Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:23

Ermənistan Müdafiə Nazirliyi «Youtube» videosuna münasibət bildirdi


Arxiv foto
Arxiv foto
Ermənistan Müdafiə Nazirliyi «Youtube» portalına ötən il yerləşdirilmiş, hərbi formalı gənclərin döyülməsini göstərən videoya dair məlumat yayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, «videodakı şəxsləri müəyyən etmək və cəzalandırmaq üçün müvafiq addımlar atılıb». Məlumatda deyilir ki, onlar ölkənin silahlı qüvvələrinin nüfuzuna xələl gətirən video kadrların yayılmasını pisləyirlər.

Ötən il sentyabrın 11-də «Youtube» portalında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi geyimdə olan gənclərlə bağlı video yayılıb. Video kadrlarda onların təzyiqə, təhqirə məruz qaldığı, döyüldüyü əks olunub.

AZƏRBAYCANLILARIN DA DƏYİRMANINA SU TÖKƏRMİŞLƏR…

Bloqqer Tiqran Koçaryan AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, o, Müdafiə Nazirliyinin belə kadrların yayılması ilə bağlı mövqeyini bölüşür. Bloqqer Azərbaycanla Ermənistan arasındakı münaqişəni xatırladıb, deyir ki, bu cür videoları yaymaqla azərbaycanlıların dəyirmanına su tökmüş olurlar: «Videoya belə bir ad veriblər: «Ordumuzun əsl sifəti». Bu, ordumuzun əsl sifəti deyil».

«Armenia Today» saytının rəhbəri Arqişti Kiviryan isə deyir ki, o, bu kadrların saxta ya həqiqi olub-olmamağını bilmir. Amma o, qeyd edir ki, orduda neqativ halların mövcudluğu kimsəyə sirr deyil.

KORRUPSİYA PİRAMİDASI

Arqişti Kiviryanın sözlərinə görə, orduda aşağıdan yuxarıya doğru korrupsiya piramidası qurulub. O, əsgərlərin döyülməsini, intiharları, işgəncə, ölüm hallarını xatırladır və deyir ki, video kadrlar reallığı əks etdirir. Onu da əlavə edir ki, artıq orduda bu cür vəziyyət davam edə bilməz.

Müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, bu tipli informasiyaların yayılması ölkənin təhlükəsizliyinə ciddi zərər vurur. Onun sözlərinə görə, valideynlərin orduya inamını azaldır, bununla da ordu ilə xalq arasında maneə yaradır: «Ordu - cəmiyyətin bir hissəsidir. Hətta kiçik bir kənddə də qətl baş verir. Orduya xidmət etməyə gələnlərin hərəsi isə bir yerdəndir, yad adamlardır».
XS
SM
MD
LG