Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:51

Vəfa Quluzadə: «Clinton Azərbaycandan Amerika dəyərlərinə hörmət tələb edəcək»


Arxiv foto
Arxiv foto
CLİNTONUN SƏFƏRİNİN ƏKS-SƏDASI TƏMAS XƏTTİNDƏN GƏLİR?

ABŞ Dövlət katibi Hillary Clintonun bölgəyə səfəri başlamamış Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs pozulmağa başladı. Ermənistanla Azərbaycan bir-birini ittiham etdi ki, təxribatçı qruplar sərhədi pozmaq istəyiblər. Nəticədə ölənlərin olduğu bildirilir.

Bakıda çoxları əmindir ki, Clintonun səfəri ərəfəsində təmas xəttində baş verənləri təsadüf saymaq olmaz. Belə düşünənlərdən biri də «Doktrina» Jurnalistlərin Hərbi Araşdırma Mərkəzinin rəhbəri Cəsur Sümərinlidir:

Cəsur Sümərinli
Cəsur Sümərinli
«Bu, həll olunmamış münaqişədir. İstənilən an alovlana bilər. Tərəflər də belə bir mühüm vəzifəlinin regiona səfəri zamanı bunu mesaj verirlər ki, müharibə hər an başlana bilər. Və çox təəssüf ki, bir çox hallarda 2 ölkənin siyasi hakimiyyətləri müharibə ehtimallarını gündəmə gətirməklə demokratiya təpkilərindən qaçmaq istəyirlər».

Müsavat Partiyası başqanı İsa Qəmbər də bu fikirdədir ki, tərəflər öz mövqelərini daha inandırıcı hala gətirmək üçün bu tipli hadisələrdən yararlanmağa çalışırlar. «Amma istənilən halda bəllidir ki, Amerika regionda hərbi əməliyyatların bərpasından narahatdır. Bunu istəmir, bu yöndə mesajlar verir» deyir Müsavat başqanı.

VƏFA QULUZADƏ: «AZƏRBAYCANIN AMERİKA İLƏ YÜKSƏK ƏLAQƏLƏRƏ EHTİYACI VAR»

Sabiq dövlət müşaviri Vəfa Quluzadə təmas xəttində baş verənlərlə səfər arasında əlaqə axtarmır. O deyir ki, bu cür pozuntular həmişə olur:

- Clintonun səfəri Qarabağla əlaqədar deyil. Clintonun səfəri əsasən Amerika-Azərbaycan əməkdaşlığı ilə bağlıdır. O, Azərbaycanı Amerika ilə yaxın əməkdaşlığa dəvət edəcək və sözsüz ki, Clinton Azərbaycandan Amerika dəyərlərinə hörmət tələb edəcək. Mən bunu belə təsəvvür edirəm. Amma gələndən sonra baxarıq.
Amerika dəyərləri nədir?

Vəfa Quluzadə
Vəfa Quluzadə
- Qanunun aliliyi, hüquqi dövlət, korrupsiyanın çox aşağı həddə çatması, insan hüquqlarının müdafiəsi...

- Necə bilirsiz, Bakı bu mesajı qəbul edəcəkmi? Buna qədər də belə mesajlar verilib axı.

- İndi vəziyyət elədir ki, ən ağıllısı izləməkdir. Azərbaycanın Amerika ilə yüksək, inkişaf etmiş əlaqələrə ehtiyacı var. Çünki Azərbaycan regionda 2 tarixi düşmənlə üzləşir, biri Rusiya, o biri İrandır. Yeganə kömək gələsi yer ABŞ-la Avropadır. Ona görə Azərbaycan bu barədə ciddi düşünməlidir. Əgər Azərbaycan Qərb dəyərlərini qəbul edərsə, 2 ölkə arasında çox sıx əməkdaşlıq ola bilər, Azərbaycan NATO-ya, Avropa İttifaqına sürətlə inteqrasiya edə bilər. Əgər islahatları sürətlə apararsa...

VƏFA QULUZADƏ: «MƏHBUSLARIN BURAXILMASI İLƏ İŞ BİTMİR»

Yeri gəlmişkən, Azərbaycanın siyasi-iqtisadi islahatlar aparmaq niyyəti bəlli olmasa da, Clintonun səfəri ərəfəsində gənc fəal Bəxtiyar Hacıyev azadlığa buraxılıb. Bu gənc ABŞ-da təhsil alıb. Və onun azadlığa buraxılması beynəlxalq qurumlar və eləcə də ABŞ tərəfindən dəfələrlə qaldırılıb. Amma Vəfa Quluzadə deyir ki, bir və ya hətta bütün məhbusların buraxılması ilə məsələ həll olunmur. «Azərbaycanda struktur dəyişiklik olmalıdır» deyə bildirir.

Elə Bəxtiyar Hacıyev özü də azadlığa buraxılması haqda qərarı birbaşa bu səfərlə bağlamır. Amma AzadlıqRadiosuna deyib ki, onda olan məlumata görə, Clintonun Bakı gündəliyində onun da məsələsi varmış.

İSA QƏMBƏRİN SƏFƏRDƏN GÖZLƏNTİSİ

İsa Qəmbər
İsa Qəmbər
Hillary Clintonun Bakı görüşləri iyunun 6-da başlayacaq. Prezident və xarici işlər naziri ilə görüşlər nəzərdə tutulub. Amma onun müxalifətlə görüşüb-görüşməyəcəyi bəlli deyil. Müsavat Partiyası başqanı İsa Qəmbər deyir ki, onlara belə müraciət edilməyib. Bəs müxalifətin bu səfərdən gözləntisi nədir?

İsa Qəmbər əmindir ki, demokratiya, insan azadlıqları, iqtisadi-siyasi islahatlar görüşlərdə aparıcı mövzu olacaq. Eyni zamanda, İran və Qarabağ məsələsi gündəmdə olacaq:

«Bu mövzular hamısı bir-birinə bağlıdır. Regional təhlükəsizlik məsələləri də, iqtisadi əməkdaşlıq da, demokratiya və insan haqları məsələsi də... Əgər əvvəllər bunları aydın şəkildə sıralamaq olurdusa, birinci yerdə təhlükəsizlikdir, ikinci iqtisadi əməkdaşlıqdır, üçüncü yerdə insan haqları gəlir deyilirdisə, artıq bu gün durum dəyişib. Tam əminliklə demək olar ki, bu 3 prinsip sıx bağlıdır və onların heç biri birinci və ya üçüncü kimi sıralana bilməz. Eyni dərəcədə önəmlidirlər və hər 3 mövzu ciddi şəkildə müzakirə ediləcək».

«ABŞ ŞİMALDAN VƏ CƏNUBDAN KOBUD MÜDAXİLƏYƏ İMKAN VERMƏYƏCƏK»

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü Rasim Musabəyov isə əmindir ki, bu səfər sadəcə, İrandakı durumla bağlıdır. Deputat deyir ki, Clinton bölgəyə səfər etməklə həm cənub, həm də şimal qonşularına mesaj vermək istəyir: «ABŞ bölgədən diqqətini yayındırmayıb». Şimaldan, cənubdan proseslərə kobud müdaxiləyə də imkan verməyəcək. Əsas budur» deyir deputat.

Hillary Clinton sonuncu dəfə Azərbaycana 2010-cu ildə səfər etmişdi.
XS
SM
MD
LG