Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:43

20 il Şuşasız [Video və fotolar]


Azərbaycan Şuşanın işğalının 20-ci ildönümünü yad edir
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00
Direct-ə keçid

Azərbaycan Şuşanın işğalının 20-ci ildönümünü yad edir

«Xalqın tələbi lazımdır. Dünya ictimaiyyətindən tələb etməliyik ki, ya bizim ixtiyarımızı özümüzə versinlər, ya da bir dost kimi bizə köməklik göstərib bu işi yekunlaşdırsınlar».

7307 GÜN ŞUŞASIZ

Bu, İkinci Dünya müharibəsinin veteranı, 78 yaşlı Şuşa sakini Məmməd Məmmədovun dedikləridir. 7307 gündür vətənsiz olduğunu bildirən Məmməd kişi deyir ki, faşistlərə qarşı müharibədə Macarıstanadək gedib qayıdıb, amma 20 ildir Ağdamdan Şuşaya gedə bilmir. O hesab edir ki, Şuşa fitnə-fəsadın qurbanı olub. O, işğal edilə biləcək şəhər deyildi.

Mayın 8-də Şəhidlər Xiyabanında Şuşanın işğalının 20-ci ili yad edilib. Anım mərasiminə məcburi köçkünlər, bəzi deputatlar, ziyalılar, İctimai Palata və digər siyasi təşkilatların təmsilçiləri, QHT sektorunun üzvləri qatılıblar.

Yenə də ötən ilki kimi hər kəs gələn ili Şuşada keçirmək arzusu ilə xiyabanı tərk edib.

ONLAR NAXÇIVANA NİYƏ GETMİŞDİLƏR?

Şuşanın işğalı vaxtı Azərbaycanın Müdafiə naziri olmuş Rəhim Qazıyev isə deyir ki, bu işğalda xəyanət də, xəyanətkar da, cinayət də, cinayətkar da var. Amma gedən iki məhkəmə prosesinin heç birində Şuşa xəyanətinin üstü açılmayıb:

«Şuşanın işğalından bir müddət əvvəl komandirlər Naxçıvana gedib Heydər Əliyevlə görüşüblər. Media nümayəndələri bunun şahidi olublar.
Rəhim Qazıyev
Rəhim Qazıyev
1992-ci il aprelin 29-da Elbrus Orucov (Şuşa Laçın qarnizonunun komandiri - İ.R.) Naxçıvanda olub. Ondan iki gün sonra isə Nizami Bəhmənov (Şuşanın keçmiş icra başçısı - İ.R.) Heydər Əliyevin yanında olub. Təəssüf ki, bu barədə heç nə deyilmir və heç yerdə də göstərilmir. Niyə getmişdilər ora? Bu gün həmin işlər də qalır. Bu boyda xəyanəti gizlətmək olmaz. Gəlsinlər, təzədən araşdırsınlar ki, kimin günahı olub bu işğalda. Mənim günahım varsa, gedib daha artıq çəkməyə hazıram. Amma kimin günahı var, cəzasını çəkməlidir. Eləcə də Xocalının ovaxtkı icra başçısı Elman Məmmədov Naxçıvana getmişdi. Faciədən sonra özü bəyan etdi. İndiyədək də deputatdır. Niyə getmişdilər Naxçıvana? Soruşan yoxdur. Bəllidir də niyə».

R.Qazıyev deyir ki, Şuşa ilə bağlı 11 min səhifəlik cinayət işi materialları var. Orada yetərincə ziddiyyətlər var. Amma heç kim onlara diqqət yetirmək istəmir. R.Qazıyev hesab edir ki, məqsəd bütün günahları onun üzərinə qoyub diqqəti əsl həqiqətdən yayındırmaqdır.

NAXÇIVAN DA ÇƏTİN VƏZİYYƏTDƏ İDİ

Elman Məmmədov
Elman Məmmədov
Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat, YAP-ın parlamentdəki təmsilçilərindən biri Elman Məmmədov isə deyir ki, Naxçıvan da o vaxt çətin vəziyyətdə idi. Həmrəylik nümayiş etdirmək, bir-birinə dayaq olduğunu göstərmək üçün Naxçıvanla Qarabağ arasında belə qarşılıqlı səfərlər olurdu:

«Rəhim Qazıyevin dedikləri şantaj xarakterli fikirlərdi».

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə əmindir ki, ölkənin inkişafı Azərbaycanı qələbəyə günbəgün yaxınlaşdırır:

«İlk növbədə sülh danışıqları seçilib. Biz də istəmirik ki, müharibə olsun, qan tökülsün. Ali baş komandanın apardığı siyasət bütün qarabağlıları və Azərbaycan xalqını qane edir. Biz hamımız prezidentimizi dəstəkləyirik. Möhtərəm prezidentimiz hərb desə, hərbdir, sülh desə, sülhdür».

MEDİA NİYƏ LAQEYDDİR?

Bəxtiyar Əliyev
Bəxtiyar Əliyev
Deputat Bəxtiyar Əliyev isə Şuşaya qarşı medianın laqeydliyindən narazıdır. O, hesab edir ki, Azərbaycan mediası, heç olmasa, işğal günü ərəfəsində Şuşa mövzusuna geniş yer vermirsə, dünya mediasından, beynəlxalq ictimaiyyətdən nəsə gözləmək düz deyil:

«Bu yaxınlılarda Qarabağ icması bir tədbir keçirdi. Orada «Şuşaya azadlıq!» şüarı ilə kampaniya başladıldı. Mən düşünürdüm ki, bütün qəzetlər, televiziyalar bu kampaniyaya yer ayıracaqlar. Amma çox təəssüflər olsun ki. bu kampaniyaya heç bir KİV qoşulmadı. Və bu gün bu mübarizə aparılmır».

BUNU BACARAN ONU DA BACARAR

Müharibə veteranı Nazim Hüseynov isə düşünür ki, «Eurovision 2012» mahnı müsabiqəsini Azərbaycana gətirən, onun keçirilməsi üçün nəhəng inşaat işləri aparan prezident Şuşanı da qaytaracaq. Deyir, bunu bacaran onu da bacarar:

«Bu, «Eurovision»un işini görən, dənizin içində bunu yaradan adam Şuşanı dünyanın gözü edəcək».

1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan ordusu tərəfindən işğal olunub. 20 ildir ki, bu şəhərin əhalisi Bakıda və ölkənin digər yerlərində məskunlaşıb.

ERMƏNİSTAN PREZİDENTİ ŞUŞADA

Ermənistan prezidenti Serzh Sargsyan mayın 8-də Qarabağa gedib. Xankəndində olan Sargsyan həm də Şuşada bu şəhərin işğalının 20-ci ildönümünü qeyd edib.

XS
SM
MD
LG