və Bakının küçələri göstərilirdi, təkcə gənclər deyil, ən müxtəlif yaşlardan olan insanlar bayraqlarla küçələrdə idilər, gözlərində sevinc görünürdü. İndi biz artıq zirvəni fəth etmişik, qalib gəlmişik. Amma bu, o demək deyil ki, biz dayanmalıyıq. İndi biz 2012-ci ilin “Eurovision”unu Bakıda keçirməyə hazırlaşırıq.

Prezident İlham Əliyev: Mən, həmçinin idmandakı qələbələri qeyd edərdim. Bu sahədə idmançılarımızın hər bir qələbəsi böyük milli bayrama çevrilir. Bizim Olimpiya, dünya çempionlarımız var. İdman sahəsindəki qələbələr sanki bütün cəmiyyətdə irəliyə doğru bir təkan yaradır.

Leyla xanım Əliyeva: Təəccüblüdür ki, o, Azərbaycanın iştirak etdiyi hər bir yarışda qələbəyə elə sevinir, yaxud məğlub olanda elə məyus olur ki, bəlkə də heç idmançılar özləri belə məyus olmurlar.

Prezident İlham Əliyev: Mənim dediyim qələbələrin çox böyük əhəmiyyəti vardır. Bütün bunlar yeni yol, yeni məktəb, süni peyk, yeni qaz kəməri və sair deməkdir.

Mixail Qusman: Düşünürəm ki, Siz bunu heç vaxt görməmisiniz, hərçənd, Sizə həsr olunub. Bu, tələbə İlham Heydər oğlu Əliyevin şəxsi işidir. Düşünmürəm ki, Siz onu nə vaxtsa görmüsünüz.

Prezident İlham Əliyev: Bu, məxfi sənəddir.

Mixail Qusman: Burada Sizin barənizdə maraqlı, bütövlükdə müsbət olan çox məlumatlar vardır. Bilirsiniz ki, hər bir kursdan sonra xüsusi attestasiya verirdilər. Ümumiyyətlə, Sizi həmişə tərifləyiblər. Amma müəllimlər birinci kursda Sizin tez-tez dərs buraxmağınızdan şikayətlənirdilər. Ona görə də Sizə belə bir adi sual vermək istəyirəm: tələbə İlham Əliyev Moskvada, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hələ köhnə binasından hara gedirmiş?

Prezident İlham Əliyev: Qeyd etdiyiniz kimi, bu, yalnız birinci kursda olub.

Mixail Qusman: İkinci kursda daha yaxşıdır. Düzünü deyirəm, burada hər şey yazılıb. Burada rəsmi sənədlər, möhürlər, imzalar, müəllimlərin soyadları var.

Prezident İlham Əliyev: Zənnimcə, 10 il Bakıda oxuyan gənc insan üçün Moskva kimi böyük bir şəhərdə yeni mühitə düşərkən, xüsusən birinci kursda görməli yerlərlə tanışlıq üçün öz vaxtından səmərəli istifadə etməsi təbiidir. Amma sizin qeyd etdiyiniz kimi, bu hadisə Moskvada, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun köhnə binasında baş verdiyinə görə, hara getdiyim anlaşılar. Bilirsiniz ki, küçənin o biri tərəfində Qorki adına mədəniyyət və istirahət parkı yerləşirdi. Biz də oraya...

Mixail Qusman: Yəni ora Moskvada ən sevimli yer idi.

Prezident İlham Əliyev: Bəli, bu, instituta ən yaxın yer idi.

Mixail Qusman: Oraya qaçmaq olardı.

Prezident İlham Əliyev: Oraya qaçmaq və qayıtmaq olardı. Buna görə sağ olun.

Mixail Qusman: Bilirəm ki, gənclik illəriniz yaddaşınızdan silinməyib. Siz bugünkü gənc nəsli də görürsünüz. Fikrinizcə, bugünkü gənc nəsli Sizin gənclik illərinizlə müqayisə etsək, hansı müsbət və mənfi cəhətlər var?

Prezident İlham Əliyev: Hesab edirəm ki, indiki gənclik, əlbəttə, daha müstəqil, daha motivasiyalı və daha peşəkardır. Bizim ölkədə baş verənlərə əsasən görürəm ki, indiki gənclərin uğur qazanmaq arzusu çox böyükdür. Onlar tamamilə başa düşürlər ki, bu, yalnız yaxşı təhsil almaqla mümkündür. Mənə çox xoşdur ki, bizim gənclər öz köklərinə çox bağlıdırlar. Qloballaşmaya, bütün yeni fikirlərə baxmayaraq, bizim gənclərin çox böyük qismi Azərbaycan musiqisini dinləyir.

Mehriban xanım Əliyeva: Muğam mütləq olaraq xüsusi maraq doğurur. Çünki bu, zəngin musiqidir. Bu musiqidə bəlkə də çox çətin izah edilə biləcək ruh vardır. Xalqın, tarixin, ənənələrin ruhu... Bax, belə. Biz muğam konsertləri, muğam müsabiqələri keçirməyə başladıq. Getdikcə daha çox gənc bu musiqi ilə maraqlanmağa başladı.

Mixail Qusman: Bu qovluq sizə tanışdır?

Prezident İlham Əliyev: Yox.

Mixail Qusman: Bu, sizin dissertasiyanızdır. Bu, onun referatıdır. Bu dissertasiya Böyük Britaniyada ilkin mərhələdə müharibə əleyhinə hərəkata və siyasi partiyaların ona münasibətinə həsr olunub.

Prezident İlham Əliyev: Bu mövzu yadımdadır.

Mixail Qusman: Bununla əlaqədar hər halda sualım Sizə peşə cəhətdən yaxın olan xarici siyasətlə bağlıdır. Azərbaycan nadir geosiyasi mövqeyə malikdir. Geosiyasi amillər Sizin siyasətinizə necə təsir edir?

Prezident İlham Əliyev: Əlbəttə, biz regionun bir hissəsiyik və əlbəttə ki, istər-istəməz regionda baş verən proseslər bizə təsir edir. Amma Prezident kimi mənim vəzifəm region xarakterli hadisələrin Azərbaycana təsirini azaltmaq və əksinə, Azərbaycanın regional proseslərə təsir imkanlarını maksimum dərəcədə artırmaqdır.

İqtisadiyyata gəlincə, Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 83 faizini təşkil edir. Gələcəkdə də bu rəqəm yalnız artacaqdır. Bu gün Azərbaycanın iştirakı olmadan heç bir layihə mümkün deyildir. Nə enerji, nə nəqliyyat, nə də xarici siyasət.

Mixail Qusman: Rusiya Azərbaycanın qonşusudur. Sizin Rusiyanın həm keçmiş Prezidenti Putinlə və hazırkı Prezident Dmitri Medvedevlə çox yaxşı siyasi, peşəkar əlaqələriniz vardır. Bu mövzuda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi zəngin təcrübəniz vardır. Rusiya ilə Azərbaycan arasında hansı əməkdaşlıq perspektivlərini görürsünüz? Burada hansı ağrılı nöqtələr, açılmayan düyünlər var, digər tərəfdən bu inkişafın perspektivləri nədədir?

Prezident İlham Əliyev: Mənə elə gəlir ki, perspektivlər çox müsbətdir. Qeyd etdiyiniz kimi, mənim həm Rusiya Prezidenti ilə, həm də Baş nazirlə çox sıx əlaqələrim vardır. Deməliyəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsi məhz 2000-ci illərin əvvəlində, Rusiyaya Vladimir Putin başçılıq edəndə başlayıb. Elə o vaxt Rusiya Prezidenti Azərbaycana ilk rəsmi səfər edib. Bu 10 il ərzində çox iş görülüb. İkitərəfli münasibətlərin bütün ağrılı və çətin məsələləri həll olunub. Hamısı. Sonuncu problem Prezident Dmitri Anatolyeviç Medvedevin Azərbaycana son səfəri zamanı həll olunub. Həmin vaxt dövlət sərhədi haqqında sənəd imzalanıb.

Mixail Qusman: Qeyd etdiyimiz kimi, Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çox gözəl təhsil almısınız. Amma siyasət, diplomatiya, həyata baxış, dünyaya baxış sahəsində əsas dərsləri Siz Heydər Əliyevdən almısınız desəm, yəqin ki, səhv etmərəm. Necə deyərlər, Siz Heydər Əliyevin hansı dərslərindən bu gün istifadə edirsiniz?

Prezident İlham Əliyev: Hər kəs üçün ata yaxın, doğma insandır. Mən bu insana, eyni zamanda, sonsuz hörmət, etimad və iftixarla yanaşırdım. Çünki onun bütün həyatı, mübarizəsi, taleyi və dəyanəti hamı üçün əsl nümunədir. Yəqin hamı xatırlayır ki, həyatının son dövründə kursantlar qarşısında çıxış edərkən halı pisləşdi, yıxıldı, sonra çıxdı, qayıtdı, çıxış etdi, yenə yıxıldı, yenə çıxdı və yenə üçüncü dəfə qayıtdı. Öz nitqini də başa çatdırdı.

Düşünmürəm ki, onun yaşda və vəziyyətdə olan daha kimsə bunu edə bilərdi. Axı 80 yaşlı bu insanın 8 qabırğası sınmışdı. Amma fikrimcə, o, başqa cür edə bilməzdi. Onun iradəsi də elə bundadır. Bu mərdlik, dəyanət və əlbəttə ki, bizim hamımız üçün nümunədir. Həm mənim üçün, həm də bütün azərbaycanlılar üçün.

Mixail Qusman: Əgər təsəvvür etsək ki, Siz hansısa zaman maşınında keçmiş hadisələrə qayıda bilərsiniz, onda hansı hadisələri bir daha duymaq istərdiniz?

Prezident İlham Əliyev: Düşünürəm ki, yəqin mən istəməzdim. Çünki yaşanan hadisələr hətta nə qədər sevincli olsa da əvvəlki təsiri göstərməyəcək. Əgər imkan olsaydı, mən irəli, deyək ki, heç olmasa 10 il irəli gedərdim. Baxardım ki, düşündüklərim baş tutub, yoxsa yox və nə dərəcədə alınıb? Bax bunu böyük məmnuniyyətlə edərdim. Keçmişə gəlincə isə, əgər mümkün olsaydı, mən anamın və atamın yanına qayıdardım.

Mehriban xanım Əliyeva: Tezliklə İlhamla birlikdə olmağımızın 29 ili tamam olacaqdır. Təbii ki, hər bir ailədəki kimi bizim həyatımızda da xeyli xoşbəxt, sevincli, parlaq hadisələr olub. Problemlər və çətinliklər, ağrılı itkilər, kədər və qüssə də olub. Əsas o idi ki, biz bütün bunları birlikdə yaşamışıq və yaşayırıq. Biz eyni istiqamətə baxır və irəli gedirik.

Prezident İlham Əliyev: Bu, yəqin ki, adi səslənir. Bu halda yəqin ki, mən Yer üzündəki insanların əksəriyyətindən fərqlənmirəm. Gün ərzində istirahətdə yox, axşam ailə içində olmaq ən gözəl vaxtdır. Axşam mən evin kandarından içəri keçəndə tamamilə başqa, onilliklər ərzində olduğum mühitə düşürəm.

Mehriban xanım Əliyeva: Belə çətin işlə məşğul ola-ola səmimiliyini, həssaslığını, açıqlığını və xeyirxahlığını qorumaq çox böyük ləyaqətdir. Buna görə mən ona çox minnətdaram. Onun necə ata olduğu barədə danışsam... yəqin bu barədə də qızları danışarlar. Amma qızları, ilk növbədə, onun dostlarıdırlar.

Leyla xanım Əliyeva: Baxmayaraq ki, o, çox nadir hallarda danlayır, heç bir fikrini sırımır, mənim üçün həyatda ən başlıcası onu heç bir cəhətdən məyus etməməkdir.
Arzu xanım Əliyeva: Bilirəm ki, hər necə olsa da, o, həmişə məni eşidəcək, dəstəkləyəcəkdir. Onun hər bir məsləhəti mənim üçün son dərəcə mötəbərdir.
Leyla xanım Əliyeva: Əlbəttə, böyük məsuliyyət vardır. Yəqin ki, mən daha çox atamın qarşısında məsuliyyət hiss edirəm.

Arzu xanım Əliyeva: Bütün ailə - mən, Leyla, balaca Heydər, nəvələr birlikdə olanda, görürəm ki, atam belə anlarda həqiqətən böyük sevinc hissi keçirir, bunu görəndə bizim də hamımızın ürəyi fərəhlə dolur.

Mixail Qusman: Bu günlərdə Sizin həyat yoldaşınız, ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu Romada, Vatikanda Azərbaycanın təbliği üzrə genişmiqyaslı tədbirlər həyata keçirib. Hamı Mehriban xanımın ictimai fəaliyyətinə yaxşı bələddir. O, nəhəng işlər görür. UNESCO-nun xoşməramlı səfiridir, parlamentin deputatıdır. Bütün bunlar çox gözəldir. Amma başa düşdüyümə görə bu, hərtərəfli fəaliyyətdir. Bilirəm ki, o, həmişə evə can atır. Bəs nisbət necədir və onun vəzifələri sizinkinə necə uyğun gəlir?

Prezident İlham Əliyev: Əlbəttə, onun çox böyük ictimai yükü vardır. Hətta, birinci xanım vəzifəsi, protokol tədbirləri və sairə böyük səylər tələb edir. Deyək ki, il ərzində bizim birlikdə olmadığımız anlar çox deyildir. Amma hansısa tədbirlərdə iştirak etmək lazım gələndə, belə hallar olur. Buna görə də biz bir yerdə olmaq üçün bir-birimizə qarşı can atırıq. Əlbəttə, o, hər cəhətdən çox istedadlı insandır. Buna görə də o, işinin öhdəsindən gəlir. Bütün işləri yüksək səviyyədə görür.

Mixail Qusman: İlham Heydər oğlu, istər-istəməz artıq 50 yaşa çatmısınız. Çox iş görülüb. Uğurlara güvənmək olardı. Sizi tanıdığıma görə deyə bilərəm ki, bu, Sizin təbiətinizə uyğun deyildir. Şəxsən Siz öz qarşınızda növbəti yarım əsr üçün hansı vəzifələri qoyursunuz?

Prezident İlham Əliyev: Açığını deyim ki, həyatda mən qabaqcadan qarşıma heç bir vəzifə qoymuram. Amma Prezident kimi bunu özümə rəva görə bilmərəm, çünki əgər gələcəyi düşünməsəm, bu günün problemlərini həll etmək çox çətin olacaqdır. Bizim bu gün həll etdiyimiz problemlər gələcəyə yönəlibdir. Dünya tərəqqi edir. Biz də ona çatmalıyıq. Yaxın onilliklər ərzində dünyanı kimlər idarə edəcək? Yəqin ki, ağıllı insanlar.

Mixail Qusman: Bəs Sizin fikrinizcə, gələcəkdən danışarkən keçmişdən nə götürmək istərdiniz və Sizi həmişə nə müşayiət edərdi?

Prezident İlham Əliyev: Ləyaqəti keçmişdə qoymaq olmaz. Heç bir halda. Ədəb-ərkan hissini, insanlara xoş münasibət hissini, vətənpərvərlik hissini. Mənə elə gəlir ki, hər bir kəs, hamı bu əsas məqamları özü ilə irəli aparmalıdır. Həmişə öz Vətənini sevmək lazımdır.
XS
SM
MD
LG