Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:10

AXCP fəalı Naxçıvanda həbs edilib


AXCP-nin Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy
AXCP-nin Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy
AXCP-nin Naxçıvan şöbəsinin fəalı Zeynal Bağırzadə barəsində 3 aylıq həbs qərarı verilib. Bu barədə AzadlıqRadiosuna onun qardaşı, AXCP-nin Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy məlumat verib.
Yaşar Bağırsoyun sözlərinə görə, qardaşı dövlət əmlakını dağıtmaqda ittiham olunur. Onun sözlərinə görə, Zeynal Bağırzadə Çernobıl əlilidir və 1986-cı ildən təqaüd alır: “İndi deyirlər ki, Zeynal Çernobılda olmayıb, saxta yolla vəsiqə əldə edib və dövlət vəsaitini mənimsəyib”.
Yaşar Bağırsoy deyir ki, son vaxtlar qardaşının siyasi fəaliyyəti güclənib, o, İctimai Palatanın Naxçıvan şöbəsinin yaradılmasında aktiv iştirak edib: “Qardaşım uzun illərdir bu təqaüdü alır, əgər saxtadırsa, onda bunu araşdırmaq niyə məhz indi yada düşüb?”
Zeynal Bağırzadənin barəsində Naxçıvan şəhər prokurorluğunda CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəm), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi qaldırılıb. Naxçıvan şəhər məhkəməsi istintaq üçün zərurət sayaraq Zeynal Bağırzadənin 3 aylıq saxlanmasına qərar verib.
Əgər ittihamlar təsdiqlənsə, onu 1 ildən 12 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG