Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:14

Azərbaycan-İran gərginliyi kütləvi etiraz aksiyalarında...


İranın səfirliyi qarşısında etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

İranın səfirliyi qarşısında etiraz aksiyası

Son vaxtlar Azərbaycanla İran arasında gərginlik qarşılıqlı etiraz aksiyaları ilə müşayiət olunmaqdadır.

İranın Təbriz şəhərində keçirilən sonuncu aksiyada «Eurovision» mahnı yarışması «homoseksualların Bakıya toplaşması» kimi dəyərləndirilib və Azərbaycan rəhbərliyindən yarışmanı təxirə salmaq tələb olunub. Bu ərəfədə poeziya festivalına gedən iki şairin İranda yoxa çıxması vəziyyəti bir qədər də gərginləşdirib. Bu hadisələrdən sonra Bakıda İran səfirliyi qarşısında bir neçə gün ardıcıl aksiyalar keçirilib. Aksiyalarda rəsmi Tehrandan Azərbaycana qarşı yeritdiyi mənfi siyasətə son qoyması tələb edilib.

«İRAN MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİ ÇƏTİN QƏBUL EDİR»

Siyasi şərhçi Sədrəddin Soltan hesab edir ki, iki ölkə arasında gərginliyin kökü mahnı yarışmasından çox-çox əvvəllərə, Azərbaycanın müstəqillik əldə etdiyi dövrə təsadüf edir. Onun fikrincə, İran müstəqil Azərbaycan dövlətini çətin qəbul edir:

«İran narahatdır ki, Azərbaycan dövləti bu ölkədə yaşayan azərbaycanlıları hər an himayə edə bilər. Bu baxımdan da İran hakimiyyəti Azərbaycan Respublikasında öz nəzarəti altında olan bir rejimin mövcudluğunda maraqlıdır».

«İRAN HAKİMİYYƏTİ MÜXTƏLİF BƏHANƏLƏRLƏ OYUNLAR QURUR»

Sədrəddin Soltan deyir ki, əslində İran Azərbaycanın İsrail və Amerika ilə münasibətlərindən razı deyil. Azərbaycan da öz növbəsində İranın Ermənistanla münasibətlərindən narazıdır və bunu dəfələrlə qarşı tərəfin diqqətinə çatdırıb. Şərhçi hesab edir ki, bu kimi iradların qarşılığında İran hakimiyyəti müxtəlif bəhanələrlə
Sədrəddin Soltan
Sədrəddin Soltan
oyunlar qurur:

«Misal üçün, bir ara iranyönlü təşkilatlar hicab məsələsini qabartmağa çalışdılar. Hətta bəziləri bu məsələdə konstitusiya dəyişikliyi tələb edirdilər».

Sədrəddin Soltan deyir ki, iki ölkə arasında gərginlik yalnız İranda yaşayan azərbaycanlıların milli haqlarının tanınmasından və orada hakimiyyət dəyişməsindən sonra aradan qalxa bilər.

SABİQ SƏFİR: İRANLA AZƏRBAYCANIN BIR BİRİNDƏN UMACAĞI VAR

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin fikrincə, İranla Azərbaycan arasındakı gərginlik iki ölkənin bir-birindən umacaqları ilə bağlıdır:

«Azərbaycan onu umur ki, İran onun daxili işlərinə qarışmasın. Misal üçün, Azərbaycan tərəfi bildirir ki, bizdə hicabla bağlı problemə İrandakı hansısa ruhani müdaxilə etməsin, bu, bizim daxili işimizdir. İran isə deyir ki, Azərbaycan da İrandakı azərbaycanlıların problemlərinə qarışmasınlar. İran da təbii ki, Azərbaycandan bunu umur, deyir bu da mənim daxili işimdir».

Əfşar Süleymani
Əfşar Süleymani
Əfşar Süleymani deyir ki, tərəflərin bir-birini ittiham etdiyi ikinci məsələ xarici siyasətlə bağlıdır:

«Azərbaycanda İranı-Ermənistan, İranda da Azərbaycan-İsrail münasibətləri tənqid olunur».

«MÜNASİBƏTLƏRİN YAXIN ZAMANLARDA NORMALLAŞACAĞINA İNANMIRAM»

Əfşar Süleymani iki ölkə arasında münasibətlərin yaxın zamanlarda normallaşacağına o qədər də inanmır:

«Gözlənilmir ki, bu tezliklə mövcud problemlər həll olunsun. Haradasa güclü diplomatiya başlansa, ardıcıl olaraq bir neçə məsələ həll oluna bilər. Amma bu da o demək deyil ki, bununla da bütün problemlər həll olunar. Çünki bu məsələdə beynəlxalq səviyyədə başqa ölkələrin də təsiri var».

RƏSMİ SƏFƏRLƏR NƏYİSƏ DƏYİŞƏN DEYİL

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə son dövrlər Azərbaycan rəsmilərinin bir-birinin ardınca İrana etdiyi səfərləri yada salır. O deyir ki, Azərbaycan rəsmiləri Qərblə, İsraillə əməkdaşlığın İrana yönəlmədiyini desələr də, İran buna inanmır:

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
«Çünki İranın Azərbaycanla bağlı planları var. Bu planlarından geri çəkilmir».

HƏR ŞEY İRANDAN ASILIDIR

Elxan Şahinoğlunun fikrincə, əslində gərginliyi İran yaradır. Ekspert düşünür ki, İran münasibətləri yaxşılaşdırmaq istiqamətində bir addım atsa, Azərbaycan bir-neçə addım atacaq. Amma o da münasibətlərin tez bir zamanda yumşalacağına inanmır:


«İran geri addım atmağı düşünmür və Azərbaycan hakimiyyətinin də siyasəti dəyişib. İndi hakimiyyət gərginliyə gərginliklə cavab verir».

İRAN SƏFİRLİYİNİN MÖVQEYİ

İranın Azərbaycandakı səfirliyi iki ölkə arasında gərginliyin yaranmasını Qərbin işi sayır. Səfirliyin mayın 16-da yaydığı bəyanatda qeyd edilir ki, İran səfirliyi qarşısında keçirilən aksiyaları da həmin cərəyanların planı sayırlar.

XİN AZƏRBAYCANLA İRAN ARASINDA MÜNASİBƏTLƏRƏ YÜKSƏK QİYMƏT VERİR
Azərbaycanın Xarici İşlər Nazirliyi
Azərbaycanın Xarici İşlər Nazirliyi

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev isə «Mediaforum» saytına müsahibəsində Azərbaycanla İran arasında münasibətlərə yüksək qiymət verildiyini deyib. O, bu münasibətlərin dərin tarixi və mədəni köklərə malik olduğunu, Azərbaycanın da iki ölkə arasında münasibətlərin inkişafında həmişə maraqlı olduğunu bildirib.

Elman Abdullayev də bu yaxınlarda Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında keçirilən aksiyaların arxasında İranla Azərbaycanın münasibətlərinə xələl gətirməyə çalışan dairələrin durduğunu deyib.
XS
SM
MD
LG