Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:25

Tarkovskini inəyi diri-diri yandırmaqda suçlayırdılar


Dünya şöhrətli rus-sovet rejissoru Andrey Tarkovskini təkcə filmlərindəki dini motivlərə görə yox, həm də heyvanlarla qəddar rəftara görə tənqid ediblər.

Söhbət Tarkovskinin şedevri olan "Andrey Rublyov" filmindəki iki epizoddan gedir. Bunlardan biri tatarların Vladimir şəhərini alması zamanı inəyin diri-diri yandırılması və döyüş atının pilləkandan yıxılıb ayağını sındırmasından sonra nizəylə öldürülməsidir.

Pilləkandan rejissorun düşündüyünə uyğun şəkildə yıxılması üçün atı gülləylə yaralayıblarmış.

1966-cı il dekabrın 24-də «Вечерняя Москва» qəzetində çap olunan məqalədə kinomatoqrafların qəddarlığından danışılırdı. Tarkovskinin nə özünün, nə də filminin adı çəkilməsə də, inəyin yandırılması epizodu da xatırlanır.

Amma rejissor məqaləyə reaksiya verərək onu "ədalətsizliyi insanı dəhşətə gətirən böhtan" adlandırır.

Tarkovski bildirir ki, dərisi asbestlə örtüldüyü üçün inək yandırılma epizodundan xəsarətsiz çıxıb.

Onun sözlərinə görə, atı sallaqxanadan gətiriblərmiş, onsuz da tezliklə kəsiləcəkdi və çəkiliş zamanı öldürüləndən sonra da oraya təhvil verilib.

İnəyin dərisinin asbestlə örtülməsini filmin direktoru Tamara Oqorodnikova da deyib.

Amma çəkilişlərin getdiyi Suzdal muzey-qoruğunun direktoru Alisa Aksyonova bunu deyənlərə "yalan danışmamağı" tövsiyə edərək inəyin həqiqətən də diri-diri yandırıldığını bildirib.

İnəyin yandırılması məsələsi mətbuata çıxandan sonra Tarkovskini qınayanlar az olmayıb. Rejissor Kira Muratova deyib ki, "haçansa Tarkovskinin filmləri onun xoşuna gəlib, amma inəyin yandırılması epizodundan sonra Tarkovski onun üçün ölüb".

Rejissor Yuri Mamin isə Tarkovskini "ifrat qəddarlıq"da günahlandırıb və onu Dostoyevskinin "bəzi adamların qanunu pozmağa ixtiyarı olduğunu" düşünən qəhrəmanı Raskolnikovla müqayisə edib.

Şair Stanislav Kunyayev isə "inəyin öldürülməsi" haqda şeir yazıb.

Amma aktyor Nikolay Burlyayevin fikrincə, Tarkovskinin heyvanlara münasibətinə haqq qazandırmaq lazımdır:

"Bunu qarşıya qoyulan bədii vəzifələr tələb edirdi. Qəddarlığı göstərmək lazımdır ki, tamaşaçı onun mənasızlığını anlasın"...

Siz necə düşünürsünüz?

XS
SM
MD
LG