Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:16

CPJ Anar Bayramlını dərhal azad etməyə çağırır


Səhər TV-nin jurnalisti Anar Bayramlı
Səhər TV-nin jurnalisti Anar Bayramlı
Nyu Yorkda qərarlaşan Jurnalistləri Müdafiə Komitəsi İranın “Səhər” televiziyasına və “Fars” agentliyinə işləyən azərbaycanlı jurnalist Anar Bayramlının Bakıda həbs olunması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Jurnalistləri Müdafiə Komitəsi jurnalistə qarşı ittihamların qurama olmasına əmindir və Azərbaycan hakimiyyətini jurnalisti dərhal azad etməyə çağırır.

Keçən cümə günü Bakı polisi Anar Bayramlının evinə gələrək onu həbs edib və bildirib ki, jurnalistin jaketindən heroin tapılıb.

Anar Bayramlı ittihamları rədd edir və bildirir ki, heroini onun cibinə qoyublar.

Saxlandığının dalki günü məhkəmə ona narkotik maddə daşıma və polisə müqavimət ittihamı ilə iki aylıq məhkəməqabağı həbs cəzası verib.
Məhkəmədə ittihamlar təsdiq olunsa, jurnalisti 3 illik həbsxana gözləyir.

Jurnalistləri Müdafiə Komitəsinin direktor müavini Robert Mahoney deyib: “Anar Bayramlıya qarşı ittihamlar saxtadır. O dərhal azad olunmalıdır”.

«SƏRHƏDSİZ REPORTYORLAR»: «JURNALİSTLƏR İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN GİROVUNA ÇEVRİLİB»

Anar Bayramlı ilə bağlı «Sərhədsiz reportyorlar» beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı da bəyanat yayıb. Turanın məlumatına görə, təşkilat Bakıda İran TV-nin müxbiri Anar Bayramlının və bu televiziyanın sürücüsü Ramil Dadaşovun həbsindən narahatlığını bildirib.
«Azərbaycan hakimiyyəti mətbuatın boğulması üçün İrandakı metodlardan istifadə etməyə başlayıb», - bəyanatda deyilir. «Şübhə yoxdur ki, milli təhlükəsizlik təmin olunmalıdır, lakin bu, paranoyaya çevrilməməli, yerli və xarici KİV-in bağlanmasına, hakimiyyəti tənqid edən şəxslərə «ağızlığın» taxılmasına səbəb olmamalıdır».
«Bayramlı və Dadaşov dərhal zaminə buraxılmalıdır, istintaq düzgün və şəffaf olmalıdır. Lakin narkotik maddə saxlanmasına dair ittiham ondan xəbər verir ki, istintaq düzgün istiqamətdə aparılmayıb», - bəyanatda vurğulanır.

Təşkilat əlavə edir ki, Azərbaycanda onlarla islamçının həbsi bir-birini qeyri-dost münasibətdə ittiham edən Bakı və Tehran arasında münasibətlərin kəskinləşməsi ilə üst-üstə düşüb. Bu fonda hər iki ölkədə jurnalistlər əziyyət çəkir.

Belə ki, İranda da «antihökumət fəaliyyəti»nə görə bir neçə tanınmış jurnalist həbs edilib. Onların arasında Azərbaycan dilində çıxan “Yarpaq” qəzetinin müxbiri Səid Mətinpur da var.
XS
SM
MD
LG