Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:18

Bakıda taksi «oblavası»


Taksi sürücülərinin etirazı. Foto: «Yeni Müsavat»
Taksi sürücülərinin etirazı. Foto: «Yeni Müsavat»
Yanvarın 13-də Nəqliyyat Nazirliyi ilə Yol Polisinin lisenziyasız taksilərə qarşı başladıqları reydlər sürücülərin etirazı ilə qarşılanıb.

Metronun «Neftçilər» stansiyasının yaxınlığında 300-ə yaxın taksi sürücüsü yolu bir saata yaxın bağlamaqla reydlərə etirazlarını bildiriblər.

Taksi sürücüsü Qəzənfər Əliyev:

SON 5 İLİN TAKSİLƏRİ SAXLANIR

«Polislər tökülüblər bura, taksi sürücülərini burdan dağıtmaq istəyirlər. Biz də Nəqliyyat Nazirliyini bu məsələdə günahkar sayırıq. Biz işsiz-gücsüz nə edəcəyik?».

Qəzənfər Əliyev deyir ki, onlar indiyə qədər hesab açaraq illik vergi ödəməklə fəaliyyət göstəriblər. İndi isə onların bu fəaliyyəti qanunsuz hesab edilir:

«Biz yenə də işləmək istəyirik. Amma deyirlər avtomobilin istehsal tarixi 2007-ci ildən yuxarı olmalıdır. Rəngi ağ olmalıdır, naviqator olmalıdır. Nə bilim o, olmalıdır, bu olmalıdır. Buna da haradasa 1000 manatdan yuxarı xərc çəkmək lazımdır».

««LONDON TAKSİLƏRİ»NƏ ŞƏRAİT YARATMAQ İSTƏYİR»

Paytaxtın müxtəlif yerlərində isə taksi sürücüləri hər an başlayacaq reydləri gözləyirlər. Metronun «20 Yanvar» stansiyasının girişində dayanan taksi sürücüləri problemin bu cür zorakı üsullarla həllini mümkünsüz sayırlar. Taksi sürücüsü Məmməd Qəhrəmanova görə, məqsəd səliqə-sahman yaratmaq yox, hansısa monopolist məmura məxsus «London taksiləri» üçün şərait yaratmaqdır:

««London taksiləri» plan verə bilmir. Bizi sıxışdırıb çıxarmaq istəyirlər ki, onlar üçün şərait yaransın. İstəyirlər ki, biz də öz maşınlarımızı qoyaq kənara, həmin taksilərdən götürək. Məqsəd yalnız budur. Mən belə başa düşürəm. Başqa nə ola bilər ki?».

ETİRAZ EDƏN TAKSİ SÜRÜCÜLƏRİ KİMLƏRDİR?

Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənov isə hesab edir ki, etiraz edən taksi sürücüləri qanunsuz fəaliyyət göstərənlərdir:

Namiq Həsənov
Namiq Həsənov
«Hesab açıb vergi ödəyiblər, amma əsas taksi xidməti göstərmək üçün lisenziya almalıdırlar. Fərqlənmə nişanı alıb vergi ödəməklə bu fəaliyyət qanuni sayıla bilməz. Birinci növbədə lisenziya alınmalıdır, sonra fərqlənmə nişanları».

TAKSİ SÜRÜCÜLƏRİNƏ İL VƏ RƏNG QADAĞASI

Namiq Həsənov əlavə edir ki, taksi xidməti göstərmək istəyən fiziki şəxslər 150 manat ödəyib 5 illik lisenziya almalı, fərqlənmə nişanı, texniki və tibbi müayinəyə də hər ay 30 manata yaxın pul ödəməlidir. Bundan başqa, sürücü öz hesabına avtomobilə naviqasiya sistemi və sayğac quraşdırmalıdır.

Amma məsələ bununla bitmir. Taksi xidməti göstərmək istəyənlərin avtomobili «London taksiləri» kimi bənövşəyi ya da ağ olmalıdır. Bir şərt də avtomobilin istehsal tarixi ilə bağlıdır. Bu tarix 2006-cı ildən aşağı olmamalıdır.

«AĞ RƏNGLİ TAKSİLƏR DƏ MÜVƏQQƏTİ OLACAQ»

Nazirlik rəsmisi Namiq Həsənov deyir ki, ağ rəngli avtomobillərin də fəaliyyəti müvəqqəti olacaq. Bənövşəyi «London taksiləri» tələbatı ödəyən həddə çatana qədər fəaliyyət göstərəcəklər:

«Keçid dövrü ərzində həmin ağ rəngli taksilərdən də istifadə olunacaq. Bir şərtlə ki, onların üzərində müvafiq «ekipirovka» qaydaları olsun. Bundan başqa, salonlar sayğac və naviqasiya sistemi ilə təmin olunsun».

«LONDON TAKSİLƏRİ» İLƏ BAĞLI SƏHV PROQNOZUN NƏTİCƏSİ

«London taksiləri»
«London taksiləri»
«Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım» İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov da zorakı üsullarla tənzimləməni yanlış sayır. O, indi baş verənləri bir neçə səbəblə izah edir. Deyir, «London taksiləri»ni gətirənlər proqnozlaşdırılan gəlirləri əldə edə bilmədikləri üçün kənarda taksi fəaliyyəti göstərənləri də öz inhisarlarına almaq istəyirlər.

Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənov isə taksi xidmətinin monopoliyaya alınması fikri ilə razılaşmır:

«Hansı şirkət bu işi bacarırsa, o da bu işi görür. Burda nə monopoliya var?»

«SIXIŞDIRMA İLƏ TƏNZİMLƏMƏ OLMUR»

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə taksi xidmətindəki dəyişiklikləri süni tənzimləmə hesab edir. Onun fikrincə, kimlərsə himayəsində olan taksiləri başqalarına nisbətən üstün vəziyyətə gətirmək istəyir. Sahib Məmmədova görə, lisenziya verməmə, sürücüləri sıxışdırma yolu ilə bu sahədə tənzimləmə nəticə verməyəcək.
XS
SM
MD
LG