Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:04

NAHİD: "Ölü bir sükutla kitabımın üstündən keçdilər"


Cavid Zeynallı və Nahid (sağda)
Cavid Zeynallı və Nahid (sağda)
"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin hekayə onluğuna keçmiş yazarları daha yaxından tanıtmaqda davam edirik.


"Ədəbi mühitdə olan “ədiblərin” 90 faizinə gündə 50 manat ver, nəslini-kökünü söy, sənə bir söz də deməz..."

"Hekayə kitabıma ciddi hazırlaşmışdım, ədəbiyyatda dönüş yaratdığıma inanmışdım..."



Gənc yazar Nahid "Oxu zalı"nın suallarını cavablandırır.


- Nahid, istəyirəm söhbətimizə tanışlıqdan başlayaq...

- Tərcümeyi-hal danışmaqdan heç vaxt xoşum gəlməyib. Bütün ömrünü 5-6 cümləyə sığışdırırsan: “Hacıyev Nahid Oqtay oğlu, Füzulidə doğuldum, orta təhsili Qaradağda aldım. universitetə daxil oldum, əsgər getdim. Ədəbiyyata 2003-də başladım. Sonra 2 kitabım işıq üzü gördü, amma göz görmədi. Ailəliyəm. Xoşbəxtəm”. Sonra oturub oxuyanda, özündən ixtiyarsız heçliyə gülür adam.

- “21 hekayə” kitabına reaksiya necə oldu və ümumi rəylərdə “Nahid perspektiv vəd edən gənc yazardı” havası hiss olundumu?

- Hekayələr kitabıma reaksiya qohum və tanışlar arasında yaxşı oldu. Hətta o qədər yaxşı oldu ki, bir qutu kitab evdə o küncdən bu küncə sürünür. Bəzən yer tutduğuna görə danlanır. İşim olmasaydı və pul qazana bilməsəydim bəlkə, qəzəbdən bir-ikisini cırardılar, ancaq bilirlər ki, ədəbiyyat mənim üçün hər şey demək deyil. Ədəbiyyat hər zaman mənim üçün 3-cü, 4-cü yerdə mövqe tutub. Bəlkə əmim Elçin Kamal hekayələrimə “yaxşıdır” deməsəydi, bəlkə 2004-cü ildə Qismətlə rastlaşmasaydım bu gün sən məndən ədəbiyyat haqda müsahibə də almayacaqdın. Amma tərifləyənlər çoxdur. Deyilənə görə, yaza bilirəm. Bu, sualın məzəli və acı tərəfi. Sualın doğru və daha kədərli tərəfi isə yekə “heyf” sözüdür. Hekayə kitabıma ciddi hazırlaşmışdım, ədəbiyyatda dönüş yaratdığıma inanmışdım, belə hiss edirdim. Düşünürdüm, çapdan sonra hamı məndən danışacaq, amma olmadı. Ölü bir sükutla hekayə kitabımın üstündən keçdilər. Sadəcə, Əsəd Cahangir 6 səhifəlik maraqlı qeydlər yazdı. Onu mənə verdi. Bir o bildi, bir də mən!

Əslində, belə olmamalıydı. Mənimlə üz-üzə gələndə “səndən yazı yazmışam, çap etdirəcəyəm” deyənlər çox olurdu, ancaq bilirdim ki, boş sözlərdi. Ehtiyacım yox idi demirəm, əksinə, gərəyim idi. Həm də, çox! Kitabdan sonra bütün tənqidçilərə xətri xoş olsun deyə, salam alıb, salam verirəm. Bu, kin deyil, sadəcə nifrətdir. Mənim iddiamı hamı bilirdi. Ya məni yerdən-yerə vurub gözümü açmalıydılar, ya da zirvəyə yüksəltməliydilər, ancaq susmamalıydılar. Arağı, ziyafət məclisini, cibə basılan üç-beş manatı heç olmasa bir günlük unutmalıydılar. Məclislərdə durub gic-gic danışmaqdansa, heç olmasa birimizə dəstək verməliydilər. Qismətin şeir kitabı çıxdı. Kim durub dedi ki, “Oğul, sən artıq şairsən!” Heç kim!

- Yəni hesab edirsən, ədəbi mühit rüsvayçı durumdadı?

- Reallıq var. Bizi kim oxuyur, axı?! Ancaq ədəbi mühit! Bəs biz kim üçün yazırıq, xalq üçün! Xalq bizi heç ... almır. Ədəbi mühitdə olan “ədiblərin” 90 faizinə gündə 50 manat ver, nəslini-kökünü söy, sənə bir söz də deməz. Şəxsiyyətini itirmiş ədəbiyyat nəsə yarada bilməz. Cavid, Müşviq və bir çoxları heçlik içində yaşayıb, ancaq heç vaxt mənəviyyatlarını itirməyiblər. Bəs indi? Gəl sayaq, görək, belə neçə ədibimiz var.

- Ədəbiyyat sənin üçün 3-cü, 4-cü dərəcəlidirsə, sual doğur, niyə bu qədər hikkəli münasibət bildirirsən? Boş vermək olmazmı? Yoxsa ədəbiyyatla sən də gün-güzəran qurmaq, məşhurlaşmaq istəyirsən?

- Yazı-pozu ilə güzəran quran kim olub ki, hələ mən də bu sevdaya düşüm? Mən
Nahid
Nahid
iqtisadiyyat üzrə təhsil almışam. Birinci kursda o qədər həvəsli, sadəlövh idim ki, ölkənin iqtisadi vəziyyətini düzəltmək üçün özümə söz vermişdim (gülür).

Ədəbiyyatdan həmişə pul qazanmaq arzusunda olmuşam. Cek London ömrü boyu kitablarına “mənim kapitalım” gözü ilə baxıb. Mən də belə fikirləşirəm. İş nədi? Nəyisə satmaq. Sənə boş-boşuna maaş vermirlər ki! Biri biliyini satır, biri əməyini. Ədəbiyyat adamları da fikrini satmalıdır. Bir dəfə hansısa qəzetdən hekayəmi istədilər. “Nə qədər pul verəcəksiniz” soruşdum, güldülər və “nə pul?” dedilər. Mən də hikkəli cavab verib, hekayəmi göndərmədim. Bu, daxili ehtiyac deyil. Daha doğrusu, ilk vaxtlarda daxili ehtiyac olurdu, ancaq indi yox. İndi özümü, öz istedadımı idarə edirəm, yəni kefim istəyəndə yazıram, istəməyəndə yox!

- Əvvəllər ədəbi mühitdə daha aktiv, daha dinamik idin. İndi elə bil, öz qınına çəkilibsən...

- Əvvəllər, nələrisə dəyişməyə çalışırdım. Boğazdan yuxarı danışanlara yerini göstərmək istəyirdim. Buna həvəsim vardı. İstəyirdim, şəxslər yox, ədəbiyyat danışsın. Ədəbi söhbətlər təkcə çayxanalarda, araq süfrələrində olmasın. İstəyirdim, elə bir qrup formalaşsın ki, hamıya ədəbiyyatı sevdirsin. Amma olmadı! Sayt yaratdım, Qismətlə məndən başqa, heç kim həvəs göstərmədi. Milli Kitabxananın rəhbərliyindən otaq, kompüter tələb etdim. Sevinib, otaq verdilər. Ancaq yenə heç kim maraq göstərmədi. Qəzet açıb ədəbiyyatın nə olduğunu göstərməyə çalışdıq, yenə eyni nəticə.

Bizə verilən təqaüddən ayrıca fond yaradıb, kiminsə kitabını nəşr etmək, PR kampaniyasını qurmaq üçün təklif verdim, amma... Sonra anladım ki, uçuruma gedirəm, boş və pul gətirməyən işlərlə məşğulam, arzuda yaşayıram. Qərar verdim və kənara çəkildim. İxtisasım üzrə iş tapdım. İndi Allaha şükür, hər şey mənim üçün gözəldir. Gözəl ailəm, hər şeyi unutduran oğlum var. Ədəbiyyat da öz yerində! Özüm üçün kitab oxuyub, arada hekayələr yazıram. Heç kimə də gözün üstə qaşın var, demirəm.

- Rəşad Məcid (Azərbaycan Yazıçılar Birliyinin katibi - C.Z.) tədbirlərdə səni tənqidçi kimi görmək istədiyini deyib. Təbirincə desək, hekayələrinə “göz yummaq” davam etsə, tənqidçi cəbhəsində özünü sınaya bilərsənmi?

- Qardaş, mən heç ədəbiyyatçı olmağı arzulamamışam, qaldı tənqidçi kimi özümü sınayam. Ədəbiyyatı sevirəm və hekayə yazmaqdan zövq alıram. Özümü də, bu zövqə tamarzı qoymuram. Ancaq buna da hobbi kimi yanaşmıram. Hekayə yazanda çalışıram hər şeyi yerli-yerində yazım. Hərdən alınmır, amma alınanı da olur. Qaldı tənqidə... Bir dəfə tədbirlərin birində Qəşəm Nəcəfzadə şeir dedi. Təxminən belə bir misra var idi: “Nizaminin ruhu göyə düşdü” yadımda qalan belədi. Səhv olsa, özü məni bağışlasın. Mən də durub dedim ki, “qardaş, adamın ruhu göyə düşə bilməz axı, uzağı göyə qalxar” rəngi bozardı. İndi Cavid, elə şeylər var, ona irad tutmaq üçün tənqidçi olmaq şərt deyil! Gərək məntiq olsun, düşüncə olsun. Ən azı fikirləşməyi bacarmaq lazımdı. Müşahidədə diqqətli olmaq gərəkdir

- “Ədəbi Azadlıq” müsabiqəsi sənə necə təsir bağışladı? Kimlərin hekayəsini bəyəndin?

- Qərar verdim ki, “Dərdimi çək” adlı hekayəmi müsabiqəyə göndərim. Qaldı kimi bəyənib, kimi bəyənməməyimə, vaxt tapıb oxuduqlarımdan “Yutub” və 10-luğa düşməyənlərdən “İsult” hekayəsi xoşuma gəldi. Ümumilikdə hiss etdim ki, nəsrimiz mövzu baxımından qıtlıq çəkir. Hekayələrdə kişi-qadın, ailə münasibətlərini əks etdirən mövzular gördüm. Məncə, bir az fikirləşmək, bir az ətrafa baxıb gözümüzə girən mövzuları yox, gözdən kənarda qalanları tapmaq lazımdı. Eyni mövzuları fərqli təhkiyədə nə qədər yazmaq olar?
XS
SM
MD
LG