Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:11

Rafiq Əliyev: «Mən həqiqətən də fərariyəm»


Rafiq Əliyev
Rafiq Əliyev
Fevralın 10-da professor Rafiq Əliyevin 70 yaşı tamam olub. O, 1942-ci ilin bu günü dünyaya gəlib. Onunla doğum günündə ayaqüstü söhbətimizi edirik.

- 7 yaşınızı xatırlayırsınız?

- …Təxminən xatırlayıram. 1949-cu ilə düşür. Ağdam şəhər 1 saylı orta məktəbdə 2-ci sinifdə oxuyurdum.

- Məktəb illərinin Sizə qarşı pis və ya yaxşı hadisəsi kimi nəyi deyə bilərsiniz? Tənqid edirdilər ya tərifləyirdilər Sizi?

- Orta məktəbdə düzü heç tənqid eşitməmişdim. İstəyərdim eşidəm, amma, deyəsən, pis oxumurdum. Heç «4» qiymət aldığım yadıma gəlmir. Məktəbi də medalla qurtardım. Ona görə tənqid etmirdilər. Hətta sonuncu siniflərdə məni məktəbin komsomol təşkilat katibi seçdilər.

- 17 yaşınızı necə xatırlayırsınız, razı idilər Sizdən ya narazı?

- 17 yaşım 1959-cu ilə düşür. Onda mən artıq Azərbaycan Sənaye İnstitutunda 2-ci kursda oxuyurdum.

- İnstituta tez qəbul olunmuşdunuz demək.

- Hə. 16 yaşımda qəbul olunmuşdum. Orada da özümdən heç bir narazıçılıq görmədim. Pis çıxmasın, demək də çətindir. Oranı da əla qiymətlərlə bitirdim. Heç «4» almadım.

- Siz daha çox yaxşı kim ola bildiniz - şagird, tələbə yoxsa alim, ağsaqqal?

- Məncə indiki statusumdan daha çox razıyam. İndi zehinlərə daha çox şey verə bilirəm. Çox məmnunam ki, dünyanın müxtəlif yerlərinə tələbələr göndərə, onların təhsil almalarına zəmanət verə bilirəm. 150-yə yaxın elmlər namizədi, 30-a yaxın elmlər doktoru yetişdirmişəm. Onlar hazırda bu elmi dünyanın müxtəlif yerlərində davam etdirirlər.

- Amma xeyli də elm adamı, akademik, professor, elmlər namizədi Sizə qarşı yazılar yazdı, çıxışlar etdi. Bəs bu necə olsun?

- Onlar pis adamlar deyillər. Düzü, mənim onlara yazığım gəlir ki, o vəziyyətə salındılar. Gərək özləri düşməyəydilər. Amma düşdülər, nə etmək olar.

- Sovet adamlarının təsəvvüründə 70 yaş daha çox son, süqut, iflas, dağıntı rəqəmi kimi yadda qalıb. Siz yetmişinizin sonrasını neçə görürsünüz?

- Allahın izni ilə, əgər sağlamlıq versə, hələ planlar çoxdur. Qarşıda iki hədəf var. Bəzi elmi hədəflərə çatmaq, digər tərəfdən də gücümüz çatan qədər ictimai fikrə təsir etmək barədə düşünürəm.

- Alınsa, bunlar nəyə gətirib çıxaracaq Sizcə?

- Yüksək azadlıq, yüksək demokratiya, yüksək iqtisadi texnoloji model. Mən Azərbaycanda bunları görmək istəyirəm.

- Bunlar kiməsə lazımdırmı ümumiyyətlə?

- Əlbəttə. Sizə, mənə, cəmiyyətə - Azərbaycana. Hökmən lazımdır.

- Bunlarsız nə olur onda?

- Bunlar olmasa, bu gün olur...

- Söhbətimizin əvvəlində dediniz 7-də də, 17-də də ancaq tərif eşitmisiniz. Amma 70 yaşınızda, deyəsən, hamısının əvəzi çıxılır. Yaman tənqidlər var.

- Hə, tənqidlər var.

- Fərari deyirlər Sizə 70 yaşında.

- Hə, onu düz deyiblər. Mən həqiqətən də o sözü deyənlərin cəbhəsindən fərariyəm. Onu deyənlərin müstəvisində özümü görmürəm. Orada hər şey var, məntiqdən başqa.
XS
SM
MD
LG