Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:04

«Səhər»TV-nin həbs olunan əməkdaşı kimdir?


«Səhər» televiziyasının əməkdaşı Anar Bayramlı reportaj hazırlayarkən (sol tərəfdə)
«Səhər» televiziyasının əməkdaşı Anar Bayramlı reportaj hazırlayarkən (sol tərəfdə)
«Qardaşım Azərbaycanla İranın münasibətlərinin pisləşməsinin güdazına gedib».
«Səhər» televiziyasının həbsdəki əməkdaşı Anar Bayramlının qardaşı Yaşar Bayramlı belə düşünür. Anar Bayramlı narkotik maddə daşımaqda və polisə müqavimətdə təqsirli bilinir. Bu maddəyə görə, ona 3 ilə kimi cəza düşür. Jurnalistin barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
3 FƏRQLİ ZƏNG
Anar Bayramlının ailəsiylə görüşmək üçün qardaşı Yaşarla 3 dəfə zəngləşdik. Əvvəlcə kiçik qardaşı ilə məsləhətləşib cavab verəcəyini bildirdi. Daha sonra dedi ki, «gəlin, amma anamla atam çox gərgin və həssasdırlar, bunu da yaddan çıxarmayın». Sonuncu zəngdə üzrxahlıq etdi ki, evdə görüşməyək, anam onsuz da gecə-gündüz ağlayır. Atamın isə həm ürəyi xəstədir, həm də diabet xəstəsidir, üstəlik də əsəbidir.
«Azadlıq prospekti» metrostansiyasının iki addımlığındakı kafelərdən birində oturub söhbətə başladıq.
Yaşar Bayramlı əmindir ki, qardaşı məhz «Səhər» televiziyasındakı jurnalist fəaliyyətinə görə həbs olunub:
«İran Azərbaycan arasında münasibətlər soyuyub. Bu gün biri nota verir, sabah o biri. Siyasi münasibətlər korlanıb. Ona görə tutublar, mən bu cür başa düşürəm. Heroin qəbul etsə, deyərəm əcəb edib tutublar. Amma o belə şeylərdən uzaqdır».
«O, HİCAB, MƏSCİDLƏRİN SÖKÜLMƏSİNƏ GÖRƏ ETİRAZ NÜMAYİŞLƏRİNDƏN REPORTAJ HAZIRLAYIRDI»
Yaşar Bayramlı qardaşının jurnalist kimi bitərəf olduğunu, siyasətə qarışmadığını deyir:
«Əsas dini materiallar hazırlayırdı, məsələn, Göy məscid prezident sərəncamı ilə təmir olunmuşdu. Ondan yazmışdı. Hicaba görə, məscidlərin sökülməsinə görə etiraz nümayişlərindən reportaj hazırlayırdı. Yəni sırf reportyor kimi material hazırlayırdı. Jurnalist var ki, şərh yazır, amma onda belə şey yox idi. Eşitməmişəm. Görməmişəm. Dəqiq də bilirəm ki, yoxdur».
Anar Bayramlının «Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü» zamanı istifadə etdiyi jurnalist vəsiqəsi
Anar Bayramlının «Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü» zamanı istifadə etdiyi jurnalist vəsiqəsi
Yaşar Bayramlı qardaşının sammitlərdən, yüksək vəzifəli rəsmilərin görüşlərindən reportajlar hazırladığını da yada salır. Ona görə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Anar Bayramlının Xarici İşlər Nazirliyində akkreditə olunmaması haqda fikri ilə razılaşmır. Düşünür ki, şöbə müdirinə səhv məlumat veriblər. «Evdə Anarın qeydiyyatdan keçməsi haqda kartları var» deyir.
«POLİSƏ GEDƏN ÜSTÜNDƏ HEROİN APARAR?»
Yaşar Bayramlı danışır ki, qardaşını son aylarda 3-4 dəfə polis bölməsinə aparıblar. Ondan hansı partiyaya üzv olduğunu, iş yerini xəbər alıblar. O da hər dəfə evdəkiləri sakitləşdirirmiş ki, narahat olmasınlar.
Yaşar Bayramlı qardaşının üstündən heroin tapılmasına inanmır. Deyir ki, xəbəri eşidəndə sarsılıblar:
«Çünki içki içən deyil, siqaret çəkən deyil. Namaz qılandır, ibadət adamıdır. Belə bir adamı apardılar bölməyə, birdən-birə... Bir xəbər ala bilmədik, 102-yə zəng vurduq dedilər ki, saxlanıb, 4-cü bölmədədir. Üstündən heroin çıxıb. Belə danışaq da, məni polisə aparırlar. Mən üstümdə heroin apararam? Bir var küçədən tutalar. Bir də var öz evimdən gedəm. Bu iş var... Bu adam toyda spirtli içki olurdusa getmirdi. Dayım qızının toyuna getmədi ki, orda araq var. Deyirdi ki, mən araq məslisində oturub sonra «Quran» oxuya bilmərəm».
«QURANI, PEYĞƏMBƏRLƏRİN HƏYATINI ƏZBƏR BİLİR»
Anar Bayramlının 32 yaşı var. Hərbçi olmaq istəyib, Naxçıvanski adına Hərbi Litseydə, Hərbi Akademiyada oxuyub. Sonra qəfildən fikrini dəyişib. Təhsilini yarımçıq qoyub əsgər yollanıb.
Əsgərlikdən qayıtdıqdan sonra fars və ərəb dillərini öyrənməyə başlayıb, tələbə hazırlayıb. Beləliklə, günlərin birində tərcüməçi kimi «Səhər» TV-yə işə düzəlib. Bir müddət sonra reportyorluğa başlayıb.
Ondan böyük və kiçik qardaşları evlənsə də, subaylığın daşını atmayıb. «Gah oxudu, gah əsgər getdi, son 4 ildə də başı işə qarışdı. İstəyirdik bu yay evləndirək, o da belə...» deyir qardaşı.
Yaşar Bayramlı qardaşından danışanda doluxsunur. «Çətindir» deyib uzun bir fasilə verir. Sonra davam edir: «Uşaq vaxtı şuluq idi, böyüyəndən sonra 100 faiz dəyişdi. Görəndə ki, 5 adam oturub ona aid olmayan şeydən danışır, gedərdi. Ya da hər məclisə getməzdi ki, orda tutalım maşından danışırlar, mənim də başım çıxmır. «Ondansa Quran oxuyaram» deyərdi. «Quran»ı, peyğəmbərlərin həyatını əzbər bilir».
Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi jurnalist Anar Bayramlıya qarşı ittihamların qurama olmasına əmindir və Azərbaycan hakimiyyətini jurnalisti dərhal azad etməyə çağırır.
«Sərhədsiz reportyorlar» isə hesab edir ki, milli təhlükəsizlik təmin olunmalıdır, amma bu, paranoyaya çevrilməməli, yerli və xarici KİV-in bağlanmasına, hakimiyyəti tənqid edən şəxslərə «ağızlığın» taxılmasına səbəb olmamalıdır.
Azərbaycanın daha çox cənubunda yayımlanan İranın «Səhər» televiziyası Azərbaycan əleyhinə reportaj və şərhlərlə tanınır.
Son aylarda Azərbaycanla İran arasında münasibətlər gərginləşib.
XS
SM
MD
LG