Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:50

Sulutəpənin qaz problemi (VİDEO)


Sulutəpənin qaz problemi
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00
Direct-ə keçid

«Hər yerə ucuz qaz satırıq, amma özümüz soyuqdan donuruq»

- Qazı yandırın, görək gəlirmi?
- Vallah, yoxdur, görürsüz gəlmir.

Vahid Məhərrəmov kibriti bir neçə dəfə yandırıb mətbəxdəki plitəyə qaz gəlib-gəlmədiyini yoxlayır.

Onunla Sulutəpə qəsəbəsində Şəfiqə Əfəndizadə küçəsində, qapılarının ağzında rastlaşdıq. Minik avtomobilindən odun boşaldırdı.

Dediyinə görə, odunu Bakı-Şamaxı yolunun kənarından yığıb. Gətirdiyi odunları qonaq otağındakı odun peçinə yığa-yığa danışır:

«Belə bir vəziyyətdə insan yaşaya bilərmi? Bilmirik bununla hakimiyyətə, yoxsa kimə qəsd edirlər. Hökumət nə bilir, oturub yuxarıda. Qaz işçiləri deyir qaz var. İnformasiyanı düz vermirlər. Bax bu da fakt».

SULUTƏPƏ ABŞERONA VERİLƏNDƏN SONRA...

Vahid Məhərrəmov deyir ki, onların yaşadığı qəsəbədə 3-4 ildir qaz problemi var. Etdikləri müraciətlərə də baxan yoxdur. Sonuncu dəfə yanvarın 30-da Bakı-Şamaxı yolunu bağlamaqla sakinlər illərdir problemə diqqət yönəldilməsini istəyiblər. Əraziyə gələn Abşeron rayon icra hakimiyyətinin nümayəndələri söz verib ki, problem həll ediləcək. Bu vəddən sonra sakinlər yolu açıblar.

Vahid Məhərrəmov deyir ki, yaşadıqları ərazi Binəqədi rayonunun tabeliyində olanda qazla bağlı heç bir problemləri olmayıb. Onun sözlərinə görə, problem qəsəbə Abşeron rayonuna verilən gündən başlayıb:

«Binəqədidə qaz var. Yolun aşağısına düşün, baxın görün necə qaz gəlir. Bizim yaşadığımız bu iki yolun arası var ha, bura Abşerona veriləndən sonra, təxminən 4 ildir ki, bu gündəyik. Camaat gedir şikayətə bir gün qazı verirlər, sonra yenidən kəsilir».

Qəsəbə sakini Gülnaz Şahbazova isə deyir ki, onlar qaz üzünə həsrət qaldıqları halda yaxınlıqdakı kərpic və çörək sexlərinə gecə-gündüz yüksək təzyiqlə qaz verilməkdədir:

«Bax yolun o biri tərəfində kərpic sexləri var, ora görün nə hündürlükdə qaz verirlər. Amma bizim evlərə qaz vermirlər. Qaz idarəmiz deyir ki, yox, biz evlərə qaz verməyəcəyik».

«SOYUQ BİZİ NƏVƏLƏRİMİZƏ HƏSRƏT QOYUB»

Sulutəpə sakinləri evlərini ya odun yandırmaqla, ya da elektrik avadanlıqlarından istifadə etməklə qızdırırlar. Bu isə onlara baha başa gəlir.

Qəsəbənin 75 yaşlı sakini Mahmud Qədimov normal istilik olmadığından nəvələrindən ayrı düşdüyünü deyir:

«Hər yerə ucuz qaz satırıq, amma özümüz soyuqdan donuruq. Qaz gəlmir, nəvələrimi göndərmişəm Bakıya. Uşaqlar bizimlə qalırdılar. Gördüm çox soyuqdur, göndərdim ata-anasının yanına. İndi nəvələrimizin üzünə həsrət qalmışıq».

AZƏRİQAZ «QAZ OLACAQ» DEYİR

Qəsəbə sakinləri ilə söhbətləşib geri dönəndə Azəriqazın işçiləri ərazidə işə başlamışdılar. Asəf adlı iş icraçısının dediyinə görə, onlar iki istiqamətdə işləyirlər. Birinci mərhələdə qəsəbəyə əlavə kəmər çəkməklə qazın təzyiqini artırmaq fikrindədirlər. Daha sonra isə qəsəbədəki bütün yeraltı qaz kəməri yerüstü kəmərlə əvəzlənəcək:

- Yaxın zamanlarda qaz olacaq. Bu gün isə əlavə kəmər birləşdirməklə qazın təzyiqini artıracayıq.
- Demək bu gün qəsəbəyə normal qaz veriləcək?
- Olar, İnşallah...

Onun dediyinə görə, indiyə qədər problem də elə qaz kəmərlərinin köhnə olması ilə bağlı olub. Bu da qəsəbəyə güclü təzyiqlə qaz verilməsini xeyli çətinləşdirib. İş icraçısının sözlərinə görə, boruların yeniləri ilə əvəzlənməsi 10-15 gün çəksə də, köməkçi boru ilə qazın artırılmasını günün sonuna qədər yekunlaşdırmaq fikrindədirlər.

Qəsəbə sakinləri isə bu işlərin qarlı-şaxtalı qış günlərinə saxlanmasından heç də razı deyillər.
XS
SM
MD
LG