Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:43

Babək Ağayev: “Şeir yazdığımı elə də çox adam bilmir”


Cavid Zeynallı və Babek Ağayev
Cavid Zeynallı və Babek Ağayev
“Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin şeir onluğuna keçmiş Babak Ağayevlə söhbət


- Babək, sənin imzan bir çoxlarına tanış deyil, mətbuatda adı tez-tez hallanan bir sıra yazarlardan fərqli olaraq onluğa düşməyi bacardın. Əvvəlcə, özünü oxuculara tanıtmağını istərdim.

- 1990-cı il Bakı doğumluyam. Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsiyəm. Tərcümə fakültəsində oxuyuram. Futbolu, roku, filmləri nə qədər çox sevsəm də, bunların hamısı ədəbiyyatdan sonra gəlir. Hə, bir də, Allahı sevirəm, dinlərəsə elə də inanmıram, daha doğrusu inana bilmirəm. Bununla belə özümü imanlı və idealist biri hesab edirəm.

- Kitabın dərc olunubmu?

- Kitabım çap olunmayıb. Hələ ki istəmirəm də. Yalnız bir il öncə sevgilim mənə bir kitab bağışladı. Nazik kitabıydı. Açdım və içində şeirlərimi gördüm. Dünyada yalnız bir dənə olan bu kitab mənim ilk, hələlik tək kitabımdı.

- Kimləri oxuyursan, Babək? Bir az bu haqda danışaq...

- Aqşini, Seymuru, Əli Əkbəri, Rafiq Tağını (hörmətlə anıram), Güneli sevə-sevə oxuyuram. R.Qaracanın, Salam Sarvanın şeirlərində əla fraqmentlər var. Ə.Əylislinin, İsa Hüseynovun, R.Rövşənin adlarını çəkmədən keçə bilmərəm. Onlardan və ismini çəkmədiyim bir sıra başqa yazarlardan günbəgün öyrənirəm. Yalnız kitablarından deyil, həm də özlərindən. H.Herisçinin Sartr və Kamyu haqqında iki mühazirəsindən hədsiz zövq almışam. Adlarını sadaladığım bu insanlar ədəbiyyatımızı önə çəkməyi bacarmış kəslərdi. Bəzən iradlar olur ki, onların yazdığı dünyada çoxdan var. Bəli, doğrudu, yəqin ki heç özləri də bunu danmırlar, ancaq əsas məsələ odur ki, onlardan əvvəl belə yazılar, fərqli düşüncələr bizim ədəbiyyatda yox idi. Dünya ədəbiyyatını daha çox mütaliə edirəm. A.Kamyu, Kafka, H.Hesse, J.P,Sartr, Qoqol, Dostoyevski, L.N.Tolstoy mənimçün ilk yeddilikdir deyə bilərəm.

- Deyirlər, adamlar məşhur olmaq üçün ədəbiyyata gəlirlər. Tanınmaq sənin də ürəyindən keçir?

- Yəqin o sözü ədəbiyyata məşhur olmaqçün gələn biri deyib. Ədəbiyyata buna görə gələn biri maksimum müəyyən bir dövr üçün istədiyini əldə edə bilər, tutalım bestseller(ə) çevrilər. Məncə, bu, tək ədəbiyyatda deyil, bütün sahələrdə belədir. İnsan gərək gördüyü işi sevə və bu işə başlamazdan öncə eqosunu öldürdüyünə əmin ola. Yazar tam təbii oxunmaq istər, ancaq bu kəsinliklə fərqli bir olay. Yazıya sevgisini qatmayan biri, hər kəsdən öncə özünə yalan dediyinin fərqindədir və o, mətninin hansı tip oxucu tərəfindən və necə qarşılanacağına hazır olmalıdır, böyük ehtimalla da hazırdır, inanın mənə. Əslində hamı nə, necə yazdığını anlayır. Bütün məsələ yalnız və yalnız səmimiyyət, bir də ondan doğan etiraf edə bilmə bacarığıdır.

- Yaxınların şeir yazdığını biləndə başqa peşə ilə məşğul olmağını tövsiyyə ediblərmi? Yəni “şairliyin daşını at getsin”...

- Mənim şeir yazdığımı elə də çox adam bilmir. Çox yaxınlarım, bir də ədəbiyyata az-çox dəxli olan tanışlarım. Nə xoş ki, bu günədək heç kəsdən belə bir reaksiya
Babək Ağayev
Babək Ağayev
görməmişəm. Bir dönəm universitetdə bəzi şeirlərimi oxudum. O zaman iki-üç narazı kəs oldu. Yenə heç kim mənə nəsə demədi, ancaq onların baxışlarından, üz ifadələrindən anlayırdım bunu. Sonra onlara sevdiyim müəlliflərin ən sevdiyim şeirlərini oxudum, ifadə dəyişməyincə, susdum.mən də susdum, həmişəki kimi onlar da. Kimsə deyə bilər, bəlkə zövq müxtəlifliyi olub. Bu, bir az sadəlövh yanaşma olar qənaətimcə. Əsas olan, yazılarıma münasibət göstərən azsaylı professionalın fikriydi ki, bu da normal oldu. Ümumiyyətlə, şeir ya yazılmalıdır, ya da yox. Kimi, kimsələri, müxtəlif görüş sahibi insanların olası düşüncələrini nəzərə alıb iş görməyi, ya görməməyi doğru hesab etmirəm.

- Şair olmağın universitetdə qiymət almağa kömək edir?

- Yalnız bir müəllimin dərsində bir neçə şeir oxumuşam. Düşünürəm ki, əgər ilk şeirdən sonra yenə şeir oxumağımı istədisə, demək bəyənib. Ancaq mən bunu sui-istifadə niyyətiylə etməmişəm və qiymət kimi boş seylərə görə heç vaxt belə ucuz iş tutmaram. Açığı, bu sual mənə hədsiz qeyri-ciddi təsir bağışladı. Ancaq məqsədiniz feodal təfəkkürlü əttökən biri olub-olmadığımı öyrənməksə, əmin olun ki, deyiləm. Nə də ki, saray şairi olmaq niyyətim var. Mən sadəcə şeiri, onunla bağlı hər şeyi çox, lap çox sevirəm. Bu nə qədər sadədən sadə görünsə də, anlamayan sonucda sadəcə anlamır.

- Müsabiqəyə qatılmağından danışaq...

- Müsabiqənin şeir nominasiyasında da keçiriləcəyini biləndə sevindim və özümə “mütləq qatılmalıyam” dedim. Şeiri məxsusi müsabiqə üçün yazdım və qatıldım. Təvazökarlıqdan uzaq səslənsə də, uğur qazanacığıma inanırdım. fürsətdən istifadə edib, müsabiqənin təşkilatçısından tutmuş, zərrə qədər əməyi olan hər kəsə dərin təşəkkürlərimi çatdırıram. Lütfən, müqəddəs iş gördüklərinin fərqində olsunlar.

- Onluqdakı hansı şeirləri daha çox xoşuna gəldi?

- Bəlkə təəccüblənəcək, ya da məni qınayacaqsız, ancaq mən iyirmilikdəki, onluqdakı şeirlərin heç birini oxumamışam. Bir neçə dəfə açıb cəhd etdim, ancaq nəsə alınmadı. Bura gələrkən oxumağa çalışdım, təəssüf yenə olmadı. Lütfən, yanlış anlaşılmasın. Ən layiqlinin qalib olacağına şübhə etmirəm. Çox sağ olun və hər kəsə bol uğurlar diləyiylə.
XS
SM
MD
LG