Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:09

R. Morningstar Azərbaycana səfir vəzifəsinə təsdiqlənsə hansı işləri görəcəyini açıqlayır


Richard Morningstar
Richard Morningstar
-


HÜQUQ VƏ DEMOKRATİK İSLAHATLAR BARƏDƏ

ABŞ-ın Azərbaycanda səfiri postuna namizəd Richard Morningstar Senatın Xarici Əlaqələr Komitəsində iyunun 13-də dinləmələrdə çıxış edib. O, səfir kimi təsdiq olunacağı halda Azərbaycanda islahatlara ciddi diqqət yetirəcəyini deyib:

- Biz təkcə deyə bilmərik ki, “bilirsiniz, siz gərək filan məsələni yaxşı həll edəsiniz” və “Bu, çox əhəmiyyətlidir”. Biz onlara deyə bilməliyik ki, dəyişikliklər etmək və cəmiyyəti açmaq, eləcə də bu yolla cəmiyyətdə daha böyük sabitlik yaratmaqda onlar nə dərəcədə maraqlı olmalıdırlar.

Morningstar deyib ki, Azərbaycanın Qərbə inteqrasiyası boru kəmərlərindən kənarda baş tuta bilər və bu, belə də olmalıdır. Birləşmiş Ştatlar qanunun aliliyinə hörmət, şəffaflıq və fundamental azadlıqlar daxil olmaqla demokratik və iqtisadi islahatların aparılması üçün Azərbaycanla işini davam etdirməlidir.

DAĞLIQ QARABAĞ BARƏDƏ

“Mən inanmalıyam ki, Dağlıq Qarabağ regionda Azərbaycanın üzləşdiyi digər ciddi təhlükəsizlik məsələlərindən diqqəti yayındıran böyük problemdir. İran məsələsi Azərbaycana münasibətdə gündən-günə böyüyür, eləcə də Xəzər dənizi mövzusunda da yetərincə təhlükəsizlik məsələləri var” – deyə Morningstar bildirib. O deyib ki, Qafqaz regionunda daha çox stabillik yaratmaq üçün Dağlıq Qarabağ məsələsinin həlli qədər ikinci bir məsələ yoxdur:

“Mən əlimdən gələn hər şeyi edəcəyəm. Mən təsdiq olunduğum təqdirdə bu məsələyə Azərbaycan tərəfindən baxaraq bacardığım qədər qızışdırıcı əməllərin olmamasına çağıracaq və bunun qəbul edilməz olduğunu deyəcəm. Təxribat hərəkətlərinin, ritorikanın nə dərəcədə qəbuledilməz olduğu barədə söhbətlər aparacağam. Məncə bu, sözsüz belə olmalıdır.

AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ BARƏDƏ

Richard Morningstar çıxışında Azərbaycan-İran münasibətlərinə toxunarkən deyib:

- Mən düşünürəm ki, Azərbaycana İranla münasibətlər baxımından bizim köməyimiz lazımdır. Və həm vətəndaş cəmiyyəti, həm də təhlükəsizlik baxımından biz öz köməyimizi nümayiş etdirməliyik.

ENERJİ LAYİHƏLƏRİ BARƏDƏ

Morningstar Ermənistanın regional enerji layihələrindən kənarda qalmasına toxunarkən deyib ki, Azərbaycanla münaqişəyə görə onun belə layihələrdə iştirakının mümkün olmaması artıq bir faktdır: “Əgər Dağlıq Qarabağ konflikti həll edilmiş olsaydı, Ermənistan enerji infrastrukturu, enerji tranziti məsələsində işləməklə bu layihənin tamhüquqlu üzvü ola bilərdi. Bu, onun həm özünün, həm Azərbaycanın, həm də regionun xeyrinədir”.

Enerji məsələsindən danışarkən Morningstar bildirib ki, ABŞ-ın edə biləcəyi ən yaxşı şey Cənub Dəhlizini və onun Avropaya yollarını inkişaf etdirməkdir. Əgər onlar bu yolların inkişafına nail olmasalar, Azərbaycan başqa imkanlardan istifadə edəcək, məsələn, nəzəri və ən mümkün seçimlərdən biri də İrandır.

Richard Morningstar Ermənistan tərəfinin Culfadakı erməni qəbiristanlığının dağıdılması barədə iddialarına da toxunub: “Mən hər cür cəhd edəcəyəm ki, Culfa rayonundakı erməni məzarlığını ziyarət edim. Ölmüş insanlara qarşı bu cür təhqir heç cür qəbuledilməzdir. Ora getmək üçün əlimdən gələni edəcəyəm”.

Richard Morningstarın Azərbaycana səfir təyinatı yaxın vaxtlarda Senatda səsverməyə çıxarılacaq. Richard Morningstar ABŞ Dövlət Katibinin Avrasiya Enerji məsələləri üzrə xüsusi nümayəndəsidir.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi uzun müddətdir ki, boşdur. Sonuncu səfir Mathew Bryza Bakını bu il yanvarın 3-də tərk edib. ABŞ-dakı erməni lobbisinin təkidli etirazları ilə qarşılaşan Bryza cəmi bir il səfir vəzifəsində çalışa bildi.

2009-cu ildə sonuncu uzunmüddətli səfir Anne E. Derse Bakıdan gedəndən bəri Vaşinqtonun Azərbaycana səfir təyin etməsi gecikir.
XS
SM
MD
LG