Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:25

Müasir türk yazıçısından gözəl bir hekayə


Şerifin karikaturasl
Şerifin karikaturasl
Hekayə müəllifin icazəsi ilə çap edilir. Əsəri Türkiyə türkcəsindən Aslan Quliyev çevirib.


Imdat Afşar


EVİN YIXILSIN, HACI

(Ziya Afşara)

Bir küləklə çovuyan qar yağdımı… Qayabaşı məhəlləsinin dəlmə-deşik kərpic evləri titrəyər, abdal*lar qışda eldən bir ayrıca üşüyərdilər.

Oyma sazlar divarlarda boynu bükük qalardı, yanıqlı kamançalar, keçi dərisindən olan nağaralar, qara zurnalar… Hər qış əlləri yanlarına düşərdi yazıqların.

_________
*Abdal, - dərviş, aşıq, musiqiçi, ozan



Yayda bir-birinin dalısınca məhəlləyə gəlib gedən maşınların, toy dəvəti verən ağaların izləri itər, qış gələndən sonra görünməz olardı.

Yağan qarı dalda yerlərə yığan külək qurd kimi ulayar, Abdallar məhəlləsində bir alıcı quş kimi dolanardı. Susardı bütün nağaralar, zurnalar, sazlar və suyu sovulmuş dəyirmana dönərdi kərpic evlər.

Nə divar diblərində abdal kişilərindən zurna, saz, kamança dərsi alan qarabuğdayı uşaqlar, nə qapının önündə çatılmış ocaqlarda çır-çırpı yandıraraq hisli qəhvədanlarda çay qaynadan əziyyəti çox abdal anaları, nə də limonad qapaqları ilə qardaşlarını müşaiyyət eləyən saçları dağınıq qızlar vardı… Hamısı qışın soyuq pəncəsindəki kərpic evlərdə analarını gözləyən quş balaları kimi baharı gözləyərdilər.

Dimdiyi qırıq şapkası, yaxası tiftiklənmiş köynəyi, qıvraq arıq bədənləri ilə əmilərimizə oxşardılar abdallar. Iri, qara gözləri, dağınıq saçları ilə analarımıza bənzərdilər Abdallar məhəlləsinin qadınları, amma yoxluq qılıncı onları bir başqa cür kəsərdi.

Tarla yox, əkin yox! Cüt yox, cütçü yox! Od yox, ocaq yox! Un yox, yarma yox! Qışda abdal evlərində bir çarəsizlik, kərpic evlərin pəncərələrində də sərt şimal şərq küləkləri əsərdi. Dolanar, gəzər, hər qış yenidən gələrdi qış qıtlığı və bir nər dəvə kimi çökərdi abdalların qapısında.

Gecələr kübrə torbalarının salafanları ilə qapadılmış pəncərələrindən süzülən korun-korun işıqlar bu fəsildə qarla örtülmüş Abdallar məhəlləsinin dar küçələrinin tək bir rəngi olurdu. Ən kasad aydı bu şaxtalı aylar. Nə əsgərliyə, nə qürbətə gedənləri, nə də Almaniyadan gələnləri olurdu. Axşamlar üç-beş hal əhli gənclər bir araya gəlib bir şüşə «Bozoğlan»ın axırına çıxar, bir neçə taksi ilə Abdallar məhəlləsinə gələrdilərsə, qapılar aralanar, küçələr bir az daha işıqlanardı.

Məhəlləyə maşınlar gələndə məhəllə uşaqlarının sifətinə qan gələrdi, maşınların işıqları məhəllə uşaqlarının göz bəbəklərini böyüdərdi. Atalarının «Ağa», «Ağanın oğlu» dediyi əmiləri onlar da sevərdilər. Ağalar gəlib atalarını aparınca, evə buğda çörəyi, biskvit, konfet, halva, alma, naringi ayaq açardı.

Qışda məhəlləyə gələn gənclərin istəyinə görə bir həzin saz, ya da zurna, nağara dəstəsi yaradılardı. Şərabdan keflənmiş gənclər əvvəlcə Kor Bəktaşın evinin önünə gələrdilər. Kor Bəktaşın nağaraçısı Adəm onların istədiyi çalğıçı dəstələrini bir göz qırpımında təşkil elər, çalğıçıları maşınlara mindirər, ən sonda da özü minərdi. Adəm nağaranı qoltuğuna alar-almaz gənclər coşar: «Vur usta! Vur!» deyə bağırardılar, bu arada nağaranın da üzərinə bir neçə dənə göy minlik düşərdi.

Ağa istərsə, aşıq ölməzmi? Adəm uçuşan minlikləri görüncə, çubuqlarını nağaraya deyil, yoxluğun üzünə-üzünə vurardı. Damarlarında qan təzyiqlə vurar, qollarına yeni bir güc gələrdi belə axşamlarda. Atasına yaxınlaşan, əlləri üşüyən kiçik Bəktaş nəfəsini çəkib başını yuxarı qaldırar, babası Kor Bəktaşın bəstələdiyi yanıqlı havalarla ortalığı acı-acı inlədərdi. Zurnanın yanıqlı səsi belə qarlı gecələrdə Abdallar məhəlləsinin rəsmini çəkərdi.

Incə-incə bir qar yağar fağırların düzünə
Nədən fələk inanmır füqəranın sözünə.


***

Çalğıçı dəstələri tamamlanınca taksilər yola düşər, zurnanın qüssəli səsi küləyin səsinə qarışaraq yayılar və şaxtaya düşmüş gecənin içində donub gedərdi.

Abdallar belə gecələrin səhərisi qarı dizləyə-dizləyə çıxardılar məhəlləyə. Yorğun bədənlərinə təzə bir ruh, fəri sönmüş gözlərinə işıq gəlir, evlərinə xoşbəxt qayıdardılar. Kor Bəktaşın Adəmi, Şahan ustanın Aslanı, Qara Süleymanın Heydəri… Səhərə qədər gənclərin min bir cür əziyyətlərinə qatlaşar, uşaqlarına çörək pulu qazanardılar.
Bəzən də evladlarını evləndirmək üçün yorğan-döşək saldıran ağa xanımları Abdallar məhəlləsinin qadınlarını çağırardılar. Abdallar məhəlləsinin qadınları bu işi çox gözəl bacarardılar. Ağa qızlarının yorğanlarını öz qızlarının yorğanlarını sırıyırmışlar kimi diqqətlə sırıyardılar. Yorğan sırımaq üçün getdikləri ağa evlərinə kiçik oğlan uşaqlarını götürməz, yalnız qız uşaqlarını aparardılar. Oğlan uşağı bu, rahat durmaz, əyər ağanın oğluyla dalaşıb bir dəcəllik elərsə, ağanın evində nə iş görə bilərik deyə, narahat olardılar.

Qışda yorğan-döşək işi olanda da uşaqların boğazından bir isti aş keçər, yazıqların dişləri çörəyə dəyərdi. Hələ ağa Almaniyadan gələn olarsa və ağa uşaqlarının köhnə ayaqqabıları, köhnə paltarları da varsa…

Qış Əzrayıl kimi gələr, uzandıqca uzanardı insafsız qış. Qışı yola salmaq üçün nə acılar çəkilərdi. Qış küləyi onların ürəyinə əsər, qar onların üzünə sovrulardı ən çox. Qış uzandıqca yayda aldıqları əşyalardan pula gedən nə varsa dəyər-dəyməzinə satardılar, bəzən yastıq-yorğana qədər bazara çıxardardılar.

Uşaqları, körpələri xəstələnəndə həkimə pul tapa bilməyəndə bölgənin bunu özünə fürsət bilənlərindən faizlə pul alar, yayda qazandıqlarının yarısını sələmçilərə faiz olaraq ödəyərdilər. Qarışqanın qazancından da dəvəyə pay olurdu.

Yoxluq evə-eşiyə qoyulası deyildi, amma ağalıq başqa, abdallıq başqa. Yoxsulluq iqliminin abdalıydı onlar.

***

Axşamın gəlişi ilə birlikdə dərd-ələm Kor Bəktaşın evinə hücum çəkdi. Çarəsizlikdən ürəyi sıxıldı. Tütün qabını götürdü. Tütün qabının içindəki son tütün qırıntılarını ağ kağızın arasına qoyub bükdü, dərindən bir qullab vurdu və:

- Zurnanı bura gətir, - arvadına dedi, - zurnanı bura gətir.

Qara zurnanı arvadı kimi sevərdi. Yeməyə çörək tapmasa da, zurnanı yağlamağı heç vaxt unutmazdı. Qara zurna dərdi kimi ötər, anasız quzu kimi mələrdi Kor Bəktaşın əlində…

Yayda gəlini almaq üçün gedəndə bu zurnayla çaldığı havalara qız evində bircə nəfər olsun belə ağlamayan qalmazdı. «Ağ gəlin»i çalanda qız evində bir ağlaşma tufanı başlardı. Hələ oğlu Adəm də qabağında nağara ilə dolanıb döndükcə, ovurdlarını başqa bir həvəslə doldurar və sevgi ilə üflərdi qara zurnanı. Nə zaman nəfəs alırdı, zurnanın səsi kəsilmədən necə davam elərdi, bir kimsə başa düşə bilməzdi.

Kor Bəktaş belə qəm yüklü axşamlarda nəvələri kiçik Bəktaşla Cəsura nağara ilə zurnanın yanında həyatı da öyrədərdi. Bir müdrik, ulu abdaldı Kor Bəktaş.
Qara zurnasını əlinə aldı və nəvələrini yanına çağırdı: «Uşaqlar, mən ölərəm, siz qalarsınız. Yoxluq qapıya qoyulacaq mal deyil, amma ağalıq da, abdallıq da nəsilnəndir. Biz ağalara xidmət üçün varıq. Onlar bizim çörək, aş ağacımızdılar. Süfrədə qaba saldığımız qaşığa nə gəlirsə, onlardan gəlir. Onlar olmasa, bax bu təpənin başında ayaqlarımızı sürüyə-sürüyə ölərik. Ağaların qızları, gəlinləri də bizim anamız, bacımız olur. Çörəyimizdə onların da duzu var. Ehtiyac nə zaman sıxışdırsa, qapılarına getsək, ağalar evdə olmasa belə, çörəyimizi onlar verər. Evladlarım, ağalar nə verirsə, şükür edin, elə çox da ummayın. Əvvəl Allah, sonra da onlar, aclıq çəkməyə qoymazlar bizi. Dedim də, ağalığın da, aşıqlığın da bir adəti, ənənəsi var. Olur ki, toylarda ağanın uşaqları qədərindən artıq içir, sizə söyüş söyərsə, bir qulağınızdan alın, o birisindən verin. Duymayın, kar olun, danışmayın, lal olun. Olar ki, hirslənib sizi döyərlərsə, əlsiz, ayaqsız olun. Qul qüsursuz olmaz, evladlarım. Aman haaa! Ağaların üzünə qayıdıb, çörəyinizə təpik atmayın».

Bir abdal Allah dərgahındaymış kimi danışırdı. Oturuşunu dəyişdirdi və danışmağına davam elədi Kor Bəktaş:

«Sərxoşluq cürbəcürdür, evladlarım. Hamımız insan oğluyuq. Hamımıza eyni cür təsir elər bu sərxoşluq. Insan bu zəqqumdan iki qədəh içərsə kefi tovuz quşu kimi al-əlvan olar. Nə çalsan xoşuna gələr. Üçüncü qədəhdə meymuna dönər, budaqdan-budağa hoppanar. Oynaq hava istər, oynamaqdan doymaz. Dördüncü qədəhi içərsə, aslan olub kükrəyər. Ağır havalar istər, Koroğludan istər, halaya durar. Igid olan aslanlıq məqamında daha bu zəqquma yaxın durmamalıdı, artıq içərsə donuza dönər, ağzında dili dönməz, nə istədiyini bilməz. O Ağyazılıynan Qızıldəli var ha, zəqqum şüşədə dayana bilmədiyi kimi dayana bilməz namussuzlar. Sərxoşun könlünü xoş eləmək çətindir, amma bizim də alnımıza boyun əymək yazılıb».

Kor Bəktaş öz nəfsini bətnində boğur, nəvələrinin nəfsini söz çəkiciylə döyür, döyür, döyürdü.

Dərindən köks ötürdü və susdu. Əlindəki zurnanın başlığını ağzında islatdıqdan sonra taxtı yerinə. Adəm də babasına yol göstərmək üçün gəldi, divardan aılmış nağaranı qucağına aldı. Nəvələrindən kiçik Bəktaş babasına, Cəsur da atasına dikmişdi gözlərini. Biri nağaraçı, biri də zurnaçı idi. Kor Bəktaş soyuq havanı ciyərlərinə çəkdi və sarıldı zurnasına.

Otaqda külək kimi əsən yoxluq çalmaq məqamında yerini kədərə buraxdı. Kor Bəktaş bir körük kimi ovurdlarını şişirdib ürəyindəki yanğını nəfəs-nəfəs üfüləyincə qara zurna dilə gəldi:

Bir ayrılıq, bir yoxsulluq, bir də ölüm…

Kor Bəktaş zurnanı yenicə dilləndirmişdi ki, maşın faraları evin qabağını işıqlandırdı. Çalmağına ara verdi:

- Adəm, dəli oğlanlar gəldi, deyəsən.

Adəm qucağındakı zurnanı kənara qoyub, qalxdı, pəncərəyə yaxınlaşıb pərdəni araladı.
Dörd taksi dayanmışdı qapıda. Taksilərdən enən gənclər:

- Bəktaş baba! Adəəəəm! – deyə qışqırdılar.

Adəm qapını açdı. Çöldəki gəncləri görüncə gözlərinə işıq gəldi. Sehrli su içibmiş kimi açıldı iti gözləri, çardaqdan adlayıb endi aşağı:

- Harda qaldınız, qurbanı olduğum ağa uşaqları, - dedi, - evdə bizim uşaqlar aclıqdan bir-birlərinin qulaqlarını gəmirir. Cibimizdə siçanlar oynaşır. – Çardaqdakı arvadını göstərdi.

– Bax bu bizim it yeməz belə, üzümə baxmır, qurbanı olduqlarım. Bizə də keçinmək lazım deyilmi? Evdə it bağlasan, acından ölər. Sizə layiq bir şey yox evdə, amma içəri keçsəniz kiçik Bəktaşı kəsər, qurban elərəm. Yolunuzda ölüm, ağam. Evimi yandırar, üzümü ağardaram vallah…

Utanan üzü yoxdu, zarafatcıldı Adəm, nağara çalarkən qanı qaynar, cuşə gələr, coşardı. Nağarası ilə bir insan kimi danışar, bəzən nağarasından küsərdi. Adəm nağaradan küsüncə, pul yağardı nağaranın üstünə. Bəzən nağaranı yerə qoyar, belbağısını çıxarar, nağaranın ətrafında dönə-dönə oynar, bəzən yerə yatar, yerdə yumalanaraq çalardı. Yaxşıca coşdumu, nağaranı başına qaldırar, bir nağaraya, bir də çanağına vurardı. Bu üzdən də toyların və məclislərin baş nağaraçısıydı Adəm.
Bölgənin hal əhli gəncləriydi gələnlər. Bu axşam «Qalatasaray»ın italyan kafirləri ilə oyunu vardı. Adəm ortalığı şənləndirəcək, onlar da gülüb əylənəcəkdilər. Bir də Qalatasaray qalib gələrsə, bol qollu oyun olarsa, daha demə…

Gənclərdən biri hövsələsizləşdi, başını maşının pəncərəsindən çıxartdı:

- Adəm, nə durubsan, dəli oğlan, qurbanın, qadanınmı vaxtıdır? Kiçik Bəktaşı da gətir, haydı, tez ol. Qaracanını kafesinə gedirik. Əlli ol, dəli oğlan, hardasa oyun başlayacaq, geciksən Saatsaz Irəcəb bir quruş da verməz, vallah…

Saatsaz Irəcəb Qalatasarayın xəstəsiydi, Qalatasaray bir qol atdımı Irəcəb Adəmin önünə keçər, davulun qabağında səkərək oynar, olmayan olyunlar çıxarar, bol bəxşiş verərdi. Qalatasarayın oyunlarını nağaranın, zurnanın müşaiyyəti ilə izləməyi də Saatsaz Irəcəb icad eləmişdi.

Oyun sözünü eşidincə Adəmin gözləri bir daha parıldadı.

- Yenəmi oyun var, ağam? - dedi. – Kiçik Bəktaşla əmrinizdəyəm. Nə zaman istədiniz, Adəm boynunun qılıncın qabağına vermədi, qurbanı olduqlarım…

Adəm oğlu Bəktaşa qışqırdı:

- Bəktaş! Nağaranı, zurnanı götür, gəl, yenə oyun varmış.

On beş gün öncə Qalatasaray italyan kafirləri ilə bir oyun da oynamış, oyun iki-iki bərabərliklə bitmişdi. O gün Qalatasarayın hər hücumunda Adəm ilə kiçik Bəktaş ortalığı bir-birinə qatmış, Qalatasaray qol vurduqca, coşan gənclər nağaranın üstünə pul yağdırmışdılar. Adəm çubuğu nağaranın ortasına vurduqca da, göy minliklər yerə səpələnmişdi.

Hər məclsin adamıydı Adəm. Getdiyi yer topal isə axsayar, kor isə çəp baxardı. Atası ulu bir aşıqdı; Dünya görmüş, əzablar çəkmiş, fələyin ilgəyindən qırx dəfə keçmişdi Kor Bəktaş. Necə olmuş olsa Adəm onun oğluydu. Illərcə ondan dərs almışdı. Kiçik bir uşaqkən toylara gedəndə axırlarda, təndir damlarında atası ilə qucaqlaşıb yatmışdı. Ağalar nə istəsə Adəm eləyərdi. Dəvə balası görmək istəsələr belindəki belbağısını çıxardıb, paltarlarını dəyişər, həmən dəvə balası olurdu.

Bu dəfə ağalar Adəmin də azərkeş olmasını istəyirdilər, Adəm də çoxdan qızğın bir azərkeş olmuşdu. Neyləsin, qış idi, çörək də toylardan yaşıl sahələrə qonmuşdu. Bir Qalatasaray tərəfdarı olmasa, fələkdən qol yeyib duracaqdı, zavallı.

On beş gün öncəki oyunun ilk on dəqiqəsində futbol terminlərini həmən öyrənib öz dilinə çevirmişdi Adəm. «Afsayt, künc zərbəsi, penalti, avut, cəza, fasilə…» Hamısını da bir göz qırpımında öyrənmişdi. Elə həmən o gündən gənclərin ondan nə gözlədiklərini hiss eləyib, oyunda baş verənlərə müdaxilə belə eləməyə başlamışdı. Gənclər də əslində Adəmin oyuna müdaxilə eləməsini istəyirdilər.

On beş gün öncəki oyun Italiyada oynanılırdı. Qalatasaray yaxşı oynayırdı, gənclərin kefinə dəyəcək bir şey yox idi. Hakim də yaxşıydı! Ümumiyyətlə Qalatasarayın xeyrinə qəraralar verirdi. Gənclər aramsız olaraq hakimə sitayiş edir, onu alqışlayırdlar.

- Bravo, hakim!

- Vay, aslanım!

- Bizim Kamanda doğulub, böyüyüb hakim!

- Bravo, göstər qırmızı kartı!

- Çölə at, o Karanı!

Gənclər səslərini yüksəldəndə Adəm nağaraya bir-iki çubuq vurub sözə başlardı: «Qurbanı olduqlarım, mən deyim də, siz inanmayın. Vallahi də, billahi də, ba hakimin atası türk! Bax, bura yazıram, həm də bizim Almaniyada olanlarımızdandır. Baxın, yenə cəriməni bizimkilərə verdi».

- Atası türkdümü?

- Həə, qurbanı olduğum, vallahi türkdü!

- Atası kimdi, Adəm? Kamandandımı?

- Kim olacak, canım, nəslimizi Avropaya yayan Qart Tahir əmi…

- Olmaz, yanlışın var, Adəm.

- Qurbanınız olum, bunun bir baş-gözünə baxın hələ. Bunda heç kafir siması varmı? Eyni ilə bizim Tahir əmiyə bənzəyir. Vayy, qurbanı olduğum, Tahir ağa! Kim bilir bu hakimin anasından nə qədər xeyir dua aldı, neçə gecə quluncunu qırdı, kim bilir. Onun səpdiyi toxumun xeyrini görürük, uşaqlar!

- Adəm, penalti də verərmi?

- Hakan qapının önündə yıxılsa, penalti də verər, vallah. Nə olmuş olsa belə bir qaşıq qan, əmioğluyuq ya…

- Qol vəziyyəti, Hakan qapıya gedir!

- Vur, oğlan, vur!

Hakan qapının qabağında yıxılır, qol vura bilmir, kafedəkilər öncə ayağa sıçrayır, sonra yerə otururdular. Halkan qol qaçırtdıqca Adəm içini yeyirdi:

- Yahu, Hakanın heyi qalmamış, səhər tezdən morj yağımı yeyib?

O gün qəhvədəkilər hop oturur, hop dururdular. Qalatasaray qol atdıqca, Adəm ortada fırlanır, nağaranı Saatsaz Irəcəbin qabağında çalırdı. «Qoool!» səsləri, nağara, zurna səsləri bir-birinə qarışırdı.

O gün oyun bərabərə bitsə də, Qalatasaray iki qol atmış, Adəm də çörəyini futbol topundan qazanmışdı.

***

Abdallar məhəlləsindən soyuq gecəyə qarışıb enən taksilər gəlib Karacanın kafesinin qabağında dayandılar. Içəri yenə çox qələbəlikdi. Adəm oğlu kiçik Bəktaşın ustalıqla çaldığı oynaq havanın müşaiyyəti ilə nağarasını başının üstündə çalaraq girdi kafeyə. Gənclər Adəmi görüncə yellər əsən buğda zəmisi kimi dalğalandılar, qalxıb Adəmlə oynamağa başladılar, kafe toy evinə döndü.

Qısa bir səssizlik oldu. Oyun başlayacaqdı. Adəmlə kiçik Bəktaş on beş gün öncəki yerlərini aldılar. Aparıcı oyunçular ekranda görününcə sayırdı: Taffarel, kapitan Bülənt, Popesku, Fatih, Ümid, Okan, Hakan… Hacı!

Gənclər Haci adını eşidincə böyük bir uğultu qopdu kafedə. Hacıyə təriflər yağdırırdılar.

- Aslanım.

- Qoçum!

- Bu axşam bütün Italya gəlsə, Hacını dayandıra bilməz!

- Bütün Italyanı dördnala qaçdırar bu gecə.

Adəm də özünü başa düşürmüş kimi göstərib çubuğunu dik tutaraq ekrandakı Hacıya bağırırdı:

- Hacı! Evdəki uşaqlar mənim nağaramdan öncə sənin ayaqlarına baxır. Qurban olduğum, bu kafirlərnən ancaq sən bacararsan… Ən azı iki qol gözləyirəm haaaa!

- Hacı bu gün qol ata bilməyəcək, bax, bura yazıram, Adəm!

- Ağzından yel alsın, qurbanı olduğum. Evdə Bəktaş ustanın tütünü yoxdu vallah.
Gülüşmələr arasında oyun başladı.

Kiçik Bəktaş da qələbəlikdəki insanları seyr edirdi. Kim bilir öz uşaqlarına nələr anladacaqdılar. Adəm qulaqlarını qol səsinə şəkləmiş, toplayacağı bəxşişləri düşünürdü, ara-sıra da qələbəliyin təpkisinə ortaq olurdu.

Italyan komandasındakı zənci oyunçunun kobud hərəkətinə hirsləndi gənclər, küfürün biri bir quruş. Adəm həmən özünü yetirdi:

- Oğlan, uşaq, o Qara var ya, o Qara, Hacının qabırğalarını, belini qıracaq. Hacıya göz verdi, işıq vermədi, ya bu. Ac it qursağı qapan kimi qapdı topu yenə. Allah colma-cocuğunun üzünə baxsın, nə olar, ayağı qırılsa. Qurbanı olduğum Tahir əmi, bir az da afrikada gəzib dolaşsaydın nə olardı.

Gənclər gülməkdən yerə yıxılırdılar.

Bir başqa vəziyyətdə yenə rəqib komandanın zənci oyunçusunun təpiyi ilə Hacı ağrı içində yerə sərildi. Zənci futbolçu da yerdəydi. Hacı hiddətlə qalxdı və zəngi futbolçunun üzərinə yeridi. Adəm əlindəki çubuğu göstərərək yenə ortalığa atıldı.

- Hacııı! Al bunu da, o Qaranın yan-başını qaralt, nə olar! Çörəyini gətirərəm, dəli oğlan! Altmış beş milyon arxandayıq! Qorxma, Hacı! Vur!

Qələbəlikdən biri də Adəmə söz atdı:

- Elə demə, oğlan, Adəm! O da yazıqdı. Kafirin komandasında çörək pulu qazanmaq üçün oynayır.

Adəm kafe sahibini səslədi:

- Adnan, qurbanın olum, bu fənərlilərin burda nə işləri var?

Adəm qırx illik Qalatasaraylıydı, artıq çörəyi də sarı-qırmızıydı.

Ilk yarı bitdi, ikinci yarı başladı. Dəyişən bir şey yoxdu. Dəqiqələr irəliləyir, oyun heç cür Adəmin istədiyi kimi getmirdi. Qalatasaray futbolçularının sanki üstlərinə ölü torpağı səpilmişdi. Qələbəlikdən küfürlər yüksəlir, köks ötürmələr çoxalırdı. Oyunun son dəqiqələriydi. Adəmin gözündəki işartılar yerini yavaş-yavaş kədərə buraxırdı.

Qalatasaray bir qol belə atmamışdı. Adəmin əlindəki çubuq başı aşağı, zurna səssizdi.
Birdən qələbəlik dalğalandı. Bir anlığa nəfəslər tutuldu. Aparıcı səsini yüksəltdi. «Gözəl bir hərəkət! Hacı rəqibini keçdi! Birini də keçdi! Sağ tərəfdə Hakan boş! Əmrə də soluna gəldi! Hacı qapını qarşısına aldı! Sevdiyi yer! Topu sol tərəfinə çəkdi! Oralardan gözəl vurur…»

Nəfəslər tutulmuşdu, oyunu izləyən gənclər fərqində olmadan ayağa sıçramış, stullar çevrilmiş, çaylar dağılmış, stəkanlar qırılmışdı.

Adəm cəld bir hərəkətlə nağaranın ipini boynuna keçirtdi, çubuğu havaya qaldırdı. Küçük Bəktaş da zurnanın fitilini islatmış, ovurdunu doldurmuş, zurna ağzında gözləyirdi.

Aparıcı qışqırırdı:

- Hacı, yaxşı vur!

- Hacıııı!

- Zərbə!

Zaman qapıya gedən futbol topu ilə irəliləyirdi sanki. Top süzərək qapıya doğru gedirdi… Böyük bir gurultu qopdu.

- Qooooooooooo….

Nağara, zurna coşdu.

Sonra bu gurultunu ahlar, vahlar təqib elədi. Adəm nağaraya iki dəfə vurmuşdu ki, gənclər üzüntü içində yerlərində oturdular.

Aparıcı da ah çəkərək davam edirdi: «Top dirəkdən döndü, hörmətli tamaşaçılar, şanssız bir an, budur, təkrar baxırıq…»

Kameralar Hacını yaxından təkrar göstərərkən 90 dəqiqə gözləyib bir lirə də bəxşiş toplaya bilməyən və ümidini itirən Adəm Hacıya qışqırdı:

- Evin yıxılsın, Hacııııı! Çörəyimnən oynadın!

Oyun bitdi, çöldəki soyuq hava Adəmin üzünü yalayıb keçdi. Kafe birdən boşaldı.

Gənclər küfürlər yağdıraraq üç-beş məhəlləyə dağıldılar. Adəm kiçik Bəktaşa tərəf döndü:

- Olsun, heç olmasa isti bir yerdə oturduq, iki stəkan çay içdik, oğlum, - dedi.

Adəm öndə, kiçik Bəktaş arxada bazar yerindən burulub, soyuq gecənin içində yox oldular.
XS
SM
MD
LG