Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:52

Pamukdan qəzəbli manifest


Məsumiyyət muzeyinin yerləşəcəyi binada işlər yeni başlanmışdı, İstanbul, 2010
Məsumiyyət muzeyinin yerləşəcəyi binada işlər yeni başlanmışdı, İstanbul, 2010
Oxuzalı.az türk mətbuatına istinadla xəbər verir ki, Nobel mükafatlı yazar Orxan Pamuk yaxın günlərdə açılacaq Məsumiyyət muzeyi ilə bağlı manifest yayınlayıb.

Pamuk 2008-ci ildə çap edilən və indiyəcən 60-dan çox ölkədə yayınlanmış romanının adını daşıyan Məsumiyyət muzeyi ilə bağlı bildirir:

"Muzeyləri çox sevirəm və bir çoxları kimi hər keçən gün özümü muzeylərdə daha xoşbəxt hiss edirəm. Muzeylərə çox ciddi yanaşdığımdan bəzən ağlıma bu mövzuda çox qəzəbli, kəskin fikirlər gəlir. Amma muzeylər haqqında qəzəblə danışmaq da gəlmir içimdən. Mən uşaq olanda İstanbulda çox az muzey vardı. Çoxu da dövlət himayəsində olan tarix muzeyləri idi. Yaxud da Qərb aləmindən kənardakı sayı az olan muzeylər kimi dövlət idarəsi havalı yerlərdi.

Daha sonra Avropa şəhərlərinin arxa küçələrindəki kiçik muzeylər mənə muzeylərin ayrı-ayrı fərdlərin hekayətini anlada biləcəyini hiss etdirdi (romanlar tək). Louvre, Metropolitan, Topkapı, British Museum, Prado kimi yerlərin insan oğlunun böyük zənginliyi olduğunu heç zaman unutmuram. Amma bu böyük monumental mezeylərin gələcəyin muzeyləri üçün örnək olmasına qarşıyam. Muzeylər, xüsusən də Qərb aləmindən kənardakı sürətlə zənginləşən ölkələrdə meydana çıxmaqda olan yeni və modern insanın dünyasını, insanlığını araşdırmalı və ifadə etməlidir.

Dövlətin himayəsində olan böyük muzeylərin məqsədi insanı deyil, dövləti təmsil etməkdir. Bu isə yaxşı və məsum bir məqsəd deyil".

Manifestdə deyilir ki, Məsumiyyət muzeyi İstanbuldakı Çukurcuma küçəsində, 1897-ci ildə tikilmiş bir binada yerləşir. Üç mərtəbəli binanın içi vitrinlərə, rəflərə qoyulmuş və İstanbulun 1950-2000-ci illər arası tarixini anladan müxtəlif əşyalarla doldurulub.

Muzey "Məsumiyyət muzeyi"nin qəhrəmanları Kamal və Füsunun eşq hekayəsini həmin eşqə şahidlik etmiş əşya və məkanlarla anladır.

Romanın 83 bölümü olduğu kimi muzeydəki 83 qutuda İstanbulun 50 illik tarixinə aid kino biletləri, likör şüşələri, kibritlər, qapı qulpları və minlərlə başqa əşyalar sərgilənir. Burada İstanbula aid fotolar və şəhər haqda köhnə kadrlardan yığılmış film də göstərilir.

Muzey öz ziyarətçiləri üçün romanı əllə tutulur, gözlə görülür hala gətirib.

Pamuk öz manifestində muzey düşüncəsinin demokratikləşməsi, insan fərdiyyətini qabartmalı olduğunu vurğulayır. Yazıçının fikrincə, böyük muzeylər də mövcud olmalıdır, amma o, böyük muzeyləri hökmdarların qəhrəmanlıqlarından bəhs edən dastanlara bənzədir və bildirir ki, artıq dastanları romanlar əvəzlədiyi kimi müasir muzeylər də qəhrəmanları daha çox adi insanlar olan romanlara bənzəməli, yəni sıravi insanı anlatmalıdır.

"Bir topluluğun, camaatın, komandanın, millətin. dövlətin, bir quruluşun, şirkətin, bir cinsin tarixini anlatmağa çalışan muzeylərdən bezdik, yorulduq. Ayrı-ayrı fərdlərin adi həyat hekayətlərinin bütün böyük topluluqların tarixindən daha zəngin, daha insani və daha çox sevinc yaşadan olacağını bilirik".
XS
SM
MD
LG