Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:29

Direktor və rejissorlar aktrisaya qarşı


Zemfira Nərimanova
Zemfira Nərimanova

Xalq artisti Zemfira Nərimanova çalışdığı "Azdrama"nın direktoru və rejissorları ilə üz-üzə... "Mənə rol vermirlər"...

Milli Dram Teatrının aktrisası, xalq artisti Zemfira Nərimanova çalışdığı teatrın direktoruna məktub yazıb. Bununla bağlı APA-ya açıqlama verən aktrisa bildirib ki, müraciət etməsinin səbəbi ona rol verilməməsidir.

Zemfira Nərimanova teatr rəhbəri İsrafil İsrafilova ünvanladığı müraciətdə oynanan tamaşalarda ona rol verilməməsindən şikayətlənib:

“Nəzərinizə çatdırmaq istəyirəm ki, Siz Akademik Milli Dram Teatrına direktor təyin olunduqdan ötən müddət ərzində mənə cəmi bir rol - Saqarellinin “Xanuma” tamaşasında Tekle rolu həvalə olunub. Lakin təəssüflər olsun ki, bu tamaşanın ilk məşqlərindən tutmuş daxili baxışa qədər bütün məşqlərində iştirak etsəm də, premyera və daxili baxış zamanı mən cəmiyyətdəki nüfuzuma, 32 illik səhnə fəaliyyətimə, fəxri adlarıma uyğun olmayan hadisə ilə rastlaşdım. Nə daxili baxışda, nə premyerada mənə səhnəyə çıxmağa imkan verilmədi. Bu haqsızlıq mənim səhhətimə çox pis təsir etdi. Həmin tamaşanın məşqlərində qarşılaşdığım neqativ hallar barədə sizə yazılı surətdə məlumat versəm də, heç bir nəticə hasil olmadı. Bu səbəbdən sizdən xahiş edirəm ki, mənim 32 illik səhnə fəaliyyətimi, fəxri adlarımı, yaradıclıq mükafatlarımı, fiziki göstərcilərimi, intellektimi nəzər alıb bundan sonra teatrda səhnəyə qoyulan tamaşalarda sadaladığım kritereyalara uyğun rollar verilməsini təmin edəsiniz. Çünki mənim tamaşaçılarım bunu artıq məndən tələb edirlər”.

Aktrisa teatrın direktorunu rejissorları ona rol verməməyə çağırmaqda günahlandırır.

Teatrın direktoru İsrafil İsrafilov bu barədə Kulis.az-a müsahibəsində bunları deyib: “Çox əsassız iddiadır. Mən aktrisanın, aktyorun rolla təmin olunmasında maraqlı olmalıyam. Mənə sərf edər ki, ona rol versinlər, heç olmasa ağzı yumulsun. Ən pis adam olsam, istəyərəm ona çətin rol verdirim, öhdəsindən gəlməsin, mən də deyim gördünüz? Daha bir məqam - kimin ağlına sığa bilər ki, mən Azərpaşaya kimə rol verib-verməməsi ilə bağlı təzyiq göstərə biləm? Ona o barədə nəsə demək olar? Əlbəttə, olmaz”.

Son aylar Milli Dram Teatrının səhnəsində tamaşa hazırlayan rejissorların bu barədə fikrini öyrəndik. Xalq artisti Azərpaşa Nemət: “Heç kim mənə kimə rol verib-verməməyim barədə nəinki təzyiq, heç söz belə deyə bilməz. Mən həmişə bu işi, hər bir işi, ümumiyyətlə, özüm müəyyənləşdirib, özüm də qərar vermişəm. Hər hansı bir rolda Zemfira xanımı görsəydim, söz yox, ona verərdim, görməmişəm, verməmişəm.”

Milli Dram Teatrında artıq üçüncü tamaşanın quruluşuna başlayan Nicat Kazımov da
İsrafil İsrafilov
İsrafil İsrafilov
deyilənin ağlasığmaz olduğunu bildirdi: “Adamın Allahı var, nə Zemfira xanımla, nə də ümumiyyətlə, heç bir yaradıcı addımımla, qərarımla bağlı Milli Teatrın rəhbərliyi tərəfdən təzyiq görməmişəm.”

Rejissor Rafiq Əliyev: ( Brextin “Kuraş xanım” tamaşasını hazırlayır) “Mən uşaq-muşaq deyiləm ki, mənə deyələr, kimə rol ver. Kimə vermə. Əsəri də, rolları da özüm seçib təsdiq etdirmişəm. Hətta bir-neçə aktyoru başqa teatrdan dəvət etmişəm. Bu əsərdən gələn bir tələbdir, materiala baxıb, bunun öhdəsindən kimin gələ biləcəyini rejissor müəyyən edir.”

Gümrah Ömərin fikrincə, o, əvvəldən rolu aktrisa Məleykə Əsədovaya vermək istəyib və elə də edib: “Şükür ki, zənnimdə də yanılmadım. Tamaşa hələ oturuşduqca daha yaxşı olacaq, çünki aktrisa çox böyük məsuliyyətlə çalışdı. Zemfira xanımı bir aktrisa kimi ümumiyyətlə yaxşı tanımıram.”

Rövşən Almuradlı hazırda “Qoca qadının gəlişi” tamaşasını hazırlayır. Rejissor rolu kimə vermək lazım olduğunu özü müəyyən etdiyini bildirdi: “Zemfira xanım yaxşı aktrisadır, onun da özünə uyğun rolları var, amma bu tamaşada ona rol vermək fikrim olmayıb ki, kimsə də ya razı ola, ya da narazı.”

kulis.az
XS
SM
MD
LG